Qərb Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının(DİA) professoru Fuad Məmmədovun DİA-nın Böyük Elmi Şurası tərəfindən Dövlət mükafatına təqdim olunan “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasının müzakirəsi keçirilmişdir.
Müzakirədə çıxış edənlər əsərin əhəmiyyəti və özəllikləri barədə söz açmışlar. Orada səslənən fikirlərdən bəzi məqamları oxucuların diqqətinə çatdırırq.
Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Bəhruz Abdullayev:
– Professor Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası hələ keçən əsrin 90-cı illərinin axırlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika alimləri və siyasətçiləri qarşısında irəli sürdüyü vəzifələrə, Qərb ölkələrinin təcrübəsi əsasında Azərbaycanın milli dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi xəttinə uyğun olaraq hazırlanmışdır. O, elmi ictimaiyyətimiz və ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.
Bakı Dövlət Universitetinin (BDU) professoru Şahlar Əsgərov:
– Fuad Məmmədov Azərbaycanda kulturologiya elminin və idarəetmə mədəniyyətinin yaradıcısıdır. Amerika alimi Harri Hamel ədalətli olaraq hesab edir ki, idarəetmə mühərrik, elektronika, dərmanlar və internet kimi kəşflərdən daha vacibdir. Əgər Cənubi və Şimali Koreyanın nailiyyətləri arasındakı fərqə nəzər salsaq, görərik ki, bu fərq məhz iki dövlət arasındakı idarəetmə mədəniyyəti müxtəliflikləri ilə şərtlənir. İdarəetmə mədəniyyəti bir çox milli problemlərimizin həllinin açarıdır. Buna görə də bu monoqrafiya Dövlət mükafatına layiqdir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı, professor Ağacan Abiyev:
– Azərbaycanda kulturologiya elmini ilk dəfə Fuad müəllim yaratmışdır, bu ona böyük əziyyətlər bahasına başa gəlmişdir, belə ki, həmişə elmdə yeniliyə bir müqavimət olur. Monoqrafiya – ölkəmiz, elmimiz, təhsil sistemimiz üçün böyük töhfədir. Mədəniyyət olmasa, bəşəriyyət olmazdı. Allah təbiəti və insanları yaratmışdır, insanlar mədəniyyəti inkişaf etdirməlidirlər. Məhz mədəniyyət, mədəni dəyərlər bizi insan edir. Yalnız ölülərdə stress olmur. Stresslərin əsl dərmanı kimyəvi preparatlar deyil, mədəniyyətdir: düzgün təfəkkür, etik davranış, musiqi, rəssamlıq! Fuad Məmmədov mədəniyyəti və idarəetməni birləşdirmişdir. Azərbaycanda mühüm tətbiqi əhəmiyyətə malik yeni elm yaranmışdır. Buna görə Fuad Məmmədov ən yüksək mükafata layiqdir.
BDU-nin kafedra müdiri, professor İzzət Rüstəmov:
– Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti” kitabı sistemli yanaşma əsasında onun tədqiqatlarında şərh olunan intellektual mədəniyyətin və humanizmin qabaqlayıcı inkişaf prinsipləri əsasında cəmiyyətimizin tərəqqiyə doğru yoludur... Bu fundamental əsəri ürəkdən dəstəkləyir və Azərbaycan Dövlət mükafatına layiq hesab edirəm.
BDU-nin professoru Fərman İsmayılov:
– Mədəniyyət bizi ağıl və gözəllik qanunları əsasında münasibətlər qurmağa öyrədir. Harada mədəniyyət varsa, orada xaos olmayacaq. Təəssüf ki, bizim bəzi strukturlarımız, əsasən də, bələdiyyələr idarəetmə mədəniyyətinə malik deyildir. Çox vaxt onlar nəyi və necə etməyi bilmirlər. Deməli, biz onları hələ idarəetmə mədəniyyətinə öyrətməmişik. Axı hər şeyi yuxarı idarə eşelonlarından gözləmək olmaz. Yerli orqanlar da idarəetmə normalarına yiyələnməlidirlər. Xarici ölkələrdə isə idarəetmə mədəniyyəti kontekstində onlar çox gözəl işləyirlər. Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti” monoqrafiyası – Azərbaycan mədəniyyət və elmi fikir tarixində insanları necə düzgün idarə etməyi bizə öyrədən birinci kitabdır. Arzu edirəm, biz bir də Fuad Məmmədova Azərbaycan Dövlət mükafatı verilməsi münasibətilə onu təbrik etmək üçün toplaşaq.
BDU-nin dosenti, əməkdar müəllim Tahir Behbudov:
– Çox gözəl əsərini hələ əlyazması halında olarkən oxuduğum Fuad Məmmədovu ürəkdən təbrik edirəm. Fuad Məmmədovun kitabı əsaslı, sübutedici xarakterə malik fundamental əsərdir. Fuad Məmmədov böyük alimdir, biz onu Azərbaycan Dövlət mükafatına layiq hesab edirik.
Milli Məclisin deputatı, professor Asim Mollazadə:
– Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti" monoqrafiyası gənc Azərbaycan dövləti üçün çox aktualdır və ən yüksək dövlət mükafatına layiqdir. Təhsil və mədəniyyət hər bir dövlətin uğurlu inkişaf amilləridir. Dövlətimizin və xalqımızın uğuru mədəniyyətin inkişafı ilə bağlıdır. Mən sizin hamınızı təbrik edirəm, çünki bu kitab – yüksək təhsil sisteminin gözəl nümunəsidir.
Azərbaycannın xalq rəssamı, professor Ağaəli İbrahimov:
– “Mən Fuad müəllimi artıq neçə illərdir tanıyaram. O, zahirən və daxilən gözəl Azərbaycan ziyalısıdır. Bir kulturoloq kimi, o hər şeyə sistemli yanaşır və hər şeydə yeni dəyişdirici imkanları görməyi bacarır. Professor Fuad Məmmədov yalnız Azərbaycan Dövlət mükafatına deyil, həm də beynəlxalq mükafatlara layiqdir.
BDU-nin kafedra müdiri, professor Kamil Səlimov:
– Fuad müəllim böyük alimdir. Mən kitabın nəzərdən keçirilməsinə iki aspektdən yanaşmaq istəyirəm. Birincisi, kriminalistika nöqteyi-nəzərindən. Başlıcası odur ki, Şər Xeyirə qalib gəlməsin. Bunun üçün məhkumları cəmiyyətin xeyrinə və əmək tərbiyəsi ilə inkişaf etdirərək, düzgün idarə etmək lazımdır. İkincisi, mən “İdarəetmə mədəniyyəti” monoqrafiyasında təqdim olunan metodologiyanı – kriminalistika və hüquqi mədəniyyət baxımından çox vacib olan insanların psixologiyası daxil olmaqla, müəllifin bütün sahələri əhatə edən konstruktiv sistemli yanaşmasını yüksək qiymətləndirirəm. Məhkumlarla ünsiyyət üçün biz artıq praktik olaraq Fuad Məmmədovun metodologiyası və ünsiyyət mədəniyyəti sistemlərindən istifadə edirik və onun real həyatda faydasını görürük.
Dosent Firudun Əhmədov:
— Fuad Məmmədov cəmiyyətin nəbzini yaxşı tutur və onun tələbatlarını bir çoxlarından daha yaxşı görür. Onun mədəniyyətimizin və Azərbaycan cəmiyyətinin kulturoloji maariflənməsinin inkişafına verdiyi töhfəni qiymətləndirmək üçün “İdrak” televiziya verilişinə baxmaq kifayətdir. Kitab böyük əhəmiyyət daşıyır, bilavasitə işdə uğur qazanmaq üçün praktik olaraq necə idarə etmək lazım ölduğunu öyrədir. Burada xarici ölkələrin ən yaxşı praktik təcrübəsi təcəssüm edilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Eldar Abbaszadə:
– Hər bir xalqın gələcəyi onun intellektual və mənəvi mədəniyyətindən asılıdır. “İdarəetmə mədəniyyəti” fundamental əsəri Azərbaycanın milli inkişaf strategiyası baxımından çox böyük elmi və praktik əhəmiyyətə malikdir. Ona görə də mən Fuad Məmmədova elm sahəsində Azərbaycan Dövlət mükafatının verilməsini dəstəkləyirəm.
Raifə Sərxan, iqtisadçı, şairə:
– Fuad Məmmədovun kitabı bizi öyrədir ki, idarəetmə mədəniyyəti özünüidarədən başlayır. Mən bu yaxınlarda Türkiyədə yazıçıların konfransında olmuşam və fəxrlə deyə bilərəm ki, orada da bu gözəl kitabla tanışdırlar və onu yüksək idarəetmə, davranış və kommunikasiya mədəniyyəti üzrə mənbə hesab edirlər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı:
– İdarəetmə mədəniyyəti" fundamental əsərdir, Fuad Məmmədovun ən mühüm elmi nəticələrindən biridir. Eyni zamanda, universal bilikləri əhatə edən gözəl dərs vəsaitidir. Burada inzibati və iqtisadi idarəetmə qaydaları ilə yanaşı, etik problemlər, insanın mədəniyyətinin sosial-psixoloji xüsusiyyətləri, ünsiyyət normaları da öz əksini tapmışdır...
AR Prezidenti yanında DİA-nın tələbəsi Kamran Məmmədov :
– Biz tələbələr fəxr edirik ki, professor Fuad Məmmədov kimi müəllimimiz var. Biz onun öyrətdiklərinin praktik faydasını, yəni intellektual və etik mədəniyyətin, həmçinin idarəetmə mədəniyyətinin gücünü görürük. Bu biliklər bizə üstünlüklər verir...
Professor Bəhruz Abdullayev:
– Beləliklə, biz Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən professor Fuad Məmmədovun qiymətli ”İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi" əsərinin ona Azərbaycan Dövlət mükafatına təqdim edilməsi təşəbbüsünü hərarətlə dəstəkləyirik. Ümid edirik ki, Dövlət Mükafatı Komissiyası üzvləri alimlərin bu rəyinə diqqətlə yanaşacaqlar.
Şəlalə KƏSƏMƏNLİ,
“Simurq”AMA-nın mətbuat katibi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.