Birincilərin Əlifba sevinci Ana, Vətən, əsgər haqqında mahnılarla yadda qaldı

Zərif,  kövrək və ülvi məqamlardan söz açmaq nə qədər xoş olsa da, bir o qədər məsuliyyətli və çətindir.  Biz həmin məsuliyyəti paytaxtın  Nərimanov rayonundakı  Gültəkin Əsgərova adına 200 nömrəli tam orta məktəbin 1A sinifində keçirilən “Əlifba” bayramı haqqında informasiya hazırlayarkən bir daha hiss etdik. Çünki əvvəlcə nədən başlayacağımızı bilmirdik.

İstedadlı müəllim İnarə Piroğlanovanın  ötən ilin sentyabrından çəkdiyi zəhmətin  nəticələrini görəndə yaşadığı sevinc hisslərindən başlayaqmı? Yoxsa oxuduğu nəğməni öz  böyükləri də eşitsin deyə, tez-tez valideynlər oturan tərəfə boylanan Həqiqət İsmayılova adlı qızcığazın həyəcanından söz açaq? Bəlkə, öz  ifasında nümayiş etdirdiyi “peşəkarlığı” bir qədər aralıda dayanmış müəlliminə də göstərmək üçün səsini kifayət qədər ucaldan, elə həyatın ilk mərhələsindən hər zaman ön sırada, nümunəvi olmağa çalışan Ruslan Vəliyev adlı oğlanın keçirdiyi qürur hissindən danışaq?

Hər halda, nədən başlasaq da, mövzu bir idi: nərimanovlu birincilər Əlifbanı öyrənmişdilər və  ilk dərs ilinin “son zəng” sevincini  Ana, Vətən, əsgər, məktəb, kitab haqqında şeirlər, mahnılarla qeyd edirdilər. Ömrünün  yaşıdları, dostları, müəllimləri və valideynləri ilə birlikdə keçirilən ilk  bayramında dövlət himnimizi oxuyanlar da xoşbəxt idilər, nağıl qəhrəmanlarının obrazını canlandıranlar da. Amma, deyəsən daha çox xoşbəxt olan bu körpə fidanların valideynləri, nənə-babaları idi. Çünki bu əziz günün sevincini birincilərlə birlikdə yaşamaq üçün məktəbə gəlmiş valideynlərin özləri də elə onlar qədər sevinirdilər.

Ruslan Vəliyev, Milena Mahmudova, Elgün Ağayev, Davud Süleymanov, Həqiqət İsmayılova və digər birincilər şeirlər söylədilər, kiçik səhnəciklərlə öz məharətlərini göstərdilər, ən başlıcası, milli rəqslərimizlə yanaşı, dünya xalqlarının bir  neçə  rəqsini də ifa etdilər. Hər şey gözəl, maraqlı və bir-birindən baxımlı idi. Müəllimə İnarə Piroğlanova tədbiri xoş ovqatla yekunlaşdırdı: – Uşaqlar, siz bu gün artıq birinci siniflə vidalaşır, ikinci sinfə keçirsiniz. Sentyabrda məktəbə gələndə daha bir yaş böyümüş olacaqsınız. Hər birinizə uğurlar arzu edirəm. Tezliklə yenidən görüşəcəyik.

Şagirdlər müəllimlərini alqışladılar. Onlar həm birinci sinfi bitirdiklərinə, həm ikinci sinfə keçdiklərinə, həm də bir yaş böyüdüklərinə sevinirdilər. Elə valideynlər də böyük sevinc hissi keçirirdilər.

Rafiq SALMANOV,

“Xalq qəzeti”

Fotolar müəllifindir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında