İstanbul Universitetində böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd olunmuşdur

 

 

Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyi münasibətilə İstanbul Universitetində mərasim təşkil olunmuşdur.

  Tədbirdə Azərbaycan Respublikasını təmsil edən rəsmi nümayəndə heyəti, ölkəmizin İstanbuldakı baş konsulluğunun əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm, mədəniyyət xadimləri, İstanbuldakı müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri, jurnalistlər iştirak etmişlər.

Mərasim keçirilən salonda Əli bəy Hüseynzadənin zəngin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər sərgilənmiş, ədib haqqında sənədli film nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un, Azərbaycanın İstanbuldakı baş konsulluğunun və İstanbul Universitetinin birgə təşkil etdikləri mərasimdə Əli bəy Hüseynzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.

Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev görkəmli maarifçinin çoxşaxəli fəaliyyətinin bütün ziyalılar üçün örnək, hər bir türk övladı üçün qürur mənbəyi olduğunu diqqətə çatdırmışdır. V.Əliyev demişdir ki, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının iki qardaş ölkə üçün ortaq sərvətə çevrilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasına ən gözəl nümunələr sırasındadır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən Ə.Hüseynzadənin yubileyinin qeyd olunması Azərbaycanın mədəni irsini yaşatmaq və tanıtmaq ənənələrini formalaşdırmışdır.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirmişdir ki,  həyatını bəşəri dəyərlərə sərf edən Əli bəy Hüseynzadə irsinin öyrənilməsi türkdilli xalqların keçmişinə verilən yüksək qiymət, bu günümüzün və gələcəyimizin inkişafına göstərilən qayğıdır.

İstanbul Universitetinin prorektoru, professor Şəfəq Sahir Qaramehmetoğlu Ə.Hüseynzadə irsini İstanbul Universitetinin ən qiymətli elmi sərvəti kimi dəyərləndirərək bildirmişdir ki, dünya elm tarixində xüsusi yeri olan bu irsin beynəlxalq aləmdə layiqincə tanıdılması Azərbaycan xalqının yüksəlişinə göstərilən diqqətdir.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov demişdir ki, Ə.Hüseynzadə şəxsiyyətinin qoyduğu unudulmaz izlər bütün türkdilli xalqlar üçün iftixar mənbəyidir.

Sonra İstanbul Universitetinin Avrasiya İnstitutunun ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkanın, Avrasiya İnstitutunun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Balın, professor İbrahim Yıldırımın, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı elmi məruzələri dinlənilmişdir.

Bildirilmişdir ki, 1864-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olan Əli bəy Hüseynzadə valideynləri vəfat etdikdən sonra 1875-1885-ci illərdə Tiflisdə babası, Qafqazın şeyxi Axund Əhməd Səlyaninin yanına köçmüş və orada gimnaziya təhsili almışdır.  Görkəmli filosof M.F.Axundzadə ilə tanışlıqdan sonra Ə. Hüseynzadə təbiət elmlərinə böyük maraq göstərmiş və bu həvəs onu 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsinə cəlb etmişdir. Burada dövrün məşhur elm xadimlərindən dərs alan Ə.Hüseynzadə bir müddət sonra imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərdə yaxından iştirak etdiyi üçün  bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalmışdır.

Ə.Hüseynzadə İstanbula gəlmiş və burada İstanbul darülfünündə hərbi-tibb fakültəsində oxumuş, dəri-zöhrəvi xəstəlikləri üzrə həkim ixtisası və yüzbaşı hərbi rütbəsi almışdır. İtaliyada və Türkiyədə ictimai-siyasi fəallıq göstərən Ə.Hüseynzadə İstanbul darülfününün hərbi-tibb fakültəsində professor köməkçisi işləmişdir. Darülfünün tələbəsi ikən artıq inqilabçı gənc türklər hərəkatına qoşulduğundan Türkiyədə də təqiblərə məruz qalmışdır.

Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlamış, publisistik yazılar dərc etdirmiş və “Gənc türkçülük nədir?” sərlövhəli məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlamışdır. Beləliklə də Ə.Hüseynzadə islahatçı ideya adamı kimi də tanınmağa başlamışdır. Az sonra o, milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi hesabına “Həyat” qəzetinin nəşrinə başlayır. Əli bəy Hüseynzadənin Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni onun söz və mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. XX əsrin ilk illərində “Füyuzat” jurnalının baş redaktoru olan Ə.Hüseynzadə həm Bakıda “Səadət” məktəbinin müdiri və türk dili müəllimi vəzifələrində çalışmışdır.

Bir sıra məqalələrini Turan soyadı ilə təqdim edən Ə. Hüseynzadə rəsm əsərlərindən bəzilərini Səlyani kimi imzalamışdır. Onun rəsm əsərlərinin məzmununda milli oyanış, azadlıq mübarizəsi, bəşəri dəyərlərə olan rəğbət bütün dövrlərdə tədqiqatçıların diqqətini cəlb etmişdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında misilsiz xidmətləri olan Əlibəy Hüseynzadə Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində də mühüm fəaliyyət göstərmişdir. 1931-ci ildə Türkiyədə “Soyad Qanunu” qəbul edilərkən onun təklifləri nəzərə alınmışdır. O, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tərtibçi rəssamı olmuşdur. Çəkdiyi rəngarəng maraqlı əsərlər bu gün də bir sıra nüfuzlu muzeylərin ən dəyərli eksponatları sırasında qorunur.

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat etmişdir. 1920-ci ildə Azərbaycanda milli hökumətin devrilməsi ilə başlanan məlum ictimai-siyasi proseslər uzun illər görkəmli şəxsiyyətlərimizi unutdurmağa çalışsa da zaman hər şeyi öz axarına sala bilmişdir. XX əsrin sonlarında dövlət müstəqilliyimiz bərpa olunmuş, 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda möhkəm sütunlar üzərində milli dövlətçilik ənənələri qurulmuşdur. Əli bəy Hüseynzadənin timsalında bütün tarixi şəxsiyyətlərimizin fəaliyyətinin dəyərləndirilməsi də bu ənənələrə daxildir.

Sonda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliyeva Əli bəy Hüseynzadənin şeirlərindən parçalar  səsləndirmiş, əməkdar artist Anar Şuşalı Azərbaycan xalq mahnılarından seçmələr ifa etmişdir.

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında