Azərbaycan oftalmologiya elmini, o cümlədən bütövlükdə tibb elmini öz bitkin və dərin məzmunlu dolğun əsərləri, elmi nailiyyətləri ilə dünya miqyasında tanıdan əbədiyaşar elm xadimlərimizdən, bacarıqlı səhiyyə qurucularımızdan biri də görkəmli alim-oftalmoloq, SSRİ Tibb Elmləri Akademiyasının akademik M. İ. Averbax adına mükafatı laureatı, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevadır.
Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu, akademik Zərifə xanım Əliyeva həm də uzun illər ulu öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq ölkəmizin bütün sahələrinin inkişafında yaxından iştirak etmiş, Azərbaycana İlham Əliyev kimi dünya şöhrətli siyasətçi bəxş etmişdir.
Zərifə xanımın xalqımızın qədim adət-ənənələrinin köklərinə söykənərək dünya sivilizasiyası incilərinə qovuşan alicənab bir ailədə dünyaya göz açması, atası-görkəmli dövlət və elm xadimi Əziz Əliyevlə anası Leyli xanımın tərbiyəsini alması onu bütün həyatı boyu müşayiət edən mənəvi zənginlik dünyasının əsaslı təməlinə çevrilən amillərdən olmuşdur.
Ümummilli lider dahi Heydər Əliyevin həm Azərbaycanda, həm keçmiş SSRİ miqyasında, həm də dünya miqyasında, beynəlxalq aləmdə əldə etdiyi möhtəşəm uğurlarında, şübhəsiz ki, Zərifə xanım Əliyeva böyüklüyünün mühüm əhəmiyyəti, mühüm rolu olmuşdur.
Akademik Zərifə Əliyeva bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunan şərəfli və mənalı bir ömür yaşamışdır. O, elmin çətin yollarında inamla irəliləyərək akademiklik zirvəsinə - tibb elminin ən uca pillələrinə yüksəlmiş, çox məsuliyyətli, eyni zamanda gərəkli, ibrətamiz, nümunəvi bir həyat yolu keçmişdir.
Zərifə Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlmişdir. O, dünyaya göz açanda doğma ata yurdu qədim Azərbaycan torpağı olan İrəvan, təəssüf ki, artıq ermənilər tərəfindən işğal olunmuşdu. Məlumdur ki, 1918-ci ildə Əziz Əliyevin ailəsi digər azərbaycanlı ailələrlə birlikdə erməni işğalçıları tərəfindən İrəvandakı dədə-baba yurdlarından didərgin salınmışdı və ailə bu təcavüz nəticəsində bir sıra məhrumiyyətlərlə üzləşdikdən sonra, nəhayət, Şərur rayonunda məskunlaşmışdı. Zərifə xanımın atası Əziz Əliyevin 1917-1918-ci illərdə Sankt - Peterburqda Hərbi—Tibb Akademiyasında aldığı ali təhsil erməni vandalizminə görə yarımçıq qalmışdı. Əziz Əliyev həmin akademiyanın birinci kursunu müvəffəqiyyətlə bitirdikdən sonra 1918-1923-cü illərdə beş il ərzində Naxçıvanda, Cənubi Azərbaycanda (Ərəblər kəndində), Şərurda məcburi köçkünlük həyatı yaşayaraq, əzablı yollardan keçmişdir. Lakin ruhdan düşməmiş, dəmir iradəsini, bilik və bacarığını səfərbər edərək həkim köməkçisi vəzifəsində çalışmış, dözülməz ağır illərdə bu yolla xalqına əvəzsiz yardımlar etmişdir. 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi Əziz Əliyevin bilik və bacarığını, istedadını nəzərə alaraq, onun Bakıya getməsini, orada ali tibb təhsilini davam etdirməsini məsləhət görmüşdü. Elə həmin ildə Əziz Əliyevin ailəsi Bakıya köçmüş və o, təhsilini Bakı Universitetinin tibb fakültəsində davam etdirmişdir. Ona görə də Zərifə xanımın həyatının sonrakı mərhələləri Bakı şəhəri ilə bağlı olmuşdur.
Zərifə xanım 1942-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra atasının həkimlik sənətini davam etdirmək arzusunda olduğundan sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna təqdim etmiş və elə həmin il institutun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Onunla bir qrupda, eyni kursda oxuyan məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə xanım fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik təvazökar bir tələbə olmuşdur. O, tibbi fənlərlə yanaşı, digər fənlərin də tədrisinə eyni dərəcədə maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. Hələ tələbəlik illərindən tibb elminin öyrənilməsinə sonsuz həvəs göstərdiyindən tibb institutunda keçirilən tələbə elmi toplantılarında elmi məruzələrlə çıxışlar edirdi.
Görkəmli oftalmoloq-alim məzunu olduğu və özü üçün “Alma mater” hesab etdiyi Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirdikdən sonra da onu heç vaxt unutmamış, onunla daim sıx əlaqə saxlamışdır. Azərbaycan Tibb Universiteti məhz belə layiqli məzunları ilə fəxr edir, öyünür, onların nailiyyətləri ilə ucalır, yüksəlir. Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının əməkdaşları böyük iftixar hissilə hazırda da özlərini Zərifə xanımın yetirmələri, onun yaratdığı elmi məktəbin davamçıları hesab edirlər. 1977-ci ildə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda keçirilən 80 illik yubileyində Zərifə xanımın çıxışı institut kollektivinin qəlbində silinməz izlər buraxmış, xoş xatirələrə çevrilmişdir. ATU-nun professor-müəllim heyəti, çoxminli tələbələri bu ali tibb təhsili ocağının dünya şöhrətli məzunu olan unudulmaz Zərifə xanım Əliyevanın xatirəsini həmişə əziz tutur. Bu qocaman təhsil ocağında onun xatirəsinə həsr olunmuş elmi-praktik konfranslar, yubiley gecələri keçirilir. Azərbaycan Tibb Universitetinin akt zalının və 11 mərtəbəli tədris binasının foyesində akademik Z.Ə.Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto-guşələr yaradılmışdır. ATU-nun professor-müəllim heyəti və tələbələri hər gün bu guşələrin önündən keçərək görkəmli alimin əziz xatirəsini ehtiramla yad edirlər.
Zərifə xanım Əliyeva diplomaqədərki təhsili dövründə bütün varlığı ilə göz həkimliyinə - oftalmologiya elminə bağlanmışdı və həkimliyin bu çətin, eyni zamanda çox maraqlı və məsuliyyətli sahəsi onun diqqətini daha çox cəlb edirdi. Ona görə də 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra o, ixtisas seçməkdə çətinlik çəkməmiş və tərəddüd etmədən oftalmoloq ixtisasını seçmişdir. Bununla yanaşı, ona aydın idi ki, dar ixtisas üzrə kamil mütəxəssis olmaq üçün institut təhsili kifayət etmir və mütləq bir neçə il də diplomdansonrakı hazırlığa sərf etməlidir. Bu məqsədlə o, institutu bitirdikdən sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə yaxından tanış olmuş, praktiki vərdişlərə yiyələnmiş, oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmişdir. İki ildən sonra Vətənə qayıdaraq, 1949-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoşulmuşdur. Zərifə xanım fəaliyyət göstərdiyi Elmi–Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aspiranturaya qəbul olunmuş, elmi axtrarışları dövründə özünə rahat yollar seçmək stereotipindən uzaq olmağa çalışmış, şablonlardan qaçmış, Vətənə, xalqa həqiqi mənada xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və istəyinə nail ola bilmişdir.
İkinci Dünya müharibəsinin təzəcə başa çatdığı illərdə, keçmiş SSRİ-nin bir çox regionlarında olduğu kimi, Azərbaycanda da traxoma xəstəliyinin geniş yayılma təhlükəsi yenidən baş qaldırmışdı və ona qarşı aparılan ara-sıra mübarizə tədbirləri o qədər də effektli təsir göstərmirdi. Xalqın sağlamlığının vacibliyini ön plana çəkən gənc alim ölkəmizi bürümüş yoluxucu göz xəstəliklərinin qarışısını almaq və bu xəstəliklərin ləğvinə nail olmaq üçün yollar axtarırdı. O dövrdə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu, çünki traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək o qədər də güclü təsirə malik dərman preparatları hələ mövcud deyildi. Müharibədən yenicə çıxmış ölkənin iqtisadi-siyasi durumu da qənaətbəxş olmadığından ümumi vəziyyətin nikbin qiymətləndirilməsinə əsas verən stimul belə yox idi. Bu kimi problemlərlə üzləşən gənc tədqiqatçı Zərifə xanım Əliyeva ruhdan düşməyərək axtarışlarını davam etdirmiş, əsl vətəndaş mövqeyində dayanaraq, get-gedə ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlamış və həyata keçirməyə başlamışdır. Onun başlıca məqsədlərindən biri də Azərbaycanda traxoma xəstəliyinin müalicə və profilaktikasını vaxtında və yetərincə həyata keçirməkdən, bu prosesin elmi istiqamətlərini müəyyənləşdirərək səhiyyə praktikasına tətbiqini reallaşdırmaqdan ibarət olmuşdur.
Tarixi faktlar göstərir ki, keçən əsrin 30-40-cı illərində də Zərifə xanımın atası Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olduğu dövrdə və ondan sonrakı illərdə xüsusi komissiya təşkil edərək Azərbaycanda tüğyan edən malyariya, traxoma, vərəm və s. kimi infeksion xəstəliklərə qarşı mübarizədə əsl fədakarlıq göstərmiş, belə xəstəliklərin yayılmasının qarşısının alınmasında fəal iştirak etmişdir. Sonralar XX əsrin 40-cı illərinin əvvəllərində Əziz Əliyev başqa vəzifə yerinə yetirdiyinə görə bu sahə bir qədər zəifləmişdi. Lakin ötən əsrin 50-ci illərində Azərbaycan miqyasında epidemiya qorxusu olan traxoma xəstəliyinin diaqnostikası, müalicə və profilaktikası kompleks şəkildə Zərifə xanım Əliyeva tərəfindən yerinə yetirmişdir ki, bu da onun atası Əziz Əliyevin yaxın keçmişdə başladığı xeyirxah işlərin davamına çevrilmişdir.
Traxoma ilə əlaqədar ölkədəki real vəziyyəti əyani olaraq müşahidə etmək üçün Zərifə xanım Azərbaycanın bütün rayonlarına gedərək, xəstəliyin regional lokallığını müəyyənləşdirir, epidemioloji xüsusiyyətlərini araşdırır, xəstələrə birbaşa öz dəyərli məsləhətlərini verir, bir sıra digər göz xəstəliklərinin profilaktikası və müalicəsi haqqında maarifləndirici söhbətlər keçirirdi. Alim traxomanın müalicəsində istifadə edilən mövcud kütləvi müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiklərindən hesab edilən sintomisindən isifadə etməklə yeni müalicə üsulu tətbiq etmiş və uğurlu nəticələrə nail olmuşdu. Dəyərli elmi kəşflərdən sayılan Z.Ə.Əliyeva üsulunun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaranmış, xəstəliyin yayılmasının qarşısı alınmış və bu da tədricən traxomanın ləğvinə gətirib çıxarmışdır. Beləliklə, gənc oftalmoloqun fədakar zəhmətsevərliyi sayəsində yerinə yetirilən tibbi tədbirlər əhalinin dünya işığından məhrum olmasının, onların əlilliyə düçar olaraq əmək qabiliyyətini itirmələrinin, çarəsizlikdən kütləvi depressiya vəziyyətinə düşmələrinin qarşısını almışdır. Yalnız bundan sonra Zərifə xanım bu mövzu ətrafında dissertasiya müdafiəsi etməyə qərar vermiş və 1959-cu ildə sərbəst surətdə yerinə yetirdiyi elmi istiqamətlərin nəticələrinə əsasən “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Zərifə Əziz qızı apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə daim elmi ictimaiyyətin diqqət mərkəzində olmuş və 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, fəaliyyət göstərdiyi elm ocağında oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərmiş, bu istiqamətin tərəqqisinə öz dəyərli töhfələrini vermişdir. Alimin xidmətləri yüksək qiymətləndirilmiş və SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə Moskvaya göndərilmiş təqdimat əsasında onun oftalmologiya ixtisası üzrə “Böyük elmi işçi” elmi adını təsdiq etmişdir.
Zərifə xanım göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasını düzgün təşkil etməklə yanaşı, yeni laboratoriyalar yaradır, insan sağlamlığı amilini daim ön plana çəkirdi. O, yalnız Bakı şəhərində deyil, həmçinin Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan), Salyan və respublikanın digər şəhər və rayonlarında zərərli iş şəraitlərinin törətdiyi göz xəstəliklərini, eləcə də digər xəstəlikləri aşkar edir, həm xəstələrin müalicəsinə, onların iş yerlərində mövcud olan mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına hərtərəfli diqqət yetirir, onlarda ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərirdi. Bununla da o, peşə amillərinin törətdiyi göz xəstəliklərinin və bütövlükdə, orqanizmi tam şəkildə müalicə edərkən, təkcə görkəmli alim-oftalmoloq kimi deyil, həmçinin fədakar alim-ekoloq kimi də şöhrət qazanmışdır. Zərifə xanım ölkəmizdə ilk dəfə olaraq həm oftalmologiyanın peşə etiologiyalı xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasının, həm də ekoloji təmizlik ideyasının əsasını qoymuş, bu ideyanın praktik səhiyyədə həyata keçirilməsinə nail olmuşdur. Keçmiş SSRİ dövründə peşə amilli göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasında çox böyük uğurlar qazanan Zərifə xanım Əliyeva ekologiya elmi üzrə də böyük müvəffəqiyyətlərə nail olmuşdur.
Z.Ə.Əliyeva ardıcıl olaraq yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. O, 1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ADHTİ göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlayaraq, əvvəlcə kafedranın dosenti, sonra professoru, daha sonra isə həmin kafedranın müdiri vəzifəsini yüksək səviyyədə yerinə yetirərək, həkimlərin diplomdansonrakı hazırlıqlarının tədris-metodiki göstərişlərə və digər tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdır. Onun Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə təkmilləşmə kursu keçən həkimlərlə apardığı mühazirə və praktik məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.
Zərifə xanım Əliyeva ADHTİ-da çalışdığı ilk illərdən görmə orqanının patologiyasına xüsusi diqqət yetirmiş, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikası və müalicəsi ilə ciddi məşğul olmuşdur. O, peşə amili etiologiyalı göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı şin zavodunda, neft-kimya və yod sənayesi müəssisələrində, Sumqayıt “Üzvi sintez” istehsalat Birliyində, Mingəçevir “İzolit” və rezin-texnika məmulatı zavodlarında, Gəncə gil-torpaq kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri, onların etio-patogenezini diqqətlə öyrənmiş, zərərli peşələrin törətdikləri göz xəstəliklərinin yaranma mexanizmini elmi surətdə əsaslandırmış, onların qarşısını almaq üçün əməli tədbirlər görmüşdür. Zərifə xanım Əliyeva bu xeyirxah işləri yerinə yetirərkən zərərli amillərin təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də mükəmməl öyrənmiş, profilaktik və müalicəvi tədbirlərin bu istiqamətdə aparılmasına lazımi şərait yaratmışdır. Alim zərərli müəssisələrdə çalışanların görmə orqanlarını müalicə etməklə, bütövlükdə onların ayrı-ayrı orqanlarını da müxtəlif növ toksinlərin təsirindən mühafizə etməklə birbaşa insanların həyatını qoruyurdu.
Görkəmli alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müdafiəsi günü alim özünün tutarlı əyani dəlillərə əsaslanan nüfuzedici çıxışında elmi istiqamətlərinin üstünlüklərini, elmi kamilliyini, cəsarətli eksperimentatorluq bacarığını Moskvada—keçmiş SSRİ-nin məşhur oftalmoloqları qarşısında bir daha təsdiq etmişdir.
Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müsabiqə yolu ilə professor vəzifəsinə seçilmiş və qısa müddətdə onun çoxdan layiq olduğu bu elmi adı da təsdiq edilmişdir.
1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin, üzə çıxmasına imkan yaratmışdı. Plenumun bütün parametrlərinə görə gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq bacarığının təzahürünə çevrildi. Bakıda ilk dəfə olaraq belə bir Ümumittifaq miqyaslı plenumun təşkili Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan verdi. Plenumda professor Zərifə xanım Əliyeva Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması haqqında təklif irəli sürdü və iştirakçılar yekdilliklə bu təklifi müdafiə etdilər.
Professor Z.Ə. Əliyeva 1979-cu ildə Bakı Məişət Kondisionerləri zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı unikal bir laboratoriyasının yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan üç şöbədən ibarət laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi və görmə orqanının peşə xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə isə cərrahi əməliyyatlar icra edilirdi. Laboratoriyalarda az intensivli toksikliyə malik istehsal sahələrində görmə orqanına fizioloji, kliniki, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi. Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də bəyənilərək rəğbətlə qarşılanmış və geniş tətbiq edilmişdir. Apardığı elmi-tədqiqat işlərinin nəticələri onun “Şin istehsalında gözün peşə patologiayası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalarında və digər elmi əsərlərində özünün dolğun əksini tapmışdır.
1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elm-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. Akademik M.İ. Averbax adına mükafata oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur oftalmoloq-alimlər layiq görülürdü. Azərbaycan aliminin belə nüfuzlu bir mükafata layiq görülməsi ölkəmizin elm aləmində xoş ovqat yaratmışdı. Moskvadan alınan xoş xəbərin işığı Zərifə xanım Əliyevanın uzun illərdən bəri insanlara bəxş etdiyi şəfqət işığının davamı kimi Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin yollarını nura qərq etmişdir. Bu mükafatın diqqəti cəlb edən üstün cəhətlərindən biri də ondan ibarət idi ki, Azərbaycan alimi akademik M.İ. Averbax adına mükafata layiq görülən ilk qadın oftalmoloq-alim olmuşdur. Belə birincilik fədakar əməyin, böyük zəhmətsevərliyin, sənətə vurğunluğun, insanlara olan bəşəri sevginin sayəsində qazanılmışdır. Bu birinciliyin həm indiki, həm də gələcək nəsillərin elmi axtarışlarında stimul rolunu oynayacağını, akademik Zərifə Əliyeva irsinin daim gəncələrə örnək olacağını göstərən daha bir vacib amillərdəndir.
Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Burada çalışarkən alimin həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətinin təsir dairəsi daha da genişlənmiş, onun xalqın sağlamlığının qorunması naminə tibb elminə və bütövlükdə səhiyyə sisteminə verdiyi töhfələrin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri xeyli dərəcədə artmışdır. Bacarıqlı alim qısa müddətdə kafedrada yenidənqurma işləri apararaq onu müasir diaqnostika və müalicə cihazları ilə təmin etmiş, nadir təşkilatçılıq nümunəsi nümayiş etdirərək, kollektivin elmi və pedaqoji səviyyəsini yüksəltmiş, əməkdaşların diqqətini oftalmologiyanın prespektivli istiqamətlərinə yönəldə bilmişdir.
Zərifə xanım Əliyeva 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloqdur.
Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbilədəndir.
Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün əlaqədar dəyişiklikləri və görmə-sinir yolları” adlı monoqrafiyaları və digər əsərləri göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Alimin qələmə aldığı fundamental “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.
Zərifə xanım elm və texnologiyaların etikası, həkimlik deontologiyası haqqındakı zərif və saf düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə bilmişdir. Onun qələmə aldığı “Yüksək etimad” kitabı və bu mövzuya həsr etdiyi digər əsərləri həm bu gün, həm də gələcəkdə gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir həkim, bir şəxsiyyət kimi formalaşmalarında ümdə əhəmiyyət kəsb edən əvəzsiz əsərlər olaraq qalacaq, aktuallığnı heç vaxt itirməyəcəkdir.
Akademik Z.Ə. Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə xanım oftalmologiya elmində əldə etdiyi nailiyyətlərlə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Z.Ə. Əliyeva həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi yüksək ictimai vəzifələrdə də fədakarcasına çalışmış,bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Zərifə Əziz qızı Əliyeva 1985-ci ilin aprel aynının 15-də əbədiyyətə qovuşmuşdur. Bu ilin yəni 2014-cü ilin, aprel ayının 28 görkəmli alimin anadan olmasının 91-ci ildönümü Vətənimizin hər yerində olduğu kimi, Azərbaycan Tibb Universitetində də geniş qeyd edilir.
Akademik Z.Ə.Əliyevanın doğum günü yubileydən-yubileyə yox, hər il qeyd edilməlidir. O, həqiqətən buna layiq bir Azərbaycan alimi, Azərbaycan övladıdır. İllər bir-birini əvəz etsə də əvəzolunmaz alimin əziz xatirəsi heç vaxt yaddan çıxmır, daim ehtiramla yad edilir. Qədirbilən xalqımızın, eləcə də ölkəmizin tibb işçilərinin ona olan məhəbbətinin əbədiliyi artıq vaxt, zaman çərçivəsindən çıxaraq sonsuzlaşmış, daimiləşmişdir. Akademik Zərifə xanım Fəxri Xiyabandakı monumental abidəsi və məzarı önünə hər gün tər çiçəklər qoyulur, xatirəsi əziz tutularaq yad edilir. Fərəhli haldır ki, akademik Zərifə xanımın adını daşıyan və möhtəşəm elm, tədris, müalicə-diaqnostika, reabilitasiya mərkəzi kimi tanınan Milli Oftalmologiya Mərkəzi öz xeyirxah qapılarını xəstələrin, həkimlərin, tələbələrin, tədris və elmi-tədqiqat işçilərinin üzünə geniş açaraq, regionlarda xeyriyyə müalicə-profilaktika tədbirləri keçirilməsi ənənəsini yaşadan nümunəvi tibb müəssisəsinə çevrilmişdir. Mərkəzin əməkdaşları akademik Zərifə Əliyeva ideyalarını yaşadır və davam etdirirlər. Onun bəşəri duyğularının saflığından süzülüb gələn şəfqətli ideyaları bu gün də insanlara xoşbəxtlik bəxş etməkdə davam edir.
Akademik Zərifə Əziz qızı elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində, Vətənimizin tarixində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş kimi, eləcə də məğrur Azərbaycan qadını, nurlu Azərbaycan anası kimi daim yaşayır və yaşayacaqdır.
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət mükafatı laureatı,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.