On iki illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumları yenilənməli, tam orta təhsil pilləsində təlim istiqamətlər üzrə bölünməlidir

 

 

Son illər ölkə ictimaiyyətinin daha çox gündəliyə gətirdiyi məsələlərdən biri də 12 illik ümumi təhsilə keçid istiqamətində atılan addımlardır. Elə ilk cümlədəcə bunun bir tarixi zərurət olduğunu qeyd etməklə yanaşı, öncə bəzi məqamları yada salaq. Birinci məqam: Dünyanın əksər ölkələrində, xüsusən, insan kapitalı hesabına qüdrətlənmiş dövlətlərdə 12, 13, 14 illik ümumi təhsil sistemi böyük məmnunluqla qarşılanır və həmin sistemin möhtəşəm nəticələr verdiyi artıq hamıya məlumdur. Azərbaycanda da bu addımın atılması ölkədə aparılan təhsil islahatlarının yeni mərhələsi kimi qiymətləndirilir. Çünki istənilən inkişafa zamanın səsinə səs verməklə nail olmaq mümkündür.

Yada salaq ki, ulu öndər Heydər Əliyev bilavasitə özünün rəhbərliyi ilə hazırlanmış 1995-ci il Konstitusiyamıza bəzi dəyişiklik və əlavələr edilməsi məqsədilə cəmi 7 ildən sonra referendum elan etmişdi. 2002-ci il avqustun 24-də - referendum günü jurnalistlərin “Bu dəyişikliklər hansı zərurətdən yarandı?” – sualını cavablandıran ulu öndər demişdi: “Bu müddət ərzində dünyada və ölkəmizdə çox şey dəyişibdir... Ona görə də mən təklif olunan dəyişiklikləri referenduma çıxardım”. Yəni ümummilli liderimiz ölkənin Əsas Qanununu məhz zamanın tələbləri səviyyəsinə qaldırmaq üçün lazım olan addımları atırdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin adı çəkilən sərəncamla təsdiq etdiyi təhsilin inkişafı üzrə Dövlət Strategiyası da məhz o şəkildə - Azərbaycanı daha da qüdrətləndirmək məqsədilə zamanın səsinə səs verilməsidir.

İkinci məqam: Böyük Azərbaycan şairi Səməd Vurğunun uşaq ədəbiyyatı barədə çıxış edərkən fitri uzaqgörənliklə söylədiyi bir fikir məhz bu yazının mövzusu ilə üst-üstə düşür. Səməd Vurğun demişdi: “Uşaqlar üçün əsər yazmaq istəyən şair və ya yazıçı öncə düşünməlidir ki, mən azyaşlı şəxsiyyət üçün, deməli, insan üçün yazıram”. Yəni böyük ustad uşaq ədəbiyyatı adı ilə qeyri-səmimi və ya aldadıcı nəyinsə yazılmasına qəti etiraz edirdi. İndi artıq 10-15 ildir ki, müvafiq beynəlxalq konvensiyaların mütəxəssisləri nəinki uşaq ədəbiyyatının, hətta, ümumi təhsil sistemi dərsliklərinin yenidən hazırlanması zərurətini ortaya qoyurlar. Əsas arqumentləri də budur ki, zaman şagirdə uşaq kimi deyil, şəxsiyyət kimi, məhz insan kimi baxılmasını və şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasını tələb edir. Bu isə sadəcə hansısa tapşırığa əməl edilməsi xatirinə deyil (biz tapşırığa əməl edilməsi xatirinə verilən təhsilin fəsadlarını görmüş 15 respublikadan biriyik), bilavasitə səriştəyə əsaslanan təhsil məzmunu olmalıdır. Əminik ki, Azərbaycan təhsil ictimaiyyətinin, xüsusən, Təhsil Nazirliyinin nümayiş etdirdiyi qətiyyət nəticəsində bu vəzifə yüksək səviyyədə təmin olunacaq.

Üçüncü məqam: Bu gün dünyanın istənilən ölkəsində İnsan Hüquqları üzrə Müvəkkil institutu (Ombudsman) fəaliyyət göstərir. Avropa Şurası ekspertlərinin fikrincə, ən səmərəli fəaliyyət göstərən və əsas insan hüquq və azadlıqlarının qorunması məqsədilə zəruri olan bütün addımları atan ombudsmanlardan biri məhz Azərbaycandakı İnsan Hüquqları üzrə Müvəkkildir. Məhz həmin müvəkkil dəfələrlə ölkədəki müvafiq dövlət qurumlarına müraciət edərək azərbaycanlı yeniyetmələrin şəxsiyyət, vətəndaş kimi formalaşmasına kömək etmək məqsədilə ölkədə 12 illik təhsil sisteminə keçilməsini xahiş etmişdir. Çünki bizim ümumi təhsil sistemimizdəki, kiçik də olsa, boşluqların nəticəsidir ki, bu gün bəzi gənclərimiz müxtəlif ünvanlardan gələn çağırışlara aldanaraq, ölkədən kənarda hansısa fəaliyyətlə məşğul olmağa gedirlər və onlar haqqında ağır xəbərlər alırıq. Halbuki, xalqımızın bilavasitə şəxsiyyət, vətəndaş kimi formalaşmış Mübariz, Fərid, Ramil kimi gənclərin əməlləri barədə xəbərlər eşitməyə daha çox ehtiyacı və haqqı vardır.

Səsi BMT Təhlükəsizlik Şurasının tribunasından gələn, bayrağı “Azəspace”nin üstündə kosmosda görünən qüdrətli Azərbaycan dövlətinin yeni təhsil sisteminin qurulması istiqamətində atılan əsas addımlardan biri də məhz adını çəkdiyimiz məsələ - 12 illik təhsilə keçilməsidir. Ən nüfuzlu beynəlxalq qurumlardan olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatlarında göstərilir ki, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin daha bir il artırılması ölkədə ümumi daxili məhsul istehsalının ildə 3 faizdən 6 faizədək artımına səbəb olur. Bu gün dünyanın ən yaxşı təhsil verən ölkələri kimi tanıdığımz Koreya, Sinqapur və Çində ümumi təhsil 12 ilə başa çatdırılır. Başqa bir məlumatda isə oxuyuruq ki, səviyyəsi hamıya yaxşı məlum olan İsveçrədə şagirdlər ümumi təhsil barədə attestatı 19 yaşında alırlar.

Təhsil mütəxəssisləri hesab edirlər ki, 12 illik ümumi təhsilə keçid respublikamızda aparılan təhsil islahatlarının uğurlu nəticələrindən biri kimi qiymətləndirilməli, ümumi təhsilin məzmununun şəxsiyyətin formalaşdırılmasının, şagirdlərdə təfəkkürün, məntiqi düşüncənin, hərtərəfli yaradıcılığın, ünsiyyət mədəniyyətinin və digər zəruri həyati bacarıqların inkişafının stimulu şəklində qəbul edilməlidir. Çünki dövlət başçımız ölkə təhsilinin qarşısına “Neft kapitalının insan kapitalına çevrilməsi” kimi möhtəşəm bir vəzifə qoyur. İstənilən yeni vəzifələri isə mütləq yeni meyarlarla həyata keçirmək mümkündür. Təbii ki, 12 illik ümumi təhsilə keçidi hazırkı müddətin hansısa rəsmi bir sənədlə əlüstü 1 il artırılması kimi başa düşənlər varsa, səhv edirlər. Çünki bir və ya bir neçə aya deyil, uzun bir müddətə reallaşacaq həmin proses çox ciddi elmi, pedaqoji və texniki hazırlıq tələb edəcəkdir. Burada təhsillə bağlı olan bütün subyektlərin – məktəb, müəllim, şagird, valideyn, pedaqogika elmi ilə məşğul olan alimlər, pedaqoji yönümlü nəşriyyatlar, xüsusən, dərslik müəllifləri, bu sistemin fəaliyyətini təmin edən məsul qurumlar və məsul şəxslərin, daha çox isə pedaqoji kollektiv rəhbərlərinin həm psixoloji, həm də təşkilati hazırlığı vacib olacaq.

Bəs bütün bu hazırlıqlardan sonra keçəcəyimiz 12 illik təhsil Azərbaycan cəmiyyətinə nə verəcək? Bu yazını qələmə alarkən görüşüb məsləhətləşdiyimiz alimlərin və digər mütəxəssislərin fikrincə, ilk növbədə, tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrə həftəlik təlim yükü azalacaqdır. Yəni şagird indiyədək 11 ilə oxuyub öyrənməli olduğu proqramı 12 ilə öyrənməli olacaq ki, bunun da proqramların hansı səviyyədə yüngülləşdirdiyini sübut etməyə ehtiyac yoxdur. Bu zaman tədris prosesindəki psixoloji gərginliyin minimuma enəcəyi gözlənilir. Nəticədə şagirdlərin sağlamlığının qorunmasında, təhsilin keyfiyyətinin yüksəlməsində qazanacağıq.

Bundan başqa, proqramların əsasən sinifdə öyrədilməsinə imkan yaranacaq ki, bu da şagirdin evdə olanda da dərslə yüklənməsinin qarşısını alacaq. Bu gün Avropa alimləri sübut edirlər ki, şagirdin normal inkişafına mane olan əsas səbəblərdən biri də onun həddən artıq çox yüklənməsidir. Şagirdin çox yüklənməsi onun mənimsəmə qabiliyyətini mütləq azaldır. Nəticədə o, ya dərsdən yayınır, ya da repititor yanına gedir. Yeni strategiya həm davamiyyətin yaxşılaşdırılmasına kömək edəcək, həm də şagirdin repititora ehtiyacı qalmayacaq.

 Fikrimizcə, 11 illik proqramın 12 ilə paylanması zamanı əlavə dərs saatlarının yaranmasının və bunun müəllimlərin maddi vəziyyətinin yaxşılaşmasına göstərəcəyi təsirin sübut edilməsinə ehtiyac qalmır. Ancaq orta məktəbin sonuncu siniflərində şagirdlərin meyil və marağı əsasında müxtəlif təmayüllər üzrə xüsusi tədris planları və təhsil proqramları (kurikulumları) tətbiq ediləcək ki, bunun müsbət nəticələri barədə söz açmağına dəyər. Çünki bu gün dünyanın inkişaf etmiş ölkələrinin hamısında pedaqogika mütəxəssisləri tədris prosesində şagirdlərin meyil və maraqlarının əsas götürülməsini bir nömrəli vəzifə kimi ortaya qoyurlar. Hətta, ABŞ-da orta təhsilin son iki ilində şagirdlər öz istəkləri əsasında xarici dil, incəsənət və ya texnologiya ilə bağlı əlavə bir və ya iki fənn öyrənmək hüququna malikdirlər. Haqqında söz açdığımız rəsmi dövlət sənədinin əsas hədəflərindən biri də məhz budur.

Ölkənin təhsil naziri Mikayıl Cabbarovun mətbuata verdiyi müsahibələrdə də bu məsələ öz əksini tapır: “ On iki illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə aparılması nəzərdə tutulub. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaq”.

Təcrübəli təhsil mütəxəssislərinin fikrincə, ümumi təhsildə 12 illik proqrama keçdiyimiz zaman dərsliklərin bir çoxu yenidən yazılmalıdır. Bu, ən əvvəl yuxarı sinif dərsliklərinə aiddir. Çünki dərsliklərdən bugünkü ictimai-siyasi həyatımız və gələcəyimiz baxımından dəyəri olmayan mövzular çıxarılacaq. Hətta, İsveçrədə olduğu kimi akademikroqramları öyrənmək qabiliyyətinə malik olan şagirdlərin universitetlərə, nisbətən zəif şagirdlərin isə peşə məktəblərinə hazırlaşmasını təmin edəcək dərsliklərin ərsəyə gəlməsi zərurəti yaranacaq. Bu isə orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsini təmin edəcək. Yəni 12 illik ümumi təhsilə keçid Azərbaycan təhsil sisteminin, xüsusən də orta məktəb təhsilimizin Avropaya inteqrasiyasında yeni imkanlar açacaq. Nəticədə təhsil şagirdlərə bilik və bacarıqlar imkanı qazandıracaq. Proqramların dəyişdirilməsi, dünya təcrübəsi əsasında müasirləşdirilməsi, yeni əsrin yeni fənlərinin daha geniş tədris olunması Azərbaycan gəncliyinin orta məktəbi bitirərkən daha sağlam vətəndaş, daha mükəmməl şəxsiyyət və intellektual baxımdan daha inkişaf etmiş insan kimi həyata atılmasına zəmin yaradacaq.

Təbii ki, 2020-ci ildə başa çatmalı olan bu prosesdə tələskənliyə, hansısa addımım tezləşdirilməsinə ehtiyac olmadığı kimi , “qarşıda hələ xeyli vaxt var”- deyib arxayınlaşmaq da mümkün deyil. Çox ciddi hazırlıq işlərinə ehtiyac olacaq. Əminik ki, cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən çoxsaylı dövlət proqramlarını uğurla icra edən Azərbaycan Respublikası möhtəşəm yeniliklər vəd edən bu strategiyanı da uğurla reallaşdıracaq.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında