Gəncədəki Heydər Əliyev Mərkəzində “Müasir biologiya və kimyanın aktual problemləri” mövzusunda elmi konfrans keçirilmişdir.
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov konfrans iştirakçılarını universitetin kollektivi adından salamlayaraq çıxışını ulu öndərin kəlamları ilə başlamışdır:
“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycanı dünyaya tanıtmaqdır”. Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri vardır. Xalqımızın sosial rifahına yönələn möhtəşəm layihələr, həyata keçirdiyi islahatlar öz səmərəsini verməkdədir. Bu gün Azərbaycan dövlətinin bütün uğurları ulu öndərin siyasi irsinin davamçısı, ölkə Prezidenti İlham Əliyevin xidmətləridir. Azərbaycan Milli Elmlər Akademiyası bu gün uğurla inkişaf etməkdədir. AMEA tərəfindən struktur və kadr islahatları həyata keçirilir. Həm elm, həm də təhsil sahəsində aparılan islahatlar, şübhəsiz ki, öz səmərəsini göstərəcəkdir.
Professor Yusif Yusibov respublikamızın bütün regionlarında, o cümlədən Nizami yurdu Gəncədə aparılan möhtəşəm abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə konfrans iştirakçıları adından dərin minnətdarlığını bildirərək demişdir ki, biz bu gün ulu öndərin adını daşıyan möhtəşəm sarayda – Heydər Əliyev Mərkəzində konfrans keçirdiyimizə görə qürur duyuruq.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev çıxışında qeyd etmişdir ki, biz bugünkü inkişafımıza görə, ilk növbədə, ulu öndərə minnətdar olmalıyıq. Məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda digər sahələr kimi elm və təhsil də sürətlə inkişaf etmişdir. Təhsil nazirinin müşaviri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov ulu öndərin təhsillə bağlı bir kəlamını yada saldı: “Təhsil millətin gələcəyidir”. Bu gün keçirilən elmi konfrans bu mənada böyük əhəmiyyət kəsb edir.
AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Gəncədə təşkil olunan bir sıra beynəlxalq konfransların Heydər Əliyev Mərkəzində keçirildiyini söylədi. Prezidentin sərəncamı ilə Gəncə şəhərində həyata keçirilən möhtəşəm layihələr haqqında məlumat verən F.Əliyev təhsil sahəsində aparılan uğurlu islahatların əhəmiyyətini vurğulayaraq dedi:
– Ölkəmizdə ilk dəfə olaraq Gəncə Dövlət Universitetində baza kafedraları yaradılır. Bu isə gələcək elmi nailiyyətlərin səmərəsindən xəbər verir.
Bakı Ali Neft Məktəbinin tədris işləri üzrə direktor müavini, professor Rəna Mustafayeva konfransın əhəmiyyətindən söz açaraq dedi:
– Son 20 ildə Azərbaycan Respublikasının əldə etdiyi bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Minilliklərin yaşıdı olan qədim Gəncə bu gün ölkənin mədəniyyət mərkəzinə çevrilmişdir. Natiq Bakı Ali Neft Məktəbi ilə GDU arasında əməkdaşlıq haqqında memorandum imzalandığını qeyd edərək universitet kollektivinə uğurlar arzuladı.
Plenar məruzələrdə çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov çıxışında dahi şairimiz Nizami Gəncəvinin əsərlərində biologiya, kimya və fizika ilə ədəbiyyatın əlaqələrini təsdiq edən fikirlərdən ətraflı bəhs etdi. Məruzəçi Nizaminin əsərlərində kimyanın 150 təsvirini tapdığını vurğuladı və “Xəmsə”dən nümunələr söylədi. Şagirdlərin kimyanı daha yaxşı mənimsəməsi üçün o, regional tədris proqramlarının hazırlanmasının zəruriliyini, ümumiyyətlə, orta məktəblərdə kimya fənninin tədrisinə 6-cı sinifdən başlamağın vacibliyini də qeyd etdi. Üzvi kimyanın aktual məsələlərinə toxunan məruzəçi bu problemlərin həlli yolunda öz təkliflərini irəli sürdü.
Plenar məruzələrin davamı GDU-nun iclas zalında oldu. AMEA Fizika İnstitutundan İmaməddin Əmiraslanov, Bakı Dövlət Universitetininin professoru Musa Bayramov, professor Rövşən Xəlilov və başqalarının məruzələri dinlənildi.
Ümbülbanu HACIYEVA,
Gəncə Dövlət Universitetinin əməkdaşı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.