Artıq xeyli vaxtdır ki, Təhsil Nazirliyi ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ali təhsil sahəsi üzrə elan olunmuş prioritet islahatlarda abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi, abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə ali təhsil müəssisələri tərəfindən “İxtisas seçimi” adlı maarifləndirici kampaniyaya başlamışdır.
Verilən məlumatlara görə, kampaniya nazirliyin baza məktəblərində keçiriləcək. Hər bir universitet baza məktəbini yaradacaq. Burada abituriyentlərlə maarifləndirici işlər aparılacaq. Onlara universitetlərdəki bu və ya digər ixtisasların məqsədləri, hansı peşədə hansı uğurların əldə edilməsinin mümkün olduğu barədə məlumatlar veriləcək.
Azərbaycan Dövlət Neft Akademiyasının qaz - neft mədən fakültəsinin dekanı dosent Vahid Mustafayev başda olmaqla bir qrup professor və müəllim heyətinin Xətai rayonundakı Heydər Əliyev liseyinin onbirinci sinif şagirdləri və pedoqoji kollektivi ilə görüşü də bu kampaniya çərçivəsində keçirilirdi. Görüşdə Azərbaycan Dövlət Neft Akademiyası, onun tarixi, burada hazırlanan mütəxəssislər haqqında geniş məlumat verən V. Mustafayev rəhbərlik etdiyi qaz - neft mədən fakültəsi barədə də ətraflı danışdı və bildirdi ki, abituriyentlərin ixtisas seçimi onların həyatında həlledici əhəmiyyət daşımaqla bərabər, gələcək əmək fəaliyyətini və karyera uğurunu müəyyənləşdirir. ADNA-da hazırlanan yüksək ixtisaslı mütəxəssislərin hansı nailiyyətlərə imza atdıqları barədə burada ətraflı danışıldı. İndi qalır bu günki abituriyentlərin seçimi.
Görüşdə ADNA-nın neftin-qazın nəqli və saxlanması kafedrasının müdiri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov, neft-qaz quyularının qazılması kafedrasının müdiri professor Ə.Məmmədtağızadə, qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı kafedrasının müdiri professor T.Səmədov, hidrovlika kafedrasının müdiri professor Z.Əhmədov, sənaye təhlükəsizliyi və əməyin mühafizəsi kafedrasının müdiri professor S.Rəsulov çıxış edərək rəhbərlik etdikləri kafedraların elmi istiqamətləri, mütəxəssis hazırlığı barədə abituriyentlərə ətraflı məlumat verdilər.
Milli Məclisin deputatı professor Hüseynbala Mirələmov Təhsil Nazirliyinin “İxtisas seçimi” adlı maarifləndirici kampaniyasının əhəmiyyətini xüsusi qeyd edərək dedi:
- Abituriyentlərin ixtisas seçimi həqiqətən çox ciddi məsələdir və Təhsil Nazirliyinin belə bir məsələyə xüsusi diqqət ayırması alqışa layıqdir. Bu məsələ artıq çoxdan kifayət qədər ciddi yanaşma tələb edirdi. Çünki son illər ixtisas seçməyə hazırlaşan gənclər arasında ən çox yayılan problem qərarsızlıqdır. Bir çoxları nə ilə məşğul olmaq istədiklərini bilmirlər, bu isə bəzən səhv seçim etməyə gətirib çıxarır. Belə hal isə gələcəkdə çətinliklər yaradır. Abituriyentlər nəyə xüsusi fikir verməlidirlər?
Əvvəla, hər bir məzun özünün şəxsi maraqlarını nəzərə almalıdır. İkinci, özünün şəxsi bacarığını düzgün qiymətləndirməlidir. Üçüncü, özünün şəxsi keyfiyyətləri ilə seçdiyi peşənin tələbləri arasındakı uyğunluğu təhlil edib nəticə çıxarmalıdır. Dördüncü, bu və ya digər ixtisasın ona hansı həyat perspektivləri vəd etdiyini aydınlaşdırmalıdır.
H.Mirələmov sonda üzünü gənclərə tutub dedi: - Mən öz həyat və fəaliyyətimdən bu qənaətə gəlmişəm ki, insanın bütün gələcək həyatının uğurlu olub, olmayacağı birbaşa ixtisas seçimindən asılıdır. Çalışın düzgün qərar verin, düzgün seçim edin və uğur qazanın.
Görüş zamanı ali məktəbin nümayəndələri müəllim və şagirdləri maraqlandıran çoxsaylı suallara ətraflı cavab verdilər.
Sonda çıxış edən Heydər Əliyev liseyinin direktoru Fikrət Xəlilov belə görüşlərin orta məktəb məzunlarının seçimində xüsusi rol oynadığını qeyd edərək, liseyin müəllim və şagirdləri adından ADNA-nın tədbirdə iştirak edən müəllim və professor heyətinə təşəkkür etdi. Qərara alındı ki, belə tədbirlər yalnız kampaniya xarakteri daşımasın və müntəzəm davam etdirilsin.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.