ABŞ-ın Con Hopkins Universitetinin professoruna “ADA” Universitetinin fəxri doktoru adı verilmişdir

ABŞ-ın Con Hopkins Universitetinin professoru, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun yaradıcısı və rəhbəri Frederik Stara “ADA” Universitetinin fəxri doktoru adı verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev elmin inkişafına böyük töhfələr vermiş qonağı rəhbəri olduğu ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri adından səmimi salamlamışdır.

Rektor Hafiz Paşayev professor Frederik Starın Mərkəzi Asiya regionu ölkələrinin tarixi, inkişaf dinamikası, eləcə də bölgənin siyasəti ilə bağlı apardığı araşdırma və tədqiqatlarını yüksək qiymətləndirmişdir.

“ADA” Universitetinin rektoru Hafiz Paşayev ABŞ ilə Azərbaycan arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, elm, təhsil və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışmışdır. O, bu cür görüşlərin iki ölkənin ali təhsil ocaqları arasında elm, təhsil və mədəniyyət sahələrində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Rektor “ADA” Universiteti ilə bir çox ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndiyini qeyd etmişdir.

“ADA” Universitetinin rektorunun müşaviri səfir Con Moresko  çıxış edərək professor Frederik Starın həyatı və elmi nailiyyətləri barədə məlumat vermişdir. Bildirilmişdir ki, F.Star tanınmış alim, beynəlxalq münasibətlər üzrə tədqiqatçı və Mərkəzi Asiya regionu ölkələrinin tarixini araşdıran mütəxəssisdir. O, yüzlərlə elmi məqalənin, bir çox monoqrafiyanın və dərs vəsaitinin müəllifidir.

Frederik Star çıxış edərək Azərbaycana gəlməsindən məmnunluğunu ifadə etmişdir. Fəxri doktor adına layiq görülməsinə görə universitetin kollektivinə minnətdarlığını bildirən professor F.Star Azərbaycanda təhsilə göstərilən dövlət qayğısının qürurverici olduğunu bildirmişdir.

Daha sonra tədbirdə professor Frederik Starın yeni “Unudulmuş maariflənmə: ərəb işğalından Tamerlana qədər Mərkəzi Asiyanın qızıl dövrü” kitabının təqdimatı olmuşdur.

Kitabda 800-cü və 1200-cü illər arasında Mərkəzi Asiyanın çiçəklənmə dövründən, regionun dünya ticarəti və iqtisadiyyatında böyük rol oynamasından, şəhərlərin və arxitekturanın böyük inkişaf yolunu keçməsindən, mədəniyyət,  ədəbiyyat və incəsənət sahələrində böyük inkişafın müşahidə olunmasından söhbət açılır.

Kitabda,  Mərkəzi Asiya xalqlarının astronomiya, riyaziyyat, tibb, geologiya, kimya, musiqi, sosial elmlər və digər sahələrdə böyük nailiyyətlər əldə etdiyi də xüsusi vurğulanır.

Sonda Frederik Stara təhsil sahəsində gördüyü işlər və ABŞ ilə Azərbaycan xalqları arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə “ADA” Universitetinin fəxri doktoru adı verilmiş və professora diplom təqdim edilmişdir.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak etmişlər.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında