Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları və Konfliktologiya İnstitutunda “Şamaxı: 100 il “tam məxfi qrif"i altında" kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, səfirliklərin əməkdaşları, alimlər, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, Milli Məclisin deputatı, “Şamaxı: 100 il “tam məxfi qrif"i altında" kitabının məsləhətçisi və “Ön söz”ün müəllifi Aytən Mustafayeva rəhbərlik etdiyi elmi müəssisə tərəfindən hazırlanaraq nəşr etdirilmiş kitabın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, bu kitab 1918-ci ildə erməni terrorçularının Şamaxıda törətdikləri cinayətlərin, Şamaxı haqqında unudulmuş hadisələrin, məxfi sənədlərin, tarixi faktların, faciəvi insan talelərinin, qatı açılmamış həqiqətlərin əsasında nəşr olunmuşdur. Kitabda şamaxılılara, bütün Azərbaycana məlum olmayan fakt və sənədlər əksini tapmışdır.
Nəşrin müəllifləri Rövşən Vəlizadə (Azərbaycan), Hüseyn Siyami (İran), Məsud Süleyman əl Həmid (İraq), Faiz Fərha Rəşid (Suriya) və Səid Bərridir (Livan).
Bildirilmişdir ki, həm respublikamızda, həm də onun hüdudlarından kənarda ciddi elmi araşdırmaların, monoqrafiya və məqalələrin müəllifi kimi tanınan, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin xarici müəlliflərlə birgə hazırladığı bu kitab 1918-ci ildə erməni terrorçu birləşmələrinin Şamaxıda törətdikləri soyqırımı ilə bağlı yazılan əsərlərin sırasında özünəməxsus yer tutur. Yeni kitab müəlliflərin Suriya, İraq, İran və Livanda ermənilərə məxsus kitabxana, kilsə arxivlərindən, şəxsi qovluqlardan əldə etdikləri fakt və sənədlər əsasında qələmə alınmışdır.
A.Mustafayeva “Şamaxı: 100 il “tam məxfi qrif"i altında" kitabının məziyyətlərindən - mənbələrlə işin, tədqiqatçı zəhməti və məqsədyönlülük prinsiplərindən, fakt və hadisələrə münasibətdə siyasətçi fəhminin və rasionallığın ən yüksək səviyyədə olmasından da söz açmışdır. İnstitutun direktoru erməni terrorçularını ifşa edən bu kitabı tarixi, fəlsəfi, ictimai-siyasi və məntiqi baxımdan qiymətli əsər kimi dəyərləndirmişdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva, nəşrin məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məhərrəm Hüseynov Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında və təbliğində təqdimatı keçirilən kitabın əhəmiyyətini qeyd etmişlər. Ermənilərin ifşa olunması üçün arxivlərin açılmasının vacibliyini vurğulayan natiqlər işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayan təcavüzkar Ermənistanın azərbaycanlılara qarşı rəsmi dövlət ideologiyası səviyyəsinə qaldırılmış separatçı və terrorçu siyasəti barədə kifayət qədər nəşrlərin olduğunu, lakin qatı açılmamış fakt və materialları aşkara çıxaran “Şamaxı: 100 il ”tam məxfi qrif"i altında" kitabının tariximizdəki vacib yerini xüsusi qeyd etmişlər.
Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Mədəniyyət Mərkəzinin rəhbəri, doktor İbrahim İbrahimi ermənilərin tarix boyu törətdikləri qanlı cinayətlərdən söz açmış, Xocalıda, Şamaxıda baş vermiş soyqırımı hadisələrinin heç vaxt unudulmayacağını bildirmişdir. Azərbaycan ilə İran arasında münasibətlərin daim inkişaf etməsini arzulayan İ.İbrahimi vurğulamışdır ki, Prezident İlham Əliyevin səyləri nəticəsində bu əlaqələr ildən-ilə genişlənir.
İraqın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri şöbəsinin müdiri Əhməd Casim ölkəsindəki kitabxanalarda, arxivlərdə belə vacib sənədlərin olduğunu diqqətə çatdırmışdır. O bildirmişdir ki, bu sənədlərin araşdırılması ilə maraqlanan azərbaycanlı alim və tədqiqatçılar səfirliyə müraciət edə bilərlər və bu işdə onlara mümkün olan hər cür kömək göstəriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında, təbliğində və geniş ictimaiyyətə çatdırılmasında AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun fəaliyyətini yüksək qiymətləndirmiş, bu elmi müəssisənin nəşrlərinin əhəmiyyətini qeyd etmişdir. Azərbaycana aid olan sənədlərin xarici ölkələrin arxivlərindən tapılıb gətirilməsinin və kitab şəklində çap olunmasının böyük zəhmət tələb etdiyini bildirən M.Bağırov müəllifləri təbrik etmiş, uğurlar arzulamışdır.
Milli Təhlükəsizlik Nazirliyi Xidmətinin rəhbəri, general-mayor Fərhad Vahabov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Sabir Tağıyev, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov və başqaları kitabın real tarixi hadisələrin, faktların, xronikaların, fotosənədlərin, arxiv materiallarının dəyərləndirilməsi baxımından da maraq doğurduğunu diqqətə çatdırmış, layihənin davam etdirilməsinin vacibliyini vurğulamışlar.
“Şamaxı 100 il “tam məxfi qrif"i altında" kitabında ermənilərin 1918-ci ildə Şamaxıda törətdikləri vəhşiliyin amansızlığını, tarixdə gizli qalmış bir çox məqamları, şamaxılıların soyqırımını bütün detalları ilə müfəssəl şəkildə ortaya çıxaran faktların olması təqdirəlayiq hesab edilmiş, nəşrin xalqımızın qan yaddaşının yenilənməsində əlverişli vasitə olduğu vurğulanmışdır.
Sonda kitabın həmmüəllifi, professor Rövşən Vəlizadə çıxış edərək bildirmişdir ki, tariximizin, xüsusilə, Qarabağın tarixinin tədqiq olunmasını gözləyən qaranlıq səhifələri çoxdur. Bu baxımdan alimlərimizin, tədqiqatçılarımızın üzərinə böyük vəzifələr düşür. Azərbaycan ilə bağlı mühüm sənədlər xarici ölkələrin arxivlərindən gətirilərək nəşr olunmalı və geniş oxucu kütləsinə çatdırılmalıdır.
R.Vəlizadə kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir. O, mövzunun gələcəkdə də davam etdiriləcəyini, yağı düşmənlə informasiya müharibəsində qalib gəlmək üçün belə nəşrlərin çox olmasının vacibliyini vurğulamışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.