“Bakı qış neft məktəbi” layihəsi tələbələr arasında bilik və təcrübə mübadiləsində əhəmiyyətli rol oynayacaqdır

 

Bakı Ali Neft Məktəbi (BANM) və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilən “Bakı qış neft məktəbi”nin açılış mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən bu ali təhsil ocağının rektoru Elmar Qasımov layihədə Almaniyanın Lüdviq Maksimillian, Berlin Texniki, Leypziq universitetlərindən və digər tanınmış ali məktəblərdən tələbələrin iştirak edəcəyini demişdir.

Bildirilmişdir ki, layihənin məqsədi əcnəbi tələbələr ilə bilik və təcrübələrin inkişaf etdirilməsi, eyni zamanda, qədim tarixə, əsrarəngiz təbiətə malik, Avropanın və regionun enerji təhlükəsizliyi həllində önəmli rol oynayan, artıq dünyanın enerji siyasətinin tərkib hissələrindən biri olan Azərbaycan ilə tanışlıqdır.

BANM-ın fəaliyyət istiqamətləri və perspektiv vəzifələri haqqında məlumat verən rektor qeyd etmişdir ki, bu ali təhsil müəssisəsinin yaranmasının məqsədi ölkəmizin inkişafında rol oynayacaq yüksək ixtisaslı kadrlar yetişdirməkdir.  Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirmişdir ki, bilik və təcrübələrin bölüşməsi, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı baxımından bu cür layihələrin həyata keçirilməsi olduqca vacibdir.

Azərbaycanın neft tarixi haqqında danışan X.Məmmədov qeyd etmişdir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft respublikamızda hasil olunmuş və dənizdə ilk neft ölkəmizdə çıxarılmışdır. Dünyanın neft tarixində azərbaycanlı mütəxəssislərin əvəzolunmaz yeri olmuşdur. Sibirdə, Hindistanda, Braziliyada neft yataqlarının tapılması məhz azərbaycanlı alimlərin adı ilə bağlıdır.

Azərbaycanın enerji siyasəti və artıq transmilli şirkətə çevrilmiş ARDNŞ tərəfindən həyata keçirilən qlobal enerji layihələri haqqında da ətraflı məlumat verilmişdir.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fariz Rzayev Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini demişdir. Bildirilmişdir ki, bu baxımdan insan resurslarının müasir standartlara uyğun şəkildə gücləndirilməsi olduqca önəmli məsələdir. O, Prezident İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında da ətraflı məlumat vermişdir.

Sonra Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru Nikola Ulliş qurumun fəaliyyəti haqqında danışmışdır. Bildirmişdir ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması çox mühüm məsələdir.

N.Ulliş təmsil etdiyi təşkilatın Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında