“ADA” Universitetinin tələbələri İtaliyada treninqlərdə iştirak edəcəklər

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo “ADA” Universitetində bu təhsil ocağının İtaliyada kurslarda və UNİCEF-in humanitar layihəsində iştirak edəcək 14 tələbəsi ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, diplomat görüşdə universitetin təşəbbüsü ilə həyata keçirilən bu treninqlərin tələbələrə İtaliyanın dili və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradacağını demişdir. Səfir, eyni zamanda, bunun Azərbaycanı İtaliyada tanıtmaq üçün yaxşı fürsət olduğunu vurğulamışdır. Ciampaolo Kutillo qeyd etmişdir ki, İtaliya Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına böyük önəm verir və təhsil sahəsində reallaşdırılan belə layihələr ölkələrimizin gəncləri arasında münasibətlərin qurulmasına töhfə verəcəkdir.

“ADA” Universitetinin professoru Angela Tumini bildirmişdir ki, universitet tələbələri İtaliyanın Perucci şəhərində yerləşən Ambra İnstitutunda italyan dili və mədəniyyəti ilə bağlı kurslarda iştirak edəcəklər. O demişdir ki, Ambra İnstitutu xaricdə təhsil sahəsində yaxşı təşkil olunmuş Amerika məktəbidir və bu da “ADA” Universitetinin tələbələrinə xarici həmkarları ilə ünsiyyət sayəsində ingilis dili biliklərini daha da təkmilləşdirməyə imkan yaradacaqdır.

Səfər çərçivəsində tələbələr UNİCEF-in də layihəsində iştirak edəcəklər. Onlar hazırladıqları əl işlərini Perucca şəhərində keçirilən yarmarkada satışa çıxaracaqlar. Əldə olunan vəsait Afrikanın bəzi yoxsul ölkələrində uşaqların peyvənd olunmasına sərf ediləcəkdir. Həmçinin tələbələrin bir gün ərzində Azərbaycan mədəniyyətini təbliğ etmək imkanı olacaqdır. 

Səfir Ciampaolo Kutillo, professor Angela Tumini və “ADA” Universitetinin tədris işləri üzrə prorektor Patrik Kvin AzərTAc-a müsahibə vermişlər.

Diplomat  “ADA” Universitetinin nailiyyətlərinin onu heyrətləndirdiyini bildirərək demişdir: “Biz ”ADA"nın İtaliya ilə daha sıx əlaqələr qurmaq cəhdlərini dəstəkləməyə çalışırıq. Mən bilirəm ki, italiyalı professorlar burada işləmişlər və bu ali məktəb ilə İtaliyanın bir sıra universitetləri arasında təcrübə və tələbə mübadiləsi aparılır".

Həyata keçirilən layihənin əhəmiyyətindən danışarkən diplomat qeyd etmişdir ki, bir qrup tələbənin yaxın günlərdə Peruccaya toplayacaq bu layihə çox mühüm bir uğurdur. Səfir demişdir: “Əminəm ki, bu layihə bir sıra irəliləyişlərə yol açacaqdır. Tələbələrin İtaliyaya səfər etməsi, həm də onlar üçün bizim dilimizi, mədəniyyətimizi və gündəlik həyatımızı daha yaxşı anlamaları baxımından gözəl bir fürsətdir. Eyni zamanda, yəqin ki, bu, həm də növbəti layihələr hazırlamaq və ”ADA"da İtaliya ilə bağlı yeni təqdimatlar keçirmək, eləcə də universitetin gələcək uğurlarını dəstəkləmək baxımından yaxşı fürsətdir".

Professor Angela Tumini layihənin tələbələr üçün çox nadir bir təcrübə olacağını qeyd etmişdir. O bildirmişdir ki, tələbələr Peruccada İtalyan dili və mədəniyyəti üzrə kurslarda iştirak edəcək, xaricdə təhsil üçün Amerika məktəbində olacaq, amerikalı tələbələrlə birgə dərs keçəcəklər. Professor bildirmişdir: “Dərslərdən sonra tələbələr UNİCEF-in humanitar layihəsində iştirak etmək fürsəti əldə edəcəklər. Orada, həmçinin Azərbaycan mədəniyyəti festivalı keçiriləcəkdir. Festival Azərbaycanı İtaliyada daha yaxşı tanıtmaq məqsədi ilə təşkil olunacaqdır. Çünki İtaliyada Azərbaycana böyük maraq vardır, lakin insanlar ölkə haqqında çox az məlumatlıdırlar”.

“ADA” Universitetinin əməkdaşlıq əlaqələrini genişləndirmək baxımından bu cür layihələrin reallaşdırılmasının vacib olduğunu bildirən tədris işləri üzrə prorektor Patrik Kvin demişdir: “Azərbaycanın mühüm tərəfdaşı olan İtaliya kimi bir ölkə ilə bu layihənin həyata keçirilməsi xüsusi önəm daşıyır. Bu layihə iki ölkə tələbələrinin bir araya gəlməsi, həmçinin azərbaycanlı tələbələrin İtaliya, onun mədəniyyəti və dili ilə daha yaxından tanış olması baxımından çox faydalı olacaqdır”.

Prorektor layihə çərçivəsində “ADA” və iki İtaliya universiteti arasında təcrübə və müxtəlif fakültələr üzrə tələbə mübadiləsinin aparılmasının planlaşdırıldığını vurğulayaraq demişdir: “Bu, ”ADA"nın dünya üzrə tərəfdaşlıq sərhədlərini genişləndirməsi baxımından çox vacib bir addımdır. “ADA”nın əsas qayəsi daim tələbələrə xaricdə təhsil almaq, beynəlxalq mentalitetlə tanış olmaq və qloballaşan dünya ilə birbaşa təmas qurmaq fürsəti yaratmaqdır".

ADA-nın İtaliyaya yollanacaq tələbələri Sərxan Qədirzadə və Afriz Ağayeva bu səfərin onlar üçün çox maraqlı olacağını demişlər. Bildirmişlər ki, bu, onlara həm dil biliklərini təkmilləşdirmək, həm də UNİCEF-in Afrika uşaqları üçün həyata keçirdiyi layihəsində iştirak etmək fürsəti yaradır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında