“Xarici ölkələrdə Azərbaycan mətbuatı: 1990-2005-ci illər” (postsovet məkanında)

 

Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru

Faiq Hüsiyevin yenicə çapdan çıxmış monoqrafiyası belə adlanır

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun monoqrafiyaya yazdığı ön sözdə deyilir: “Elmi işin adından da göründüyü kimi, müəllif 1990-2005-ci illər arasında ölkəmizin xaricində fəaliyyət göstərən diaspor təşkilatlarımızın araya-ərsəyə gətirdiyi mətbuat orqanlarının fəaliyyətini tədqiqata cəlb etmişdir. Təbii ki, son illər suveren respublikamıza qarşı yönəlmiş məkrli təzyiqlərin çoxaldığı bir vaxtda mövcud informasiya blokadasının aradan qaldırılması, Azərbaycan həqiqətlərinin doğru-düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması baxımından mətbuatın rolu mühüm əhəmiyyət kəsb edir”.

Üç fəsildən ibarət olan əsərin birinci fəslində Azərbaycan mətbuatının formalaşması tarixinə, ictimai-siyasi proseslərin gedişinə, ölkə xaricində nəşr olunmuş mətbuat orqanlarında dərc edilmiş materialların məzmun və spesifik cəhətlərinə dair ətraflı təhlillər və təqdimatlar diqqəti cəlb edir.

Bu fəsildə klassik Azərbaycan mətbuatı və onun demokratik ənənələri, sovet hakimiyyəti illərində və postsovet dövründə Azərbaycan mətbuatının inkişaf istiqamətləri ətraflı təhlil olunur. Ayrı-ayrı mətbu nəşrin fəaliyyətini təhlil edən müəllif bu qənaətə gəlir ki, SSRİ-nin süqutunu şərtləndirən amillərdən biri də milli düşüncəli bədii ədəbiyyatın və jurnalistikanın olması idi. Monoqrafiyada xarici ölkələrdə Azərbaycan mətbuatının yeni nümunələrinin fəaliyyətə başlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının da mühüm rol oynadığı diqqətə çatdırılır.

Monoqrafiyanın ikinci fəsli “Postsovet məkanında Azərbaycan mətbuatı” adlanır. Bu fəslin “Rusiya Federasiyasında Azərbaycan mətbuatı” adlı yarımbaşlığında bu ölkədə yaşayan soydaşlarımızın təsis və nəşr etdirdikləri mətbu nəşrlər haqqında ətraflı məlumat verilir, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında həmin qəzet və jurnalların rolundan söhbət açılır.

Bu bölmədə Moskvada nəşr olunan “Baku” jurnalı haqqında ətraflı məlumat verilir. Müəllif rus və ingilis dillərində çap olunan həmin jurnalı Azərbaycanı dünyaya və dünyanı Azərbaycana tanıdan etibarlı körpü hesab edir. Fikrimizcə, bu bənzətmə səbəbsiz deyildir. Çünki jurnalın səhifələrində Bakının tarixi, Azərbaycanın dünyada məşhur olan şəxsiyyətləri, dövlətçilik tarixi, ölkəmizin neft istehsalında uğurları, mətbəxi haqqında ətraflı məlumat verilir. Müəllifin qənaətinə görə, “Baku” jurnalı özünün poliqrafiyası, dizayn işi, mövzu müxtəlifliyi baxımından həm Rusiya Federasiyasında, həm də Avropada çap olunan modern jurnallarla bir sıradadır. Həmçinin müəllif bu bölmədə Rusiyanın müxtəlif regionlarında Azərbaycan diasporunun mətbu orqanlarının, o cümlədən, “Odlar yurdu” və “İrs - Nasledie” jurnallarının fəaliyyətini elmi təhlilə cəlb edir.

Monoqrafiyanın ikinci fəslinin “Ukraynada Azərbaycan mətbuatı” və “Orta Asiya Respublikaları ilə Azərbaycanın mədəniyyət və mətbuat əlaqələri” bölmələrində isə “Millət”, “Savalan”, “Qolos Azerbaydjana - Azərbaycanın səsi”, “Oqni Azerbaydjana”, “Turan Ekspress” qəzetlərinin fəaliyyətindən ətraflı söhbət açılır.

Monoqrafiyanın üçüncü fəsli “Postsovet məkanında Azərbaycan jurnalistikasının sənətkarlıq problemləri” adlanır. Bu fəsildə Azərbaycan jurnalistikasının ideya-siyasi axtarışlarına, xarici ölkələrdə Azərbaycan publisistikasının sənətkarlıq məsələlərinə xüsusi önəm verilir. Postsovet ölkələrindəki Azərbaycan mətbuatının işinə əsaslı təsir göstərən amillərdən biri kimi hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması ideya-siyasi cəhətdən diqqət mərkəzində saxlanılır. Eyni zamanda, 2001-ci ilin noyabr ayında Azərbaycan diasporunun I qurultayının keçirilməsinin postsovet məkanında bir-birindən xəbərsiz fəaliyyət göstərən mətbuatımızın təşkilatlanmasına, əlaqələrin qurulmasına geniş imkan yaratması yüksək qiymətləndirilir.

Faiq Hüsiyevin bu monoqrafiyası Azərbaycan mətbuatı və jurnalistikası tarixində bir neçə cəhətdən önəm kəsb edir. Birincisi, bu monoqrafiya Azərbaycan mətbuatının və jurnalistikasının tarixi mənzərəsini, yayım coğrafiyasını, beynəlxalq əlaqələrini araşdırmaq baxımından əhəmiyyətli rol oynayır. İkincisi, milli mətbuatımızın tarixini, tarixi təcrübəsini, təkamül mərhələlərini öyrənmək baxımından, elmi-nəzəri cəhətdən bu istiqamətdə tədqiqat aparanlar üçün zəngin mənbədir. Üçüncüsü, Azərbaycanda diaspor jurnalistikasının mətbuat tarixində oynadığı rolu əhəmiyyətli və gərəkli bir həqiqət kimi ön plana çəkir. Dördüncüsü, bu elmi iş 1990-2005-ci illərdə postsovet məkanında çap olunmuş qəzet və jurnalların Azərbaycan həqiqətlərinin yayılması işinə verdiyi töhfənin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında