Elə peşələr var ki, o peşədə uğur qazanmaq üçün təkcə dünyagörüş və savad deyil, eyni zamanda, gözəl nitq qabiliyyəti əsas şərtlərdəndir. Bu baxımdan jurnalistlərin, radio-televiziya aparıcılarının səlis yazı və danışıq qabiliyyətinin, aydın və qüsursuz nitqinin olması, eləcə də onların dilin qanunauyğunluqlarını dərindən bilməsi, ona yazılı və şifahi nitqdə riayət etməsi çox önəmlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda dövlət dili ilə bağlı mətbuatın üzərinə düşən bir sıra məqamlar yer alıb. Bu baxımdan bu yaxınlarda professor Nəsir Əhmədlinin “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Jurnalistin nitq mədəniyyətinin əsasları” kitabı aktuallıq kəsb edir. Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli, rəyçiləri BDU-nun jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Şamil Vəliyev, BDU-nun jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, İctimai Teleradio Yayımları Şurasının sədri, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşovdur.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Nəsir Əhmədlinin bu kitabında nitq mədəniyyəti ilə bağlı bir sıra vacib mövzular araşdırılıb. Kitabda “Natiqlik sənətinin tarixinə bir nəzər”, “Nitq və nitq mədəniyyəti anlayışlarına jurnalistika prizmasından baxış”, “Jurnalistin nitq mədəniyyətinin məntiqi əsasları”, “Jurnalistin nitq mədəniyyətinin linqvistik, publisistik əsasları”, “Jurnalistin nitq mədəniyyəti və söz yaradıcılığı”, “Vizual nitq mədəniyyəti və orfoqrafiya”, “Audial və audiovizual nitq mədəniyyətinin əsasları”, “Orfoepiya” mövzuları yer alır.
Müəllif natiqlik sənətinin tarixinə nəzər yetirməklə, cəmiyyətdə nitqin necə formalaşması və ictimai hadisə olmasına diqqət çəkir. Nəşrdə vizual, audio və audiovizual nitq mədəniyyətinin özəllikləri barədə məlumat verilir, nümunələrlə onların əsas cəhətləri təhlil edilir.
İstər mətbuatda, istərsə də radio və televiziya efirində aparıcıların nitqində bir sıra qüsurlara rast gəlmək olar. Lakin çap mediası uzun müddət saxlanıldığından bu cür üslubi, məntiqi və linqvistik səhvlər qəzet səhifələrində daha çox nəzərə çarpır. Bu baxımdan müəllifin mövzunu izah edərkən mətbuat səhifələrindən seçdiyi nümunələrə istinad etməsi oxucunun mövzunu daha mükəmməl və aydın qavramasına kömək edir.
Kitabın əhəmiyyətli cəhəti ondan ibarətdir ki, buraya müxtəlif illərdə Azərbaycan dili ilə bağlı qəbul edilmiş qərarlar, əmrlər, dövlət proqramı, sərəncamlar da daxil edilib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının “Dövləti lisanı türkcə qəbul edilərək müvəqqətən höküməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında” (27 iyun 1918), “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərarları hələ ADR dövründə ana dilimizə dövlət səviyyəsində olan hörmət və diqqətin göstəricisi idi. Lakin sovet işğalından sonra rus dili hakim dil səviyyəsinə yüksəldi. Həmin illərdə “Sovet idarələrində kargüzarlığın rus və türk dillərində aparılmasını tətbiq etmək haqqında” Azərbaycan İnqilab Komitəsinin qərarı (1921, 8 fevral), Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbayan KP MK bürosunun qərarı (1956, 24 iyul) və s. Azərbaycan dili ilə bağlı əsas hüquqi sənədlərdəndir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanunu (1991, 25 dekabr), “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu (1992, 22 dekabr), “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı (2001, 18 iyun) və s. qəbul edildi. Bu fərman və sərəncamlar, sözsüz ki, Azərbaycan dilinin dövlət dili kimi daha da möhkəmlənməsi, ölkədə geniş tətbiq edilməsinin hüquqi əsaslarını bir daha təmin etmiş oldu.
Bu gün dünya getdikcə qloballaşır, sürətli dəyişikliklərə məruz qalır. Bu, sözsüz ki, ünsiyyət vasitəsi olan dilə də öz təsirini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin 2012-ci il mayın 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam dilimizin dövlətçiliyimizin əsas rəmzlərindən biri kimi doğru və mükəmməl istifadəsini özündə əks etdirir. Bu sərəncama əsasən, qəbul edilmiş dövlət proqramının əsas məqsədi dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi, dilçilik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dilimizin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsidir.
Kitab jurnalistlər, dilçi alimlər, eləcə də natiqlik sənəti ilə maraqlanan oxucular üçün dəyərli vəsaitdir.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.