ATU ilə Təbriz Tibb Universiteti arasında protokol yenilənmişdir

 

 

 

Azərbaycan Tibb Universitetində İran İslam Respublikasının Təbriz Tibb Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, Təbriz Tibb Universitetinin rektoru Doktor Məhəmmədhüseyn Sumi, İranın ölkəmizdəki səfiri Möhsün Pakayin və Tehranın səhiyyə sahəsinin digər tanınmış mütəxəssisləri iştirak ediblər.

Görüş zamanı rektor, millət vəkili Əhliman Əmiraslanov ATU-nun Təbriz Tibb Universiteti ilə sıx əməkdaşlığının olduğunu xatırladaraq, münasibətlərin daha da genişləndirilməsinə ehtiyac olduğunu qeyd etmişdir: “İran İslam Respublikasının bütün ali məktəbləri, ümumiyyətlə səhiyyə sistemi ilə əlaqələrimiz genişdir. Lakin Təbriz  Tibb Universiteti ilə münasibətlərimiz daha yaxındır. İndiyə kimi dəfələrlə qarşılıqlı səfərlərimiz olub”.

Qonaqlara ATU ilə bağlı məlumat verən rektor bildirmişdir ki, universitet Azərbaycan üçün həkim, əczaçı, stomatoloq hazırlayan yeganə tibb müəssisədir: “Universitetimizə  ildə 1000 nəfərə yaxın tələbə qəbulu aparılır. Xarici ölkələrdən də Tibb Universitetinə axın var, maraq çox böyükdür. Hətta müraciət edənlərin hamısını qəbul edə bilmirik. İrandan universitetimizdə 300-dən çox tələbə təhsil alır”. Millət vəkili xarici ölkələrdən olan tələbələrin təhsili, davranışı və s. barədə də qonaqlara məlumat vermişdir.  Öz növbəsində, Təbriz Universitetinin rektoru Doktor Məhəmmədhüseyn Sumi  də münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirmişdir. O, Təbriz Tibb Universiteti ilə ATU arasında protokolun  yenilənməsinə ehtiyac olması fikri ilə razılaşdığını söyləmişdir. Rektor Sumi rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə əlaqədar məlumat vermiş, Azərbaycanla yanaşı, digər ölkələrin universitetləri ilə əlaqələrin gücləndiriləcəyini bildirmişdir.  Görüşün sonunda Azərbaycan Tibb Universiteti və Təbriz Tibb Universiteti arasında sazişin yenidən imzalanması mərasimi baş tutmuşdur. Sənəd iki universitet arasında mütəxəssislərin və tələbələrin mübadiləsi, birgə konfrans və simpoziumların keçirilməsi, ixtisasartırma kurslarının təşkili və digər birgə fəaliyyəti  nəzərdə tutur.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında