“Repressiya qurbanları: Teymur Salahov” miniatür kitabında vətənsevər Azərbaycan oğlunun obrazı canlandırılmışdır

 

 

 

Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti tərəfindən “Repressiya qurbanları: Teymur Salahov” miniatür kitabı “İndiqo” mətbəəsində nəfis şəkildə çapdan çıxmışdır.

Kitabda ötən əsrin 30-cu illərinin qanlı repressiyalarının günahsız qurbanlarından biri, xalqımızın dəyərli oğlu Teymur Salahovun qısa, eyni zamanda, mənalı həyat yolu təsvir edilmişdir.

Əməkdar jurnalist İradə Əliyeva Teymur Salahovun keçdiyi qısa, mənalı, sonu faciə ilə bitən həyatına həsr etdiyi bu əsəri sənədli povest janrında qələmə almışdır.

Müəllifin kitaba yazdığı “Ön söz”də deyilir: “Teymur Salahov öz dövrünün quruluşuna, yəni sovet hakimiyyətinə, sosializmə, kommunist partiyasına xilaf çıxmamışdı. O, öz Vətənini və xalqını sevən bir insan, yüksək ixtisaslı mütəxəssis, bacarıqlı təşkilatçı, ziyalı, gələcəyi parlaq olacaq dövlət qulluqçusu idi. Lakin T.Salahov Stalinin ”silahdaş"larının, o cümlədən erməni millətinin nümayəndələrinin qəzəbinə tuş gəlmişdi, ağır müsibətlərlə qarşılaşmışdı. Beləliklə, sübutsuz - dəlilsiz ittiham olunmuş, şahidsiz - vəkilsiz həbs edilmiş və cəlladların əli ilə həyatına son qoyulmuşdur. Stalinizmin digər günahsız qurbanları kimi, Teymur Salahovun da məhkəməsi bir göz qırpımında -15 dəqiqə ərzində başa çatmışdır”.

İ.Əliyeva yazır ki, T.Salahovun başına gələnlər yaşadığı dövrün və o zaman mövcud olan quruluşun “qanun”larını, həmin illərin ab-havasını özündə tam təcəssüm etdirir. Müəllifin qənaətinə görə, T.Salahovu hətta repressiya qurbanlarının ümumiləşdirilmiş obrazı kimi də qəbul etmək olar.

Kitabın redaktorları respublikamızın tanınmış alimləri, tarix üzrə elmlər doktoru, professor Sani Hacıyev və  siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyevadır.

“Repressiya qurbanları: Teymur Salahov” miniatür kitabında yer almış Sani Hacıyevin “Tarix ”qırmızı terror"u hələ çox mühakimə edəcək" başlıqlı yazısında olduqca dəyərli fikirlər əksini tapmışdır.

Məqalədə deyilir: “Sənədli povestdə T.Salahovun obrazı təbii, inandırıcı qələmlə yaradılmışdır. Bu obraz oxucuda ona rəğbət və məhəbbət hissi oyadır. Teymur Salahov çevik, erməni-rus ittifaqını görüb ona qarşı mübarizə aparan güclü bir insan olmuşdur. Təsadüfi deyil ki, bir müddət Azərbaycan KP MK Bürosunun üzvü olmuş Teymur Salahov inadkarlığı ilə erməniləri qorxuya salmışdır”.

Əsərdə Teymur Salahovun əsl-nəcabətli bir insan, geniş dünyagörüşünə malik ziyalı, Vətənə, torpağa bütün varlığı ilə bağlı şəxsiyyət kimi canlandırılmasını yüksək qiymətləndirən alim onun nəslinin davamçılarını böyük sevinc hissi ilə təqdim etmişdir.

Qeyd edilmişdir ki, bu soyadı hamı Azərbaycanda hörmətlə dilə gətirir. T.Salahovun övladları kökdən güc alan budaqlar kimi şaxələnib Vətənə ləyaqətli işlərlə, əməllərlə xidmət edirlər. Dünya şöhrətli xalq rəssamı Tahir Salahov, incə ruhlu görkəmli ziyalımız Zərifə Salahova, Teymur Salahov nəslinin digər davamçıları hazırda müstəqil Azərbaycanda bizimlə çiyin-çiyinə addımlayırlar. Kitabda bu barədə də söhbət açılması, onlar haqqında yazılar verilməsi məntiqlidir və oxucuda tarixi nikbinlik yaradır.

Əsərdə “Qorxulu imperiya”, “1956 N-li məhbus”, “Raykom katibini Bakıya nə üçün çağırdılar”, “İstintaq”, “Salahovlar nəsli davam edir” və digər sərlövhəli yazıların hər birində əsl vətənsevər Azərbaycan oğlunun əbədiyaşar obrazı canlandırılmışdır.

 Kitabda T.Salahovun qızı, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahovanın da “Taleyüklü görüş” sərlövhəli yazısı yer almışdır.

 T.Salahov ailəsinin fotoşəkillərindən də geniş istifadə olunduğu 350 səhifəlik, nəfis tərtibatlı bu miniatür kitab hər bir oxucuya günahsız yerə həbs edilərək, ölümə məhkum edilmiş qorxmaz ziyalı  barədə dəyərli məlumat verəcəkdir.

  AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında