Azərbaycan etnoqrafiyası mürəkkəb və şərəfli bir tarixi inkişaf yolu keçmişdir. Digər elm sahələri kimi, bu elmin də problemləri, xüsusilə xalqın zəngin milli-mənəvi dəyərlərinin qorunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və tarixi-mədəni irsə ehtiram ruhunda tərbiyə olunmasında mədəniyyətimizin müstəsna əhəmiyyətini nəzərə alaraq, xalqın milli mədəniyyətinin layiqincə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri yaxınlığında açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması barədə xüsusi sərəncam vermişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi də etnoqrafiyanın problemləri baxımından olduqca aktualdır. Müəllif yazır: “Ötən illər ərzində etnoqrafiya, antropologiya və etnopsixologiyaya dair fundamental işlər aparılmamışdır. Başlıca səbəb isə təbii ki, bu elm sahəsində ölkədə ciddi marağın olmaması və eləcə də müvafiq ixtisaslı kadrların yoxluğudur.
Avropada tarixi etnologiya, mədəni antropologiya, etnoqrafiya kimi elm sahələri xeyli əvvəllər yaranmış və daim yeni-yeni əsərlərlə zənginləşmişdir. Bizdə bu sahələrlə bağlı ciddi araşdırmalarla çoxları heç tanış da deyil. Son vaxtlar əksər ölkələrdə adıçəkilən elm sahələrinə güclü maraq hiss edilməkdədir. Məsələn, Rusiyada milli ideyanın formalaşması üçün konkret işlər aparılır və bu istiqamətdə sosial antropologiyaya, tarixi etnologiyaya dair sanballı əsərlər qələmə alınır. Azərbaycanda da belə əsərlərə ehtiyac vardır".
Şübhəsiz, etnoqraflar hörmətli akademikin bu tezislərini gələcək işlərində proqram olaraq rəhbər tutmalıdırlar.
Əsas məqsəddən bir qədər uzaqlaşaraq, qısaca da olsa, bu elmin ümumi səciyyə daşıyan bəzi məsələlərinə toxunmaq istərdim. Çünki bugünkü etnoqrafiya elminin vəziyyəti, qarşılaşdığımız çətinliklərin bir qismi haqqında danışacağımız amillərlə bağlıdır. Humanitar və sosial elmlər sistemində etnoqrafiya nisbətən gənc elm hesab edilir. Amerika və Avropa ölkələrində etnoqrafiya bir elm sahəsi olaraq XIX əsrin ortalarında formalaşmış, etnoqrafik cəmiyyətlər təsis edilmiş, elmin əhatə dairəsi, metodları, məqsəd və vəzifələri müəyyənləşdirilmişdir. Rusiyada bu elm XX əsrin ortalarınadək coğrafiyanın tərkib hissəsi olmuşdur. Lap yaxın zamanlaradək Rusiyada etnoqrafiyanı yardımçı elm sahəsi hesab edənlər də az deyildi. Bu məsələlərə baxışda ayrı-ayrı ölkələrin tədqiqatçıları arasında fikir ayrılığı hökm sürməkdədir.
Eyni sözləri elmin adı haqqında da söyləmək olar: “etnoqrafiya”, “etnologiya”, “antropologiya”, “mədəni antropologiya”, “sosial antropologiya” anlayışları ətrafında bu günədək fikir ayrılığı mövcuddur. Tarix boyu etnoqrafiya elmi ayrı-ayrı ölkələrdə müxtəlif adlarla öyrənilmişdir: sosial antropologiya, etnologiya (İngiltərə, Fransa, Almaniya), etnoqrafiya (Fransa və Şərqi Avropa ölkələri), antropologiya, mədəni antropologiya (ABŞ, Almaniya) və s. alimlərin bir qismi bu adların tədqiqat obyektini formalaşdırmağa çalışmış, başqa bir qismi həmin terminləri bir elmin adının sinonimləri kimi izah etməyə səy göstərmişdir. Bəzi Avropa alimləri isə etnologiya və etnoqrafiyanı vahid antopologiya elminin tərkib hissələri kimi səciyyələndirirlər.
Məlumdur ki, uzun illər boyu namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi etnoqrafiya ixtisası adı altında keçirilmişdir. Sonralar dissertasiyalara etnoqrafiya ilə yanaşı, daha bir ixtisas - etnologiya əlavə olundu. Bu qayda indiyədək davam etməkdədir. Nəticədə, hər hansı bir dissertasiya mövzusunun məhz hansı ixtisasa (etnologiyaya, yaxud etnoqrafiyaya) aid olduğunu təyin etmək, onları fərqləndirmək mümkün olmur. Bu, heç də təsadüfi deyil. Son onilliklər ərzində Müstəqil Dövlətlər Birliyi ölkələrində etnologiya və etnoqrafiya etnonimləri ətrafında elmi ədəbiyyatda və xüsusilə rus tədqiqatçıları arasında qızğın və perspektivi olmayan mübahisələr davam etməkdədir. Onların əksəriyyəti etnologiyanı elmin nəzəri sahəsi, etnoqrafiyanı isə təsvirçiliklə məşğul olan sahə kimi səciyyələndirir. Lakin yaddan çıxarmaq lazım deyil ki, nəzəriyyə, təsvir, praktika vəhdətdədir. Bütöv bir elmi süni surətdə iki yerə parçalamaq elmdən uzaq bir məsələdir.
Etnoqrafiya elminin tədqiqat obyekti, metodları, məqsəd və vəzifələri ətrafında da mübahisələr səngimir. Bəzi tədqiqatçılar bunun səbəblərini bu elmin özünün mahiyyətində axtarırlar. Qeyd olunur ki, indiyədək dünya xalqlarının elmi dövriyyədə olan təsnifatı məhz etnoqrafiyaya deyil, dilçilik elmində qəbul edilmiş təsnifata əsaslanır. Eyni sözləri tarixi-müqayisəli metod haqqında da söyləmək olar.
Digər elmlər kimi, etnoqrafiya da bir çox elm sahəsi ilə vəhdətdədir. Təsadüfi deyil ki, müasir dövrün tələblərinə cavab verən yüksək səviyyəli elmi tədqiqat işləri məhz bu elmlərin qovşağında formalaşır. Elmlər arasına kəskin sərhəd çəkmək düzgün olmazdı. Hər bir elmin, o cümlədən coğrafiya, arxeologiya, folklor, memarlıq, musiqişünaslıq və etnoqrafiyaya yaxın başqa elm sahələrinin tədqiqat predmeti, konkret hüdudları və maraq dairəsi mövcuddur. Lakin bununla belə, vaxtaşırı olaraq etnoqrafiya və başqa müstəqil elm sahələri ilə məşğul olan bəzi tədqiqatçıların mövzularının tam üst-üstə düşməsi faktları ilə də rastlaşırıq.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan etnoqrafiyası sovet hakimiyyəti illərində (xüsusilə XX əsrin 20-30-cu illərində) bir sıra çətinliklərlə üzləşmişdir. Həmin dövrdə ənənəvi maddi və mənəvi dəyərlərə qarşı mübarizə başlandı, milli bayramlar, geyimlər, musiqi və s. “keçmişin qalığı”, “köhnəlik rəmzi” kimi qələmə verildi, məscidlər dağıdıldı. Əvəzində sovet quruculuğunun tələblərinə cavab verən qondarma “yeni sovet məişəti” və “mədəniyyəti” formalaşdırıldı.
Çar Rusiyası dövründə qafqazşünaslıqda əsas istiqamət ermənilərin tarix, mədəniyyət və etnoqrafiyasının öyrənilməsinə yönəldilmişdi. Həmin dövrdə türk xalqlarının guya “Qafqazda yüksək mədəniyyət daşıyıcıları olan ermənilərin səviyyəsinə qaldırılması” kimi tarixi həqiqətdən uzaq olan saxta fikirlər də irəli sürülürdü. Maraqlıdır ki, heç bir elmi əsası olmayan belə cəfəng fikirlər 1926-cı ildə Bakıda çağırılmış Birinci Ümumittifaq türkoloji konfransında da səslənmişdi (S.Rudenko, Y.Mesaroş, R.Açaryan və b.). Təəssüf ki, qədim türk xalqlarının mədəni irsinin və tarixinin saxtalaşdırılmasına (türklərin Ön Asiyaya “işğalçı” kimi gəlməsi, ermənilərin Türkiyənin “aborigen əhalisi” olması, Türkiyənin “Ermənistan” kimi qələmə verilməsi və s.) indiyədək münasibət bildirilməmişdir. Lakin buna baxmayaraq, ümumilikdə, bu konfrans türk xalqlarının etnik inkişafı tarixində mühüm mərhələ idi.
Sovet hakimiyyətinin sonrakı illərində də əvvəlki milli siyasət davam etdirildi. Etnoqrafların qarşısında partiyanın irəli sürdüyü “xalqların yeni tarixi birliyi”nin, yəni “sovet xalqının formalaşması”, ölkə xalqları arasında “milli fərqlərin silinməsi”, “müasir fəhlələrin yeni məişəti”, “kənd və şəhər arasında mədəni-məişət fərqlərinin aradan qaldırılması” kimi vəzifələr qoyuldu. Burada əsas məqsəd sovetlər dönəmində aparılan milli siyasəti doğrultmaq idi.
Lakin sovet etnoqrafiyasını bütövlükdə nihilistcəsinə inkar etmək düzgün olmaz. O dövrdə istər Azərbaycanda, istərsə də keçmiş SSRİ-nin digər subyektlərində bu gün də öz aktuallığını itirməyən ənənəvi milli-mənəvi dəyərlərə həsr olunmuş fundamental tədqiqat işləri meydana çıxmışdır. Müasir etnoqrafiya elmində xalqların etnik simasını formalaşdıran gündəlik məişətin öyrənilməsi ideyası da hələ keçən əsrin 70-ci illərində ortaya atılmışdı.
Müstəqillik illəri Azərbaycan etnoqrafiyasının inkişafında yeni mərhələ oldu. Əvvəlki dövrlərdən fərqli olaraq, azərbaycanlılarda özünütəsdiq, özünəqayıdış, milli irsimizə maraq meyilləri yüksəldi. Hazırda dünya bilgilərinin son nailiyyətləri nəzərə alınmaqla müstəqil dövlətin etnoqrafiya elmi formalaşmaqdadır. Bu gün Azərbaycan etnoqrafları elmin tələblərinə cavab verən bir sıra elmi tədqiqat işləri üzərində işləyirlər. Son illər ərzində ölkədə yüksək ixtisaslı kadrlar hazırlanmışdır. Etnoqraflar vaxtaşırı olaraq beynəlxalq elmi forumlarda fəal iştirak edirlər. Türkçülük və İslam amili prinsiplərinə əsaslanan tədqiqatlar elmin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
“Azərbaycan diasporu”, “Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar” kimi mövzulara da üstünlük verilir. Hinduizmdə və zərdüştülükdə atəşpərəstliyin tarixi-müqayisəli tədqiqi, gender münasibətlərinin etnoqrafik aspekti, coğrafi mühit və ənənəvi mədəniyyət, Azərbaycanın tarixi şəhərlərinin etnoqrafiyası, Təbriz şəhəri əhalisinin məişəti və mədəniyyəti, azərbaycanlıların ənənəvi etiket normaları, Azərbaycanda yaşayan azsaylı xalqların məişətinə və mədəniyyətinə dair bir sıra əsərlər yazılmışdır.
Son illər ərzində “Bakı. Tarixi-etnoqrafik tədqiqat”, üçcildlik “Azərbaycan etnoqrafiyası”, “XX əsr Azərbaycan etnoqrafiyası”, “Naxçıvan tarixi-etnoqrafik fenomendir” və s. əsərlər yazılmışdır. Tarixi etnoqrafiya və etnososiologiya sahəsində də böyük uğurlar qazanılmışdır. Respublikada elmin daha da inkişaf etməsi, aktual problemlərin həlli üçün geniş imkanlar açıldığı bir dövrdə biz etnoqrafların üzərinə böyük məsuliyyət düşür.
Yeni düşüncə və novasiya daşıyıcılarına geniş imkanlar açılmalıdır. Çoxillik yeni perspektiv planlar işlənib hazırlanmalı və təsdiq olunmalı, Azərbaycanda etnoqrafiya elminin dövrləşdirilməsi məsələsinə yenidən baxılmalıdır.
Azərbaycanda milli ideyanın formalaşması, multikulturalizm istiqamətində yeni araşdırmalar haqqında fikirləşmək lazımdır. Etnoqraflar milli siyasət konsepsiyasının işlənib hazırlanmasına öz töhfələrini verməlidirlər. Azərbaycan etnoqrafları Dağıstan, Gürcüstan, Türkiyə, İran və s. ölkələrin alimləri ilə birgə elmi tədqiqat işləri aparmalı, müştərək ekspedisiyalar təşkil olunmalıdır. Yeri gəlmişkən qeyd edək ki, Dağıstanın Rutul rayonunun Aşağı Katrux kəndində yaşayan azərbaycanlıların öyrənilməsi də gündəmə gətirilməlidir. Çünki istər onların özləri, istərsə də kənd sakinlərini əhatə edən başqa xalqlar arasında bu kəndin əhalisinin etnik mənsubiyyəti haqqında müxtəlif fikirlər mövcuddur. Katruxluların özlərini azərbaycanlı hesab etməsi meyilləri üstünlük təşkil edir.
Yaxın gələcəkdə “Azərbaycan Etnoqraflar Assosiasiyası”, “Xəzəryanı dövlətlərin Etnoqraflar Assosiasiyası” kimi elmi qurumların təsis olunması da zəruridir.
Yuxarıda qeyd olunan mövzu və problemlərlə yanaşı, zənnimizcə, Azərbaycan etnoqrafiyasının aşağıdakı məsələlərinin də işlənilməsi zəruridir: etnoekologiya, etnopsixologiya, etnometeologiya, etnocoğrafiya, antropocoğrafiya, vizual etnoqrafiya, etnoqrafik muzeyşünaslıq, polietnik mühitlərdə identiklik, yaxud oxşar mədəniyyətlərin formalaşması problemləri, Qərblə-Şərqin qarşılıqlı münasibətlərində Azərbaycanın kulturtreger rolu, Qurani-Kərimdə etnososial məsələlərin əksi, şamanizm və tanrıçılıq problemləri, Xəzəryanı xalqlar arasında etnomədəni əlaqələrin formalaşmasında Xəzər dənizinin tarixi rolu, azərbaycanlıların ənənəvi maddi-mədəniyyət sahələrinin elmi baxımdan öyrənilməsinə yeni baxış, Azərbaycan etnoqrafiyasının ayrı-ayrı sahələrinin təsnifatının əsas prinsipləri kimi məsələlərə xüsusi diqqət yetirilməlidir.
Bəzi elmi əsərlərdə sırf təsvirçilik hallarına rast gəlmək olur. Halbuki, nəzəri ümumiləşdirmələr və təsvir bir-birini tamamlamalı və vəhdət təşkil etməlidir. Elm üçün yazılmış kitabların sayı, iqtibasların indeksi də əsas göstərici ola bilməz. Konyunkturizm hallarından da uzaqlaşmaq lazımdır. “Qəbul edilmiş” stereotip baxışlara da rast gəlmək olur.
Qeyd olunanları yekunlaşdıraraq söyləmək olar ki, Azərbaycan etnoqraflarının elmi nailiyyətləri danılmazdır, respublikamızda çoxsaylı etnoqraflar kollektivi formalaşmışdır. Bununla yanaşı, müasir dövrün tələblərinə cavab verə biləcək tədqiqat əsərlərinin sayını artırmaq məqsədəuyğundur. Lakin etnoqrafiyanın inkişafını yeni mərhələyə qaldırmaq üçün, qeyd olunduğu kimi, perspektiv planlar hazırlanmasına böyük ehtiyac vardır. Son olaraq vurğulamaq istərdik ki, ölkəmizdə etnoqrafiyanın gələcəyi yüksək ideyalara söykənən və yeni düşüncəli gənc nəsil ilə bağlıdır.
Emil KƏRİMOV,
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri,
tarix üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.