Tanınmış şərqşünas alim Rafael Hüseynovun Azərbaycan ədəbiyyatının ölməz korifeylərinin həyat və yaradıcılığından bəhs edən “Sözün meracı” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən rus dilində çapdan buraxılmışdır.
AzərTAc xəbər verir ki, nəfis tərtibatla hazırlanmış 47 çap vərəqi həcmində bu kitab klassik ədəbiyyatımızın və onun görkəmli nümayəndələrinin xarici dildə ilk belə geniş təqdimatıdır. Elmi redaktorlarının akademiklər Ağamusa Axundov və Vasim Məmmədəliyev olduğu bu dəyərli monoqrafiya yüksək elmi səviyyəsi ilə yanaşı, oxunaqlı bir tərzdə qələmə alınması ilə diqqəti cəlb edir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun bu əsərində Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyətinin min ildən artıq bir dövründə parlaq şəxsiyyətlər silsiləsinin həyat və yaradıcılıq yolu araşdırılır. Onlardan bəzilərinin adları yaxşı tanınsa da, əksəriyyəti ya heç bilinmir, ya da həddindən artıq az öyrənilmişdir. Həm də onlar barəsində məlumatlar yalnız geniş ictimaiyyətə deyil, elə sırf elmi dairələrə da yetərincə çatdırılmamışdır. Müəllif Azərbaycanda və xarici ölkələrdəki əlyazma xəzinələrində qorunan ərəb, fars, türkdilli çoxsaylı ilk mənbələri araşdıraraq bu misilsiz şəxsiyyətlər haqqında soraqları toplamış, onların mükəmməl yaradıcılıq portretlərini yaratmağa müvəffəq olmuşdur.
Azərbaycan və Şərq ədəbiyyatında azadfikirliliyin ilk carçılarından olmuş, VII-VIII əsrlərdə ömür sürmüş mütəfəkkir şair İsmayıl İbn Yasarın, X-XII əsrlərin qüdrətli söz ustaları və filosofları Qətran Təbrizinin, Baba Kuhi Bakuvinin, Şihabəddin Sührəvərdinin, Mücirəddin Beyləqaninin, XIII yüzillikdən etibarən bütün Şərq aləminə təsir göstərən mövləvilik cərəyanının yaradıcısı Cəlaləddin Ruminin özünə ustad hesab etdiyi Azərbaycan şairi və alimi Şəms Təbrizinin, 6 dildə şeir və nəsr əsərləri doğurmuş Zülfüqar Şirvaninin haqqındakı portret oçerklər yalnız Azərbaycan ədəbiyyatı və ictimai-siyasi fikrinin deyil, bütövlükdə orta əsrlər Yaxın və Orta Şərq xalqlarının da klassik dövrdəki ədəbi və fəlsəfi fikrinin ümumi mənzərəsinin daha aydın təsəvvür edilməsinə imkan yaradır. Bu şəxsiyyətlərin rusdilli auditoriyaya birinci dəfə olaraq belə hərtərəfli şəkildə tanıdılması yalnız ədəbiyyat və mədəniyyətimiz deyil, bütövlükdə xalqımız haqqında təsəvvür və biliklərin daha da genişlənməsinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir.
Kitabda Nizami Gəncəvi və Xaqani Şirvaninin müasiri olmuş astronom və şair Fələki Şirvani, universal biliklər sahibi, bir sıra elm sahələrinə aid dəyərli traktatların müəllifi, hələ XIII yüzillikdə Azərbaycan şəhəri Marağada beynəlmiləl tərkibli Akademiya və rəsədxana qurmuş, eyni zamanda, şeir nəzəriyyəçisi və şair kimi şöhrətlənmiş Nəsirəddin Tusi, musiqi nəzəriyyəçisi, virtuoz ud ifaçısı, müğənni, bəstəkar və şair Əbdülqadir Marağayi kimi şəxsiyyətlərin macəralı bioqrafiyaları, yadigar qoyduqları misilsiz əsərlərdən bəhs edilməklə yanaşı, onların bir çox ədəbi-mədəni irsinin müasir dövrdə də aktuallığını qoruyub saxlaması, bəşər sivilizasiyasının nadir inciləri olması konkret nümunələr əsasında şərh edilir.
Xaqani, Nəsimi, Füzuli kimi nisbətən geniş tanınmış və haqqında çox yazılmış sənətkarlar da bu kitabda yeni görüm bucağından tədqiq edilir, onların həyatı və irsinin az bəlli olan tərəfləri işıqlandırılır.
“Sözün meracı” kitabının məziyyətlərindən biri də ondan ibarətdir ki, klassiklərimiz haqqında yazıları Azərbaycanın, Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Fransanın, Türkiyənin və digər ölkələrin arxivləri, əlyazma institutları və muzeylərində saxlanan rəsm əsərləri və miniatürlərdən reproduksiyalar müşayiət edir.
Kitab şərqşünaslar, ədəbiyyatşünaslar, filosoflar, kulturoloqlar, tələbələr və Azərbaycanın mənəvi dünyasına daha dərindən bələd olmaq istəyən hər kəsə ünvanlanmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.