Bu günlərdə Bakıda 20-ci Azərbaycan Beynəlxalq qida sənayesi (“WorldFood Azerbaijan-2014”), 8-ci Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“AgriHort Azerbaijan – 2014”) və 3-cü Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk (“Plastex Caspian – 2014”) və 3-cü Xəzər Beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya (“Ipack Caspian – 2014”) sərgiləri keçirilmişdir.
Sərgilərin keçirilməsində məqsəd əməkdaşlığın möhkəmləndirilməsi, yeni tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın qida sənayesinə yeni texnologiyaları tətbiq etməklə dünya standartlarına uyğun məhsul istehsalına nail olmaqdır.
Qeyd edək ki, sərgilərdə iştirak edən şirkətlərin sayı ilbəil artır. Beləki, 20 illik yubileyini qeyd edən sərgidə dünyanın 36 ölkəsindən 242 şirkət iştirak etmişdir. Ümumilikdə, iştirakçılar öz məhsullarını üç əsas istiqamətdə nümayiş etdirirdilər: qida sənayesi, içkilər və ərzaq texnologiyaları.
Sərgidə ət, balıq, qənnadı və çörək-bulka məmulatları, habelə meyvə-tərəvəz, içkilər, çay, qəhvə, süd və yağ-piy məhsulları təqdim olunmuşdur.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) elmi işlər üzrə prorektoru Nizami Seyidəliyevdən sərgi ilə bağlı təəssüratını oxucularımızla bölüşməyi xahiş etdik. O dedi:
– Üç gün davam edən sərgidə universitetimizin alimlərinin nailiyyətlərini nümayiş etdirdik. Bunlardan son dövrlər nəşr olunan elmi əsərlər topluları, dərsliklər, alimlərimizin əməyinə verilən beynəlxalq mükafatlar, sertifikatlar, həmçinin patentlər, ixtiralar və sair göstərmək olar. Alimlərimizin Dünya Şərabçılıq Konfederasiyası ilə birgə işlədikləri yerli üzüm sortlarından əldə etdikləri şərab məhsulları, yeni bitki sortları, keyfiyyətli yem sortları təqdim edilmişdir. İki il əvvəl Dünya Üzümçülük və Şərabçılıq Konfederasiyası tərəfindən universitetimizin professoru Famil Şərifova verilən qızıl medal da sərgidə nümayiş etdirilirdi. Famil müəllimin uzun illər axtarışlarının nəticəsində əmələ gələn Bayanşirə üzüm sortu bu gün dünyada ən məhsuldar sort kimi təsdiq olunub.
Bu məsələ üzrə ikinci şad xəbəri demək də yerinə düşərdi. 2013-cü ildə Beynəlxalq Üzümçülük və Şərabçılıq Konfederasiyası Famil müəllimi ikinci dəfə qızıl medalla təltif olunması haqqında rəsmi xəbər göndərmişdir. Famil müəllimin uzun illər işləyib hazırladığı intensiv becərmə texnologiyası üzüm bitkisinin birinci ilində Bayanşirə sortundan nüvbar, ikinci ilində hektardan 80-100 sentner, beşinci ilində 800-1000 sentner məhsul alınmasına nail olunmuşdur. Müxtəlif ölkələrdən – Almaniya, Fransa, İtaliya və Çin Xalq Respublikasından Gəncəyə gələn mütəxəssislər Famil müəllimin üzümlüyünə baxarkən öz heyrətlərini gizlədə bilməmişlər. Çini nümayəndəsi demişdir: “Bu inanılmaz həqiqətdir, yəni eşidərsən inanmazsan, görərsən inanarsan”. Bu məsələlər üzrə Famil müəllimlə çoxsaylı söhbətlərimiz olub. O deyir ki, bizim tədqiqatlarımız yalnız yeniliklər əsasında qurulur. Onun tədqiqatlarında üzüm bitkisinin vaxtından xeyli əvvəl məhsula düşməsi, dünya rekordu məhsul alınmasından başqa üzümlükdə tamamilə yeni becərmə texnologiyası tətbiq edilərək əl əməyini 60-65 faiz azaltmaq mümkün olmuşdur.
Dünya üzümçülük elmində bu kimi heyrətamiz yenilikləri vaxtaşırı müzakirə edilir və qiymətləndirilir. Famil müəllim deyir ki, dövlət dəstəyi olsa üzüm bitkisinin xəstəliyinə qarşı bitki mənşəli dərman preparatı üzrə başladığımız tədqiqat işlərini genişləndirərdik. Əgər bu məsələ müvəffəqiyyətli həll olunsa dünya rekordu üzüm məhsulunun vətəni Azərbaycan olduğu kimi, bitki mənşəli dərman preparatının da sorağı ölkəmizdən gələrdi.
Beynəlxalq statusa malik jurnalımız var. Həmin jurnalda universitetimizin alimlərinin elmi məqalələri nəşr olunur.
Heyvandarlıq sahəsində də uğurlarımız var. Professor Qəmbər Abdullayevin rəhbərliyi ilə Rusiyadan gətirilmiş qoyun cinslərinin dondurulmuş toxumlarından bizim yerli Bozdağ və Qarabağ cinsləri mayalandırılmış və nəticədə yerli cinslərə nisbətən daha çox həm ət, həm də süd verən mələzlər əldə olunmuşdur. Bitkiçilik, iqtisadiyyat, texnika, heyvandarlıq, üzümçülük və digər sahələrdə alimlərimizə verilən patentləri, müəlliflik şəhadətnamələri, ixtiraları təsdiq edən sənədlər də sərgi iştirakçılarına təqdim edilir. Sərgi müddətində əcnəbi qonaqlar ADAU-nun stendi ilə yaxından tanış oldular, müxtəlif suallar verdilər. Bolqarıstanın, Türkiyənin müvafiq ali məktəbi ilə tələbə mübadiləsi haqqında razılıq əldə edildi. Qida məhsullarının istehsalı texnologiyası kafedrasının əməkdaşları tərəfindən hazırlanmış yeni şərab növü də maraqla qarşılanmışdır. Bundan başqa, “ADAU-90” adlı qarğıdalı sortu, taxıl sortlar da sərgi iştirakçılarının marağına səbəb olmuşdur. Çox məhsuldar sort olan həmin bitkilər hazırda respublikamızın bir çox bölgələrində əkilir. Fermerlərimiz də məhsulun keyfiyyətindən razıdırlar.
Sonda kollektivimiz adından kənd təsərrüfatı naziri Heydər Əsədova universitetimizin nəzdində müasir traktor parkı yaradılmasına göstərdiyi köməyə görə minnətdarlıq edirəm. Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın köməkliyi ilə müasir baytarlıq laboratoriyası da tələbələrimizin ixtiyarına verilimişdir.
Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.