ABŞ-da “Müasir Azərbaycan qadın nəsri” antologiyası çap olunub

 

 

Bu günlərdə ABŞ-nın nüfuzlu “Trafford” nəşriyyatında “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s Prose. Bloomington, Trafford Publishing, 2014, 698 page) kitabı nəşr olunub. Yüksək poliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşr edilən kitabı Bakı Dövlət Universiteti Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan həmyerlimiz doktor İrəc İsmaeli nəşrə hazırlamışlar.

Müxtəlif ədəbi nəsli təmsil edən yazıçıların əsərlərini özündə birləşdirən antologiya Azərbaycan qadın nəsrinin son illərdə yaranmış ən yaxşı nümunələrini ehtiva etməkdədir.

Tərtibçilər antologiyaya yazdıqları ön sözdə çağdaş qadın nəsri ilə bağlı mülahizələrini aşağıdakı şəkildə ümumiləşdirmişlər: “Azərbaycanın qadın yazıçılarının əsərlərindən ibarət bu səpkili toplu ingilisdilli auditoriyaya, ümumən dünya oxucularına ilk dəfədir ki, təqdim olunur. Lakin qeyd etmək lazımdır ki, hər hansı bir xalqın ədəbiyyatının qadın yazıçılar müstəvisində oxuculara təqdim olunması müəyyən mənada şərti səciyyə daşıyır. Çünki məntiqi baxımdan bədii ədəbiyyatın qadın və ya kişi yaradıcılığı müstəvisində fərqləndirilməsi uyğunsuz görünə bilər və burada gender amili ilə yanaşı, ekzotik baxış bucağının mövcudluğu da diqqəti çəkir”.

Dünya oxucularına təqdim olunan bu antologiya təxminən son otuz ilin bədii nəsr örnəklərini özündə birləşdirir. Bu dövr sovet siyasi rejiminin süqutu və Azərbaycanın istiqlaliyyətə qovuşduğu mərhələnin ədəbiyyatını əhatə etdiyindən yaranan bədii örnəklərdə özünəməxsus bədii çalarların olduğu şübhə doğurmur. Bəhs olunan dövrün cəmiyyət həyatında ciddi ixtilaflarla, siyasi qarşıdurmalarla, hakimiyyət əvəzləmələri ilə müşayiət olunması, sovet ordusunun 1990-cı ilin 20 Yanvarında müstəqillik uğrunda mübarizəyə qalxan Azərbaycanın paytaxtı Bakıda törətdiyi kütləvi qırğınları, habelə Dağlıq Qarabağ münaqişəsinin ən gərgin çağlarını yaşaması ədəbi prosesə təsirsiz qalmamışdır. Bütövlükdə, dövrün ictimai-siyasi və mənəvi-əxlaqi ruhu qadın yazıçıların əsərlərinə hopmuşdur.

Antologiyaya daxil edilən bədii örnəklər seçilərkən daha çox yazıların dünya oxucularının maraq və zövqünə uyğun olması, həmçinin əsərlərin mövzu, məzmun baxımından əlvanlığı nəzərə alınmışdır. Belə ki, burada epik-analitik, lirik-psixoloji, şərti-metaforik üslublu yazılara təsadüf olunmaqdadır. Seçilən əsərlərin qadın yazarlar timsalında çağdaş Azərbaycan bədii nəsrinin gerçək mənzərəsini əks etdirdiyi şübhə doğurmur. Maraqlıdır ki, antologiyada Quzey Azərbaycanla yanaşı, Vətənimizin güneyində və mühacirətdə yaşayan qadın yazarların əsərlərindən də örnəklər verilmişdir.

Kitabı www.trafford.com, www.amazon.com, www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.

Qeyd edək ki, dünya oxucularına təqdim olunan bu kitab V.Sultanlı və İ.İsmaelinin birgə hazırladığı ilk antologiya deyildir. Belə ki, 2012-ci ildə Amerikada onların tərtibçiliyi ilə “Müasir Azərbaycan nəsri” (“Modern Azerbaijanian Prose”) kitabı nəşr edilmişdi.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında