(əvvəli qəzetimizin 20 iyun, 11 iyul və 8 avqust tarixli saylarımızda)
Xoruzların ilk banına az qalmış dəmir qapı açıldı. Əli çıraqlı nəzarətçi işığı yatmış dustaqların üzünə tutur, astadan Firidun bəyi soruşurdu. Onu tapan kimi sərt və ötkəm səslə: "Yığış, dalımca gəl", - dedi.
Firidun bəy hara və niyəsini soruşmadı. Ürəyində "nəyim var, nə yığışdıram", - deyə qarasınca - deyindi. Cümşüd elə şirin yatmışdı ki, oyatmağa qıymadı. Onun sol ayağı Firidun bəyin keçəcəyi tərəfə uzanmışdı. O, Cümşüdün ayağını ehmallıca götürüb divara tərəf qoydu. Yatanların arasından keçib qapıya doğru irəlilədi. Çıraq işığını yenidən onun üzünə tutan nəzarətçi "keç" dedi. Qapını bağlayıb ona yaxınlaşdı, çırağı bu dəfə lap yuxarı qaldırıb ona zəndlə baxdı. Sol əlində hazır tutduğu tüfəngi çiyninə keçirib, qəfildən onun papağını başından götürdü. Firidun bəy dinməyə macal tapmamış onu itələdi.
- Yeri, yeri, - dedi.- Sən elə yerə gedirsən ki, heç vaxt üşüməyəcəksən.
Beş-on addım kənarda dayanan Liberman nəzarətçiyə təpindi:
- Tez ol, - dedi. - Orda nə bazar açmısan, indi səhər açılacaq.
- Deyinə-deyinə yaxın gəlib:
- Hə, bəy, necəsən? Gəncə çayında çimə bilərsənmi? Qorxma, su soyuq deyil, orda sənin dindaşlarının qanı çoxdu. Türk qanı suyu isidib.
- Mən pakam, qoy orda natəmizlər çimsin, - deyib Firidun bəy acıqla Libermana baxdı.
Kinayə ilə:
- Bəy, nə vaxtdan Qazaxda Müsavat hökumətinin səlahiyyətli nümayəndəsisiniz?
- Partiya yaranan gündən onun üzvüyəm, 1918-ci ildən isə Qazaxdakı Azərbaycan Demokratik Partiya təşkilatının katibiyəm. Niyə təəccüblə baxırsınız, burda qeyri-adi nə var ki... Xalqımın min bir əziyyətlə qurduğu partiyaya sidq ürəklə xidmət etmək məgər qəbahətdir?
- Saqqalından utanırsan, özün də bəy nəslindən, savadlı...
- Mən heç nəyi danmıram. Utanmağa qalanda qoy o şəxslər utansın ki, Şirazlı Sədi demişkən:
Utansın o kəs ki, ömrü puç etdi,
Dünyadan köçəndə xəcalət getdi.
...Qəfil vurulan qılınc zərbəsindən Firidun bəy səntirlədi. Sol gözündən və sifətindən fışqıran isti qan yaxası boyu axdı. Qılınc zərbəsi alt çənəsindən alnına qədər çapmışdı. Onu itələdilər. Kor adamlar kimi sağ əlini irəli uzadıb, iki-üç addım atdı. Bilmədi haraya, hansı səmtə yerisin. Arxadan vurulan tüfəng qundağı az qaldı onu ağzıüstə sərsin.
-Qurtarın, elə burda qurtarın, sonra sürüyüb apararsınız, - deyən Liberman irəli yeriyib tüfəngin lüləsini Firidun bəyin sol qoltuğunun altına dirədi. Tətik çəkilən kimi o, ağzıüstə düşdü... Liberman üzünü nəzarətçiyə tutub:
- Teleqramı isə cırıb atın, biz heç bir teleqram-zad almamışıq - deyib uzaqlaşdı.
Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan, milliyətcə erməni olan, kimə və nəyə, hansı ideala qulluq elədiyi bəlli olmayan Sarkis Danilyanın diktəsilə Firidun bəy haqqında saxta hökm yazdı:
4 iyun 1920-ci il, Gəncə:
"Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər".
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov
* * *
Firidun bəy tutulandan sonra Badisəbaya baş çəkən, təsəlli verən çox idi. O, hər gün seminariyaya gələr, təzə xəbər olub-olmadığını soruşardı. Firidun bəylə birgə aparılan İsfəndiyar bəy Muradovdan, nə də Məcid bəy Vəkilovdan da heç bir xəbər-ətər yox idi. Badisəba o günü - mayın iyirmisini soldatların hər üçünü qabaqlarına salıb Qazaxdan Ağstafaya silah altında payi-piyada apardıqları günü xatırlayanda əti ürpəşirdi. Ağlamaqdan, sızlamaqdan başqa çarəsi qalmırdı. Ağlayır və ağladıqca da yana-yana deyirdi: "Bir günahı olsaydı, məni bu qədər yandırmazdı".
İsfəndiyar bəy Qazaxda pristav olmuşdu. Bığlı Məcid bəy uzun illər orduda xidmət etmişdi. Müsavat vaxtı şəhər qlavası idi. Tutaq ki, bunları çara xidmətdə günahlandırırdılar. Bəs maarif xadimi, ədəbiyyat sahəsində xalqına misilsiz xidmət edən Firidun bəy Köçərlinin günahı nə idi? Qazaxda hamı onun nahaq tutulmağından danışırdı. Tutulub aparılmağını görənlər belə inanmırdılar. Hamı onun tezliklə buraxılacağına ümid bəsləyirdi.
* * *
Firidun bəyi gətirməyə gedən Badisəba xanım həmin gün Gəncədən məyus qayıtdı. Hacı Rəsul evinin yanından üzüaşağı gələndə qarşısına əmisi oğlu Mehdi ağa Vəkilov çıxdı.
- Nə oldu, - niyə tək gəldin, deyəsən heç yeməyi də verməmisən? Soruşdu.
Badisəba:
- Götürmədilər, - dedi.
- Niyə?
- Dedilər ki, Firidun bəyi başqa həbsxanaya aparıblar. Ancaq yalan deyirlər.
- Bəlkə azad eləmək üçün Bakıya dəyişiblər, nə bilirsən?
Yox, yalandı, əmioğlu, - deyib ağladı. Kəlağayısının ucu ilə gözünü nə qədər sıxdısa, göz yaşını saxlaya bilmədi. Hıçqıra-hıçqıra: öldürüblər, məni aldatdılar, - dedi.
- Nə bilirsən, kim dedi?
- Firidun bəyin papağını bir erməni zabitin başında gördüm... Demək, öldürüblər, - deyib daha bərkdən hönkürdü:
İyunun dördündə Eyyub Xanbudaqovun gətirdiyi məktub Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun qanını bərk qaraltdı. "Mən elə belə də gözləyirdim"-fikirləşdi. - Niyə dayanmısınız, dərhal teleqram hazırlayın, mənim adımdan, Həmid Sultanova - köməkçisi Nurməmməd Şahsuvarova və Eyyub Xanbudaqova tapşırıq verdi. - Yazın ki, günahsız həbs olunanlar diqqətlə yoxlanılıb azad edilsin. Firidun bəy Köçərlini isə teleqram alınan kimi azad edib öz işinə qaytarsınlar. Başqalarını bilmirəm, şəxsən mən Firidun bəyə zamin ola bilərəm. Onu bu işə qatmaq məncə, ən böyük haqsızlıqdır. Baş aça bilmirəm, Qazaxda üsyan olmayıb ki, Firidun bəyin bu üsyana nə dəxli?
Teleqram göndəriləndən sonra yeni hökumətin rəhbəri Nərimanov rahat ola bilmədi. Amma işin çoxluğu, Bakıda, Zaqatala və Qarabağda vəziyyətin ağırlığı bir neçə saatdan sonra Gəncə hadisələrini unutdurdu. Üç gün keçdi. Firidun bəyin azad edilməsi haqqında bir xəbər gəlmədi. Nərimanov Bakıda işlərini sahmana salıb Gəncəyə getməyi qərara aldı.
Vağzaldan İnqilab Komitəsinin qərargahına kimi piyada getdi. Əhalinin əhval-ruhiyyəsini, şəhərdəki dəyişikliyi görməyin xatirinə. Qərargaha çatan kimi həbs olunanlarla maraqlandı. Həmid Sultanov qısa izahatdan sonra üzbəüz oturduğu Nərimanovun qarşısına üç siyahı qoydu.
- Hazırda, - həbs olunanlar diqqətlə yoxlanılır. Bu siyahıda olanlar - şəhadət barmağını birinci siyahının üstünə qoydu. - Həqiqətən üsyanın təşkilatçılarıdır. Artıq dəqiqləşdirilib. Bu isə - ikinci siyahını əlinə aldı - az günahı olanlardır, demək olar ki, günahsızlardır, bir neçə günə onları azad edəcəyik.
Nərimanov üçüncü siyahını özü götürüb birinci səhifəsinə ötəri baxdı. İkinci səhifəni açanda dördüncü adı pıçıltı ilə oxudu, başını qaldırıb:
- Bunu niyə həbs etmisiniz, bunun günahı nədi, Firidun bəy hara, qiyam hara?!.
- Kimi deyirsiniz?
- Firidun bəy Köçərlini, məgər tanımırsan?
- Onun həbs olunmağından, mənim xəbərim yoxdu. Onu...
- Dərhal onu azad etmək lazımdır.
- Yoldaş Nərimanov, bu güllələnlərin siyahısıdır, artıq...
- Nə danışırsan?! - Nərimanov özü də hiss etmədən səsi bərkdən çıxdı. Eşitdiyi sarsıdıcı xəbərdən səsi də, əli də titrədi. Alnına soyuq tər gəldi. Bir neçə dəqiqəlik cansıxıcı sükutdan sonra - Necə, yəni xəbərim yoxdu? Mən sənin adına bir həftə əvvəl teleqram da göndərmişəm ki, Firidun bəy Köçərlini azad edin.
- Bağışlayın, yoldaş Nərimanov, mən elə bir teleqram almamışam...
- Kim həbs edib Firidun bəyi? Bəs soruşmazlar günahı nədi? Qala komendantını çağırtdır gəlsin.
Dayanan komandirlərdən biri:
- Yoldaş Nərimanov, Libermanın tapşırığı ilə Qazaxdan üç nəfər gətirilib. Firidun bəy də onların arasında idi.
-Kimdi Liberman? -deyə Nərimanov sərt səslə soruşdu.
-Xüsusi şöbə rəisi.
-Hər kimdisə xalq düşmənidi. Dərhal həbs edin, - deyə Nərimanov əsəbiliklə bildirdi.
- Budur, özü də gəldi, - deyə hamı bir ağızdan dilləndi.
Nərimanov qarşısında dimdik dayanan yaşıl papaq Libermana nifrətlə baxdı.
- İzah edin görüm, xalq müəllimi Firidun bəy Köçərlini hansı günahına görə güllələmisiniz?
- Mənə dedilər ki, o, Müsavat parlamentinin üzvü olub. Həm də üsyana başçılıq edib. Qazaxdan süvari dəstə yığıb göndərib.
- Əlli yeddi yaşlı qoca xalq müəllimi Qazaxda ola-ola Gəncə qiyamına necə başçılıq edib? İkincisi də Firidun bəyi mən çox gözəl tanıyırdım. O, Qori Seminariyasında mənim müəllimim olub, heç vaxt siyasətə qarışmayıb. Bir də hansısa partiyanın üzvü olanı məgər güllələyirlər?.. - Üzünü Sultanova tutub:
Firidun bəydən başqa Qazaxdan neçə nəfər gətirib həbs etmisiniz?
Həmid Sultanov:
- Yoldaş Nərimanov, Qazaxdan gətirilənlərdən məni heç xəbərim olmayıb.
- Çox nahaq, bəlkə siz cavab verəsiniz, xüsusi şöbə rəisi?
-Üç nəfər, - deyib Liberman udqundu.
- Kimlərdi, adlarnı deyə bilərsinizmi?
- Məcid bəy Vəkilov, İsfəndiyar bəy Muradov bir də Firidun bəy.
- Aydındı, - deyə Nərimanov öz-özünü məzəmmət edirmiş kimi bir anlığa xəyala daldı. İndi sənin əqidən tam aydın oldu, yoldaş Liberman ,- deyib Nərimanov əsəbi halda gəzindi. Dayanıb şəhadət barmağını Həmid Sultanova tuşladı.
- Bütün günahlar sizdədi, yoldaş Sultanov. Hələ Bakıdan yola salanda mən sizə dönə-dönə tapşırdım ki, yerli əhali ilə həddindən artıq ehtiyatlı olun. Özünüzə sadiq, inanılmış bolşeviklər seçin. Çalışın ki, günahsız adamlar nə həbs edilsin, nə də öldürülsün. Siz isə görün nə eləmisiniz? Necə deyərlər, qoyunu qurda tapşırmısınız. Görün kimi özünüzə xüsusi şöbə rəisi seçmisiniz, qatı daşnak olan Libermanı. Tərki-silah edin onu, qollarını bağlayın, harda Firidun bəy Köçərli güllələnib orda da bu əclafı qətlə yetirin!...
{nl}
Şəmistan NƏZİRLİ, tədqiqatçı jurnalist
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.