Görkəmli alim, pedaqoq, unudulmaz insan Unutsaq, unudularıq

Akademik Bəhram Əsgərov bərk cisimlər fizikasına töhfələr vermiş Azərbaycan alimi, ölkəmizdə ali təhsilin bacarıqlı təşkilatçılarından biri idi

Keçən il respublikanın elmi ictimaiyyəti görkəmli alim, ölkəmizdə bərk cisimlər fizikası sahəsində elmi məktəbin yaradıcısı, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, “Şöhrət” ordenli soydaşımız, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Əsgərovun anadan olmasının  80 illiyini təntənə ilə qeyd etdi. Bu münasibətlə Bakıda dünyanın ünlü alimlərinin qatıldığı elmi konfrans keçirildi.

Bəhram müəllim özü də fizika sahəsində dünyanın sayılıb-seçilən alimlərindən biri idi. O bütün həyatını  elmdə axtarışlara həsr etmiş və çox sayda kadrlar yetişdirmişdi. Alim-pedaqoq ictimai fəaliyyətlə də məşğul olurdu, Tovuz Xeyriyyə Cəmiyyətinin işinə əlindən gələn köməyi əsirgəmirdi. 1988-ci ildən başlayaraq azğınlaşmış ermənilər Tovuzun sərhəd kəndlərini də aramsız atəşə tutanda, rayon işğal təhlükəsi ilə üz-üzə qalanda Bakıda yaşayan yerli ziyalılar sərhəd kəndlərinin müdafiəsi məqsədi ilə 1990-cı ildə “Oğuz”, sonra “Tovuz” Xeyriyyə Cəmiyyətini yaratdılar. Doğma torpağı ürəkdən sevən Bəhram müəllim cəmiyyətin ilk üzvü oldu.

Akademik B.Əsgərov 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdu.1957-ci ildə BDU-nun fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini fərqlənmə diplomu ilə bitirmişdi. Həmin il Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş, elmi işini davam etdirmək üçün SSRİ EA-nın Yarımkeçiricilər İnstitutuna (Leninqrad, indiki Sankt-Peterburq) ezam edilmişdi. Həmyerlimiz 1962-ci ildə professor A.İ.Anselmin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edərək Bakıya qayıtmışdı. O, 1971-ci ildə fizika-riyaziyyat elmləri doktoru, 1972-ci ildə isə professor olmuşdu.

Bəhram Əsgərov 1971-ci ildə Bakı Dövlət Universitetində bərk cisimlər fizikası kafedrasını yaradaraq ömrünün sonuna qədər onun müdiri olmuşdu. O,1994 – 2004-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdı. Alim Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Rəyasət Heyətinin, BDU-nun və  fakültənin elmi şuralarının üzvü, “Bakı Universitetinin xəbərləri” jurnalının fiziki-riyaziyyat seriyasının redaktoru, AMEA-nın və bir sıra respublika universitetlərinin elmi jurnallarının redaksiya heyətinin üzvü olmaqla, fəal elm – təhsil təşkilatçısı və nüfuzlu pedaqoq kimi şöhrətlənmişdi. O, 4 elmlər doktorunun elmi məsləhətçisi və 12 elmlər namizədinin elmi rəhbəri olmuşdu.

İstedadlı fizik Bəhram Əsgərov 2001-ci ildə  AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdi. Onun elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdi: 2000-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülmüş və 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdi.

Görkəmli Azərbaycan fiziki B.Əsgərovun adı “Bərk cisimlərdə köçürmə hadisələrinin kvant nəzəriyyəsi”nə görə İngiltərənin Kembric şəhərindəki Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “XX əsrin məşhur alimi” siyahısına daxil edilmişdi, “Elmdə görkəmli nailiyyətlərinə görə” diplomu və medalı ilə təltif olunmuşdu. Xarici jurnallarda dərc olunmuş elmi işlərinə görə Soros fondunun qrantını almışdı.

Akademik B.Əsgərov bərk cisimlərdə termomaqnit hadisələrin kvant nəzəriyyəsini ilk dəfə yaradan alimlərdən biridir.  Kvantlayıcı maqnit sahəsində dissipativ termomaqnit cərəyanın hesablanması metodunu ilk dəfə o təklif etmişdi. Həmin işin “Fizika tverdoqo tela” (Leninqrad, 1961) jurnalında çapından sonra metallarda və yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyəsi sahəsində yeni bir mərhələ başlanmışdı. Soydaşımız mürəkkəb energetik zonalı yarımkeçiricilərdə qalvanomaqnit və termomaqnit effektlərinin kvant nəzəriyyəsini vermiş və ilk dəfə belə yarımkeçiricilərdə maqnetofonon rezonansına baxmışdı. Bundan başqa, o, yarımkeçiricilərdə elektronların qeyri-taraz fononlar tərəfindən sövqetmə hadisəsinin də nəzəriyyəsi ilə məşğul olmuş və elmə “statistik sövqetmə qüvvəsi” anlayışını daxil etmişdi.

Son illərdə dünya şöhrətli fizik ölçüyə görə kvantlanmış və aşağıölçülü elektron sistemlərində köçürmə hadisələrinin nəzəriyyəsi sahəsində mühüm nəticələr əldə etmişdi. Həmin nəticələr bu sahədə yazılmış doktorluq dissertasiyalarının əsasını təşkil edir. B.Əsgərov bərk cisimlərdə elektron köçürmə hadisələrinin nəzəriyyəsi sahəsində bir çoxu Rusiya, Avropa, Amerika və Yaponiyanın nüfuzlu elmi jurnallarında çap olunmuş 170-dən çox elmi əsərin, 5 monoqrafiyanın, 2 dərslik və 1 dərs vəsaitinin müəllifi idi. Monoqrafiyalarına və məqalələrinə dünya elmi ədəbiyyatında çox sayda  istinadlar bu böyük alimin əsərlərinin bəşəriyyət üçün dəyərli olmasını göstərir.

 Akademik Bəhram Əsgərov Azərbaycan xalqının dünya elminə bəxş etdiyi istedadlı və işıqlı insanlardan biri idi. Onun həyat yoluna nəzər salanda qürur hissi keçiririk.  Fəxr edirik ki, biz bu böyük insanı tanımışıq, bir zamanda yaşamışıq, onunla bir millətin oğluyuq. Bəhram müəllim indi aramızda olmasa da, onun elmi irsi, yaratdığı məktəb və işıqlı xatirəsi həmişə bizimlə olacaq.

 

Musa SÜLEYMANOV,

“Tovuz” Xeyriyyə Cəmiyyətinin sədri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında