“Bizim Gülarə Əliyeva”

 

Zərif barmaqlar pianonun dillərinə toxunduqca, səslənən ecazkar musiqi qəlbləri fəth edir, notlara düzülmüş incə və duyğulu qadın ürəyinin  çırpıntıları dinləyicini xəyalən uzaqlara aparırdı.

Ansamblın ifasında istənilən musiqi xoş və lirik duyğular oyadırdı. Böyük həvəslə və şövqlə yaratdığı  “Dan ulduzu”  kamera-instrumental ansamblının  ifası elə ilk dövrlərdən tamaşaçı marağına səbəb oldu, sevə-sevə dinlənildi. Bu uğur, ilk növbədə, onun yaradıcısı, Azərbaycan estradasında özünəməxsus dəst-xətti olan böyük musiqiçi, mahir pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyevanın uğuru idi. Çünki məhz onun musiqiyə dərindən bələd olması, yüksək tələbkarlığı və ansambla istedadlı, yaradıcı insanları və ifaçıları cəlb etməsi “Dan ulduzu”nun tezliklə şöhrət qazanması və musiqi tariximizdə iz qoymasında mühüm rol oynadı.

Əməkdar incəsənət xadimi, “Dan ulduzu” instrumental ansamblına sonradan rəhbərlik etmiş görkəmli pianoçu, mərhum  Həsənağa Qurbanovun tərtib etdiyi və yenicə işıq üzü görmüş “Bizim Gülarə Əliyeva”  kitabını böyük sənətkarın yaradıcılığına yüksək töhfə hesab etmək olar. “Şərq-Qərb” Nəşriyyat Evində nəfis tərtibatla çap edilmiş kitabda Gülarə Əliyevanın sənət dostlarının, tanınmış incəsənət adamlarının onun haqqında xatirələri yer alıb. Çapa çoxdan hazır olan  dəyərli nəşrin bu yaxınlarda işıq üzü görməsi  Gülarə Əliyevanın yaradıcılığına verilən yüksək qiymətin nümunəsidir. Təəssüf ki, amansız ölüm tərtibatçı-müəllif Həsənağa Qurbanova bu kitabın sevincini yaşamağa imkan vermədi.  Kitabın redaktorları Mehdi Mükərrəmoğlu və Məmmədhəsən Məmmədovdur.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş  kitabın “Dan ulduzu" kimi əbədiyaşar insan" adlı ön sözündə müəllif Gülarə xanım Əliyevanın xarakteri və ona olan ümumxalq məhəbbətinin sirrini çox aydın açıqlayır: “O, bütün varlığı ilə inanırdı ki, dünyada yaradıcılıq sevincindən gözəl, istedadlı adamlara əl tutub onları üzə çıxarmaqdan müqəddəs ikinci bir iş yoxdur. Gülarə Əliyeva seçmə insanlardan idi və Tanrının ona bəxş etdiyi istedadı gözünü qırpmadan başqaları üçün “xərcləyirdi”...

Həqiqətən də, “Dan ulduzu” ansamblına istedadlı müğənnilərin və ifaçıların cəlb edilməsi, eləcə də repertuar seçimində yüksək tələbkarlıq, onu tanıyan həmkarlarının sözləri ilə desək, kollektivə bir ailə kimi baxması  bunu bir daha təsdiq edir. Şövkət Ələkbərova, Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Məmmədbağır Bağırzadə, Hüseynağa Hadıyev kimi istedadlı sənətkarların ansamblda solist kimi çıxışları  Gülarə xanımın uğuru idi. Onun musiqiyə yeni baxış tərzi, Şərq və Qərb musiqi ənənələrinin uğurlu sintezi tamaşaçılar tərəfindən maraqla qarşılanırdı.

Əfsanə ƏLƏSGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında