Fədakar alim, vətənpərvər ziyalı

Bu günlərdə ADNA-nın Ümumi, tarixi geologiya və hidrogeologiya və neft-mədən geologiyası kafedrasının dosenti, Beynəlxalq Ekologiya Elmləri və Beynəlxalq Mineral Ehtiyatlar Elmləri akademiyalarının həqiqi üzvü, keçmiş SSRİ-nin fəxri geoloq-kəşfiyyatçısı İslam Tağıyevin 80 illik yubileyi qeyd olunur.

İ.Tağıyev 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji kəşfiyyat fakültəsini bitirdikdən sonra təyinatla keçmiş Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə göndərilmişdir. Elə həmin vaxtdan 2005-ci ilin sentyabrına kimi taleyini geologiya istehsalat sahəsi ilə bağlamış və uzun illər boyu bu sistemdə şərəfli əmək yolu keçmişdir. İslam müəllim istehsalatda işlədiyi müddətdə, eyni zamanda Patentşünaslıq İnstitutunu, Siyasətşünaslıq Universitetini və 1983-cü ildə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir.

1971-ci ilə qədər çöl geoloji kəşfiyyat müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. Elə həmin il Geologiya, Geodeziya və Xəritəçəkmə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdir. 1977-2001-ci illərdə keçmiş Dövlət Geologiya Mineral Ehtiyatlar Komitəsi sədrinin birinci müavini, 2001-2005-ci illərdə isə yeni yaradılmış ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifələrində çalışmışdır.

İslam Tağıyev respublika ərazisində termal su yataqlarının, ümumiyyətlə yer təkinin geotermik xüsusiyyətləri və alternativ enerji mənbəyi kimi onlardan istifadə edilməsi ilə məşğul olan ilk azərbaycanlı geoloq-alimlərdən biridir.

Onun akademik Mirəli Qaşqayla birlikdə yazdığı elmi məqalələr 1968-1969-cu illərdə Moskvanın “Elm”, “Yerin təki” nəşriyyatlarında çapdan çıxmış monoqrafiyalarda dərc olunmuşdur. İslam müəllimin elmi məqalələri İtaliyada, Türkiyədə, habelə Moskva, Aşqabad, Daşkənd, Mahaçqala və digər şəhərlərdə dərc edilmişdir. Onun Talış dağ silsiləsinin geoloji-tektonik çöl işlərində akademik Ş.Mehdiyev və Ş.Əzizbəyovla birgə apardığı tədqiqatlar bu gün də öz aktuallığını itirməmişdir.

Bu illər ərzində İslam müəllim yüksək ixtisaslı mühəndis, peşəkar geoloq, eyni zamanda geologiya, texnika, texnologiya, iqtisadiyyat və idarəetmə sahələrində özünü kamil və peşəkar mütəxəssis kimi göstərmişdir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə qazanılan elmi-texniki tərəqqinin nailiyyətləri müxtəlif istiqamətli geoloji tədqiqatların aparılması, mürəkkəb faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatında müvəffəqiyyətlə tətbiq edilmiş, respublikanın mineral-xammal bazasının yaradılmasında müsbət rol oynamışdır.

Bütün dövrlərdə, elə müasir dövrümüzdə də hər bir ölkənin siyasi, iqtisadi, sosial inkişafının, müstəqilliyinin təmin edilməsində ən vacib amillərdən biri onun zəngin yeraltı sərvətlərə və mineral-xammal bazasına malik olmasıdır. Bu baxımdan, Azərbaycanın bəxti gətirmişdir, zəngin neft-qaz yataqları ilə yanaşı, əlvan və qara metallar, alüminium, qurğuşun, sink, mis və digər filiz və qeyri-filiz yataqları, içməli, mineral-sənaye (yodlu-bromlu) və termal su yataqları, müxtəlif tikinti materialları, bir sözlə, iqtisadiyyatın hərtərəfli inkişafına yardımçı ola biləcək 500-ə qədər faydalı qazıntı yataqları kəşf edilmiş və müstəqillik dövründə onların xalq təsərrüfatı dövriyyəsinə cəlb olunması üçün lazımi işlər görülmüş və görülməkdədir.

SSRİ dövründə aparılmış geoloji-kəşfiyyat işlərinin əlamətdar nəticələrindən biri respublikada qızıl emalı sənayesinin təşkili üçün etibarlı xammal bazasının yaradılması olmuşdur. Azərbaycanın qızıl yataqlarından danışarkən bir məsələnin üzərində dayanmamaq qeyri-mümkündür. Ermənistanın Azərbaycan torpaqlarına göz dikməsinin, min-bir dona girərək xalqımıza qarşı düşmənçilik siyasəti həyata keçirməsinin uzun tarixi var, bu düşmənçilik 1980-ci ildən çox-çox əvvəl başlanmışdır. Buna əyani sübut kimi keçmiş SSRİ Nazirlər Kabineti yanında fəaliyyət göstərən Faydalı Qazıntı Yataqları üzrə Dövlət Komissiyasında Azərbaycana aid olan Söyüdlü (Zod) qızıl yatağı ehtiyatlarının bütünlüklə Ermənistana aid edilərək təsdiq olunmasını nümunə göstərmək olar. Hələ 1950-ci illərdə 2447,5 metr yüksəklikdə yerləşən Misqaynaq dağında Ermənistanın Basarkeçər rayonunun sərhədində yerləşən Söyüdlü qızıl yatağının gələcəkdə Ermənistana aid edilməsi üçün SSRİ Geologiya və Xəritəçəkmə Baş İdarəsinə rəhbərlik edən Qabrielyants familiyalı bir erməninin əli ilə “Dövlət sərhədi xəritəsi”ndə sərhəd xəttinin 2 kilometrədək hissəsi göstərilməmişdir. Sonradan isə həmin xətt 500 metrədək Azərbaycanın ərazisinə doğru sürüşdürülmüş və beləliklə, dövlət səviyyəsində saxtakarlığa yol verilmişdir. 1976-cı ildə bu saxtakarlığın qarşısı alınmış və həmin xəritədə dəqiqləşdirmə aparılmışdır. Bütün bu işlərdə ulu öndərimiz Heydər Əliyevin böyük xidməti və SSRİ hökuməti səviyyəsində ona olan yüksək hörmət əsas rol oynamışdır. Həmin məsələnin həllində bu günlərdə 80 illik yubileyi qeyd olunan İslam Tağıyev də bilavasitə iştirak etmişdir.

İslam müəllim istehsalatda və müxtəlif rəhbər vəzifələrdə işlədiyi müddətdə, eyni zamanda təhsil müəssisələri ilə əlaqəni kəsməmişdir. O, uzun illər ərzində ADNA, BDU və AMEA Geologiya İnstitutu elmi şuralarının üzvü, ADNA-nın Ümumi, tarixi geologiya və hidrogeologiya və BDU-nun Geodeziya və kartoqrafiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə kafedraları üzrə dövlət imtahan komissiyasının sədri olmuşdur.

İ.Tağıyevin 200-ə qədər elmi məqaləsi, xeyli sayda monoqrafiya və dərslikləri çap edilmişdir. O, neçə-neçə namizədlik dissertasiyasının opponenti olmuş, Moskva, Sankt-Peterburq şəhərlərində, habelə İran, Rumıniya, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq elmi simpozium və konfranslarda dəfələrlə məruzələr etmişdir. İ.Tağıyev həmişə və hər yerdə Azərbaycan geologiya elmini yüksək səviyyədə təmsil etmişdir.

2005-ci ildən ADNA-da bakalavr və magistr səviyyəsində tədris olunan geologiya elminin müxtəlif fənləri üzrə dərs deyən İslam müəllimin mühazirələri bugünkü yüksək tələblərə tam cavab verir. Məhz bu xüsusiyyətlərinə görə o, professor-müəllim heyəti və tələbələri arasında böyük hörmət qazanmışdır.

Dünyada insan adına şərəf gətirən qiymətli və hikmətli nə varsa, İslam müəllim bunların hamısına layiqdir. O heç vaxt tutduğu mövqe və yüksək vəzifələrlə fəxr etməmiş, əksinə öz səmimiyyətinə və sadəliyinə görə ünsiyyətdə olduğu bütün insanların hörmətini qazanmışdır.

Xalqımızın dəyərli ziyalısı olan İslam Tağıyevi 80 illik yubileyi münasibətilə öz həmkarları - alim-pedaqoq dostları və tələbələri adından təbrik edir, bu əlamətdar gündə ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

 

N.BABAYEV,

Azərbaycan Dövlət Neft Akademiyası

Ümumi, tarixi geologiya və hidrogeologiya kafedrasının müdiri,

professor,

Ç.QAŞQAY,

AMEA Geologiya və Geofizika İnstitutunun professoru,

geologiya-mineralogiya elmləri doktoru

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında