Bolonya prosesinin əsas tələblərindən biri tədrisin Avropa Kredit Transfer Sisteminə uyğun təşkil olunmasıdır

Bolonya Bəyannaməsinin əsas tələblərindən biri  tədris prosesinin Avropa Kredit Transfer Sisteminə uyğun olaraq təşkil edilməsidir.  Bu sistem tədris planlarının şəffaflığını təmin etməklə, təhsil proqramlarının ölkə daxilində və xaricində akademik tanınmasına imkan verir, tələbələrə digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır və beləliklə də tələbələrin əmək bazarında rəqabətədavamlılığını artırır.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, bu sistemin tətbiqi 2006/2007-ci tədris ilindən mərhələli şəkildə olaraq ölkəmizin bir neçə ali məktəbində müəyyən ixtisaslar üzrə başlamış, hal-hazırda isə bütün ali təhsil müəssisələrini əhatə edir. Ölkəmizin ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş, 2006-cı ildən başlayaraq müvafiq normativ-hüquqi aktlar hazırlanıb təsdiq edilmişdir.

Ölkəmizin ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasını surətləndirmək, diplomların qarşılıqlı tanınmasını təmin etmək və tələbə-müəllim mobilliyini inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” təsdiq olunmuşdur.  Qaydalar əvvəlki sənədlərin əsasında, Azərbaycan Respublikasının Qanunvericiliyinə və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırılmışdır.

Tənzimləyici çərçivə sənədi kimi müasir dövrdə Avropa ölkələrinin təhsil sistemlərinə inteqrasiya və ümumavropa ali təhsil məkanına qoşulmaq baxımından bu qaydalar mühüm əhəmiyyət kəsb edir.

Qaydalar akademik uğursuzluğa görə tələbələrin universitetdən xaric olunmasını aradan qaldırır və tələbə universitetin kontingentində qalır. Bu isə tələbələrin xaric və bərpa olunma prosesi zamanı yarana biləcək bütün neqativ halları aradan qaldırır. Köhnə qaydalardan fərqli olaraq yeni qaydalara əsasən tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım olan kreditləri toplaya bilmədikdə növbəti illərdə onlar bu kreditlərin toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu olan fənnin yenidən dinlənilməsi üçün əlavə ödəniş edir. Bu ödəniş illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçikdir. Lakin yeni qaydaların tələbələrə düzgün izah olunmaması səbəbindən bəzi hallarda bu şərt narazılığa səbəb olmuşdur.

Bununla əlaqədar qeyd olunmalıdır ki, bəzi ali təhsil müəssisələri tələbənin biliyinin qiymətləndirilməsi zamanı imtahana görə balların hesablanmasında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə əməl etmir, daha yüksək keçid balı müəyyənləşdirir, bu isə öz növbəsində akademik borcların artımına gətirib çıxarır.  Digər hallarda isə ali təhsil müəssisələrində ixtisas üzrə tədris planlarının düzgün tərtib olunmaması, bəzən semestr ərzində lüzum olmadan 30-dan artıq kreditin toplanmasını zəruri edir və bu da əlavə vəsaitin ödənilməsi tələbinə səbəb olur.

Bununla bağlı Təhsil Nazirliyi bir daha bildirir ki, tələbələrin biliyi qiymətləndirilərkən minimal məqbul göstərici, imtahandan toplanan bal üzrə 17, ümumilikdə fənn üzrə 51 bal müəyyənləşdirilmişdir. Ali təhsil müəssisələri tərəfindən tələbələrin biliyinin qiymətləndirilməsi üzrə göstərilən bu qaydalardan fərqli qaydaların tətbiqi (ixtisasın və ya fənnin xüsusiyyəti nəzərə alınmaqla) yalnız Təhsil Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilə bilər.

Məlumatda daha sonra bildirilir ki, qeyd olunan halları aradan qaldırmaq üçün Təhsil Nazirliyi tərəfindən bütün ali təhsil müəssisələrinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Eyni zamanda, Təhsil Nazirliyi diqqətə çatdırır ki, hər hansı ali təhsil müəssisəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydaların tətbiqində qeyri-dürüstlüyə yol verilməməli, onlar tələbələrə düzgün və aydın şəkildə şərh edilməlidir.

Tələb olunan minimal bal toplamayan tələbələr üçün kredit borclarının sayından, onları təkrar yığmaq vaxtından və imkanından asılı olmayaraq istənilən halda ödənişsiz olması tələbləri də əsassızdır və heç bir normativ-hüquqi akta, sadə məntiqə və beynəlxalq təcrübəyə əsaslanmır.

Təhsil Nazirliyi vurğulayır ki, ali təhsil sahəsində aparılmış islahatlar nəticəsində bütün ali təhsil müəssisələri maliyyə muxtariyyətı əldə etmişlər. Belə olan təqdirdə, ali təhsil müəssisələri öz maliyyə imkanlarından asılı olaraq müəyyən kateqoriya tələbələrin (aztəminatlı ailələrin üzvləri, əlaçılar və sair) təhsil haqqlarının ödənilməsi məqsədilə öz büdcələrində xüsusi fondların yaradılması məsələsinə baxa bilərlər.

Təhsil Nazirliyi bildirir ki, 24-28 fevral 2014-cü il tarixlərində ali təhsillə bağlı, o cümlədən qaydaların tətbiqi ilə bağlı bütün suallar nazirliyin facebook səhifəsində operativ şəkildə cavablandırılacaqdır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında