Böyük Britaniyanın Kembric Universitetində Azərbaycan tədqiqat qrupu yaradılmışdır

 

 

Böyük Britaniyanın Kembric Universitetində Azərbaycan tədqiqat qrupunun açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və amerikalı tədqiqatçı, Rusiya və Avrasiya bölgələri üzrə ekspert Paul A.Goble “Dünya yol ayrıcında: Azərbaycan və Qafqazın geosiyasəti” mövzusunda məruzə ilə çıxış etmişlər.

Əvvəlcə Kembric Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Murad İsmayılov tədqiqat qrupunun fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, qrup mütəmadi olaraq ölkəmizlə bağlı elmi konfranslar və tədbirlər keçirməyi planlaşdırır.

Səfir F.Qurbanov dünyanın ən nüfuzlu və məşhur ali təhsil müəssisələrindən birində Azərbaycan tədqiqat qrupunun fəaliyyətə başlamasını yüksək qiymətləndirmişdir.

F.Qurbanov tarixə nəzər salaraq ölkələrimiz arasındakı münasibətlərin əsasının 1994 və 1998-ci illərdə ümummilli lider Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri ilə qoyulduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin 2004, 2009 və 2012-ci illərdə bu ölkəyə rəsmi səfərləri isə ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə təkan vermişdir. 2013-cü ilin sonlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Krallığa və onun həmkarı Uilyam Heyqin ölkəmizə qarşılıqlı səfərləri son vaxtların əhəmiyyətli siyasi hadisələrindəndir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Qurbanov qeyd etmişdir ki, məsələnin həllinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olmasına, digər beynəlxalq təşkilatların və institutların tutduqları ədalətli mövqeyə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altındadır. Birləşmiş Krallığın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və məsələnin ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri nəticəsində tezliklə həllinin tapmasına dəstək verdiyi bildirilmişdir.

Mədəni və humanitar əlaqələrin inkişafından söz açan azərbaycanlı diplomat Birləşmiş Krallıqda fəaliyyət göstərən diaspor təşkilatlarımızın, o cümlədən Avropa-Azərbaycan, İngiltərə-Azərbaycan cəmiyyətlərinin, müxtəlif universitetlərdə fəaliyyət göstərən tələbə cəmiyyətlərinin və “Azərbaycan Evi”nin bu sahədə gördükləri işlərin təqdirəlayiq olduğunu vurğulamışdır.

İqtisadi əməkdaşlığımızdan bəhs edən səfir xüsusilə Avropanın enerji təhlükəsizliyi sahəsində əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bildirilmişdir ki, hər iki ölkə beynəlxalq səviyyədə ortaq maraqlara sahibdir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra bp aparıcı neft şirkəti kimi Azərbaycanda fəaliyyətini davam etdirir. 2011-ci ildə Britaniya 501 milyon ABŞ dolları məbləğində ticarət dövriyyəsi ilə Azərbaycanın dünyada 15-ci, Avropada isə 4-cü ən böyük ticarət tərəfdaşı olmuşdur.

Azərbaycanda neftlə yanaşı, qeyri-neft sektorunun da inkişafı haqqında məlumat verən diplomat 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edildiyini diqqətə çatdırmışdır.

Təhsil, ticarət və digər sahələrdə inkişaf edən münasibətlərimizdən danışan F.Qurbanov iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Paul A.Goble Cənubi Qafqaz, o cümlədən Azərbaycanın beynəlxalq müstəvidə əhəmiyyətindən danışmışdır. Tədqiqatçı Azərbaycanın Qafqazın təhlükəsizliyində və sabitliyində vacib ölkə olduğunu bildirmişdir. Həm Avropa İttifaqı (Aİ), həm də Birləşmiş Krallıq ilə ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətli olduğunu vurğulayan P.A.Goble Azərbaycanın qısa müddətdə çox böyük və uğurlu inkişaf yolu qət etdiyini diqqətə çatdırmışdır.

“ADA” universitetində işlədiyi müddətdə ölkəmiz haqqında kifayət qədər tədqiqat aparmaq fürsəti əldə etdiyini bildirən P.A.Goble Azərbaycanın inkişafının Avropa standartları səviyyəsində olduğunu qeyd etmişdir. Aİ ilə əməkdaşlığın daha da gücləndirilməsi üçün Azərbaycanın kifayət qədər potensialının olduğu bildirilmişdir. Kənd təsərrüfatı, təhsil, ticarət sahələrində ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran tədqiqatçı digər sahələrdə də əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan hökumətinin diplomatik sahədəki uğurlarına toxunan tədqiqatçı “ictimai diplomatiya” - xüsusilə ölkəmiz haqqında həqiqətlərin, 20 Yanvar və Xocalı faciələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işindəki nailiyyətlərinin təqdirəlayiq olduğunu vurğulamışdır.

P.A.Goble Azərbaycanın Sovet İttifaqı və müstəqillik dövrlərindəki inkişafı arasında müqayisələr aparmış, ölkəmizin hər iki dövrdəki uğurları haqqında iştirakçılara məlumat vermişdir.

Sonda çıxışçılar iştirakçıların suallarını cavablandırmışlar. Mərasimdən sonra qəbul təşkil edilmişdir.

Orxan İSMAYILOV

AzərTAc-ın xüsusi müxbiri

Kembric

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında