Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş elmi praktik konfrans keçirilmişdir

 

 

Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Naxçıvan MR-in 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan MR-da mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi” mövzusunda elmi praktik konfransın gündəliyini, məruzəçiləri tədbir iştirakçılarına təqdim etdikdən sonra mövzu ilə bağlı çıxış etdi.

Bildirildi ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR tarixən çətin sınaqlarla dolu mürəkkəb, eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar zaman-zaman milli varlığımızı qorumuş və yaşatmış, yetişdirdiyi tarixi şəxsiyyətlər, görkəmli elm, mədəniyyət xadimləri, sənətkarları ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında böyük rol oynamışdır. Bu gün yüksək potensiala malik muxtar respublika dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu tətbiqi sahəsində inkişafa layiqincə sahiblənə bilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi” haqqında sərəncamına uyğun olaraq ölkəmizin hər yerində 5 iqlim qurşağına malik qədim yurdumuzun yubileyinə həsr olunmuş müxtəlif elmi və mədəni tədbirlər təşkil olunmuşdur.

“Naxçıvan MR-da mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi” mövzusuna həsr olunmuş elmi praktik konfransda ATİ-nin doktorantura, magistratura, əlavə təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsirulla Nəsirli “Naxçıvan Muxtar Respublikasında müalicə-sağlamlıq turizminin inkişafı istiqamətləri” mövzusundakı çıxışında diqqətçəkən faktları xüsusi vurğuladı: “Müalicə sağlamlaşdırma və bərpa turizmi məqsədilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2012-ci ildə 116498 nəfər, Azərbaycana gələnlərin sayı isə 42124 nəfər olmuşdur. Həm iqlim şəraitinə, həm də mineral su ehtiyatlarının sayına və tərkibinə görə Naxçıvan Muxtar Respublikasının ərazisi tamamilə kurort zonasıdır, yəni burada müalicə, profilaktika və bərpa üçün hər cür zəruri şərtlər mövcuddur. Bu şərtlərin reallığa çevrilməsi üçün mineral su mənbələri ərazisində sanatoriya infrastrukturu yaradılmalıdır.

Naxçıvan Muxtar Respublikasında bu təcrübədən “Duzdağ” fizioterapiya, müalicə və bərpa mərkəzinin yaradılmasında istifadə edilmişdir. Naxçıvan MR-in ərazisinə daxil olan hər bir regionda, xüsusilə, Şahbuz və Ordubad rayonlarında bu tipli müəssisələrin yaradılması regionların sosial-iqtisadi inkişafına, sahibkarlığın inkişafına və miqrasiyanın qarşısının alınmasına, əlavə iş yerlərinin yaranmasına, kənd təsərrüfatı və qida sənayesinin intensiv inkişafına, sosial məsələlərin uğurlu həllinə və s. təkan verə bilər. Ümumdünya Turizm Təşkilatının sərhədyanı turizmin, müalicə sağlamlaşdırma istiqamətinin, uşaq və gənclər turizminin inkişaf etdirilməsi xaricə turist axınının qarşısını almaqla bərabər, xaricdən respublikamıza turist axınına səbəb olar. Nəticədə büdcə gəlirlərinin daha da artmasına zəmin yaranar”.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Ədalət Qasımov “Naxçıvan MSSR-in yaradılması tarixindən”, ATİ-nin ictimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyev “Azərbaycan tarixində Naxçıvan”, turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov “Naxçıvan MR-da dini turizm: vəziyyəti və inkişaf perspektivləri”, xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova “Naxçıvanın mineral sularının ölkənin sanatoriya-kurort potensialında yeri”, Sevil Kərimova “Naxçıvan memarlıq məktəbinin orta əsrlər Türkiyə arxitekturasına təsiri”, Vüsalə Məmmədova “Naxçıvan MR-in memarlıq irsi mədəni turizm obyekti kimi” və Qahirə Məmmədova “İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvanda dini turizm abidələri” mövzularında məruzələrlə çıxış etdilər.

Elmi praktik konfransda yekdilliklə Naxçıvanın turizm potensialının inkişafına dair irəli sürülən təkliflərin ümumiləşdirilib müvafiq qurumlara təqdim olunması, həmçinin məruzələrin xüsusi buraxılışının çapa hazırlanması qərara alınmışdır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında