Təhsil Nazirliyində 2013-2014-cü tədris ilinin yekunları müzakirə edilmişdir

İyunun 12-də Təhsil Nazirliyində 2013-2014-cü tədris ilinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan dövləti tərəfindən təhsilin bütün sahələrində keyfiyyətin yüksəldilməsi və artırılması istiqamətində həyata keçirilmiş islahatlar və tədbirlər, ölkəmizin təhsil sistemində baş vermiş əsaslı dəyişikliklər, qarşıya qoyulmuş prioritet istiqamətlər haqqında ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, bütün təhsil sistemində əsas meyar bilik səviyyəsi olmalıdır və  bu sahədə məqsədimiz uzunmüddətli fundamental bazaya əsaslanan dəyişiklərə nail olmaqdır. Təhsilin keyfiyyətini yüksəldəcək mühiti yaradan mühüm tədbirlər bu sahədə aparıcı sənəd olan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapmışdır.

Təhsil naziri, həmçinin Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulmuş strateji hədəf və vəzifələrin icrasından irəli gələn məsələlərin həlli istiqamətində görülmüş işlərdən də ətraflı söhbət açmışdır.

Mikayıl Cabbarov bildirmişdir ki, 2013-2014-cü tədris ili müddətində müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində də islahatlar həyata keçirilmiş, bu sahədə şəffaflıq təmin olunmuş, müəllimlərin işə qəbulu və yerdəyişməsi proseduraları sadələşdirilmişdir.

 Vurğulanmışdır ki, hazırda paytaxt məktəblərinin müəllimləri üçün aparılan  sınaq qiymətləndirilməsi növbəti mərhələdə bütün ölkə ərazisində tətbiq olunacaqdır.

 Dərsliklərin hazırlanmasında köklü dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdıran nazir bu prosesdə müxtəlif təhsil müəssisələrində çalışan mütəxəssislərin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələrinin yaxından iştirak etdiklərini bildirmişdir.

Qeyd edilmişdir ki, təhsil sisteminin maddi texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilmişdir. Ən əsası odur ki, peşə ixtisas təhsili müəssisələri də texniki avadanlıqlarla təchiz olunmuşdur.

Nazir idarəetmə sahəsindəki dəyişikliklərə də toxunaraq qeyd etmişdir ki, bir neçə gün bundan əvvəl pilot layihə çərçivəsində Bakıda fəaliyyət göstərən məktəb direktorlarının 5 aylıq hazırlıq kursları başa çatdırılmışdır. Onlar imtahan verərək ənənəvi biliklərlə yanaşı, müasir idarəetmə səviyyələrini də nümayiş etdirmişlər.

Tədbirdə Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov  2013-2014-cü tədris ilində görülmüş işlər  ilə bağlı təqdimatla çıxış etmişdir.

C. Valehov əvvəlcə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulmuş hədəf və vəzifələrin icrası ilə bağlı həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd edilmişdir ki, 2013-cü ildə 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu üzrə yeni qayda qəbul edilmiş, XI sinfi bitirən şagirdlərin hamısına attestat verilməsi barədə qərar çıxarılmış, müəllimlərin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılmış, Bakıdakı ümumtəhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılmış, “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilmiş,  2013-cü ildə Bakı şəhəri və respublikanın regionlarında 144 yeni məktəb binası və 13 mövcud məktəbdə əlavə tədris korpusları tikilmiş, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilmişdir.

Sektor müdiri məktəbəqədər təhsil, ilk peşə ixtisas təhsili, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri, xaricdə təhsil üzrə Dövlət Proqramı, məktəbdənkənar tərbiyə və təlim, struktur islahatları, vətəndaşlarla iş, elektron xidmətlər və digər məsələlər haqqında da söhbət açmışdır.

Sonra təhsil naziri Mikayıl Cabbarov jurnalistlərin suallarını cavablandırmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında