Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində 2009-2010-cu tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Naxçıvan MR təhsil naziri Piri Nağıyev 2010-cu ildə ali məktəblərə qəbul barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2010-cu ildə ümumtəhsil məktəblərini 4131 məzun bitirmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 1435 nəfəri ali məktəblərə qəbul olunmuşdur.
Valideynlər adından çıxış edən Rəfiqə Bayramova demişdir ki, bu gün bizim övladlarımız sağlam, milli ruhda böyüyür, yüksək qayğı və diqqətlə əhatə olunmuşlar. Muxtar respublikada təhsilə, milli mənəviyyata göstərilən xüsusi diqqət özünü ən parlaq şəkildə göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir:
- Azərbaycanda təhsilin inkişafı ümummilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Xalqımızın böyük oğlu ötən əsrin 70-80-ci illərində ölkənin inkişafının mühüm şərti kimi təhsilin inkişafını əsas götürmüşdür. O, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladı. Özünün dediyi kimi, Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti onu daim maraqlandırırdı. Təhsilin nailiyyətlərini də, qüsurlarını da, nöqsanlarını da yaxşı bilirdi. Ona görə də birinci növbədə təhsil məsələlərinə ciddi fikir verdi. Məhz bu amil hesabına, təhsilin dövlət səviyyəsində himayə olunması sayəsində Azərbaycan ötən yüzillikdə sürətli inkişaf, tərəqqi yoluna qayıtdı, elm, təhsil, mədəniyyət, intibah yolunu tutdu.
Ulu öndərimizin yolunun və siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində bu gün Azərbaycan təhsili ötən əsrin 70-ci illərində əsası qoyulan etibarlı zəmin üzərində inkişaf etdirilir. Təhsilə qoyulan sərmayənin ölkənin intellektual gələcəyinə xidmət etdiyini bildirən hörmətli Prezidentimiz demişdir ki, iqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkəmizin intellektual potensialı möhkəmlənir.
İnsan kapitalı yaratmaq cəmiyyət üçün, müstəqil dövlətimiz üçün yüksək mənəviyyatlı, savadlı kadrlar yetişdirmək, bütün pillələr üzrə təhsil islahatını başa çatdırmaq, təhsili davamlı inkişafa qovuşdurmaq, bir sözlə, bu sahədə ən müasir infrastruktur yaratmaq deməkdir.
Ali Məclisin sədri təhsil sahəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlərin müəyyənləşdirildiyini, təhsildə quruculuq məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildirərək qeyd etmişdir ki, təkcə son 15 il ərzində muxtar respublikada 62 min 744 yerlik 157 orta məktəb binası, 1346 yerlik 13 uşaq bağçası, 18 musiqi məktəbi, 5 məktəbdənkənar tədris müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.
Hazırda 4872 yerlik 9 ümumtəhsil məktəbində, 502 yerlik 2 uşaq bağçasında, 2 musiqi məktəbində, 4 məktəbdənkənar tədris müəssisəsi üçün binada tikinti və yenidənqurma işləri davam etdirilir. Təhsil müəssisələrinin yeni informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması dünya təhsil və informasiya məkanına inteqrasiyaya geniş imkanlar açmışdır. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 2674 ədəd kompyuter dəsti verilmişdir ki, bu da hər 19 şagirdin bir kompyuterlə təmin olunması deməkdir. Bununla yanaşı, təhsil müəssisələrindəki kompyuterlərin 78 faizi internetə qoşulmuş, ümumtəhsil məktəblərində 208 ədəd ən müasir elektron lövhə quraşdırılmışdır.
Əgər ötən il orta məktəbi bitirən şagirdlərdən 129-u fərqlənmə attestatı almışdırsa, bu il orta məktəbi fərqlənmə ilə bitirənlərin sayı 137-yə çatmışdır. Əgər 2005-ci ildə ali məktəblərə qəbul 33 faiz idisə, ötən il sənəd verən abituriyentlərin 44, bu il isə 49 faizdən çoxu ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbulun təhlilindən görürük ki, yüksək bal toplayanların sayı ilbəil artır. 2005-ci ildə tələbə adını qazananların 87, 2009-cu ildə 232 nəfəri 500-dən yuxarı bal toplamışdırsa, 2010-cu ildə 280 abituriyent 500-700 arası nəticə göstərmişdir. Dövlət başçısının "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2007-ci il 16 aprel tarixli sərəncamı bu sahədə fəaliyyətin mühüm istiqamətini müəyyənləşdirir. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərinin 320-dən artıq məzunu dünyanın nüfuzlu ali məktəblərində təhsil alır, gənc mütəxəssis kimi yetişirlər.
Ali Məclisin sədri tələbə adını qazanmış gənclərə öz tövsiyələrini verərək demişdir:
- Siz bu gün tələbə adını qazanmaqla sosial və milli çağırış olan kadr hazırlığı sahəsində çətin və şərəfli yola qədəm qoyursunuz. Seçdiyiniz ixtisasa dərindən yiyələnin. Unutmayın ki, biz bu gün sizə baxarkən istər-istəməz vətənimizin gələcəyinə baxırıq. O gələcək sizə - bugünkü gəncliyə məxsusdur. Gələcəkdə ölkəmizin idarəçiliyi, təsərrüfat həyatı, müdafiəsi sizə həvalə olunacaqdır. İndidən elə yol tutun ki, xalq işi üçün faydalı olsun. Yadda saxlayın ki, vətəndaş və mütəxəssis kimi yetişməyiniz birinci növbədə sizin özünüzdən asılıdır. Harada təhsil almağınızdan, fəaliyyət göstərməyinizdən asılı olmayaraq unutmayın ki, siz müstəqil Azərbaycanın gəncliyini təmsil edirsiniz. Doğma diliniz Azərbaycan dilidir. Doğma yurdunuz Azərbaycandır. Bu yurdu, azərbaycanlı adını, şərəfini daim uca tutun, bu ada layiq olmağa çalışın.
Vasif Talıbov ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazananlara uğurlar arzulamışdır.
Sonra muxtar respublikanın ümumtəhsil məktəblərinin məzunlarından qəbul imtahanlarında 500-700 arası bal toplayaraq yüksək nəticə göstərən 280 tələbəyə Ali Məclisin sədri tərəfindən ingilis və Azərbaycan dillərində nəfis tərtibatla çap olunmuş "Naxçıvan" kitabı və pul mükafatı təqdim edilmişdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.