Elmin inkişafı üzrə milli strategiya: zaman kontekstində baxış

 

 

 

Bu gün birmənalı şəkildə etiraf edilməlidir ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 255 nömrəli sərəncamı yaşadığımız mürəkkəb və ziddiyyətli bir mərhələdə – qloballaşma və modernləşmə kursunun inamla həyata keçirildiyi bir dövrdə, milli elmimizin əsas inkişaf istiqamətlərini, məqsədlərini və vəzifələrini müəyyən edən, proqram əhəmiyyətli tarixi bir sənəd kimi müstəsna dəyərə malikdir.

Bu ilin may ayının 4-də beş illiyi tamam olacaq bu sənəddə, göstərilir ki, Azərbaycan Respublikası hüquqi dövlət olaraq elm sahəsində siyasi kursu müəyyən edən, elmi fəaliyyəti, dövlət orqanları ilə elmi və texnoloji məhsulun istehsalçıları arasındakı münasibətləri, innovasiya siyasətini bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq tənzimləyən mühüm normativ-hüquqi bazaya malik olmalıdır. Bu isə elmi siyasətin hüquq normaları əsasında inkişafı üçün zəruri şəraitin yaradılmasına xidmət göstərməlidir. Belə bir vəziyyət müasir elmi işçinin statusunu, elm və texnika sahəsində dövlət proqramlarını, onların icra mexanizmlərini, innovasiya siyasətini, alimlərin və mütəxəssislərin hüquqlarının və azadlıqlarının müəyyən edilməsini, müdafiəsini və mühafizəsini, intellektual mülkiyyət və elmi proqnozlaşdırma haqqında normativ-hüquqi aktlar sisteminin yaradılmasını zəruri edir. Bu həm də elmi və texniki nailiyyətlərdən sui-istifadə və elmi araşdırmalarda etik prinsiplərin pozulması hallarının qarşısının alınmasının müvafiq qanuni üsullarla tənzimlənməsini təmin etməyə hesablanmışdır.

Müasir Azərbaycan elminin normativ-hüquqi bazasının yaradılması kimi prioritetlər ölkənin tarixən əldə etdiyi intellektual sərvəti, hər bir yaradıcı adamın hüquqlarını qorumağı, mövcud intellektual potensialı inkişaf etdirməyi və elmi fəaliyyət sahəsində mükəmməl hüquqi tənzimlənməni təmin etməlidir. Elm sahəsində bu siyasi kurs, eyni zamanda, Azərbaycan Respublikası Prezıdentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi ilə daha da konkretləşdirilmiş və uzunmüddətli dövr ərzində qarşıda duran mühüm vəzifələrin əsas hədəflərini müəyyən etmişdir. Bu sənəd dövlət idarəçilik sistemində qəbul olunan siyasi qərarların elmi bazasının möhkəmləndirilməsini və vacibliyini bir daha önə çəkmişdir. 

Son illər, xüsusilə müstəqillik illərində milli elmimizin və təhsilimizin inkışafına ardıcıl olaraq böyük diqqət yetirilməkdədir. Milli Elmlər Akademiyasının 60 illiyi münasibəti ilə ölkə Prezidenti cənab İlham Əliyevin 14 fevral 2005-ci il tarixli sərəncamı səfərbəredici mahiyyət daşımışdır. Bu baxımdan Azərbaycan elmində və təhsilində islahatların aparılması ilə bağlı həyata keçirilən silsilə tədbirlər xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişaf dialektikası”, “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, “Azərbaycan: qloballaşma dövrünün tələbləri”, “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Milli məfkurə, dövlətçilik - müstəqillik yolu ilə”, “Gələcəyin strategiyasını müəyyənləşdirərkən modernləşmə xətti”, “Azərbaycan 2003-2008: zaman haqqında düşünərkən”, “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” və onlarca digər dəyərli məqalələri, əsərləri, çıxışları milli elmimizə dəyərli töhfələr kimi qiymətləndirilə bilər. Bu əsərlərdə ölkənin elm və təhsil sahəsindəki mövcud vəziyyəti faktlar əsasında, yüksək elmi səviyyədə və dərindən təhlil edilmişdir. Müəllif zəngin elmi və təcrübi potensialından bəhrələnərək, həm də elmimizin və təhsilimizin qüsurlarını, o cümlədən humanitar və ictimai elmlər, habelə fəlsəfə, sosiologiya və hüquq elmlərinin tədqiqi və tədrisi sahəsində buraxılan nöqsanları ətraflı göstərmiş və onların aradan qaldırılmasının elmi əsaslarına dair dəyərli tövsiyələr irəli sürmüşdür.

Son illər YUNESKO-nun dəstəyi ilə ölkəmizdə elmi idarəçiliyin, maliyyələşdirmənin və  fəaliyyətin təşkili, hüquqi əsaslarının möhkəmləndirilməsi sahəsində bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra yeni konstitusiyanın referendum yolu ilə qəbul edilməsi milli hüquq sisteminin əsaslı surətdə yenidən qurulmasında müstəsna əhəmiyyətə malik olmuşdur. 4 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Prezidentınin fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilmişdir. 28 dekabr 1999-cu ildə Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 8 sentyabr 2009-cu il tarixdə “Təhsil haqqında”, 5 iyun 1996-cı il tarixdə “Müəlliflik hüququ və əlavəli hüquqlar haqqında”, 25 iyul 1997-ci il tarixdə “Patent haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 iyul 2010-cu il tarixli 129 saylı qərarı ilə “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nı, 17 yanvar 2011-ci il tarixli qərarı ilə “Ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi”ni, 15 mart 2012-ci il tarixli 65 saylı qərarı ilə “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı”nı, 16 iyul 2013-cü il tarixli qərarı ilə “Elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nı təsdiq etmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə “Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında”, “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında”, “Dissertasiya şuraları haqqında”, “Ekspert şuraları haqqında” əsasnamələrin və digər zəruri normativ-hüquqi aktların təsdiq olunması, elmi işçilərin attestasiyası sahəsində hüquqi tənzimlənmə məsələlərinə əhəmiyyətli təsir göstərmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə hazırda akademiya sistemində və bütün elm sahəsində əsaslı islahatlar aparılmaqdadır. Bu da ölkəmizin elmi siyasət kursunun qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçiriləcəyinə böyük inam və ümid yaradır.

Azərbaycan Respublikası Konstitutusiyasında təsbit olunmuş yaradıcılıq azadlığı və əqli mülkiyyət hüquqlarının qorunmasına dair etibarlı təminatlar Milli Məclısin gündəliyində dayanan “Elm haqqında” qanun layihəsinin qəbul edilməsi ilə yeni keyfiyyət dəyişikliklərinə stimul verəcəkdir. Çünki elmi uğurlar və nailiyyətlər olmadan cəmiyyətin və dövlətin inkişafı, xalqın və millətin tərəqqisi mümkünsüzdür.

Bu, bir reallıqdır ki, müasir dünyanın elmi mənzərəsi sürətlə dəyişməkdə və inkışaf etməkdədir. Təbiət, cəmiyyət və insan təfəkkürü haqqında yeni biliklər sisteminin formalaşmasına yönəlmiş elmi yaradıcılıq fəaliyyətinin dinamik yüksəlişi olmadan hər hansı bir dövlətin və cəmiyyətin böyük uğurlar qazanacağı mümkün deyildir. Yaponiya, Amerika Birləşmiş Ştatları, Almanıya, İsrail, Türkiyə və başqa ölkələrin bugünkü intensiv inkişafı, hər şeydən əvvəl, elmi tərəqqi ilə sıx bağlıdır. Vaxtilə yaşadığımız keçmiş Sovetlər İttifaqında da böyük və qüdrətli bir imperiyanın inkişafında və əldə etdiyi böyük nailiyyətlərdə elmin rolu əvəzsiz olmuşdur. Lakin aydındır ki, elmin ən böyük uğuru, inkişafı və tərəqqisi, hər şeydən əvvəl, insanla bağlıdır, çünki o, insan əqlinin, insan təfəkkürünün məhsulu olmaqla mahiyyət etibarı ilə də insana xidmət edir. Əslində, elə elmin başlıca qayəsini də məhz bu humanizm təşkil edir.

Elmin inkişafında istedadlı şəxsiyyətlərin, nadir zəka sahiblərinin yetişməsi də az rol oynamamışdır.  Elmə dəyər verən dövlətlər və xalqlar, mütərəqqi dövlət rəhbərləri, işıqlı şəxsiyyətlər elmin inkışafına zaman-zaman xüsusi diqqət yetirmiş, elmə və elm adamlarına dəstək olmuşlar. Xüsusilə, feodalizmə nisbətən mütərəqqi hesab edilən kapitalist münasibətlərinin Avropada inkişafı burada dəqiq və tətbiqi elmlərin təkamülünə əhəmiyyətli təsir göstərmişdir. Birinci və İkinci dünya müharibələri isə hərb elminin və hərbi sənaye yönümlü texniki elmlərin, müharibəyə xidmət edən riyaziyyat, fizika, kimya, astronomiya, biologiya, təbabət  və digər bu kimi elm sahələrinin inkışafında ciddi dəyişikliklərə səbəb olmuşdur. Bu gün, XXI əsrin ilk onilliklərində elmi inkişafda baş verən misilsiz dəyişikliklər, insan ağlına, təfəkkürünə, idrakına az qala rəqib kimi dəyərləndirilə bilən müasir kompyuterlər, robotlar, informasiya-kommunikasiya texnologiyaları, elmi-texniki nailiyyətlər, kosmik araşdırmalar və onların nəticələri insanı heyrətə gətirir. Bu kəşflərin böyük bir hissəsi, ilk növbədə, hərbi təyinatlı tədqiqatların nəticəsi olsa da, sonradan soyuq müharibə illərində mülki təyinatlı məqsədlərə xidmətə yönəldilmişdir.

Qeyri-adi hadisələr, ekoloji böhran, sağalmaz xəstəliklər, zəlzələlər və sunamilər bugünkü həyatımızın və dövrümüzün reallıqları kimi heç də təsadüfi deyil. Bütün bunların məhz qlobal elmin və qlobal siyasətin bariz nəticəsi olduğu indi heç kimdə şübhə doğurmur. Buna görə də Milli Strategiyada təbii və texnogen fəlakətlərin, destruktiv sosial proseslərin, mədəni və mənəvi aşınmaların, iqtisadi böhran vəziyyətlərinin proqnozlaşdırılması, belə mənfi təzahürlərin qarşısının alınmasına xidmət edən elmi tədbirlərin görülməsi, insanın fəaliyyətinin effektivliyinin artırılması, ekoloji problemlərin həll edilməsi, elmi və texniki nailiyyətlərdən ölkənin milli təhlükəsizliyi, hərbi-siyasi, texnoloji, iqtisadi, ekoloji, hüquqi və digər taleyüklü milli problemlərinin həllində istifadə olunması qarşıya mühüm vəzifələr kimi qoyulmuşdur.

Ümumiyyətlə, hər bir elmi kəşf, əslində, insan təfəkkürünün misilsiz uğuru hesab oluna bilər. Lakin bu gün elmi texnologiyalar elə bir səviyyəyə çatmışdır ki, bütün bunlar bəşəriyyətin və insanlığın ən böyük nailiyyəti kimi dəyərləndirilməyə layiqdir. Belə böyük kəşflər və elmi nailiyyətlər sırasında, qədim tarixə malik olan Azərbaycanın və onun layiqli övladlarının öz yeri, öz rolu olmuşdur. Təsadüfi deyil ki, elmlərin təsnifatına dair Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Xaqani Şirvaninin və başqalarının nəzəri təlimləri bu gün də dünyada böyük maraq doğurur və aktuallıq kəsb edir. Məhəmməd Şirvaninin “Fəvadül-Xaqaniyyə” adlı fundamental əsəri İslam aləmində 53 elmin mükəmməl təsnifatını vermiş ilk tədqiqat əsərlərindən biri hesab oluna bilər. Rəcəbəli Təbrizinin Aristotel fəlsəfəsinin layiqli davamçılarından biri kimi tarixə düşməsi reallıqdır. Bizim qürur duyduğumuz Fəzl ibn Hatim Neyrizi Təbrizi, Məhəmməd ibn Harun Bərdiçi, Əhməd ibn Süleyman Təbrizi, Məhəmməd ibn Əli əl-Marağı, Nəsirəddin Tusi, Hinduşah Naxçıvani, Sədəddin Bərdəi, Məhəmməd ibn Yusif, İsgəndər bəy Münşi, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, Yusif Məmmədəliyev, Kərim Kərimov, Mustafa Topçubaşov, Ziya Bünyadov, Lütfi Zadə və yüzlərlə görkəmli alimlər dünya elminə böyük töhfələr vermişlər.

SSRİ-nin tərkibində fəaliyyət göstərdiyi illərdə, eləcə də müstəqilliyimizin ötən dövründə Azərbaycan alimləri böyük uğurlar qazanmışlar. Məhz ulu öndər Heydər Əlıyevin son 45 ildə ölkə elminin və Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsində və inkişafındakı xidmətləri misilsiz olmuşdur. Bu siyasət hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inamla davam etdirilməkdədir. Belə ki, ötən dövr ərzində cənab İlham Əliyevin elmin inkişafı üzrə Milli Strategiyanı və Dövlət Proqramını təsdiq etməsi ölkəmizdə elmə göstərilən diqqətin bariz nümunəsi kimi, müstəsna əhəmiyyətə malik olmuşdur. Bu strategiyanın böyük elmi, siyasi, iqtisadi və hüquqi əhəmiyyəti ondan ibarətdir ki, ölkəmizdə ilk dəfə olaraq Azərbaycan elminin tarixi inkişafı yüksək elmi səviyyədə və obyektiv olaraq təhlil edilmiş və qarşıda duran mühüm vəzifələrin əsas istiqamətləri konkretləşdirilmişdir.

Milli Strategiyada göstərilir ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Dövlətin sosial-iqtisadi qüdrəti ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqısi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Buna görə də cəmiyyətin inkişafında elmin fəal rolunun təmin olunması, elmin özünün təkmilləşdirilmiş strukturlarının yaradılması vacibdir. Qloballaşma dövründə informasiya cəmiyyətınin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşması, Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdırilməsi kompleks elmi tədqiqatların və tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır. Bu gün ölkəmızin müasir inkişaf modeli, mühüm sosial-iqtisadi, ictimai-mədəni inkişaf uğurları, ictimai-siyasi sabitlik, beynəlxalq aləmə sıx inteqrasiya, milli təhlükəsizliyin etibarlı qorunması, digər uğurlu nailiyyətlər Azərbaycan elminin müasir inkişaf üzrə Milli Strategiyanın hazırlanması, qəbulu və həyata keçirilməsıni şərtləndirən başlıca amillər hesab oluna bilər.

Milli Strategiyada ilk dəfə olaraq Azərbaycan elminin qarşısında duran məqsədlər və vəzifələr konkretləşdirilmiş və ona çatmağın yolları göstərilmişdir. Sənəddə elmi tədqiqat müəssisələrinin sistemli təsnifatı aparılmış, elmi və elmi-təşkilatı fəaliyyətin dəyərləndirmə meyarları konkretləşdırilmiş, elmi texnoloji və innovasiya siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi və hüquqi tənzimlənməsi məsələsi önə çəkilmişdir. Haqlı olaraq qeyd edilmişdir ki, qarşıda duran mühüm vəzıfələrin həllini təmin etmək üçün elmi infrastrukturun modernləşdirilməsi, elm, təhsil və istehsalın inteqrasıyası, elmin informasiya təminatının möhkəmləndirilməsi, elmi məktəblərin qorunması, varisliyin təmin edilməsi, elmi işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi Dövlət Proqramının həyata keçirilməsinin mühüm vəzifələri kimi diqqətdə saxlanılmalıdır.

 (ardı var)

 

 

Bəhram ZAHİDOV,

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında