“Odlar Yurdu” Universitetində akademik Əhməd Mahmudovun anadan olmasının 91-ci ildönümünə həsr edilmiş XIX elmi konfrans keçirilmişdir

“Odlar Yurdu” Universitetində  görkəmli alim, akademik Əhməd Mahmudovun anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Dünya iqtisadi böhranı şəraitində Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf modeli”  mövzusunda XIX elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə alimin keçdiyi şərəfli ömür yolundan və Azərbaycan elminə verdiyi töhfələrdən danışılmışdır.

Əvvəlcə konfrans iştirakçıları universitetdə akademik Əhməd Mahmudovun adını daşıyan Elmi-Tədqiqat Mərkəzində olmuşlar. Məlumat verilmişdir ki, burada tələbələr ixtisas kursları keçməklə yanaşı, həm də iqtisadiyyat elminin sirlərini öyrənmək üçün əyani vəsaitlərdən istifadə edə bilirlər. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilir.

Milli Məclisin deputatlarının, tanınmış elm xadimlərinin iştirak etdikləri konfransda çıxış edən “Odlar Yurdu” Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev akademikin zəngin və mənalı ömür yolundan danışmışdır. Rektor diqqətə çatdırmışdır ki, akademik Əhməd Mahmudovun iqtisadiyyat və onunla bağlı sahələrdəki araşdırmaları nəinki respublikamızda, eləcə də dünyanın ən nüfuzlu elm  mərkəzlərində yüksək qiymətləndirilir. Elmin inkişafı sahəsində mühüm xidmətləri olan dünya şöhrətli alimin müəllifi olduğu kitablar, monoqrafiyalar və dərsliklər uzun illərdir ki, dəyərli elmi vəsait kimi istifadə edilir. Onun bir sıra əsərləri xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr edilmişdir. Akademikin AMEA-nın İqtisadiyyat İnstitutuna rəhbərliyi dövründə 300-dən artıq doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə çıxışında  Əhməd Mahmudovun elmi axtarışlarında aqrar sənaye inteqrasiyası, ictimai istehsalın intensivləşdirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesablı problemlərin tədqiqi məsələlərinin əsas yer tutduğunu qeyd etmişdir.

Konfransda, həmçinin Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, ziyalılar, elm adamları və alimin ailə üzvləri çıxış edərək vurğulamışlar ki, mənalı ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi  fəaliyyəti ilə seçilən akademik Əhməd Mahmudov prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, tədqiqatçılıq əzmi, siyasi mövqeyi ilə fərqlənmişdir.

Sonra konfrans iclaslarla davam etdirilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında