Orta məktəblərdə son zəng sevinci

Binəqədi

Binəqədi rayon məktəblərində son zənglə əlaqədar tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri də N. Fərəczadə adına 100 saylı tam orta məktəbdə reallaşmışdır. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak etmişdir.

Tədbir Azərbaycanın dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Sonra məktəbin direktoru Gülnarə Məmmədova çıxış etmişdir. Tədbir məktəblilərin hazırladıqları musiqi parçaları, rəqslər, bədii kompozisiyalar və gimnastika hərəkətlərinin nümayişi ilə davam etmişdir. 11-ci sinfi bitirənlər bilik rəmzi sayılan açarı 10-cu sinif şagirdlərinə təqdim etməklə estafeti onlara həvalə etmişlər. Nəhayət, son zəng səsləndirilmiş, bu anı sevinc və həyəcan dolu duyğularla gözləyən onbirincilər yeni və fərqli, eyni zamanda, daha məsuliyyətli bir həyatın astanasında olduqlarını hiss etmişlər.

Rayon icra hakmiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında müstəqil həyata ilk addımlarını atan məzunları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Müstəqil Azərbaycanda-təhsilin dövlət qayğısı ilə əhatə olunduğu bir ölkədə yaşamağın və təhsil almağın xoşbəxtlik olduğunu vurğulayan başçı hər bir vətəndaşın belə “zəngin xəzinə”ni əldə etməsi üçün ölkəmizdə dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını diqqətə çatdırmışdır. Bu sahəyə ilbəil artan dövlət qayğısını qeyd edən natiq ölkə Prezidentinin təhsilə xüsusi diqqət göstərdiyi bildirmişdir.

 Sonda X.İsgəndərov məzunlara hansı peşəyə yiyələnmələrindən asılı olmayaraq, öz bilik və bacarıqları ilə möhtərəm Prezidentimizin rəhbərliyilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr vermələrini, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulamışdır.

Səbail

Ənənvi “Son zəng” günü Səbail rayonunun 18 orta məktəbində təntənəli mərasimlərlə qeyd olunmuşdur. Tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün məktəb kollektivləri böyük hazırlıq işləri aparmış,  məzun bayramının yaddaqalan hadisəyə çevrilməsinə çalışmışlar. Səbail rayonunun orta məktəblərində hazırda 2075 pedaqoji işçi çalışır, 20919 şagird təhsil alır, bu il onların 1350 nəfəri məzundur.

Şəhərin mərkəzində yerləşən 6 saylı tam orta məktəbdə 1993 nəfər şagird təhsil alır. “Son zəng” günündə burada təşkil olunan şənlikdə məzunları, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan məktəb direktoru Gülşən Orucova kollektivin və onun yetirmələrinin  uğurlarından söz açmışdır. Direktor bildirmişdir ki, məktəbin məzunu - 1967-1977-ci illərdə burada oxumuş Prezident İlham Əliyevin səyləri ilə respublikamızda təhsilə diqqət və qayğı ilbəil artır, sahənin maddi-texniki bazası yeniləşdirilir və möhkəmləndirilir. Prezidentin sərəncamına əsasən, 6 saylı tam orta məktəbi sokülərək yenidən tikilmiş və ölkə başçısının iştirakı ilə 2011-ci il sentyabrın 15-də istifadəyə verilmişdir. Burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır. O, məzunlara Prezident İlham Əliyev  kimi yüksək savadlı, vətənpərvər olmağı, həyatda yüksək mövqelərə çatmağı arzulamışdır.

Valideynlər, müəllimlər, qonaqlar onbirinciləri təbrik etmiş, məzunlar isə mahnı və rəqslərlə mərasimdəkiləri  şənləndirmişlər.

132-134 saylı təhsil kompleksində keçirilən son zəng də təntənəli təşkil olunmuşdur.   150 yaşlı, böyük ənənələri olan təhsil ocağında hazırda 80 sinifdə 2200 şagird təhsil alır. Bu il  məktəbi 85 məzun  bitirir ki, onlardan 10 nəfəri “Qızıl medal”a namizəddir. Ölkə başçısının sərəncamına əsasən, məktəb 2010-cu ildə yenidən qurulmuş və Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. Təhsil kompleksi bugün həm də şəhərimizin mərkəzində gözəl memarlıq abidəsinə çevrilmişdir.

“Son zəng” şənliyində məzunları və birinciləri, diğər iştirakçıları salamlayan kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxışını ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözləri ilə başlamış, ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyinin təhsil sahəsində apardığı uğurlu siyasətdən danışmış, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat vermişdir.

Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmiş, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara müstəqil həyatda uğurlar arzulamışlar.

Məktəblərdə  keçirilən şənliklərdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, məktəblərin əsaslı təmiri, yenilərinin tikilməsi, bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində gördüyü işlər, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın sahənin hərtərəfli inkişafı ilə bağlı fəaliyyəti barədə danışmışdır. Başçı məzunlara uğurlar diləmiş,  olkəmiz və xalqımız üçün layiqli  övlad olmağı arzulamışdır.

Səbail rayonunun digər məktəblərində də son zəng mərasimi təntənəli keçmiş, milli təhsilimizin uğurlarının nümayişinə çevrilmişdir.

Sabirabad

Sabirabad rayonunda “Son zəng”ə həsr olunmuş silsilə tədbirlərdə rayon icra hakimiyyəti aparatı və təhsil şöbəsinin məsul işçiləri məzunlara müstəqil həyat yollarında uğurlar diləmiş, onlara xoş arzularını çatdırmışlar.

Belə tədbirlərdən biri də rayon mərkəzindəki Mirzə Ələkbər Sabir adına 1 saylı şəhər orta məktəbdə keçirilmişdir. Tədbirdən əvvəl məktəbin həyətində ucaldılmış satirik şair Mirzə Ələkbər Sabirin abidəsinin önünə gül çələngləri qoyulmuş, onbirincilər şairin şeirlərindən parçalar söyləmişlər.

Məktəbin direktor əvəzi Yeganə Bağırova mərasimi açaraq, ölkəmizdə təhsilə göstərilən qayğı və diqqətdən danışmışdır. Eyni zamanda, rəhbərlik etdiyi məktəbin uğurlarından söhbət açmış və belə bir inam ifadə etmişdir ki, bugünkü məzunların daim xoş sorağı gələcəkdir.

Mərasim iştirakçıları qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin düz 40 il öncə, 1974-cü ilin mayın 25-də, özü də qızı Sevil xanımla “Son zəng” günü bu məktəbdə olduğunu, ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçən il bu məktəbin təqdimatında iştirak etdiyini xüsusi vurğulamışdır.

 Natiq ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğının onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirməklə məzunlara gələcək işlərində nailiyyətlər arzulamış, onlara müstəqil Azərbaycanın layiqli övladları olmağı tövsiyə etmişdir. Başçı bildirmişdir ki, bu gün Azərbaycanda şagirdlərin təhsil almaları, biliklərə yiyələnmələri üçün hər cür şərait var. Onlar xoşbəxtdirlər ki, qurucusu Heydər Əliyev olan bir ölkənin övladlarıdırlar.

Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Elman Bünyadov məzunlara ən səmimi arzularını çatdıraraq, onları bundan sonra həyatda daha inamlı addımlar atmağa səsləmişdir.

Şən musiqi sədaları ilə müşayiət olunan mərasim bütün iştirakçılara xoş və həyəcanlı təsir bağışlamışdır.

“Son zəng” tədbirləri rayonun digər məktəblərində də yüksək bayram ovqatı ilə başa çatmışdır.

 

Vaqif BAYRAMOV,

Tahir RÜSTƏMOV,

Səməd HÜSEYNOĞLU, “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında