Miniatür Kitab Muzeyində tanınmış jurnalist Elmira Əliyevanın kitabının təqdimatı olmuşdur

 

 

Aprelin 25-də Miniatür Kitab Muzeyində tanınmış jurnalist Elmira Əliyevanın “İnsanlar... Hadisələr... Zaman...” silsiləsindən üçüncü kitabının təqdimatı olmuşdur.

Təqdimat mərasiminə ziyalıları, tanınmış jurnalistlər, diplomatlar, Elmira Əliyevanın qələm dostları toplaşmışdı. Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova tədbirin açılışında çıxış edərək bu kitabın müəllifinin yaradıcılıq yolu haqqında söhbət açmışdır. O qeyd etmişdir ki, bu kitab Elmira Əliyevanın məqalələrinin sayca üçüncü toplusudur. Kitaba müəllifin müxtəlif vaxtlarda yazdığı 112 məqaləsi daxil edilmişdir. Zərifə Salahova vurğulamışdır ki, bu kitabda toplanmış oçerklərin qəhrəmanları Azərbaycanın həyatında böyük rol oynamışlar.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç demişdir: “Bu kitabı oxuyanda başa düşürsən ki, orada təkcə ayrı-ayrı hadisələr əks olunmamış, insanların həyatının tablosu çəkilmiş, hadisələr yaradıcı şəkildə təsvir edilmişdir. Buna görə Elmira Əliyeva adi jurnalist deyil, o, rəssam-jurnalistdir”. Diplomat xüsusi vurğulamışdır ki, Elmira Əliyeva öz yazılarında həmişə mövzunun mahiyyətinə varır, onu könül süzgəcindən keçirir. Səfir demişdir: “Onun yazılarından gənc nəsildə vətənpərvərlik hissi tərbiyə etmək üçün dərs vəsaiti kimi istifadə etmək olar”.

Tədbirdə şair-tərcüməçi Siyavuş Məmmədzadə, professor Gülrux Əlibəyova, Azərbaycanın xalq artisti Xuraman Qasımova, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova və başqaları da çıxış etmişlər.

Qeyd edilmişdir ki, Elmira Əliyevanın kitabları mənəvi həyat antologiyası hesab edilə bilər. Onun yazılarında müəllifin qəlbinin döyüntüsü eşidilir. Ölkəmizin bir sıra tanınmış şəxsiyyətləri haqqında geniş informasiyanın toplandığı bu kitab Vətənimizin, millətimizin nə qədər zəngin olmasına dəlalət edir. Elmira Əliyevanın qəhrəmanları müsbət obrazlardır. O, insanlarda nurlu və xeyirxah keyfiyyətləri üzə çıxarır.

AzərTAc-ın əməkdaşı Aidə Vəliyeva müəllifə AzərTAc-ın Baş direktoru Aslan Aslanovun və agentliyin kollektivinin təbriklərini çatdırmışdır. O qeyd etmişdir ki, Elmira Əliyeva 20 ildən çox AzərTAc-da çalışmışdır. Agentliyin bütün əməkdaşları onu öz işinin peşəkarı, həssas və xeyirxah bir insan kimi tanıyırlar.

Elmira Əliyeva bu kitabın təqdimatının təşkil olunması təşəbbüsünə görə muzeyin direktoru Zərifə Salahovaya minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, bu topluya daxil olan məqalələr onun AzərTAc-da işlədiyi illərdə yazılmışdır. E.Əliyeva demişdir: “Məni dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Jurnalistika mənim həyatımdır. Mən həyatımı öz sevimli peşəmdən ayrı təsəvvür etmirəm”.

Keçən əsrin 60-70-ci illərində Elmira Əliyeva “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. Sonra “Bakinski raboçi” qəzetində şöbə müdiri vəzifəsində çalışmış, 1987-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dövlət Teleqraf Agentliyində işləmişdir. 10 il rus dilində informasiya baş redaksiyasının baş redaktoru olmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında