Dövlət İdarəçilik Akademiyasında görüş

  

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Latviyanın sabiq prezidenti, Madrid klubunun üzvü və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqa ilə görüş keçirilmişdir. Görüşdə akademiyanın professor-müəllim heyətinin nümayəndələri, bakalavriat, magistratura və doktorantura pillələrində  təhsil alan tələbələr iştirak etmişlər.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik U.Ələkbərov qonağı salamlamış, dinləyicilərə xanım Vayra Vike-Freyberqanın Latviya Respublikasının 6-cı prezidenti kimi səkkiz illik fəaliyyəti ərzində ölkəsinin yüksək inkişafa nail olmasından, bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilməsini, BMT-nin baş katibinin xüsusi elçisi olduğunu bildirmişdir. O, görüşün əsas məqsədinin “Səmərəli dövlət idarəçiliyi”  mövzusuna həsr olunduğunu diqqətə çatdırmışdır. U.Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son dövrlərdə aparılan səmərəli islahatların və həyata keçirilən tədbirlərin Azərbaycan Respublikasında effektiv dövlət idarəçiliyinin inkişaf etdirilməsini, dövlətin idarə edilməsində biliyə əsaslanan cəmiyyətin qurulması istiqamətində həyata keçirilən siyasəti, beynəlxalq təşkilatların qəbul etdiyi statistik faktları əyani vasitələrlə qonağın diqqətinə çatdırmışdır.

Rektor ölkəmizin  əldə etdiyi yüksək inkişaf tempi, beynəlxalq arenada qazanılan nailiyyətlər, elm və humanitar sahədəki uğurlar haqqında məlumat vermiş, davamlı inkişaf strategiyasının tələblərinə cavab verən insan potensialının formalaşması, respublikamızın  zəngin təbii ehtiyatlarından olan “qara qızılın” insan kapitalına çevrilməsi, bu sərvətin formalaşdırılması və idarə edilməsinin əsasında elm və təhsilin dayandığını bildirmiş, sağlam və yüksək bilik və bacarığa malik olan yeni nəslin formalaşmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu xatırlatmışdır.

Daha sonra  U.Ələkbərov akademiyada belə görüşlərin keçirilməsini elmi potensialın səviyyəsinin yüksəlməsinə müsbət təsir etdiyini bildirmişdir.

Xanım Vayra Vike-Freyberqa öz növbəsində görüş iştirakçılarını salamlamış və onların qarşısında “Səmərəli idarəçilik” mövzusunda mühazirə ilə çıxış etmişdir. O, dövlət idarəçiliyinin  yeni paradiqması kimi “Səmərəli idarəçiliyin” mahiyyətini şərh etmiş, Avropa və dünya miqyasında “Səmərəli idarəçilik” prinsiplərinin tətbiqi sahəsində görülən və onun fikrincə, görülməli olan işlərə dair öz baxışlarını izah etmişdir. O, dünyanın bir sıra ölkələrində hələ də dövlət idarəçiliyinin islahatları ilə  bağlı  ciddi problemlərin olduğunu və  bunun  beynəlxalq təhlükəsizlik, davamlı inkişaf yolunda ciddi maneə törətdiyini qeyd etmişdir.

“Səmərəli idarəçilik” prinsiplərinin tətbiqi istiqamətində  Azərbaycan Respublikasının əldə etdiyi müsbət nəticələrin  beynəlxalq təşkilatlar tərəfindən  yüksək qiymətləndirildiyini, dünya arenasında ölkəmizin nüfuzunun durmadan artdığını xüsusi qeyd edən xanım Vayra Vike-Freyberqa  belə bir fikri xüsusi vurğulamışdır  ki, “Səmərəli idarəçilik” üçün iki mühüm şərt  vardır: birincisi, güclü siyasi liderin olması,  ikincisi, bu iradənin reallaşmasını təmin edə biləcək  səmərəli idarəçilik sisteminin olması.  Onun fikrincə, Azərbaycanda bu şərtlərin hər ikisi mövcuddur və bu da ölkənin gələcək uğurlarının təminatçısıdır.

Sonda xanım Vayra Vike-Freyberqa dinləyicilərin çoxsaylı suallarına cavab vermişdir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında