Görkəmli alim, AMEA-nin prezidenti, Geologiya İnstitutunun direktoru, Azərbaycan Geoloqları Milli Komitəsinin prezidenti, əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Akif Ağamehdi oğlu Əlizadənin 80 yaşı tamam olur.
Akif Əlizadə Bakı şəhərində anadan olmuş, tanınmış həkimlər ailəsində böyümüş, orta məktəbi medalla qurtarmış. Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini əla qiymətlərlə bitirmiş və dağ-mədən mühəndisi ixtisası almışdır. İstehsalatda bir müddət işlədikdən sonra gənc geoloq respublika Elmlər Akademiyasının Geologiya İnstitutuna qəbul olunmuş və gələcək həyatını və fəaliyyətini həmişəlik bu institutla bağlamışdır. Belə ki, o, laborantdan institutun direktoru vəzifəsinə, aspirantdan akademikə qədər görkəmli alim və istedadlı elm təşkilatçısı kimi məzmunlu və çoxşaxəli həyat yolu keçmişdir.
Gənc mütəxəssis – geoloq elmi tədqiqatlarının istiqaməti kimi geologiyanın klassik bölməsi olan paleontologiya və stratiqrafiya sahəsində özünəməxsus zəhmətkeşliklə, məqsədyönlü və inadla işləyir, qədim təbaşir çöküntülərində belimnit adlanan onurğasız canlıların qalıqlarını öyrənir, zəngin heyvanat aləminin elmdə yerini müəyyən edir və öz tədqiqatları ilə Azərbaycanın təbaşir çöküntülərinin regoinal startiqrafiyasına dəyərli yeniliklər gətirir.
1961-ci ildə Akif Əlizadə aspiranturada təhsilini müvəffəqiyyətlə başa çatdırıb namizədlik dissertasiyasını müdafiə edir, 1969-cu ildə isə ona 35 yaşında geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi verilir.
Keçən əsrin 70-ci illərindən başlayaraq, alim Qafqazın təbaşir dövrü hövzələrini yenidən tədqiq edir. Geologiya İnstitutunun elmi-təşkilati məsələlərinə rəhbərlik etdiyi dövrdə gərgin fəaliyyətinə baxmayaraq, Akif Əlizadə, eyni zamanda, geologiya elminin bu sahəsində müvəffəqiyyətlə elmi tədqiqatlarını davam etdirir, paleobiogeokimya məktəbinin yaranması üçün etibarlı zəmin yaradır.
40 il bir müddətdə Akif Əlizadə akademiyanın qocaman elmi müəssisəsi olan Geologiya İnstitutuna rəhbərlik edir və bu institutun çoxsaylı alimlər kollektivinin elmi nailliyyətlərini, bütövlükdə, onun adı ilə bağlamaq olar. Bu illər ərzində Akif Əlizadə Azərbaycan geologiya elminin irəliləməsi istiqamətində daim yeni elmi araşdırmalar axtarışında olmuşdur. Onun təşəbbüsü ilə Geologiya İnstitutu tərəfindən bir sıra xarici elmi mərkəzlərlə, xüsusən də, Ərzurum Universiteti, Türkiyənin TUBİTAK Tədqiqat Mərkəzi, İran İslam Respublikasının Təbriz Geologiya İdarəsi ilə beynəlxalq əlaqələr yaradılmış, dünyanın aparıcı neft kompaniyalarından: “Statoyl”,“Yunokal”, “Amoko”,“Eksson” ilə və kontraktlar bağlamışdır.
Dünya standartlarına cavab verən elmi tədqiqatları yerinə yetirmək məqsədilə akademik Akif Əlizadə təşkilati yenidənqurmalar aparır, elmi tədqiqatların keyfiyyətcə yeni səviyyəyə qalxması məqsədilə müasir analitik eksperimental baza yaradılır. Geologiya elminin, demək olar ki, bütün istiqamətləri – stratiqrafiya, tektonika, filiz və xüsusən də, neft geologiyası və geokimyası müvəffəqiyyətlə inkişaf edir. Həmin illər geofizika sahəsində də tədqiqatlar inkişaf etdirilmişdir. Son 20 ildə institut xarici ölkələrin elmi mərkəzləri, firmalarla kontrakt işləri, qrant layihələri, müştərək tədqiqatlar aparmışdır. 50-dən artıq elmi-tədqiqat hesabatları yerinə yetirilmiş, bir sıra yeni atlaslar və xəritələr hazırlanmışdır.
Akademik Akif Əlizadənin rəhbərliyi altında Geologiya İnstitutunun ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Rusiya, Ukrayna və dünyanın digər ölkələrinin alimləri ilə beynəlxalq elmi əlaqələri illər ötdükcə daha da genişlənir. Uzun illərdir ki, Amerikanın Texnoloji İnstitutu ilə Qafqaz kolliziya zonasının müasir geodinamik vəziyyətinin tədqiqi, Almaniyanın Geologiya Elmləri və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanda Qobustanın daşgil palçıq vulkanından atmosferə çıxan qazların monitorinqi ilə əlaqədar müştərək tədqiqatlar aparılmışdır. Rusiyanın, Qazaxıstanın, Moldovanın, Zaqafqaziya respublikalarının, həmçinin ÇXR-nın geoloji xidmətləri ilə birlikdə Avrasiyanın geoloji məzmunlu xəritələr atlasının tərtib olunması Geologiya İnstitutu tərəfindən yerinə yetirilmişdir.
Son bir neçə ildə institut tərəfindən geologiyanın bütün istiqamətləri üzrə – geofizika, geokimya, neft-qaz yataqlarının işlənməsi kimi fundamental və tətbiqi tədqiqatlar genişləndirilir və təkmilləşdirilir. İldən-ilə layihələrinin sayı artır, onların institut tərəfindən yerinə yetirilməsi çərçivəsində yeni müasir cihazlar və avadanlıqlar əldə edilir. İşlənilən beynəlxalq qrant layihələrinin sayına (70-dən artıq) görə Geologiya İnstitutu Azərbaycanın elmi müəssisələri arasında liderdir. Bundan başqa, ötən illərdə institut tanınmış fondlarla, məsələn, “Soros”, “İNTAS”, “NATO”, “CRDF”, Ukrayna Elmi Fondu, Amerika Milli Elmi Fondu ilə əməkdaşlıq etmişdir.
Akif müəllim elmi nəşrlərin, kitabların, atlasların, xəritələrin tərtib olunmasına da xüsusi diqqət yetirir. Bu nəşrlərdə institutda aparılan tədqiqatların əhəmiyyətli nəticələri öz əksini tapır. Son 10 ildə onun rəhbərliyi və redaksiyası ilə “Azərbaycan geologiyasi”nın 8 cildi hazırlanıb çap edilmişdir. Bu sanballı əsərdə son 50 ildə toplanan faktiki materiallar analiz olunmuşdur. Azərbaycan və Xəzərin Azərbaycan sektorunun 1:500000 miqyaslı yeni geoloji xəritəsi tərtib edilmiş və onlara izahat qeydləri Azərbaycan, rus və ingilis dillərində verilmişdir. İnstitutun 70 illiyi ilə əlaqədar 2008 - ci ildə “Azərbaycan mineralları” ensiklopediyası, “Geoloji elmimizin sifətləri” qeyri - adi fotolar albomu və “Geologiya İnstitutunun 70 illiyi (1938 - 2008)” bukleti də üç dildə nəfis çap olunmuşdur.
İnstitutun 70 illik yubileyi ilə əlaqədar onun 44 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif olundular, bir qismi fəxri adlar, bir qismi də Prezidentin şəxsi təqaüdü aldılar. 2008-ci ilin dekabrında Akif Əlizadə Geologiya İnstitutunun fəaliyyətinə yekun vurarkən öz məruzəsində belə demişdir: “Geologiya İnstitutunun 70 illik yubileyi bizə imkan verdi ki, dünya geologiya elmində müasir mövqelərdən elmi problemlərin həlli çərçivəsində bu prosesləri yenidən dərk edək. AMEA Geologiya İnstitutu səksən illiyində də Azərbaycanın gələcək sosial-iqtisadi inkişafına layiqincə diqqət yetirəcək”.
Keçmiş illərdə olduğu kimi, yubiley ilində də akademik A.Əlizadənin rəhbərliyi ilə çox əhəmiyyətli üç dövlət proqramı hazırlanmış və hökumət tərəfindən təsdiq edilmişdir. Bunlardan biri “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin geodinamikası və karbohidrogen potensialının öyrənilməsi istiqamətində aparılacaq işlərin proqramı (2007-2014-cü illərdə)”adlanır. Bu iş ARDNŞ əməkdaşları ilə birgə görülür. “Azərbaycanın metal yataqlarının hasilatında təbiəti mühafizə texnologiyalarının tədqiqi və tətbiqi (2008-2014-cü illər)” isə icra olunur. “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və uzunmüddətli istifadə olunmasının tədbirlər planı (2009-2014-cü illər)” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə yerinə yetirilir.
Akif Əlizadənin elm sahəsində xidmətləri böyükdür və bunlara layiqincə qiymət verilmişdir. 1980-ci ildə o, Azərbaycan EA-nın müxbir üzvü və 9 ildən sonra həqiqi üzvü seçilmişdir. 1991-ci ildə alim əməkdar elm xadimi adını almış və Azərbaycanın Dövlət mükafatı laureatı olmuşdur. Uzun illər o, AMEA Yer elmləri bölməsinin akademik katibi, AMEA Rəyasət Heyətinin üzvüdür. A.Əlizadə “AMEA Xəbərləri”nin Yer elmləri seriyası və “Geologiya İnstitutunun Əsərləri” jurnallarının baş redaktoru, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidentidir.
Akademik Akif Əlizadənin elmi nailiyyətləri, uzunmüddətli elmi-təşkilati fəaliyyəti bir çox mükafata layiq görülmüşdür. O, “Şərəf” və “Şöhrət” ordeniləri, “Fədakar əmək uğrunda”, Xalq Təsərrüfatı Nailiyyəti Sərgisinin medalları ilə təltif olunmuşdur.
Görkəmli alim, istedadlı elm təşkilatçısı, çoxsaylı alimlər kollektivinə rəhbərlik etmək qabiliyyətinə, yüksək mədəniyyət və erudisiyaya malik insan Akif Əlizadə ölkəmizdə və xaricdə çox yüksək qiymətləndirilir. Kimliyindən asılı olmayaraq, Akif müəllimə müraciət edənlər ondan yerindəcə cavab alır və həmin məsələ yerindəcə həll olunur. O bu xüsusiyyətlərinə görə nəinki həmkarları arasında, onu əhatə edən insanlar arasında da dərin hörmət qazanmışdır.
Akademik Akif Əlizadənin elmdə keçdiyi şərəfli yol nəinki gənc geoloq alimlər, həmçinin digər elm mütəxəssisləri üçün həyat etalonu ola bilər. Bu gün akademik Akif Əlizadə 80 illik yubileyinin zirvəsindən həyatına iftixarla baxa bilər. Bu, şərəflə yaşamış, xalqa zəkası ilə xidmət etmiş görkəmli alimin gənc alimlərə örnək olan həyatıdır.
Adil ƏLİYEV,
AMEA-nın Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmləri doktoru,
əməkdar elm xadimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.