“Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” əsəri Dövlət Mükafatına təqdim edilmişdir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət  İdarəçilik  Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”  İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika   (1987-2011)” adlı monoqrafiyası Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmişdir.

Dövlət mükafatına təqdim edilən əsər “Azərbaycan  Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət  İdarəçilik  Akademiyasının  Böyük  Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”  İctimai Birliyinin analitik informasiya mərkəzindən  AzərTAc-a bildirmişlər ki, kitabda  erməni millətçiliyinin mahiyyəti, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan soyqırımı cinayətləri və təcavüzünün XX əsrin sonu - XXI əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasəti geniş təhlil edilir.

Monoqrafiyanın giriş hissəsində elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.

Əsərin əsas hissəsini isə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin  araşdırılması  və  baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlil olunması təşkil edir ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. Eyni zamanda, 1987-2011-ci illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı,  dünya birliyinin bu işğalla bağlı mövqeyi və  beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdikləri sənədlər də kitabda təhlil edilir.

Xronoloji ardıcıllıqla təhlil edilən kitabda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən zirvə toplantılarında  çıxışları, nitqləri və bəyanatlarının şərhi verilmişdir. Bu da, şübhəsiz, münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin mövqeyinin dünyaya  daha dolğun və obyektiv çatdırılması baxımından əhəmiyyətli olacaqdır. Bununla yanaşı, monoqrafiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqların xronoloji təhlili, azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri,  eləcə də  Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində həyata keçirilən  tədbirlər, qəbul edilən  qərarlar da təhlil edilir.

Əsərin əlavələr bölməsində Azərbaycanın tarixinin müxtəlif dövrlərinə dair xəritələr və sənədlərin verilməsi, xüsusilə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri,  dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı ilə yanaşı, bu işğal və təcavüzünün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da öz əksini tapmışdır. Bundan əlavə, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mətni, 1918-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılan  və yer üzündən silinən azərbaycanlıların yaşadıqları məntəqələrin adları da göstərilmiş, erməni terror təşkilatları və terrorçularının müxtəlif vaxtlarda həyata keçirdikləri terror aktlarının bir qismi xronoloji ardıcıllıqla əks olunmuşdur.

Bununla yanaşı, monoqrafiyanın əlavələr hissəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş sənədlər (qərar, qətnamə və bəyanatlar və s.) də ardıcıllıqla və sistemli şəkildə verilmişdir. Bütün bunlarla yanaşı, bu kitabın yazılması zamanı Azərbaycanda və xaricdə nəşr edilmiş ədəbiyyatlardan, müxtəlif sənəd və materiallardan, dövri mətbuat və rəsmi internet resurslarından geniş istifadə edilmişdir. Kitabda münaqişəyə dair istifadə edilmiş və tövsiyə olunan zəngin mənbələr gələcəkdə bu problemlə bağlı digər tədqiqatçılar üçün də bir ensiklopedik vasitə və istiqamət olacaqdır.

Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Həsənov, rəyçisi tarix üzrə elmlər doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.

Müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradacaq, monoqrafiya son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə çox böyük töhfə verəcək və aparılacaq digər tədqiqatlarda dolğun və dəqiq informasiya  daşıyıcısı kimi mühüm rolu olacaqdır.

Geniş oxucu auditoriyasının, politoloqların, tarixçilərin, o cümlədən xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislərin  marağına səbəb olacaq kitab ermənilərin ərazi iddiaları, münaqişənin başlanması, dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi və eləcə də Ermənistanın təcavüzkar siyasətinin yaddaşlarda həkk olunması baxımından da dəyərlidir.

Təqdim edilən bu əsərin bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində dövlət strukturlarının, elmi-akademik dairələrin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş təqdimat mərasimi və orada mütəxəssislər tərəfindən söylənilən dəyərli fikirlər, eləcə də KİV-lər və dövri mətbuatda dərc olunmuş rəylər  monoqrafiya haqqında  müsbət rəy söyləməyə əsas verir. Bununla yanaşı, qısa müddət ərzində dövlət qurumlarının, politoloqların, tarixçilərin, xüsusilə, diplomatların  marağına səbəb olmuş əsər ermənilərin ərazi iddiaları və təcavüzü,  dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi və eləcə də Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa olunması baxımından da faydalı olacağına əminlik yaradır. İki min nüsxə nəşr olunmuş kitab bütün dövlət qurumlarına, o cümlədən nazirlik və komitələrə, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərinə, elm və təhsil müəssisələrinə, kitabxanalara, eləcə də qeyri-hökumət təşkilatlarına,  mətbuat və KİV-lərə paylanılmışdır.

Əsərin müəllifi  Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət  İdarəçilik  Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”  İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədovun son 20  ilə yaxın müddətdə tədqiqatının əsasını təşkil edən Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar  300 çap vərəqi həcmində 7  kitab, 200 çap vərəqi həcmində 120-yə qədər elmi və 250-dən çox analitik məqalənin (Azərbaycanda və xaricdə) müəllifidir.

E.Əhmədovun ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və  hərbi təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlarda beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyini əks etdirən elmi məqalələri Ankara, İstanbul, Sakariya, Bişkek, Elazığ, Kilis, Kişinyov və Tbilisidə - türk, ingilis və rus dillərində çap edilmişdir.

 “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin 5 mart 2014-cü il tarixli iclasında bu məsələ geniş müzakirə olunmuş və Elçin İldırım oğlu Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011)” adlı monoqrafiyası  Azərbaycanda elmin inkişafına mühüm töhfələr təşkil edən əsər kimi qiymətləndirilərək onun Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim olunması qərara alınmışdır.

Bunu əsas götürərək “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası qarşısında vəsadət qaldırmışdır. 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında