AMEA Mərkəzi Elmi Kitabxanası fəaliyyətini
müasir tələblər səviyyəsində qurur
Qlobal informasiya mühitinin ayrılmaz tərkib hissəsi olan dünya, o cümlədən Azərbaycan kitabxanaları son dövrlərdə informasiya-kommunıkasıya texnologiyalarından istifadə etməklə elektronlaşdırılır və gələcəyə hesablanmış addımlar atır. Respublikamızda da belə kıtabxanalar var və onların fəaliyyəti dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunur. Belə kitabxanalardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasıdır. Həmsöhbətimiz bu günlərdə yenidən 5 il müddətinə həmin kitabxananın direktoru təyin olunmuş, tanınmış folklorşünas, kitabxanaşünas-alim, Amerıka Kitabxana Assosiasiyasının üzvü, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
– Aybəniz xanım, bir neçə ay bundan öncə Azərbaycan Respublikasında kıtabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının müddəti başa çatdı. Bu baxımdan AMEA Mərkəzi Elmi Kitabxanasının fəaliyyətini necə qiymətləndirmək olar?
– Ötən il kitabxana işinin inkişafını nəzərdə tutan Dövlət Proqramından irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsi, o cümlədən bəzi tədbirlərin başlanması üçün son il idi. Əminliklə deyə bilərəm ki, Azərbaycan kıtabxanaları möhtərəm Prezıdentimiz cənab İlham Əliyevin bu dövlət sənədi vasitəsilə qarşıya qoyduğu tapşırıqları layiqincə yerinə yetirib. Proqramdan irəli gələn məsələləri şərti olaraq 2 qrupa bölmək olar: onların bir hissəsi cari əhəmiyyət daşıyırdı. Məsələn, kitabxanaların təmiri, kitabxanaçılara peşə mükafatlarının verilməsi və s. İkinci qrup məsələlər isə sırf gələcəyə hesablanmış tədbirlər idi. Elektron kitabxanaların, elektron kataloqların yaradılması, yeni kitabxana binalarının inşası, daşınan mədəni irsin elektronlaşdırılaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılması, beynəlxalq əlaqələrin genişləndırilməsi və s. Eləcə də Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədilə kitabxana fondlarının ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi də məhz perspektiv əhəmiyyətli tədbirlər sırasındadır. Məsələn, ötən il kitabxananın fonduna ölkəşünaslığa və diyarşünaslığa dair 3052 nüsxə ədəbiyyat daxil olub. Bunu kifayət qədər yaxşı göstərici hesab etmək olar.
Yeri gəlmişkən, keçən il biz Dövlət Proqramına uyğun olaraq başqa tədbirlər də həyata keçirmişik. Belə ki, “Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında” adlı kitab nəşr olunub, beynəlxalq kitabxana standartlarının tərcüməsi və onların əsasında milli kitabxana standartlarının hazırlanması üzrə müvafiq təkliflərimiz Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və M.F.Axundov adına Milli Kitabxanaya təqdim edilib, kitabxana-informasiya sahəsinə və kitabxanaşünaslığa dair elmi araşdırmaların aparılması nəticəsində A.Xələfovun “Kitabxanaşünaslığın müasir problemləri”, “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 90 il elm və mədəniyyətin xidmətində”, G.Əliyevanın “Azərbaycan Füzuli araşdırmaçılığı”, “Türk təsəvvüf fəlsəfəsi”, C.Cəfərovun “Kitabxana-informasiya xidmətində elektron kataloq”, K.Məmmədovanın “Kitabxanalarda marketinq və fandrayzinq fəaliyyəti” adlı kitabları, “AMEA Mərkəzi Elmi Kitabxanasının elmi əsərləri”, “Georg Xazainin Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında saxlanılan şəxsi kolleksiyasının kataloqu” və s. işıq üzü görüb. Bundan başqa, ötən il kitabxanada “Azərbaycan milli ideologiyasının biblioqrafik informasiya təminatının müasir vəziyyəti”, “Elmin informasiya təminatında bibliometrıyanın tətbiqi problemləri”, “Cəmiyyətdə informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların iştirakı”, “Azərbaycanda neft üzrə informasiya resursları: inkişaf istiqamətləri və perspektivləri”, “AMEA Mərkəzi Elmi Kitabxanasının informasiya fəaliyyətinin menecment problemləri”, “AMEA Mərkəzi Elmi Kitabxanasında innovativ siyasət: məqsədi, mərhələləri, inkişaf perspektivləri” mövzularında elmi-tədqiqat işləri aparılıb, nəticədə elmi məruzələr və məqalələr hazırlanıb.
Onu da deyim ki, bu proqram qarşıdakı illərdə Azərbaycan kitabxanalarının dınamik inkişafına da xidmət edəcək. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və həmin strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı da milli kitabxanaşünaslıq elminin innovativ inkişafına, elmin informasiya təminatının optimallaşdırılmasına, alim və mütəxəssislərə göstərilən kitabxana-informasiya xidmətinin modernləşdirilməsinə, beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək verəcəkdir.
Biz ötən il, həm adını çəkdiyim sənədlərlə, həm də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı təkliflərimizi AMEA-nın Rəyasət Heyətinə təqdim etmişik və bu istiqamətdə öhdəmizə düşən vəzifələrin yerinə yetirilməsinə hazır olduğumuzu nümayiş etdirmişik.
– Müasir dövrdə kitabxanaların qarşısında duran əsas problemlər komplektləşdirmənin tamamlanmaması və oxucu qıtlığıdır. Sizcə, bu problemlərdən çıxış yolu varmı?
– Bu problemlər bütün kitabxanalarda var. Düşünürəm ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə oxucuların ənənəvi kitaba sadiq qalması müşkül məsələdir. Bizim oxucumuz olan gənc alimlər istəyirlər ki, bütün xidmətlər elektronlaşsın. Bütün bu tələblər, istəklər obyektiv xarakter daşıyır və biz də onları normal qarşılayırıq. Elə buna görədir ki, qüvvəmizin böyük bir hissəsini məhz bu prosesə yönəltmişik.
Məsələn, ötən il kitabxanamızda internet vasitəsilə 447 mindən artıq elektron nəşr, elektron elmi jurnal oxuculara təqdim olunub. İnternetdən istifadə edərək, müvafiq mövzular üzrə axtarış aparmaqda, elmi mənbələri araşdırmaqda, dünya kitabxanaları ilə elmi kommunikasiyalar yaratmaqda 2039 oxucuya yardım göstərilib. Ümumi oxucularımızın sayı 54065 nəfər, davamiyyət 720414, kitab verilişi isə 988271 nüsxə ədəbiyyat olub. 50000-dən artıq ənənəvi kataloq elektronlaşdırılıb, 659 adda yeni ədəbiyyat CD-lərdə əldə edilib və elektron kitabxanaya yerləşdirilib.
AMEA-nın şəbəkə kitabxanalarında elektron kataloqun yaradılması məqsədilə Neft-Kimya Prosesləri İnstitutunda “İRBİS-64” proqram təminatı quraşdırılıb. Kibernetika İnstitutunun, Ədəbiyyat İnstitutunun, Fəlsəfə və Hüquq İnstitutunun, Şəki Regional Elmi Mərkəzinin elektron kataloqunun monitorinqi keçirilib.
Elektron kitabxananı genişləndirmək məqsədilə fondlardakı qiymətli nəşrlər DriveBook DIY kitab skanerində işlənilib və PDF formatına konvertə olunub. 450 kitab skanerləşdirilib, işlənərək pdf və swf formatlarına keçirilib. Həmçinin, elektron daşıyıcılarda yeni daxil olan 300 avtoreferat və 50 kitab pdf formatına konvertə edilib, kitabxananın veb saytında yerləşdirilib. “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” məlumat bazası respublikanın və dünyanın rəqəmsal irs fondlarına daxil edilib. “Azərbaycanşünaslıq” Elektron İnformasiya Mərkəzinin sənəd massivi xeyli genişləndirilib və bu bazaya 16970-dən çox yeni sənəd əlavə olunub.
Bundan başqa, “Azərbaycanda elm və mədəniyyət” elektron biblioqrafik kartotekasına 12880-dən çox material daxil edilib. Azərbaycanın milli-mədəni irsinin mühafizəsi və gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycanın kitab abidələri” adlı məlumat bazasının yaradılması işi daha da genişləndirilib. “Nizami aforistikası” elektron məlumat bazası yaradılıb, “Azərbaycanda neft” elektron biblioqrafik göstəricisinin hazırlanması (1992-2010-cu illər) işi davam etdirilib. Ən əsası isə Mərkəzi Elmi Kitabxananın saytının modernləşdirilməsi üçün zəruri addımlar atılıb. Yeni saytın payıza qədər hazırlanması nəzərdə tutulur. Kitabxananın saytı bundan sonra ən müasir texniki imkanlarla, portal səviyyəsində, yeniləşmiş formada oxuculara xidmət göstərəcək.
Bütün bu sadaladıqlarım məhz yeni düşüncəli, texnoloji yeniliklərdən bəhrələnmək arzusunda olan oxucularımız üçün nəzərdə tutulub. Amma bununla bərabər, biz ənənəvi kitabxana-biblioqrafiya proseslərini də davam etdirməliyik. Çünki ənənəvi xidmətin istehlakçısı olan oxucuların tamamilə yeni tipli oxucularla əvəzlənməsi prosesi birdən-birə baş verə bilməz və bunun üçün nəsillərin dəyişməsi gərəkdir. Bu mənada, ənənəvi kitaba olan ehtiyac hələlik üstünlük təşkil edir. Və sizin də qeyd etdiyiniz kimi, kitabxana üçün ənənəvi kitabı əldə etmək günü-gündən qəlizləşir. Bunun başlıca səbəbi nəşriyyat-kitabxana əlaqələrinin düzgün qurulmamasıdır. Heç də bütün nəşriyyatlarımız “Kitabxana işi haqqında” Qanuna müvafiq olaraq elmi ədəbiyyatın 2 nüsxəsini məcburi qaydada kitabxanamıza göndərmir. Buna baxmayaraq, biz komplektləşdirmə sahəsində respublikada aparıcı müəssisə olaraq qalırıq. Təkcə ötən il kitabxanamız 25000-ə yaxın elmi ədəbiyyatın komplektləşdirilməsinə nail olub. Məsələn, Rusiyadan əldə etdiyimiz soraq-məlumat xarakterli 60 cildlik “Nobel ensiklopediyası” bu işin miqyasından xəbər verir. Həmçinin, Azərbaycan MEA-nın şəbəkə kitabxanalarında 3458 nüsxə ədəbiyyat komplektləşdirilib. Bu, onu göstərir ki, kitabxananın fəaliyyəti doğru qurularsa, komplektləşdirmə sahəsində bir çox problemləri aradan qaldırmaq olar.
– Bilirik ki, Mərkəzi Elmi Kitabxana respublikada elmi-tədqiqat institutu statusuna malik ilk və yeganə kitabxanadır. Elmi fəaliyyət aparmaq ənənəvi kitabxanaçılıq xidmətlərinin göstərilməsinə necə təsir edir?
– Əlbəttə, bu statusun həm məsuliyyəti, həm də müsbət tərəfləri çoxdur. Artıq 10 ildir ki, kitabxanamızda elmi-tədqiqat işləri aparılır. Mərkəzi Elmi Kitabxananın əvvəllər də apardığı işlər özlüyündə elmi tədqiqatın bir hissəsi idi. Alimlərin elmi informasiya təminatı dəqiqlik, elmilik tələb edən çox çətin bir prosesdir. Ulu öndərimiz Heydər Əliyev bu vəziyyəti çox incəliklə hiss edərək 2003-cü ildə kitabxanamıza elmi-tədqiqat institutu statusu verdi. Bu, bizə imkan verdi ki, fəaliyyətimizin elmi-nəzəri əsaslarını yaradaq, möhkəmləndirək və tədrislə məşğul olaraq yüksək ixtisaslı, elmi dərəcəli kadrlar yetişdirək. Bunun nətıcəsində biz hər il onlarca elmi iş apara bilirik. Məsələn, ötən il 13 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu üzrə 59 elmi iş yerinə yetirmişik.
Həmçinin, bu status bizə imkan yaradır ki, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində kadr potensialımızı gücləndirək. Diqqət yetirin, Mərkəzi Elmi Kitabxanada çalışan 140 mütəxəssisdən 4 nəfəri elmlər doktoru, 13 nəfəri isə fəlsəfə doktorudur. Onların bir çoxu məhz kitabxananın yetişdirdiyi kadrlardır. Hazırda kitabxanada 7 doktorant və 12 dissertant kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın, kitabşünaslığın ən mühüm problem və məsələləri üzrə elmi-tədqiqat işləri aparır. Eləcə də Mərkəzi Elmi Kitabxana Bakı Dövlət Universitetində kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsi üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi bazasıdır.
Mərkəzi Elmi Kitabxanada kitabxana-biblioqrafiya prosesləri elmi fəaliyyətlə sinkretik vəhdətdə inkişaf etdiyindən bu sahədə heç bir problemimiz yoxdur. Bunun bir nəticəsi də budur ki, respublika üzrə “Kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiya” üzrə elmi problem şurası məhz Mərkəzi Elmi Kitabxanada fəaliyyət göstərir.
– Görünür, bütün bu elmi-tədqiqatların sanballı nəşriyyat fəaliyyəti ilə tamamlanması, müxtəlif elmi nəşrlərdə əks olunması zərurəti qaçılmazdır.
– Tamamilə haqlısınız. Elə buna görədir ki, elmi nəşrlərimizin sayı və keyfiyyəti günü-gündən artır. Kitabxanada az qala böyük bir nəşriyyat qədər nəşriyyat-redaksiya fəaliyyət göstərir. Məsələn, təkcə 2013-cü ildə kitabxanada 275 çap vərəqi həcmində 18 kitab nəşr edilib.
– Bəs aparılan bu elmi tədqiqatların, nəşr olunan əsərlərin ictimailəşdirilməsini necə həyata keçirirsiniz?
– Bu işdə kütləvi informasiya vasitələrinin köməyindən bəhrələnməyə çalışırıq. Amma əsas ağırlıq təşkil etdiyimiz elmi və elmi-kütləvi tədbirlərin, sərgilərin üzərinə düşür. Təkcə 2013-cü ildə Mərkəzi Elmi Kitabxanada və AMEA şəbəkə kitabxanalarında elmi mövzulara, yeni alınmış ədəbiyyata, respublikanın tarixi hadisələrinə, əlamətdar günlərə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin, ədiblərin yubileylərinə həsr olunmuş 132 sərgi təşkil edilib. Bu isə, ilboyu həftədə 2 sərgi təşkil etməyə bərabərdir. Məsələn, keçən il Prezident İlham Əliyevin “Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən həm şairənin özü, həm də onun müasirləri olmuş Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığına həsr edilmiş fundamental ənənəvi və virtual sərgi keçirilib, M.Gəncəvinin irsini əks etdirən elektron məlumat bazası hazırlanıb. “Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncama əsasən isə “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” adlı 2 cildli elmi-biblioqrafik göstəricisinin I cildi və “AMEA Mərkəzi Elmi Kitabxanasının elmi əsərləri”nin 13-cü buraxılışı çapdan çıxıb. Yubileyə həsr olunmuş “Azərbaycanşünaslığın müasir problemləri” mövzulu IV Beynəlxalq elmi konfransın materiallarında kitabxananın əməkdaşlarının məqalələri dərc edilib, il ərzində “Azərbaycan dövlətçiliyinin memarı-Heydər Əliyev” mövzusunda sərgi nümayiş olunub. 2013-cü ilin aprel-may aylarında kitabxanamız Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirlıyində, Təhsil Nazirliyində, Daxili İşlər Nazirliyində, Fövqəladə Hallar Nazirlıyində, Ədliyyə Nazirliyində, Vergilər Nazirliyində, Dövlət Gömrük Komitəsində, Dövlət Miqrasiya Xidmətində “Heydər Əliyev irsi və onun tədqiqi” mövzusunda silsilə şəklində ənənəvi və virtual sərgilər keçirib. Bu səyyar sərgilərdə ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasəti, əzmkar fəaliyyəti, bənzərsiz və yenilməz diplomatiyası sayəsində ölkədə siyasi sabitliyin tam bərpası, dövlət quruculuğu, iqtisadi, sosial-siyasi və mədəni sahələrdə əsaslı islahatları əks etdirən 1000-dən çox ədəbiyyat nümayiş etdirilib, ulu öndərə həsr olunmuş filmlər nümayiş olunub.
Bundan başqa, ötən il “Qloballaşma prosesləri və Azərbaycan elmi”, Prezıdent İlham Əliyevin son on ildəki uğurlu fəaliyyətinə həsr olunmuş “Böyük yolun davamçısı”, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş “Elmin və ləyaqətin zirvəsində”, “Ənvər Məmmədxanlı-100”, “Firudin Köçərli-150”, Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş “Əlimərdan bəy Topçubaşov və məfkurə mücadilələri”, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illik yubıleyınə həsr olunmuş “Azərbaycan teatrının inkişaf yolu”, “Akademik Rəhim Rəhimov-90”, “Akademik Əhməd Mahmudov-90”, “Gələcəyə baxış. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri”, “Müasir Azərbaycan incəsənəti”; “Azərbaycanda xalçaçılıq sənəti” və s. tematikalı yubiley və mövzu sərgiləri keçirilib.
2013-cü ildə kitabxanada tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlərin də sayı kifayət qədər olub. Belə ki, 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Müstəqillik uğrunda mübarizə”, Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “XX əsrin ən böyük faciəsi – Xocalı soyqırımı", beynəlxalq qadınlar günü münasibətilə “Azərbaycanın alim qadınları”, 1918-ci ilin mart soyqırımının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan xalqının soyqırımı”, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti-95” və s. mövzulu sərgilər və tədbirlər keçirilib.
– Aybəniz xanım, istərdik ki, iştirak etdiyiniz layihələr və beynəlxalq əlaqələr barədə də oxucularımıza məlumat verəsiniz.
– Keçən il Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2-ci məqsədli birgə İKT qrant müsabiqəsində “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihə və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən keçirilən 4-cü qrant müsabiqəsində “Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı” adlı layihələrimiz qalib olub.
Beynəlxalq əlaqələrimizə gəlincə, məlumat üçün deyim ki, hazırda kitabxana dünyanın 72 dövlətinin 585 təşkilatı ilə əlaqə saxlayaraq, ədəbiyyat və informasiya mübadiləsi aparır. Hər il beynəlxalq kitab mübadiləsi vasitəsilə 3-4 min ədəbiyyat alınır və xaricə təxminən eyni sayda ədəbiyyat göndərilir. Vaxtaşırı Mərkəzi Elmi Kitabxana bir sıra ölkələrin nümayəndələrini qəbul edir və həmçinin əməkdaşlarımız kitabxanaşünaslıq üzrə beynəlxalq tədbirlərə qatılırlar. Beynəlxalq əməkdaşlıq bizim üçün prioritetlərdən biridir və ümid edirəm ki, kitabxanamızın həm beynəlxalq, həm də milli elmi mühitdəki uğurları bundan sonra da davam edəcək.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.