Aprelin 9-da A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında XIX əsrdə yaşamış almaniyalı sahibkar Verner fon Simensin “Qafqaz səyahətləri” kitabının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində AMEA-nın nümayəndələri, Milli Məclisin deputatları, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları, KİV təmsilçiləri iştirak etmişlər.
Tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutu elmi şurasının qərarı ilə çap olunmuş kitab haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilən “Qafqaz səyahətləri” kitabı tariximizi öyrənmək üçün xüsusi əhəmiyyəti olan ilk mənbələrin nəşri sahəsində növbəti uğurlu addımdır. Verner fon Simensin qələmindən çıxmış bu qiymətli xatirələr müəllifin şəxsi müşahidələrinə əsaslanır. Kitabın ilk mənbə kimi dəyəri də məhz bundadır. Digər tərəfdən, almaniyalı sahibkarın xatirələri çox aydın şəkildə göstərir ki, XIX əsrdə Gədəbəy təkcə Azərbaycanın deyil, bütün Rusiya imperiyasının əsas metallurgiya mərkəzlərindən biri olmuşdur. Bu baxımdan Verner fon Simensin “Qafqaz səyahətləri” kitabı həm də Azərbaycanda metallurgiyanın inkişaf tarixinə dair qiymətli mənbədir.
Qeyd olunmuşdur ki, kitabda “Qafqaz səyahətləri”nin orijinal variantı və Azərbaycan dilinə tərcüməsi yer almışdır. Verner fon Simensin xatirələrini ana dilimizə həmvətənimiz, Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, sosial elmlər doktoru Azər Babayev tərcümə etmişdir. Layihənin rəhbəri və kitaba “Ön söz”ün müəllifi Y.Mahmudovdur.
Daha sonra kitabın elmi redaktoru və giriş məqaləsinin müəllifi, Milli Məclisin deputatı Sevinc Hüseynovanın “Azərbaycanın Gədəbəy bölgəsinin tarixini öyrənmək üçün ilk qiymətli mənbə” mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, bu il Simens qardaşlarının Azərbaycanda fəaliyyətə başlamasının 150 illiyi tamam olur. Onlar 1864-cü ildə Gədəbəydə yunanlardan mis mədənini alaraq fəaliyyətə başlamışlar.
S.Hüseynova vurğulamışdır ki, bu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan ilə Avropanın inkişaf etmiş ölkələrindən sayılan Almaniya arasında bütün sahələrdə sıx əlaqələr vardır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu əlaqələr hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilmişdir ki, Azərbaycanın, o cümlədən Gədəbəyin əlvan metallurgiyasının dünya miqyaslı sənaye mərkəzinə çevrilməsi işinin zirvəsində XIX əsrdə Almaniyada zirək və bacarıqlı sahibkarlar kimi tanınmış Simens qardaşları dayanmışlar. Onlardan biri - Verner fon Simens elm və istehsalat sahəsində bir çox yeniliklərin müəllifi, həmçinin Gədəbəydə, eləcə də ölkəmizin ərazisində aparılmış ilk arxeoloji axtarış və qazıntı işlərinin təşəbbüskarlarından biri olmuşdur. S.Hüseynova vurğulamışdır ki, hər yeni qaynağın, materialın elmi dövriyyəyə daxil olması ölkəmizin, o cümlədən Gədəbəyin tarixinin daha dərindən öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Tədbirdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempel “Azərbaycan-Almaniya əlaqələri: tarixi keçmiş, müasir dövr, perspektivlər” mövzusunda məruzə ilə çıxış etmişdir. İki ölkə arasında münasibətlərin, xüsusilə böyük tarixə malik iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini bildirən diplomat demişdir ki, hazırda Almaniya Azərbaycanın iqtisadiyyatının şaxələnməsində iştirak edir. Bu gün Azərbaycanda 170-dən çox alman şirkəti fəaliyyət göstərir. “Siemens” şirkətinin Azərbaycanda nümayəndəliyi vardır. Digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edən xanım Haydrun Tempel bildirmişdir ki, Almaniya hökuməti Azərbaycan ilə əlaqələrin inkişafına böyük diqqət göstərir.
Ölkələrimiz arasında tarixi əlaqələri əks etdirən nəşrlərin sayının çox olmasını arzulayan almaniyalı diplomat kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirmişdir.
AMEA Tarix İnstitutunun əməkdaşı Hacı Həsənov, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov və digər çıxış edənlər Almaniya – Azərbaycan iqtisadi əlaqələrinin tarixindən, kitabın məziyyətlərindən danışmış, nəşrin tarixçilər və tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğulamışlar. Natiqlər əsl tariximizin araşdırılmasında, gizli səhifələrin üzə çıxarılmasında böyük əhəmiyyəti olan belə layihələrin gələcəkdə də davam etdirilməsini arzulamışlar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.