Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir

 

Fevralın 24-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir.

Məktəbin direktoru Elmira Həsənova çıxış edərək demişdir ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi və informasiya-kommunikasiya texnologiyaları ilə təminat diqqət mərkəzindədir. Bu gün Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbi də müasir təhsil müəssisələrinin sırasına qoşulur. Yeni bina və yaradılan hərtərəfli şərait məktəbin müəllim və şagird kollektivi üçün əvəzsiz töhfə, eyni zamanda yeni vəzifələr deməkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 11 nömrəli tam orta məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara tədrisdə uğurlar arzulamışdır.

Ümummilli liderimiz Heydər Əliyevin “Gəncləri təhsilli etməklə Azərbaycanın gələcəyi üçün yaxşı əsas yaradırıq”, fikrini xatırladan Ali Məclisin sədri demişdir: Təhsilin inkişafı ölkənin inkişafı və gələcəyi deməkdir. Bu mənada hər bir xalqın gələcəyi məktəblərdə yetişən gənclikdən asılıdır. Təhsilin müasir tələblər səviyyəsində təşkili, müəllim-şagird münasibətlərinin qarşılıqlı anlaşma və tələbkarlıq üzərində qurulması, gənclərə xalqımızın milli dəyərlərinin öyrədilməsi isə sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır. Dövlət tərəfindən təhsilin inkişafına, məktəb işinə hərtərəfli qayğı göstərilir, təhsil sahəsində uğurlu nailiyyətlər qazanılır. Bütün bunları 11 nömrəli tam orta məktəbin timsalında da görmək mümkündür. Məktəbin uğurlu təhsil ənənələri vardır. Ötən tədris ilində ali məktəblərə qəbulda göstərilən nəticələr də bunu bir daha təsdiq etdi. Yaradılan şərait gələcəkdə nailiyyətləri daha da artırmağa imkan verəcəkdir.

Ali Məclisin sədri 11 nömrəli tam orta məktəbin Xocalı soyqırımı ərəfəsində istifadəyə verildiyini bildirərək demişdir ki, gənclərimiz tariximizi dərindən öyrənməli, xalqımıza qarşı törədilmiş soyqrımları unutmamalı, vətənpərvər ruhda böyüməli, dövlətimiz üçün yararlı vətəndaş olmalıdırlar.

O, qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirmiş, Naxçıvan şəhər ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə etmişdir.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin sədri məktəbdə tədrisin təşkili ilə maraqlanmışdır. Qeyd olunmuşdur ki, 4 mərtəbəli məktəb binası 1100 şagird yerlikdir. Binada yaradılan müasir sinif otaqları, laboratoriyalar, hərbi kabinə, kompyuter otaqları, kitabxana, elektron lövhəli siniflər və idman zalı tədrisin müasir metodlarla təşkilinə imkan verəcəkdir. Məktəbdə şagirdlərin dərslik, bədii və elmi ədəbiyyatlarla təminatına, eləcə də onların mütaliəsinə xüsusi diqqət yetirilmiş, 17 mindən artıq kitab fondu olan kitabxana yaradılmışdır.

Hazırda məktəbin birinci sinfində 68 şagird təhsil alır. Onların təlim-tərbiyəsinə, eləcə də ibtidai təhsilin əsas şərti olan azyaşlıların psixoloji hazırlıqlarına xüsusi diqqət yetirilir.

Məktəbdə şahmat otağı yaradılmış, şagirdlərin zehni idman oyununa olan marağının artırılması diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, məktəbin şagirdləri ölkəmizdə və muxtar respublikada keçirilən bir çox müsabiqə və yarışların qalibi olmuşlar.

Kimya, biologiya və fizika laboratoriyalarında sınaq-təcrübə avadanlıqları quraşdırılmışdır. Elektron dərsliklərlə təminat isə mövzu üzrə müxtəlif mənbələrdən, o cümlədən internet resurslarından istifadə olunmasına və dərslərin daha əhatəli öyrədilməsinə imkan verəcəkdir. 11 nömrəli tam orta məktəbdə 4 kompyuter və 4 elektron lövhəli sinif vardır. Kompyuter otaqlarında 76 kompyuter dəsti quraşdırılmışdır. Sürətli internetə çıxış imkanı kompüyuterlərdən və elektron lövhələrdən səmərəli istifadəyə, elektron tədris mübadiləsinə və beləliklə, distant təhsilin inkişafına geniş imkanlar açmışdır.

Ali Məclisin sədri 11 nömrəli tam orta məktəb ilə Şərur rayonunun Aralıq kənd tam orta məktəbi arasında video-bağlantı vasitəsilə keçirilən dərsi izləmişdir.

Ali Məclisin sədri müəllimlərlə söhbət zamanı demişdir ki, təhsilin səviyyəsinin yüksəldilməsində pedaqoji kollektivin üzərinə mühüm vəzifələr düşür. Hər bir müəllim çalışmalıdır ki, təhsilli və vətənpərvər gənclər yetişdirsin. Qeyd olunanlara nail olmaq üçünsə, müasir tədris infrastrukturu olmalıdır. Artıq 11 nömrəli tam orta məktəbdə bu, yaradılmışdır. Müəllimlər qeyd etmişlər ki, təhsilin inkişafı pedaqoji kollektiv üçün yeni imkanlar açır. 11 nömrəli məktəbin müəllim heyəti bundan sonra da öz fəaliyyətləri ilə göstərilən etimada layiq olmağa çalışacaqlar.

Binanın həyətində də abadlıq işləri aparılmış, mini-futbol meydançası yaradılmış, yaşıllıq sahələrinin suvarılması üçün 830 metr uzunluğunda su xətti çəkilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında