Gənc nəslin vətənpərvər ruhda formalaşdırmasında ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gördüyü işlər kəlbəcərli gənclərə Vətənə məhəbbət hisslərini gücləndirtməklə ata-baba yurdlarına dönmək inamlarını artırmışdır.
Kəlbəcər rayon 4 saylı tam orta məktəbi 1993-cü ildən indiyədək Gəncə şəhəri 19 saylı uşaq bağçasının binasında yerləşir. Hazırda məktəbdə 109 nəfər şagird təhsil alır, onların təlim–tərbiyəsi ilə 28 nəfər pedaqoji işçi məşğuldur. Məktəbin 11 sinif otağı, 7 fənn kabineti və laboratoriya, kitabxana və bufet şagirdlərin ixtiyarındadır. Şagirdlər kitabxanada dərsliklərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən latın qrafikası ilə nəşr olunmuş dünya ədəbiyyatı nümunələrindən istifadə edirlər.
Kəlbəcər rayon 4 saylı tam orta məktəbi nailiyyətlərinə görə qabaqcıl məktəblər sırasındadır. Fəaliyyətə başladığı ilk gündən məktəb yüksək göstəricilərlə seçilmişdir.
1993-cü ildən bu günə kimi məktəbi 250 məzun bitirmişdir. Onlar Azərbaycanın, eləcə də qonşu dövlətlərin ali təhsil müəssisələrində təhsil almışlar. Ən yüksək göstəricilər 2005-2013-cü illəri əhatə edir. Bu illərdə 16 nəfər məzun 500-dən yuxarı, bir nəfər isə 600-dən yuxarı bal toplayaraq respublikamızın ali məktəblərə daxil olmuşlar. 2009-cu il məzunlarından Etibar Süleymanzadə 630 balla Azərbaycan İqtisad Universitetinə daxil olmuşdur. 2006-cı il məzunlarından Nicat Qasımov isə hazırda Türkiyədə doktorantura təhsili alır.
Təhsilini başa vurmuş məzunlar ölkənin nüfuzlu idarə və təşkilatlarında işləyirlər. Özəl müəssisələrdə, xarici şirkətlərdə də çalışan xeyli sayda məzun var. Onlar savad və qabiliyyətləri ilə məktəbin və onlara dərs deyən müəllimlərin adını ucaldırlar.
Məcburi köçkün həyatı yaşamasına baxmayaraq, məktəbin müəllimləri dövlətin onlara göstərdiyi etimadı doğrultmağa çalışırlar. Bütün kollektiv çalışır ki, gənc nəsil milli ruhda, əsil vətənpərvər kimi tərbiyə alsın, dövlətimizə layiqli vətəndaş kimi böyüsün.
Keçən tədris ilində məktəbin şagirdləri Fövqəladə Hallar Nazirliyinin keçirdiyi “Cəsurlar” idman yarışında, qərb zonası üzrə keçirilən “Xəmsə” intellektual bilik yarışmasında, rayon üzrə keçirilən şahmat yarışında, eləcə də inşa müsabiqələrində yüksək nəticələr göstərərək fəxri fərman və pul mükafatları ilə təltif olunmuşlar. Hazırda məktəbin hərbi rəhbəri Ş.Məmmədov yeni “Cəsurlar” komandasını yarışlara hazırlaşdırır.
Məktəbin direktoru Afət Mirzəyeva Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. A.Mirzəyeva 1992-2011-ci illərdə 4 saylı tam orta məktəbin riyaziyyat müəllimi, 2011-ci ildən indiyədək direktor vəzifəsində işləyir, YAP üzvüdür. İbtidai sinif müəllimi Ruhəngiz Ağamirova, riyaziyyat müəllimi Vüsal Əhmədov, coğrafiya müəllimi Ədalət Camalov və tarix müəllimi Cavid Bağırov məktəbin qabaqcıl müəllimlərindəndir. Cavid Bağırov 1977-ci ildə Kəlbəcər rayonu Bağlıpəyə kəndində müəllim ailəsində anadan olmuşdur, ali təhsilli tarix müəllimidir, 2001-ci ildən YAP üzvüdür. O, 2000-ci ildən Kəlbəcər rayon 4 saylı tam orta məktəbdə tarix müəllimi işləyir. 2001-ci ildən o həm də Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi, 2008-ci ilin yanvar ayından isə baş müəllim vəzifəsində çalışır. C.Bağırov 2011-ci il oktyabrın 28-də AMEA-nın Arxelogiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasında tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2014-cü il yanvarın 9-da isə Gəncə Dövlət Universitetinin Elmi Şurasında Azərbaycan tarixi kafedrasının dosenti seçilmişdir. Onun indiyədək 22 elmi əsəri müxtəlif məcmuələrdə dərc edilmiş, o cümlədən, 2 kitabı (“XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımı”, Bakı, 2001-ci il və “Difai” Partiyasının yaranması və fəaliyyəti”, Bakı, 2006-cı il) çap olunmuşdur. O, ali məktəblərin tarix ixtisası üçün 4 fənn proqramının müəllifidir. C.Bağırov işlədiyi kollektivin dərin hörmətini qazanmışdır və şagirdlərin vətənpərvər ruhda böyüməsində fəal çalışır.
Bu günlərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovla birlikdə həmin məktəbdə olduq. Məktəbdə tanışlıq zamanı müəllimlər onlara yaradılmış şəraitə, göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər. Məktəbdə olarkən Kəlbəcərin işğaldan əvvəlki kəndlərinin adları yazılmış, rayon haqqında qısa məlumat və xəritənin əks olunduğu stendə baxış keçirildi. Məktəb şagirdlərinin Kəlbəcər haqqında, öz ata-baba yurdları haqqında geniş məlumat almaları üçün lazımi işlər görülür. Rayon icra hakimiyyəti tərəfindən məktəbə “Kəlbəcərin inzibati ərazisi” stendi hədiyyə edilmişdir. Şagirdlərin ərazisi işğal olunmuş rayonlarla bağlı biliklərinin zənginləşdirilməsi və onlarda vətənpərvərik hisslərinin aşılanması məqsədilə bu stendə, həmçinin rayon kəndlərinin adları göstərilmişdir.
Görüşün sonunda bu tədris ocağının kitabxanasına müxtəlif mövzularda, o cümlədən ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı kitablar hədiyyə edilmişdir. Təqdim edilmiş kitablarda, həmçinin tanınmış ziyalıların ədəbi-publistik əsərləri də vardır.
Rüstəm AĞAZADƏ
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.