Yeni kitablar

"İrəvan xanlığı"
Yaxud, dövlətçilik tariximizə dair daha bir sanballı əsər
Ermənilər Cənubi Qafqazda nə vaxt və kimlərin himayəsində yerləşdirilib? Bu və ya digər sualların əhatəli və elmi cəhətdən əsaslandırılmış cavabı "İrəvan xanlığı" əsərində.
Azərbaycan xalqı ona məxsus olan bir çox dəyərlər üçün qürur hissi keçirə bilər. Bu dəyərlərdən biri də qədim və zəngin tariximizdir. Dünyanın bir sıra xalqlarının, xüsusən də bədnam qonşularımızın daim qısqanclıqla yanaşdığı, paxıllığını çəkdiyi, həsəd apardığı belə bir tarix üçün həqiqətən fəxr etməyə, qürur hissi keçirməyə dəyər. Söhbət Azərbaycanın ən azı 2000000 illik tarixindən gedir. Bu tarixin araşdırılaraq, tədqiq olunaraq və nəhayət, yazılaraq bütün dünyaya bəyan edilməsi və dünya elminin də onu birmənalı şəkildə qəbul etməsi, əlbəttə ki, Azərbaycan tarix elminin çox böyük uğurudur. Bu, Azərbaycanın tarixçi alimlərinin, arxeoloqlarının zəkasının və gərgin zəhmətinin bəhrəsidir.
Deyilənə görə, ötən əsrin 50-ci illərinin əvvəllərində Səməd Vurğun Elmlər Akademiyasının vitse-prezidenti olarkən tarixçi alimlərimizin birinin qarşısını kəsərək ona belə bir sual verib:
- Sən mənə de görüm, bu millətin, bu məmləkətin heç olmasa 4-5 min illik tarixi olar?!
O vaxtdan haradasa, 60 il ötüb. Təzada bir baxın, 60 il bundan əvvəl 4-5 min illik tarix hətta akademik Səməd Vurğun üçün də ən yaxşı halda xoş bir arzu idi. Bu gün Azərbaycanın qədim sivilizasiya beşiyi, azərbaycanlıların isə qədimdən qədim olan mədəniyyətin daşıyıcısı olan bir xalq olduğu dünyada artıq hər kəsə bəllidir. Axı, belə bir qədim və zəngin tarix üçün necə də qürur hissi keçirməyəsən?! Əlbəttə, bu tarixi böyük sevgi və əzmkarlıq hissi ilə öyrənərək, yazaraq ortaya qoyan tarixçi alimlərimizin ünvanına nə qədər xoş sözlər deyilsə, yenə də azdır.
Məmnunluq hissi ilə bildirməliyəm ki, son vaxtlar tariximizin bir sıra aktual problemlərinin daha dərindən, həm də kompleks şəkildə araşdırılaraq yenidən yazılması istiqamətində çox ciddi və sistemli iş aparılmaqdadır. Bu cəhətdən AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərlik etdiyi Tarix İnstitutu tərəfindən görülən işləri, bir-birinin ardınca nəşr olunan çox sanballı əsərləri xüsusi qeyd etmək istərdim. Xatırladaq ki, Tarix İnstitutunun bu sahədəki müsbət işi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanda ictimai və humanitar elmlərin vəziyyətinə dair bir neçə ay öncə mətbuatda dərc olunan fundamental məqaləsində də ayrıca qeyd olunmuşdu. Bəli, Tarix İnstitutu tərəfindən son illər hazırlanaraq kifayət qədər yüksək poliqrafik səviyyədə nəşr olunan bu əsərlərin hər biri, bütövlükdə elmimizə yeni töhfə kimi dəyərləndirilməlidir. Tam məsuliyyətlə deyirəm bu əsərlərin hər biri Azərbaycan oxucusunun stolüstü kitabı olmağa layiqdir. Sadəcə, tirajının məhdudluğu və bir sıra digər amillər ucbatından bu, praktiki cəhətdən qeyri-mümkündür. Belə olan halda mətbuat, radio və televiziya vasitəsilə həmin əsərlərin məziyyətləri, onların elmi və siyasi əhəmiyyəti barədə geniş ictimaiyyətə kifayət qədər dolğun məlumat çatdırılması barədə düşünmək gərəkdir. Mən bu baxımdan "İrəvan xanlığı" əsəri üzərində ayrıca dayanmaq istərdim. Elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov olan bu əsər müəlliflər heyəti tərəfindən ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunub. Əsər Prezident İlham Əliyevin İrəvan xanlığına dair aşağıdakı fikri ilə açılır: "İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda məhz Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır".
Nadir şahın yaratdığı Əfşar imperiyasının süqutundan sonra meydana gələn Azərbaycan dövlətlərindən biri olan və 81 il (1747-1828-ci illər) yaşayan İrəvan xanlığının tarixindən bəhs edən bu əsər AMEA-nın müxbir üzvü Y. Mahmudovun "Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir" adlı "Ön söz"lə başlayır və yenə də onun "Vətən torpağından pay verənlər vətənsiz qalar" adlı "Son söz əvəzi" ilə bitir. Əsər İrəvan xanlığı tarixinin, demək olar ki, bütün məqamları barədə oxucuya kifayət qədər dolğun məlumat verən 10 bölmədən ibarətdir. Qısaca olaraq bildirim ki, İrəvan xanlığının Azərbaycanın dövlətçilik tarixinin tərkib hissəsi kimi təqdim olunan bu əsərdə, həmçinin xanlığın əhalisi, sosial-iqtisadi durumu, sərhədləri, inzibati bölgü və idarəçilik sistemi, mədəniyyət, xarici siyasət və digər məsələlər barədə də zəngin məlumat toplanıb. Əsərdə Rusiya imperiyası və Qacarlar dövləti tərəfindən İrəvan xanlığına qarşı həyata keçirilən işğalçılıq siyasəti, bunun ardınca İran və Osmanlı ərazisindən ermənilərin kütləvi şəkildə köçürülərək İrəvan xanlığı ərazisində yerləşdirilməsi tarixi faktlar, inkarolunmaz dəlil və sübutlarla oxucuya təqdim olunur. Kitabın "Ön söz"ündə oxuyuruq: "... İrəvan xanlığının tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir... Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri idi... İrəvan xanlığının ərazisində tarix boyu Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri - kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr-qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları - toponimlər Azərbaycan xalqına məxsus idi. Hansı ki, bu inkarolunmaz həqiqəti hətta erməni mənbələrinin özü də təsdiq edir..."
Bütün bunlar faktlara, həqiqətlərə əsaslanan danılmaz tarixdir. Hansı ki, ermənilər uzun illərdir bu tarixi təhrif edir, bilərəkdən, məqsədli surətdə saxtalaşdırır, bu yolla da özlərinə süni tarix "yaradırlar". Amma nəzərə almırlar ki, "cidanı cuvalda gizlətmək olmaz". Atalar elə-belə deməyib: Yalan ayaq tutar, amma yeriməz.
Tarixdən bəlli olduğu kimi, 1826-cı ildə başlanan Rusiya-İran müharibəsi 1828-ci il Türkmənçay sülh müqaviləsi ilə başa çatdı. Həmin sülh müqaviləsinə görə, əzəli Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqları Rusiyaya verildi. "İrəvan xanlığı" əsərinin "Ön söz"ündə deyildiyi kimi, Türkmənçay müqaviləsinin mətnində heç yerdə "Ermənistan" sözü yoxdur və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda "Ermənistan" adı ilə tanınan ərazi və ya dövlət yox idi. Bu isə o deməkdir ki, indi Ermənistan ərazisi kimi tanınan torpaqlar 1828-ci ilədək bütünlüklə Azərbaycan türklərinə məxsus ərazi olub.
Qafqaz tarixən narahat region olub. Ermənilər buraya köçürüləndən sonra regionda vəziyyət daha da qəlizləşib. Onlar Qafqazın yerli-aborigen əhalisi üçün, sözün əsl mənasında, baş ağrısına çevrilib. Rəsmi statistikaya görə, təkcə 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni cəmi üç ay yarım müddətdə İrandan Şimali Azərbaycana, - İrəvan, Naxçıvan və Qarabağ ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40000 nəfər erməni köçürülüb. Bunun ardınca daha 90000 erməni Osmanlı ərazilərindən gətirilərək Azərbaycanda məskunlaşdırılıb. Rus alimi N. Şavrov hələ 1911-ci ildə görün nə yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali deyil və buraya bizim tərəfimizdən köçürülmüşdür". "İrəvan xanlığı" əsərində qeyd olunduğu kimi, ermənilər Azərbaycan torpaqlarına məqsədli surətdə, daha doğrusu, onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülüb. Məsələn, İrandan ermənilərin Şimali Azərbaycana köçürülməsi işinə bilavasitə rəhbərlik edən Rusiya ordusunun polkovniki, mənşəcə erməni olan Qazaros Lazoryanın ermənilərə müraciətində deyilirdi: "Orada (yəni Şimali Azərbaycanda - Q.C.) siz xristianların məskunlaşdığı yeni vətən əldə edəcəksiniz... İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların (yəni ermənilərin) bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik".
Rusların himayəsi ilə ermənilər, bax beləcə İrəvana, Zəngəzura və Qarabağa doluşdular. 1828-ci il mart ayının 21-də azərbaycanlılar Novruz bayramını qeyd etdiyi bir vaxtda imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və onların yerində İran və Türkiyədən köçüb gəlməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Halbuki, həmin vilayətdə mövcud olan 1125 kəndin 1111-də ancaq azərbaycanlılar yaşayırdı. Bu, çar Rusiyası tərəfindən Qafqazda erməni dövləti yaratmaq planlarını reallaşdırmaq istiqamətində atılan növbəti addım idi.
Ermənilərin yerləşdirildiyi yeni ərazilərdə xalqımıza məxsus dövlətçilik ənənələrini məhv etmək məqsədi ilə 1840-cı ildə qondarma "Erməni vilayəti" ləğv edilərək onun yerində İrəvan, Yeni Bayazid, Cümrü və Sürməli qəzaları, 1849-cu ildə isə İrəvan quberniyası yaradıldı. Nəhayət, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cumhuriyyəti hökuməti böyük dövlətlərin təzyiqi ilə Azərbaycan xalqının iradəsinin ziddinə olaraq İrəvan şəhəri də daxil olmaqla 9,5 min kvadrat kilometrlik ərazidə erməni dövləti yaradılmasına razılıq verdi. 92 il bundan öncə Qafqazda erməni dövləti - indiki Ermənistan bax beləcə yaradıldı. Qoy, hamı bilsin ki, o vaxtadək ermənilərin Cənubi Qafqazda nə mülkü olub, nə də dövləti.
Əsl tarix həmişə faktlara, dəlil və sübutlara, onları özündə əks etdirən sənədlərə əsaslanır. "İrəvan xanlığı" əsərinin müəllifləri də bu məntiqdən çıxış edərək dövrün iqtisadi, siyasi, hüquqi, etnik, mədəni və demoqrafik reallıqlarını özündə əks etdirən bir sıra qiymətli arxiv sənədlərinin əslini taparaq məhz onlara istinad etmişlər. Hansı ki, bütün bunlar əsərin elmi dəyərini daha da artırmaqla yanaşı, həm də erməni saxtakarlıqlarının qəti olaraq ifşa olunması üçün çox vacibdir. Diqqət edin, erməni yalanlarını ifşa edən bu sənədlərin bir çoxunu azərbaycanlılar tərtib etməyiblər. Onların altında rus, yaxud da erməni alimləri, hərbçiləri, iqtisadçıları imza atıblar.
Xatırladaq ki, ermənilər tərəfindən tarixi saxtalaşdırmaq xətti həmişə dövlət siyasətinin tərkib hissəsi olub. Təsəvvür edin , müxtəlif illərdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə azəri türklərinə məxsus 667 yer adı dəyişdirilərək erməniləşdirilib. Rəsmi sənədlər əsasında müəyyən edilmişdir ki, 1918-ci ildən 1987-ci ilədək olan 69 il ərzində Ermənistan hökuməti tərəfindən vaxtı ilə İrəvan xanlığı ərazisində mövcud olmuş Azərbaycan-türk mənşəli 254 yaşayış məntəqəsinin adı ləğv olunaraq bütün siyahılardan çıxarılıb. Professor Yaqub Mahmudovun təbirincə desək, "erməni millətçilərinin indiki Ermənistan (tarixi Qərbi Azərbaycan - Q.C.) ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində on minlərlə tarixi adlar dəyişdirilərək erməniləşdirilmişdir".
Əziz oxucu, son 182 il ərzində bilavasitə Rusiyanın himayəsi ilə ermənilərin İrandan və Osmanlı ərazisindən Cənubi Qafqaza köçürülməsi, onların tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması, İrəvan xanlığının yerində əvvəlcə Erməni vilayəti, sonra İrəvan, Cümrü, Yeni Bayazid, Sürməli qəzaları, daha sonra İrəvan quberniyası və nəhayət, Ermənistan Respublikası adı altında qondarma siyasi qurumların yaradılması tarixini olduğu kimi öyrənmək istəyirsinizsə, o zaman rəsmi sənədlər, təkzibolunmaz dəlil və sübutlar əsasında yazılmış "İrəvan xanlığı" əsərini oxuyun! Bu, sözün əsl mənasında, yüksək peşəkar səviyyədə yazılmış çox sanballı bir elmi tədqiqat əsəridir. Burada tariximizlə bağlı erməni yalanları, erməni saxtakarlıqları bütunluklə, həm də tam çılpaqlığı ilə açılaraq ifşa edilmişdir. İnanın, bu əsəri həyəcansız oxumaq qeyri-mümkündür.
Peşəkar tarixçi kimi deyə bilərəm ki, ən azı düşmənimizin kimliyini və zaman-zaman kimlərin qucağında oturduğunu bilmək, onun nə dərəcədə saxtakar, hiyləgər və riyakar olduğunu anlamaq baxımından "İrəvan xanlığı" əsəri hər birimizin daimi stolüstü kitabı olmağa layiqdir. Hesab edirəm ki, bu əsəri yazanların, onun Azərbaycan, rus və ingilis dillərində nəşrinə yardımçı olan insanların ünvanına nə qədər xoş söz deyilsə, yenə də azdır.
"İrəvan xanlığı" kimi çox gərəkli və sanballı bir əsərin Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində də nəşr olunması, əlbəttə ki, təqdirəlayiq haldır. Amma təəssüflə bildirməliyəm ki, əsərin tirajı onun nəinki xaricdə, hətta Azərbaycanın özündə belə geniş yayılması üçün yetərli deyil. Əslində, "İrəvan xanlığı" kitabı müxtəlif dillərdə elə böyük tirajla çap olunmalıdır ki, onu həm Azərbaycanda, həm də xaricdə hər kəs əldə edib oxuya bilsin. Buna bizim ehtiyacımız var. Bu, erməni xislətini dünyaya tanıtmaq baxımından çox vacibdir. Yəni, ermənilərin yalanlarını və saxtakarlıqlarını ifşa etmək üçün ilk növbədə biz öz həqiqətlərimizi ortaya qoymalıyıq. Bununla da biz Qarabağ məsələsində ikili standartlardan çıxış edənləri, ermənilərin dövlət siyasətinə çevirdikləri terror və işğala göz yumaraq xristian həmrəyliyi nümayiş etdirilənlərin özünü də fakt qarşısında qoymuş olarıq. Elə isə aidiyyatı dövlət qurumlarımız və imkanlı iş adamlarımız kimi və nəyi gözləyirlər? Mən Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun tarixçi alimlərimiz tərəfindən ərsəyə gətirilən çox vacib əhəmiyyətli əsərlərin çapı ilə bağlı yaşadığı çətin və qayğılı anları dəfələrlə öz gözlərimlə görmüşəm, bu məsələ ilə bağlı silsilə yazılarını oxumuşam, radio və televiziya ilə efirə gedən emosional çıxışlarını dinləmişəm. Axı, insaf da yaxşı şeydir! Məgər yüksək elmi və siyasi səviyyədə yazılan bu kimi əsərlərin müxtəlif dillərdə geniş tirajla nəşr olunması ilə bağlı maliyyə qayğıları barədə də Tarix İnstitutu və onun rəhbərliyi düşünməlidir?!

{nl}

Qafar CƏBİYEV, tarix elmləri doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında