Dövlət mükafatına təqdim olunmuş dəyərli innovativ əsər

 Son illər ölkəmizdə siyasi elmin ayrı-ayrı məsələlərini işıqlandıran bir sıra monoqrafiya, dərslik və dərs vəsaitləri çap edilib. Lakin bütövlükdə siyasi elmin müasir problemlərini ardıcıllıqla izah edən, həmin problemlər haqqında dolğun təsəvvür yaradan, son 50-60 ildə inkişaf xüsusiyyətlərini təfərrüatı ilə açıb göstərən, bilavasitə bu sahədəki mənzərəni canlandıran monoqrafiya və dərslik işıq üzü görməmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə kafedrası”nın müdiri, fəlsəfə elmləri doktoru, professor Nigar İbrahim qızı Ələkbərovanın “Siyasi elmin müasir problemləri” monoqrafiyası  (Təhsil Nazirliyi tərəfindən ali məktəblərin magistratura pilləsi üçün yeni tipli dərslik kimi təsdiq edilmişdir) təqdirəlayiqdir.

 Dərsliyə daxil edilmiş bütün aktual müasir politoloji problemlər, o cümlədən siyasi komparativistika, siyasi  fəlsəfə, analitik siyasi nəzəriyyə, empirik siyasi nəzəriyyə, qlobalistika və sosiosiyasi qloballaşma, beynəlxalq münasibətlərin nəzəriyyəsi və siyasi təhlili, siyasi institutlar, siyasi davranış, sosial siyasət və idarəetmə, mədəniyyət siyasəti və idarəetmə problemləri ətraflı şəkildə izah olunur, oxunaqlı, sadə dillə oxucuların diqqətinə çatdırılır. Mövzuların şərhi kifayət qədər aydın, ardıcıl, sistemli və məntiqidir.

Dərslik 10 bölmədən ibarətdir. Hər bölmənin məzmununu politoloji müdrikliyin cövhəri sayılan subfənn səviyyəsindəki problem təşkil edir. Xüsusi vurğulanmalıdır ki, mövzuların seçimi, onların təhlili prinsipi, mahiyyətinin işıqlandırılması xüsusiyyətləri Siyasi Elmin Beynəlxalq Assosiasiyasının (İPSA), Siyasi Elmin Avropa Assosiasiyasının (EPSA), Politologiya Müəllimlərinin Avropa Assosiasiyasının (epsNET), Siyasi Tədqiqatlar üzrə Avropa Konsorsiumu (ECRP) və digər mötəbər politoloji qurumların, eynilə dünyanın aparıcı təhsil ocaqlarının elmi-tədqiqi təsnifatına, hazırki tələblərinə, metodoloji və tədris-metodiki əsaslarına söykənir. Zənnimcə, “Beynəlxalq münasibətlərin nəzəriyyəsi və siyasi təhlili” bölməsi xüsusi maraq doğurur. Bu bölmədə beynəlxalq münasibətlər nəzəriyyəsinin (BMN) özünəxas xüsusiyyətləri açıqlanır. Müasir BMN-nin metodologiyası və metodları təhlil edilir, təşəkkülü və inkişafı ardıcıllıqla izlənilir. BMN-in əsas paradiqmləri olan siyasi realizm, liberalizm və radikalizm, onların başlıca müddəaları və növləri, o cümlədən klassik, qeyri-klassik və postklassik növləri, hər paradiqma daxilində dərin iz qoymuş alimlər və yazdıqları məşhur əsərlər haqqında yetərli bilgilər çatdırılır. BMN-in inkişafında üç “böyük mübahisə”, yeni cərəyanlar və nəzəriyyələr barədə tutarlı məlumatlar verilir.

Təqdim olunan monoqrafiyada (dərslikdə) Azərbaycan siyasi elmində bu günə qədər araşdırılmamış bir sahə olan siyasi davranış və siyasi iştirak problemlərinin yer alması da işin üstünlüklərindən birini təşkil edir. Burada həmin fenomenlərin bu sahədəki müasir nəzəriyyələrin - rasional seçim, motivasiya, sosial faktorlar nəzəriyyələrinin müddəalarının ətraflı təhlilinə əsaslanaraq öyrənilməsi, eləcə də bu kontekstdə elektoral davranış problemləri, onların müasir modellərinin, formalaşması amillərinin müəyyən edilməsi üçün tətbiq olunan siyasi təhlil metodologiyası da elmi yeniliyi ilə diqqəti cəlb edir.  Məlum olduğu kimi, müasir siyasi elmdə geniş tədqiq olunan obyektlərdən birini sosial siyasət təşkil edir ki, bu da, ilk növbədə, onun cəmiyyətin həyatında getdikcə artan əhəmiyyəti ilə bağlıdır. Dərslikdə sosial siyasət və idarəetmə məsələlərinə ayrıca bölmə həsr edən müəllif sosial siyasətin inkişaf tarixi və bu sahədəki tədqiqatların əsaslandığı intellektual imperativlər problemlərini Ç.Merriamın, H.Lassvelin, E.Saymonun və başqa müəlliflərin əsərlərində irəli sürülən müddəaları nəzərdən keçirməklə məntiqi ardıcıllıqla təhlil edir, sosial idarəetmənin strukturunu müəyyən edən bütövlük, hökumət fəaliyyətinin nəticələri, biliklərin faydalılığı, demokratiyanın önəmliliyi kimi intellektual imperativlərin ətraflı şərhini verir. Qeyd etmək lazımdır ki, bütün bunlarla bağlı müəllifin irəli sürdüyü müddəalar və apardığı ümumiləşdirmələr yaradıcı xarakteri ilə fərqlənməklə, nəzəri və praktik baxımdan da elmi maraq doğurur. Bu mənada sosial idarəetmə sahəsində, xüsusilə də, yeni menecerizmin tətbiq olunduğu əksər inkişaf etmiş ölkələrdə siyasi elm üçün aktual olan müasir problemlərin konkret şəkildə müəyyən edilməsi də işin müsbət tərəflərindəndir.  Bütövlükdə, metodiki, elmi və didaktiv baxımdan yüksək səviyyədə yazılan və düzgün tərtib edilən monoqrafiya siyasi elmin ən əhəmiyyətli müasir problemlərini tam əhatə edir. Olduqca önəmlidir ki, Nigar xanım təhsilimiz üçün son dərəcə vacib olan müasir siyasi elm problemlərinə dair ilkin mənbələrdən, klassik və yeni materiallardan, ingilis, alman, fransız və rus dillərində yazılmış elmi və elmi-metodiki əsərlərdən lazımınca istifadə etmişdir.

Tədqiqat işinin ümumi mənzərəsi belə qənaətə gəlməyə əsas verir ki, professor Nigar Ələkbərova dərsliyin hazırlanması prosesində qarşısında geniş vəzifələr qoymuş və onların yerinə yetirilməsinə yüksək peşəkarlıq və bacarıqla nail olmuşdur.

Hesab edirəm ki, ölkəmizin təhsil sisteminin modernləşdirilməsi, onun dünya təhsil məkanına inteqrasiyası nöqteyi-nəzərindən diqqəti cəlb edən, müasir beynəlxalq tədris standartlarına cavab verən bu samballı monoqrafiya  (dərslik) magistrantlar, bakalavr, doktorant və politoloq-müəllimlər, eyni zamanda, dövlət idarəçiliyi sahəsində təhsil alanlar və öz peşə səviyyəsini artırmağa səy göstərən idarəetmə kadrları, siyasi elm problemləri ilə maraqlananlar üçün çox faydalı olacaq.

Müsbət haldır ki, monoqrafiya bir çox ali məktəblərdə istifadə olunması ilə yanaşı, ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında gerçəkləşdirilən distant təhsildə tətbiq olunaraq, uğurlu aprobasiyadan keçmiş və fundamental innovativ əsər kimi dinləyicilər və tələbələr tərəfindən böyük maraq və  razılıqla qəbul edilmişdir. 

Monoqrafiyanın müəllifi Nigar İbrahim qızı Ələkbərova - görkəmli Azərbaycan alimi və  istedadlı pedaqoqdur. O, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, mədəniyyət məsələləri daimi komissiyasının sədr müavini olmuşdur.

Elm sahəsində Respublika Komsomolu (1988), “Xan qızı Natəvan” (1995) və “Qızıl qələm” (2007) mükafatlarının laureatıdır. 2002-ci ildən Mədəniyyət siyasəti məsələləri üzrə Avropa Şurasının milli eksperti, Avropa Şurasının STEYC layihəsi çərçivəsində hazırlanmış “Azərbaycanın Mədəniyyət siyasəti üzrə Milli Məruzəsi”nin həmmüəllifidir.

60-dan artıq Beynəlxalq forumda, o cümlədən Birləşmiş Krallıq, Avstriya, İtaliya, ABŞ, Niderland, Almaniya, Türkiyə, İran, Rusiya, İsveç, İsveçrə, Finlandiya, İspaniya, Sloveniya, Fransa və digər olkələrdə keçirilən konfrans, simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edib. 2008-ci ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Professor  N.İ.Ələkbərova dövlət idarəçiliyi, fəlsəfə, estetika, ali təhsil, musiqi yaradıcılığı, mədəniyyətşünaslıq, mədəniyyət siyasəti, politologiya, siyasi elmin tarixi, metodologiyası və müasir problemləri məsələlərinə həsr olunmuş 100-dən artıq mühüm nəzəri və praktik əhəmiyyətə malik elmi və elmi-publisistik əsərin, o cümlədən 6 kitabın, müxtəlif məqalələrin, çoxsaylı tədris proqramları və tədris-metodiki vəsaitlərin müəllifidir.

Təsadüfi deyil ki, professor Nigar Ələkbərovanın “Siyasi elmin müasir problemləri” monoqrafiyası elmin, təhsilin inkişafına mühüm töhfə kimi qiymətləndirilərək, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun nominasiyası üzrə Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatına təqdim olunmuşdur.

Şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən başlıca strateji resurs və güclü dövlətin əsas şərtlərindən biri kimi qiymətləndirilən insan kapitalının inkişafı vəzifəsinə uyğun olaraq hazırlanmış bu ilk fundamental innovativ monoqrafiyaya (dərsliyə) görə onun müəllifi, fəlsəfə elmləri doktoru, professor Nigar İbrahim qızı Ələkbərova Azərbaycan Respublikasının elm üzrə Dövlət mükafatına layiqdir.

 

Rasim MUSABƏYOV,

Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru,

politoloq

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında