Müsahibimiz Türkiyənin İzmir şəhərindəki Egey Universitetinin rektoru, professor Candeger Yılmaz belə deyir
Haqqında mətbuat səhifələrindən və universitetin veb-saytından məlumatlandığım xanım rektor Candeger Yılmazı ilk baxışdan bir vaxtlar dünyada sayılıb-seçilən, hind xalqına böyük sevgisi ilə ölkəsinin liderliyinə yüksələn İndira Qandiyə bənzətdim. Şübhəsiz ki, bu ani təəssürat onun zahiri görkəmindən, təbəssüm və davranışından irəli gəldi...
Tələbkar, amma olduqca da qayğıkeş - “İlin rektoru”
Çox keçmədi ki, Türkiyənin məşhur Egey Universitetinin rektoru professor Candeger xanımın Hindistanın yeni ruhu sayılan İndira Qandiyə bənzəyişinin təkcə zahiri oxşarlıq olmadığını yəqin etdim. Təki taleyi onun taleyinə bənzəməsin, amma 2008-ci ildə ilk dəfə və 4 il sonra rektorluq kürsüsünü ikinci dəfə qazanan Candeger xanımın qadın üçün zirvə sayılacaq hünəri qardaş Türkiyənin ən böyük ali məktəblərindən olan Egey Universitetinin həyatına yeni ruh gətirməsindədir.
Yeri gəlmişkən, bu universitetin professoru, həmyerlimiz Afiq Bərdəlinin xanım rektor barədə ürəkdən gələn sözlərini oxucularımıza çatdırmağı gərəkli bilirəm:
-Türkiyənin təhsil sistemində böyük uğurlara imza atan Egey Universitetinə çox maraqlı insanlar və istedadlı alimlər rəhbərlik edib. Candeger xanım Türkiyə universitetləri sırasında böyük imic qazanmış bu ali məktəbin 12-ci rektorudur. 2010-cu ilin beynəlxalq açıqlamasında bu nəhəng təhsil müəssisəsi dünyanın ən yaxşı universitetləri sırasında yer alıb. Universitet çox ilklərə imza atıb, elə professor Candeger xanım Yılmazın iki dəfə rektor seçilməsi də maraqla qarşılanan hadisə olub. O, universitetin 60 ilə yaxın tarixində ilk qadın rektordur və universitet həyatına işgüzar bir həyat gətirib. İlk xanım rektorumuz ikinci dəfə də rektor kürsüsünə yiyələnməklə, artıq 6 ildir Egey Universitetinə rəhbərlik edir. O, olduqca tələbkar, amma olduqca da qayğıkeş bir rektordur. Bu tandem universiteti də, onun özünü də uğurlara doğru aparır.
...Bizi rektorluğun qəbul otağında rektor özü və köməkcisi Nilgün xanım çox isti bir nəvazişlə qarşılayırlar. Dəbdəbədən uzaq, sadə görünüşlü, çox da böyük olmayan rektor kabinetində söhbətimizi davam etdiririk. Masasının üstündə Türkiyə Tibb Uzmanları Dərnəyinin (ATUDER) Türkiyədə təcili tibb sahəsinin inkişafına töhfələrinə görə “İlin rektoru” mükafatının rəmzi diqqətimi cəlb edir. Rektor xanımı təbrik edirəm, əməyinə verilən dəyərə görə xoş sözlər demək istəyirəm...
- Təşəkkür edirəm,- deyə ardını söyləməyimə mane olur: - Gördüyün bir işin dəyərləndirildiyinin və faydalı olduğunun bir göstəricisi olaraq mükafatlandırılmaq çox gözəl və qürurvericidir. Bu mükafat məni xüsusilə hədəflərimizin reallaşması mənasında çox sevindirdi. Təzə və müasir bir məkanda yeni təcili xidmətin yaradılması, sağlamlıq sahəsində çalışanlara da dəyər verilməsini ortaya qoydu. Bunun təcili xidmət mütəxəssisləri dərnəyi (ATUDER) tərəfindən başa düşülməsi və qiymətləndirilməsi olduqca dəyərlidir, ona görə də bu mükafata xüsusi əhəmiyyət verirəm.
Türkiyə beynəlxalq əlaqələrdə təhsilə böyük önəm verir
- Universitetlərin köhnədən olduğu kimi indi də əsas vəzifəsi elm və təhsil verməkdir. Elmi mühitin yaradılması və formalaşdırılması ilə cəmiyyətdə öndə olmaq və təcrübələrini paylaşaraq öndərlik etmək kimi vəzifə və məsuliyyətləri də vardır. İndiki vaxtda bu vəzifə və missiyanın yerinə yetirilməsində bir az fərqliliklər də var. Belə ki, yeni elm sahələrinin yaradılması və informasiya texnologiyasının imkanları bu istiqamətdə çox yayılmışdır. İndi üçüncü nəsil universitet dediyimiz yeni anlayış ortaya çıxmışdır. Yeni elmi məlumatların dəyərə çevrilməsi, yəni universitet- sənaye əməkdaşlığı daha ön plana çıxmışdır. Başqa cür deyişlə, ictimai gözləmələr və problemlər istiqamətində elmdən daha çox istifadə olunması günümüzün diktəsidir. Mən bir elm adamı-müəllim və idarəçi olaraq keyfiyyətli təhsilin təyinedici roluna inanıram. Özünə inamı yüksək olan, ictimai və mədəni işlərə aktiv qatılan, həyata erkəndən atıla bilən, təşəbbüskar və enerjili, inkişaf edən dünya dinamikasına uyğunlaşan, ictimai məsuliyyət layihələrinə qatılan şüurlu və həssas gənclər yetişdirməyə səy edirik.
- Yəqin, buna görə də Türkiyə beynəlxalq əlaqələrində təhsilə çox önəm verir...
- Bəli, Türkiyə beynəlxalq əlaqələrində təhsilə çox önəm verir və bu baxımdan da iddialarımız böyükdür. Xüsusilə, içində olduğumuz yaxın coğrafiyada-Avropa Birliyi ilə təhsil sahələrində 2000-ci ildə ortaya qoyulan Avropa ilə olan təhsil anlaşmalarımızın tələbləri yerinə yetirilməyə başlanmışdır. Bolonya prosesi ölkələrin öz milli xüsusiyyətlərini itirmədən, təhsil hədəfləri, qazanılan bacarıqlar və yetərliliklər mövzusunda bir-birinin kredit sistemlərini tanımalarında aydın ölçülər ortaya qoymaqdadır. Bunun yanında diplom əlavəsi etiketi adıyla verilən sənəd ilə bir-birinin təhsilinin etibarlı və tanıdılan olması maraq doğurur.
- Rəhbərlik etdiyiniz universitet haqqında danışın... Yeri gəlmişkən, onu da söyləyim ki, universitetiniz Azərbaycanda da kifayət qədər imicli bir təhsil ocağı kimi tanınmaqdadır."2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısında Egey Universitetinin də adı var.
- Egey Universiteti üçüncü nəsil təşəbbüskar, rəqabətçi universitetdir. Keyfiyyətli təhsilə çox əhəmiyyət veririk. Bu istiqamətdə, diplom əlavəsi etiketini alan ilk iki türk universitetindən biriyik. 2011-ci ildə Bolonya ECTS Etiketi Mükafatını da almışıq. Bu səbəbdən təhsil və akkreditasiya, keyfiyyət sənədi əldə etməyə çalışırıq. Bunlar təhsil baxımından Türkiyənin əhəmiyyətli mövqeyini göstərməkdədir.
Egey Universiteti gələn il-2015-ci ildə 60 yaşını qeyd edəcək. Egey bölgəsinin ilk, Türkiyənin 4-cü ali təhsil müəsisəsi olan universitet Türkiyənin son dərəcədə əhəmiyyətli bir təhsil ocağıdır. Akademik sistemdə ön sıraları qazanmağı bacarmışdır. Son 5 ildə ən çox araşdırma layihəsi alan və ən çox layihə verən ilk üç universitet arasındadır. Sənaye Nazirliyinə ən çox layihə verən universitet olmuşdur. 2012-ci ildə dünyanın ən yaxşı ilk 500 universiteti siyahısına daxil olan 9 Türkiyə universitetindən biridir. 2013-cü ilin nəticələrinə görə, ilk 500-lük arasında yer alan 4 türk universitetindən biridir.
Egey Universiteti ilkləri mənimsəmiş və reallaşdırmış bir universitetdir. Bu o qədər əhəmiyyətlidir ki, 2010-cu ildə universitetin Türkiyədə və dünyada ilkləri adında 300 səhifəlik bir kitab yazılmış və ictimaiyyətə təqdim edilmişdir. Bu kitabda 141 göstərici dünyada ilk olmaq üzrə 826 ilk yer alır.
Egeyin ilk qadın rektoru, 60 min nəfərlik bir ailənin “anası”...
-Səhv etmirəmsə, sizin qadın rektor olmağınız da ilklərdəndir. Qadının rəhbər olması çətin deyil ki?...
-Düz deyirsiniz, universitetimizin ilk qadın rektoruyam. Egey Universiteti məzunu olub, rəhbər idarəçi mövqedə olmaq mənim üçün qürurverici bir faktdır. İdarəçi olmanın dünyanın hər yerində önəmli çətinlikləri vardır. Xüsusilə, qadınların təhsil və iş həyatında idarəçilik və yüksəlmə dövrlərinə bağlı çətinliklər daha çoxdur. Bunların başında artan məsuliyyətlərlə birlikdə, çatışmayan vaxt, zaman rəhbərliyi gəlir. Qadın həyat yoldaşıdır, anadır, işdəki rəhbər vəzifəsini və məsuliyyəti də daha dərindən dərk edəndir. Yəni, əslində, irəliyə addım, yüksəlmə hər kəs üçün, hər zaman, hər yerdə çətinliklərlə birlikdədir. Mən də bu çətinlikləri öz həyatımda yaşadım. Ancaq bildiyim bir həqiqət var ki, çətinliklər dəf edilmək üçündür.
Kiçik haşiyə: Bu yerdə “Kaspi” mərkəzinin təsisçisi və rəhbərı, şairə Sona xanım Vəliyevanın cəmiyyətdə, eləcə də ailədə, idarəçilikdə və tərbiyədə qadının rolu, mövqeyi barədə söylədikləri yadıma düşür. Həm Sona xanımın, həm də rektor xanımın fikirləri məndə bir anlıq belə bir qənaət yaradır ki, dünyada qadınlar daha çox həmrəydirlər, nəinki kişilər. Hətta dünyanın taleyi qadınlara tapşırılarsa, daha çox əmin-amanlıq olar. Doğrudan da, dünyanın hər yerində : “qadın həyat yoldaşıdır, anadır, işdəki rəhbər vəzifəsini və məsuliyyəti də daha dərindən dərk edəndir.” Təbii ki, mən bu, barədə müsahibimlə fikirlərimi bölüşürəm və tarixdə olduğu kimi, bugün də Azərbaycan cəmiyyətində qadının fəal mövqeyinin önəmli bir faktor olduğunu söyləyirəm. Azərbaycanda olmayan, amma haqqında çox eşidən bir ziyalı xanım üçün bunlar maraq doğurur.
Müsahibim davam edərək söyləyir ki, qadına rəhbər olmaq çox çətindir, bütün nəzərlər üzərindədir... Yanlış yapma, axsatma, təxirə salma imkanın yoxdur. Hər idarəçi kimi, mən də çətinliklərlə qarşılaşıram, amma özümü həmişə şanslı hiss edirəm. İş yoldaşlarım arasında qadınların sayı az deyil. Həm də dəstək görürəm. Əlimdən gəldiyi qədər dəstəkləməyə, təşviq etməyə çalışıram. Stəkanın dolu tərəfini görməkdən uzağam. Bir problemlə üzləşəndə həmişə çıxış yolu tapacağıma ümid edirəm və müvəffəqiyyətə gedən yolun çətinliklərini möhkəm addımlarla aşmağa çalışıram.
Əlbəttə, qadının şəfqətli, diqqətli, məhsuldar, yaradıcı, zərif xisləti onun ən böyük üstünlüyüdür. Komandada çalışmaq, qrupun ruhu və iş əzmi mənim üçün çox əhəmiyyətlidir. Birlikdə çalışarkən nümunə olmağa, insanlara anladığımı göstərməyə, məqsədə müsbət meyarlarla çatmağa əhəmiyyət verirəm. İş mühitinin müsbət enerjisinin evlərə daşınacağına çox inanıram və bunu tez-tez ifadə edirəm. Həyatı belə qavrayıram. Buna görə də, işdə yaxşı xüsusiyyəti və müsbət enerji meydana gətirməyi prioritet olaraq mənimsəyirəm.
İdarəçilik tərzini mükəmməl edə bilmək amalını əsla unutmuram. Fərdi uğurların qeyri-kafi, qrup müvəffəqiyyətinin isə əhəmiyyətli olduğunu bilir və işlərimi bu istiqamətdə qururam. Müştərək iş prinsipi və yaradıcılıqla önə çıxmaq, fikir və rəylərə dəyər vermək elmiliyi önə çıxarmaqdır. Bu sırada dözə bilmədiyim məsələ isə yalan danışmaq və tənbəllikdir. Bunlar məni olduqca çətinliyə salır. Nəhayət, işlərin sürətli bitməsini istəyirəm.
- Həyat kredonuz, işdəki çətinliklər haqqında da danışmağınızı istərdim.
-1994-1997-ci illərdə Egey Universiteti Xəstəxanasının ilk qadın baş həkimi olmaq da mənə nəsib olub. Egey Universitetində alimlərin 51,9 faizinin qadın olduğunu da söyləmək istəyirəm. Bu xəstəxana 2 min yataq tutumu olmaqla bölgənin ən böyük və xidmətləri ən yüksək olan bir səhiyyə ocağıdır.
Tələbələrimizi düşünərkən özümü 60 min nəfərlik bir ailənin “anası” hiss edirəm. Qadın rektor olaraq vəzifə məsuliyyətim, bəlkə də, daha çoxdur. Amma çətinliklərə baxmayaraq həmişə gələcəyə baxmağı, ümidlə və güvənclə irəliyə getməyi çox xoşlayıram. Məlumatlı olmaq, diqqətlə və fədakarlıqla çalışıb, xüsusilə, gənclərə nümunə olmaq məcburiyyətindəyik. İdarəçi olmaq, fərqli tələblərə ən yaxşı və doğru şəkildə cavab vermək, problemlərin həll yolunu tapmaq, inamla hərəkət etmək insanı uğura çatdırır.
- İkinci dövr rektor seçilməyinizdə əvvəlki fəaliyyətinizin rolu olubmu?..
- 2008-ci ildə rektor seçiləndən bəri uyğun və məhsuldar bir iş mühiti yarada bildik və davam edirik. Hədəfimiz Egey Universitetini təcrübə və təhsildə, elmi araşdırmada, beynəlxalq aləmdə və cəmiyyətdə öncül bir məqama gətirməkdir. Bütün işlərimizi və ictimai məsuliyyətimizi “bezmədən, qorxmadan, yorulmadan hərəkətə keçirmək” şüarı ilə yerinə yetiririk.
Egey Universiteti timsalında strateji dəyərləri gücləndirmək, üçüncü nəsil universitet nümunəsi olaraq təcrübəni məhsula çevirmək üçün işbirliyini artırmaq təhsili həyat boyu reallaşdıracaq mühit yaratmaqdır. Hər il “təcrübədən hərəkətə keçmək” adıyla hesabvermə yığıncaqları təşkil edirik. Qarşılıqlı əməkdaşlığa da çox əhəmiyyət veririk. İlk rektor seçildiyim 2008-ci ilin dekabr ayında İzmirdəki universitet rektorlarını bir araya gətirib “İzmir universitetləri platforması” birliyinin meydana gəlməsinə ev sahibliyi etdik. Bu gün İzmirdəki 9 universitet ilə bu işbirliyi davam edir. Hər ay toplaşır, alt komissiyaların çıxardıqları mövzularda ortaq qərar veririk.
Ətraf mühitə həssaslıq, təbiət dostu olma anlayışı “Homa Dalya” ərazisini qoruma hərəkatı, 55 ildə 55 min, 60 ildə 60 min fidanlıq meşəsalma işləri, ətraf rayonlarda, məktəblərdə bu tədbirlərin həyata keçirilməsi ənənəyə çevrilmişdir. Bölgədə ilk dəfə bir sıra sosial-mədəni proqramlar reallaşdırılmışdır. Mədəniyyətin və təhsilin bir parçası olaraq qəbul etdiyimiz müzeyçilik anlayışımız ön plandadır. Etnoqrafiya Muzeyini və Türkiyədə ilk və tək olan Kağız və Kitab Sənətləri Muzeyini artıq Mədəniyyət və Turizm Nazirliyi təsdiq etmişdir. Eyni zamanda, botanika, böcək, əkinçilik maşınları, təbiət tarixi, ədəbiyyat fakültəsi köhnə əsərlər kolleksiyası və digər muzeylərimiz fəaliyyətlərini davam etdirməkdədir.
Ən çox tələbə
mübadilə edən iki universitetdən biri
-Türkiyənin Azərbaycandakı Səfirliyinin məlumatlarında bildirilir ki, bu gün 5 mindən çox azərbaycanlı gənc dövlət və özəl xətlə Türkiyədə təhsil almaqdadır. Bu layihədə Türkiyənin ən çox tanınan ali məktəbi kimi Egey Universitetinin adı çəkilir. Burada təhsil alan və çalışan azərbaycanlılar haqqında nə deyərdiniz?
- Beynəlxalq mübadilə proqramları və əlaqələr çərçivəsində universitetimizdə 2 minə yaxın xarici tələbəmiz var. Bunlardan 219 nəfəri azərbaycanlıdır. Egey Universitetində azərbaycanlı alimlər də çalışmaqdadır. Onlardan birinin adını mütləq çəkməliyəm- professor Afiq Bərdəli. O, çalışqan, məhsuldar və müvəffəqiyyətli, bir elm adamı üçün yaşının az olmasına baxmayaraq, universitetimizin tibb fakültəsində, bütün Türkiyədə xaricdə ən çox məqaləsi dərc olunan bir elm adamı kimi tanınır. Professor Bərdəli təhsilə uğurlar gətirən alimlərimizdəndir.
- Dostluq və qardaşlıq əlaqələrimizdə tələbələr böyük bir körpüdür. Azərbaycanda Egey Universitetini seçmək istəyən gənclərə nə deyərdiniz?
- Egey Universiteti olaraq Azərbaycanla əlaqə və ünsiyyətə çox əhəmiyyət veririk. Egey Universiteti tələbə mübadiləsi proqramında Türkiyədə ən çox büdcədən istifadə edən və ən çox tələbə qəbul edən ilk iki universitet arasındadır. Son illərdə bu mübadilənin miqyası xeyli artıb- təqribən ildə 600 tələbə...
Azərbaycanla, eləcə də türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsində maraqlıyıq. Bu bizim dövlət siyasətimizin önəmli bir hissəsidir. Gələcəkdə də bu əlaqələrin artacağına və daha da möhkəmlənəcəyinə çox inanıram.
Azərbaycan kitabı Türkiyənin ilk və tək muzeyində
Egey Universitetində yaradılmış Türkiyənin ilk və tək Kağız və Kitab Sənətləri Muzeyi ilə də tanış oluruq. Kitabın yaranma tarixini, ümumiyyətlə, kağızın keçib gəldiyi uzun yolu çağdaş adamlara tanıdan bu muzeyin yerləşdiyi bina da keçmişin nadir bir nümunəsidir. 19-cu yüzilliyin ikinci yarısında sənayeçi Billan ailəsinin evi kimi tikilən bina 1970-ci ildə Egey Universiteti üçün satın alınmışdır.
Muzeyin rəhbəri və yaradıcısı Nədim Sönməz uzun illər Almaniyada yaşayıb və ömrünün dəyərli bir hissəsini bu muzeyin qurulmasına həsr edib. İnsafən, çox dəyərli işlər görüb. Burada kağızın ilk yaranma tarixindən tutmuş bugününə kimi inkişaf yolu, ilk kitab çapı və müasir nümunələr diqqəti cəlb edir. Eyni zamanda, muzeydə miniatür, məşhur ebru sənətinin incəlikləri və tarixi haqqında da maraqlı məlumatlar toplanıb. İkimərtəbəli muzeyin müxtəlif güşələrində yerləşdirilmiş eksponatların hər biri özlüyündə maraqlı bir tarixi yaşatmaqdadır.
Nədim bəy deyir: -Bir çox sahələrdə ilklərə imza atan Egey Universiteti Türkiyədə tək, dünyada isə çox az bənzəri olan bir sənət muzeyi yaratmaqla daha bir ilkə imza atmış oldu. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydiyyata götürülmüş bu muzeydə 3500 il öncəki papirusdan tutmuş ən müasir çap nümunələrinədək yazılı abidələr və kitablar böyük həvəslə ziyarətçilərə təqdim edilir.
Diqqətçəkən bir məqam da nəzərimdən qaçmadı. Nədim bəyin çox düşündürücü və gözoxşayan ebru nümunələri ilə yanaşı, əslində, rektor Candeger xanımın yağlı boya ilə çəkilmiş rəsmləri də mənim üçün əsl sürpriz oldu. Düzü, bir belə işdən və qayğılardan sonra bu cür canlı sənət nümunələri yaradan insana, ən azı, yaxşı mənada qibtə etməli olursan. “Ölməz ağacı”, “Günbatımı” silsilə rəsmləri insana təkcə taleyinin bir anını yox, həm də duyğuların və həyatın reallıqlarını yaşadır... O dəqiqə də xanım rektorun müsahibədə dediyi bəzi sözlər yadıma düşdü: “Qadın həyat yoldaşıdır, anadır, işdəki rəhbər vəzifəsi və məsuliyyəti də daha dərindən dərk edəndir”. Və özü demiş, həm də 60 min nəfərlik bir ailənin “anası”dır.
- Şübhəsiz, vəzifəsindən və kimliyindən asılı olmayaraq ancaq bu cür könül sahibi olmaq lazımdır ki, hər kəsin ürəyini və duyğularını rəssam firçanla da fəth edə biləsən!
Daha bir sürpriz isə muzeyin guşələrindən birində Azərbaycan kitabını da görmək oldu. Azərbaycanın görkəmli ictimai xadimi, “Şöhrət” ordenli Zərifə Salahovanın miniatür kitab nümunələrinin 3 nüsxəsi burada nümayiş etdirilir. Kiril əlifbası ilə hələ Sovetlər dönəmində nəşr edilən bu nümunələr bizim yaxın tariximizin yadigarlarıdır. Söylədik ki, Azərbaycan dilində ilk miniatür kitab məhz Zərifə xanımın fədakar əməyi sayəsində işıq üzü görüb. Təkcə 2002-2007-ci illərdə onun təşəbbüsü ilə Azərbaycanda 30 miniatür kitab nəşr edilib. Bu məlumat Nədim bəydə ciddi bir maraq doğurdu. Heyrətini gizlətmədi və bizdən muzeydə bu miniatür kitab nümunələrinin sayının artırılması üçün dəstək istədi...
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti” Bakı-İzmir-Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.