Artıq AzərTAc-ın xəbər verdiyi kimi, bu günlərdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov başda olmaqla ölkəmizin nümayəndə heyəti Novosibirsk vilayətində səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Novosibirsk vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Vladimir Qorodetski ilə görüşmüşlər.
Qüdsi Osmanov qubernatora Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun salamlarını və xoş arzularını çatdırmışdır.
Görüş iştirakçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Qüdsi Osmanov vurğulamışdır ki, Novosibirsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq üçün çox böyük potensial vardır. Azərbaycanlı diplomat demişdir: “Novosibirsk elm və sənaye mərkəzidir. Bu sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün şərait yaratmaq lazımdır. Bundan əlavə, humanitar sahədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi də zəruridir”.
Vladimir Qorodetski, öz növbəsində, Azərbaycana rəsmi səfər etməyə hazır olduğunu bildirmişdir. Onun fikrincə, bu səfər ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə şərait yaradacaqdır.
Azərbaycan nümayəndə heyətinin üzvləri Novosibirsk Qanunverici Məclisinin sədri İvan Moroz və regional parlamentin deputatları ilə də görüşmüşlər. Regional parlamentin spikeri parlamentlərarası əlaqələrin inkişaf perspektivinə əmin olduğunu bildirmişdir. İvan Moroz demişdir: “Mühüm iqtisadi və sosial layihələr üçün qanunverici baza yaradılması sahəsində təcrübə mübadiləsi həm Azərbaycan, həm də Novosibirsk vilayəti üçün çox faydalı olacaqdır. Qanunvericilər sibirli və azərbaycanlı sahibkarların biznes fəaliyyəti üçün şəffaf hüquqi baza yaradılmasına ciddi kömək edə bilərlər”.
Spiker vurğulamışdır ki, kənd təsərrüfatına dövlət dəstəyi, orta və kiçik biznesin müdafiəsi və bir sıra başqa sahələrdə qanunvericiliyin tətbiqi məsələləri üzrə azərbaycanlı həmkarların uğurlu təcrübəsi Novosibirsk parlamentariləri üçün maraqlı olardı.
Azərbaycanın rəsmi nümayəndə heyəti səfər çərçivəsində Novosibirskdəki Ekspo-Mərkəzdə keçirilən “Tursib-2014" Beynəlxalq sərgisinə tamaşa etmişdir. Səfirin müavini Qüdsi Osmanov Azərbaycanın inkişaf etmiş turizm potensialı və turizm infrastrukturu barədə söhbət açaraq qeyd etmişdir ki, gələn il ölkəmiz bu sərginin iştirakçılarından biri ola bilər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Novosibirsk Vilayət Dövlət Elmi Kitabxanasına hədiyyə edilmiş Azərbaycan haqqında kitablar böyük marağa səbəb olmuşdur. Kitabxananın direktoru Svetlana Tarasova hədiyyə edilmiş kitablara görə Leyla Əliyevaya dərin minnətdarlığını bildirərək vurğulamışdır ki, Azərbaycanın mədəniyyəti, musiqisi və tarixi haqqında kitablar kitabxananın fondlarına qiymətli töhfədir.
Səfər çərçivəsində Rus-Azərbaycan Evində Novosibirsk vilayətindəki Azərbaycan diasporunun nümayəndələri ilə görüş olmuşdur. Rus-Azərbaycan Evinin rəhbəri Mais Məmmədov ümidvar olduğunu bildirmişdir ki, bu səfər Novosibirsk vilayətindəki Azərbaycan diasporunun işini daha da möhkəmləndirəcək və genişləndirəcəkdir.
Səfirin müavini Qüdsi Osmanov demişdir ki, Novosibirsk vilayətində yaşayan azərbaycanlılar bizim milli mədəni dəyərlərimizi qoruyub saxlamaqla bərabər, Rusiya cəmiyyətinin bir hissəsi olmaqla, vilayətin ictimai həyatında fəal iştirak etməli və beləliklə, Rusiya cəmiyyətinə inteqrasiya olunmalıdırlar.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi adından Rus-Azərbaycan Evinə də Azərbaycan haqqında kitablar və disklər hədiyyə edilmişdir.
Novosibirsk Dövlət Teatr İnstitutunun IV kurs tələbələrinin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası göstərilmişdir.
Novosibirsk vilayəti mədəniyyət nazirinin müavini Viktor Bulankin öz çıxışında qeyd etmişdir ki, Üzeyir Hacıbəyli fenomeni təkcə Azərbaycanın deyil, bütün Şərqin mədəni sərvətidir.
Qüdsi Osmanov görüş iştirakçılarına bildirmişdir ki, 2013-cü ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin 100 illik yubileyi UNESCO çərçivəsində qeyd edilmişdir. Səfirin müavini vurğulamışdır ki, operettada təsvir edilən hadisələr Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərində baş verir. O demişdir: “Ona görə də bu əsər hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur”.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.