Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət uğurla davam etdirilir

 

 

 

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun rəhbərliyi dövründə respublikamız əsrə bərabər inkişaf yolu keçmişdir. Bu dahi şəxsiyyət var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı ölkənin ictimai-siyasi həyatında baş verən çaxnaşmalara, hakimiyyət uğrunda gedən mübarizəyə, cəbhədəki acınacaqlı məğlubiyyətlərə və vətəndaş müharibəsi təhlükəsinə son qoymaq üçün öz böyük oğlunu hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və tezliklə ona bəslənilən ümidlərin əbəs yerə olmadığını  sübut etdi.

Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və  iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.

Heydər Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və  “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bu sadalananlar məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur.

Bu dahi şəxsiyyət  tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə dünya xalqlarının iqtisadi, mədəni səviyyəsinin yüksəlməsinə, onların arasında mehriban münasibətlərin dərin kök salmasına sərf edirdi.  Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək Yolu dünyamızın Şərqi ilə Qərbini birləşdirdi və bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi.

Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalq təşkilatların toplantılarında daim qlobal bəşəri problemlərə öz orijinal baxışı ilə fərqlənirdi. Çünki, sözün həqiqi mənasında, bu böyük insanın  amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi. Ulu öndər Heydər Əliyev indi  bütün dünyada Azərbaycanın rəmzinə çevrilib. Məhz ona görə də böyük öndərimizin adı xalqımız tərəfindən həmişə dərin hörmət və ehtiramla anılır.

Tarixi təcrübə sübüt edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq və onları öz ölkələrinin inkişafına yönəltmək imkanı qazanırlar.

Məlumdur  ki, dünyanın bir çox ölkəsi zəngin neft ehtiyatına malikdir. Lakin bu ölkələrin heç də hamısı  həmin sərvətdən xalqın rifahı üçün lazımi səviyyədə istifadə edə bilmir. Ümummilli liderimiz  Heydər Əliyev isə neft-qaz ehtiyatından əldə edilən gəliri xalqın rifahına yönəldə bildi.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın yeni  neft strategiyası həyata keçirilməyə başlandı və ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi ilbəil artdı. Keçmiş sovet respublikaları arasında Azərbaycan ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə böyük miqyaslı saziş imzaladı və Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da Prezident Heydər Əliyev o dövrdə növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü.

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investorların ölkəmizə axını sürətləndirildi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin  bağlanmasına güclü təkan verdi.

Ümummilli liderimiz Heydər Əliyev sonralar dəfələrlə vurğulamışdır ki, 1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir. Azərbaycan xalqının tərəqqi etməsi və dünyada tanınmasına bütün həyatını sərf etmiş ulu öndər hələ müstəqillikdən əvvəlki dövrdə də böyük quruculuq işləri görmüşdür. Belə ki, o  neft-kimya, maşınqayırma, energetika, sənaye sahələrini, kənd təsərrfatı, şəhərsalma, elm, təhsil,  səhiyyə, incəsənət sahələrini inkişaf etdirməklə Azərbaycanı dünyada tanıtdırdı. Hazırda Azərbaycanın müasir inkişafı həmin dayaqlara söykənir.

Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Azərbaycan müstəqil dövlət kimi öz neft potensialını çox uğurla işə salıbdır. Amma, əlbəttə ki, 1949-cu ildən sonra əməli-praktiki tədbirlər görülməsəydi, Xəzərdə yataqların genişmiqyaslı işlənilməsi başlanmasaydı və müvafiq infrastruktur yaranmasaydı müasir dövrdə Azərbaycanda neft yataqlarında işləmək daha da çətin olardı. Xüsusilə, 1970-ci illərdə görülən işlərin nəticəsində ölkəmizdə həmin dövr üçün müasir infrastruktur yaranmışdır və o, bu gün də Azərbaycana xidmət edir. Əgər biz 1970-ci illərdə yaradılmış müəssisələri nəzərdən keçirsək görərik ki, həm neft emalı sahəsində, böyük neft infrastrukturu istiqamətində, Neft Daşlarında və dənizdə yerləşən digər yataqlarda görülən işlərin nəticəsində Azərbaycanda həm güclü potensial, həm də infrastruktur yarandı. Məhz o illərdə bu gün ölkəmizin gələcəyi üçün işləyən qazma qurğuları, platformalar və digər vacib obyektlər yaranmışdır. Əlbəttə ki, bütün bu görülən işlərin səbəbkarı və təşəbbüskarı xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur”.

Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı siyasi kurs  bu gün böyük uğurla və yaradıcılıqla davam etdirilir. Möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar son nəticədə ölkədə makroiqtisadi göstəricilərin artmasına və büdcə daxilolmalarının çoxalmasına səbəb olmuşdur. Yoxsulluğun azaldılması, əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması və s. məsələlər müasir Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev demişdir ki, Heydər Əliyevin Azərbaycan tarixində rolu və fəaliyyəti əvəzolunmazdır. Bu, bir həqiqətdir və bizim vəzifəmiz ulu öndərin işləyib hazırladığı siyasətə sadiq olmaq, onu davam etdirmək, yeni formalarla zənginləşdirmək və Azərbaycanı gələcəyə doğru aparmaqdan ibarətdir. Bu,  bizim nicat yolumuzdur. Sevindirici haldır ki, son illər bu istiqamətdə qarşıda duran vəzifələr, qəbul edilmiş proqramlar uğurla yerinə yetirilir və nəticədə  Azərbaycan daha da güclənir və  dünyada öz mövqelərini durmadan  möhkəmləndirir.  

Məlumdur ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qarşıda duran ən mühüm iqtisadi problemlərdən biri ölkənin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, xarici ticarət əlaqələrinin qurulması, ixrac potensialının artırılması və bu proseslərdən səmərəli istifadə məsələləri idi. Müstəqilliyin ilk illərində respublikamızın iqtisadiyyatı əsasən idxaldan asılı vəziyyətdə idi və vaxtilə istehsalın prioritetini təşkil edən sahələrdə dərin böhran prosesləri müşahidə olunurdu. Lakin bu gün vəziyyət tamamilə fərqlidir: ölkə iqtisadiyyatı sürətlə inkişaf etmiş, milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur. Təkcə bir faktı deyək ki, 1995-2013-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 12 dəfədən çox artmışdır.

Azərbaycanın iri həcmli karbohidrogen ixracatçısına çevrilməsi, bu sahədən böyük məbləğdə valyuta ehtiyatlarının daxil olması digər neft ixracatçısı ölkələrində müşahidə edilmiş bəzi mənfi tendensiyaların, xüsusilə də iqtisadiyyatın digər sahələrinin ixrac potensialının azalması təhlükəsinin sığortalanması məqsədilə ölkəmizdə elmi araşdırmalara əsaslanan iqtisadi siyasət gerçəkləşdirilib. Karbohidrogen  ixracından daxil olan valyuta ehtiyatlarının səmərəli istifadəsi qeyri-neft sektorunun  inkişaf etdirilməsi, onun  ixrac potensialının yüksəldilməsi prioritet vəzifə kimi qarşıya qoyulub. 

Yuxarıda qeyd edilənlər göstərir ki, ölkəmizin iri karbohidrogen ixracatçısına çevrilməsi fonunda, həmçinin hazırda dünya iqtisadiyyatında müşahidə edilən qlobal iqtisadi böhran şəraitində ölkənin qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsi probleminin öyrənilməsi, ixrac potensialından səmərəli istifadə istiqamətlərinin müəyyənləşdirilməsi olduqca aktualdır.

Son 10 il xalqımız üçün əlamətdar olmuş, respublikamızın  iqtisadi-sosial həyatında yüksək nailiyyətlər əldə edilmişdir. Bu zaman kəsiyində  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin dövlətimiz tərəfindən qətiyyət və  inamla gerçəkləşdirilməsi sayəsində Azərbaycan sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük əksəriyyəti öz həllini tapmış, respublikamızın davamlı  inkişafı, makroiqtisadi sabitlik və  iqtisadiyyatın diversifikasiyası təmin olunmuş,  istənilən istiqamət üzrə qəbul edilmiş konkret proqramlar və bütün sosial layihələr vaxtında icra edilmişdir.

Ümumi daxili məhsul istehsalı son on il ərzində 7,15 milyard manatdan  54 milyard manata yüksəlmiş,  ötən il ÜDM-in 28,5 milyard manatı və yaxud 52,8 faizi qeyri-neft sektorunun payına düşmüş və bu sektorda sənaye məhsulu  istehsalı 7,8 faiz artmışdır. Hazırda Azərbaycanın ümumi daxili məhsulu Cənubi Qafqaz ölkələrinin məcmu ÜDM-nin 80 faizdən çoxunu təşkil edir.

Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmində 3 dəfə, qeyri-neft sektorunda isə 2,7 dəfə artım olmuşdur. Adambaşına ÜDM-in həcmi 2003-cü ildə 889 ABŞ dolları olduğu təqdirdə, 2012-ci ildə 7491 ABŞ dollarına bərabər olmuş və bu göstəriciyə görə 2003-cü ildə dünyada 145-ci mövqedə olan ölkəmiz son 10 ildə 60 pillə irəliləmişdir. Davos Dünya İqtisadi Forumunun “2012-2013 Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”nə görə Azərbaycan dünyada 46-cı, MDB məkanında birinci yerdədir.

ÜDM-in artımı yalnız neft sektorunun deyil, həmçinin qeyri-neft sektorunun artımına əsaslanmışdır. İqtisadiyyatın neft sənayesindən asılılığının azaldılması üçün aparılan dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafına dair proqramların uğurlu icrası ölkədə qeyri-neft sahələrinin sabit inkişafına zəmin yaratmışdır. Ümumiyyətlə, 2003-2013-cü illəri rəqabətqabiliyyətli yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiqi, müəssisələrin istehsal potensialının artırılması kimi mühüm amillərlə səciyyələndirmək olar. Bütün bu görülən işlərin nəticəsi olaraq, qeyri-neft məhsullarının ixracı 6,5 dəfə artmışdır. Bu sektorda son 10 ildəki artım göstəricisinə görə isə ölkəmiz dünyada ilk beşlikdə qərarlaşmışdır. Ötən illər ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyinin gerçəkləşdirilməsi məqsədilə çoxlu sayda proqramlar qəbul edilmiş, onların böyük bir qisminin icrası başa çatdırılmışdır.

Prezident İlham Əliyev  Nobel mükafatı  laureatı, tanınmış iqtisadçı C.Stiqlitsi qəbul edərkən demişdir: “Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı - bunlar Azərbaycanın gələcəyini müəyyən edən amillərdir. Mən hökumət üzvlərinə müraciət edərək demişdim ki, gərək biz hamımız neft amilini kənara qoyaq. Orada işlər çox uğurla davam edir və bu sahə Azərbaycana böyük həcmdə valyuta ehtiyatları gətirəcəkdir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri, ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik”.

Son 10 ildə ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 109,8 milyard manat (131,9 milyard ABŞ dolları) həcmində investisiya yönəldilmişdir. İnvestisiyaların 50,6 faizi daxili mənbələr hesabına maliyyələşdirilmiş, 49,4 faizi isə xaricdən cəlb edilmişdir. Bu dövr ərzində istifadə olunmuş investisiya vəsaitlərinin 40,7 milyard manatı (47,3 milyard ABŞ dolları) neft-qaz sektorunun inkişafına, 69,1 milyard manatı (84,6 milyard ABŞ dolları) və ya 63 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin və maliyyə bazarının inkişaf etdirilməsinə yönəldilmişdir.

2003-cü illə müqayisədə ölkədə ümumi investisiya qoyuluşlarının həcmi 5,1 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilmiş investisiyalar 14 dəfə artmış, 2013-cü ildə rekord həddə - 28 milyard ABŞ dollarına çatmışdır. Bu göstəricinin artım səviyyəsinə görə Azərbaycan MDB-də lider olmaqla yanaşı, digər ölkələrin göstəricilərini dəfələrlə qabaqlamışdır.

Azərbaycan iqtisadiyyatının, o cümlədən sənayenin inkişafında yeni dövr 2003-cü ildən başlanmışdır və bu sahədə əldə edilmiş  nəticələr onu söyləməyə əsas verir ki, respublika iqtisadiyyatında qeyri-neft sektoru  indi  daha artıq önəm kəsb etməkdədir.  Bu sektorda müşahidə olunan  dinamizm iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin düzgünlüyünü  göstərir.

Ölkə iqtisadiyyatında, o cümlədən sənayedə azad sahibkarlıq mühitinin formalaşması fərdi sahibkarlıq kimi yeni təsərrüfatçılıq formalarının sürətli inkişafına təkan vermiş, qeyri-dövlət bölməsinin payı xeyli yüksəlmişdir. Əgər müstəqilliyin ilk illərində sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu 1,1 faizlik paya malik idisə, növbəti illərdə aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində bu göstərici 2003-cü ildə 56,8 faizədək artmış və hazırda sənayenin ümumi məhsulunda 81,3 faiz təşkil edir. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. 2003-2012-ci illər ərzində xarici və müştərək müəssisələrin sayı 29 faizdən çox artmış, hazırda sənaye sahəsində 30-dan çox dövləti təmsil edən 221 xarici investisiyalı müəssisə fəaliyyət göstərir.

Kənd təsərrüfatı sahəsində də uğurlu nəticələr əldə edilmişdir.  Ərzaq təhlükəsizliyinin təmin olunması üçün ölkədə bitkiçilik və heyvandarlıq inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Bu illər ərzində dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 489,9 milyon manat yardım verilmişdir. Qeyd olunanların nəticəsində kənd təsərrüfatının ümumi məhsulu son 10 ildə 1,5 dəfə, taxıl istehsalı 27,6 faiz, kartof istehsalı 39,4 faiz, tərəvəz 24,8 faiz, bostan məhsulları 29,6 faiz, meyvə və giləmeyvə 56,7 faiz, üzüm istehsalı isə 2,4 dəfə artmışdır. Mal-qaranın 24 faizdən çox artması heyvandarlıq məhsullarının istehsalının dinamik artımına təsir etmiş, bir çox məhsullar üzrə idxaldan asılılığımız xeyli azalmışdır.

Son illərin ən davamlı inkişaf edən infrastruktur sahələrindən biri nəqliyyat sektoru olmuşdur. Bu sahəyə iri həcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər daha da sürətləndirilmiş, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. 10 il ərzində nəqliyyat sektorunda yük daşınması 2,1 dəfə, nəqliyyatın xidmətindən istifadə etmiş sərnişinlərin sayı isə 724,1 milyon nəfər və ya 1,8 dəfə artmışdır. Nəqliyyat fəaliyyətinin coğrafiyası daha da genişlənmiş, ayrı-ayrı nəqliyyat növləri ilə beynəlxalq əlaqədə yük daşınmasının həcmi artmış, nəqliyyatın bütün növləri ilə bir ton yükün orta daşınma məsafəsi 202,6 kilometrdən 427,3 kilometrə çatmışdır.

Təqdirəlayiq haldır ki, dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Azərbaycanda hasil olunan neft və təbii qazın dünya bazarlarına nəql olunması üçün Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Bununla yanaşı, BTC neft kəmərinin tranzit potensialından istifadə olunaraq Türkmənistan və Qazaxıstan nefti də nəql edilmişdir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti uğurla davam etdirilmiş, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir.

Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsindəki inkişaf səviyyəsi - 9 dəfəlik artım iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir.

Davos Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları-2012” hesabatında Azərbaycan “Şəbəkə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən daha 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmişdir, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də 1-ci yerdə qərarlaşmışdır. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi-2012” hesabatında da Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə 155 ölkə arasında 68-ci yeri tutmuşdur.

Xarici ticarətin liberallaşdırılması istiqamətlərində səmərəli və davamlı tədbirlər kompleksinin reallaşdırılması milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, son on il ərzində xarici ticarət dövriyyəsi 8,8 dəfə, o cümlədən idxal 5,8 dəfə, ixrac isə 11  dəfə artmışdır. Xarici ticarətin strukturu dəyişikliyə uğradığı kimi, onun ticarət partnyorlarının tərkibi də dəyişmişdir. Əgər 2003-cü ildə ticarət partnyorlarının sayı 124 ölkə olmuşdursa, 2013-ci ildə onların sayı artaraq 155-dən çox olmuşdur.

İqtisadiyyatın sürətli inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına, respublikamıza gələn əcnəbilərin sayının çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə səbəb olmuşdur.  İqtisadiyyatın diversifikasiyası, regionların sosial-iqtisadi inkişafı, əhalinin istehlak malları ilə təminatının gücləndirilməsi, infrastrukturun yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər sistemli və ardıcıl olaraq reallaşdırılmışdır. Regionların  sosial-iqtisadi inkişafı proqramlarının icrası ölkədə makroiqtisadi sabitliyin qorunmasında və davamlı inkişafında  mühüm rol oynamış, iqtisadi və inzibati rayonlar üzrə yatırılan investisiyalar və həyata keçirilmiş tədbirlər öz real bəhrəsini vermiş, bütün regionların iqtisadiyyatında dinamik inkişaf davam etmişdir.

Postsovet məkanında bənzəri olmayan, respublika iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik Sumqayıt Texnologiyalar Parkına daxil olan müasir müəssisələr işə salınmağa  başlanmışdır. Bu texnoparkın istismara verilməsi ölkəmizdə elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerji müəssisələrinin yenidən qurulmasına və müasirləşdirilməsinə geniş imkanlar açır.

Neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi və istehsalata ən müasir texnologiyaların tətbiqi məqsədilə Azərbaycanda beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə komplekslərinin yaradılması sahəsində ciddi işlər həyata keçirilməkdədir. Bu komplekslər Azərbaycanın kimya sənayesi məhsullarının çeşidinin xeyli artmasını və istehsal həcminin genişlənməsini təmin etməklə yanaşı, ölkəmizin dünya bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə, ölkəyə valyuta axınının artımına, bütövlükdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafına və yüksəlişinə imkan yaradacaqdır.

Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında texnoparklar innovasiyası iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir. Artıq respublikamızda 2 sənaye parkı  və 3 texnopark  fəaliyyət göstərir. Bunlar isə milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabilliyyətli olmasında müstəsna rol oynayır. Texnoparkların yaradılmasında əsas məqsəd biliklərin və ixtiraların texnologiyalara çevrilmiş kiçik elmtutumlu sahibkarlıq sektoru vasitəsilə texnologiyaların sənayeyə ötürülməsi, yüksək texnologiyalar sahəsində elmi-texniki naliyyətlərin sürətli tətbiqidir.

Göründüyü kimi, davamlı inkişaf möhkəm təməl üzərində qurulmuşdur və artıq hədəflər də müəyyən edilmişdir: 2020-ci ilədək Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılmasıdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafı məsələsinə yeni yanaşma tələb edir. Bu məsələlər  öz əksini Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş, perspektiv inkişafın hədəf və istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf  Konsepsiyasında tapmışdır. Bu konsepsiyanın əsas istiqamətlərindən biri də “İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı” bölməsidir.  Həmin bölmədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlbinin genişləndirilməsi, bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması, həmin müəssisələrdə innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının genişləndirilməsi  nəzərdə tutulur.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev  tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində  hərtərəfli inkişaf sürətini  daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan  möhkəmləndirəcəkdir.

 

Arif ŞƏKƏRƏLİYEV, Azərbaycan Dövlət   İqtisad   Universitetinin  kafedra müdiri,  əməkdar elm xadimi, iqtisad elmləri doktoru,  professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında