“Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabının təqdimatı keçirilmişdir

 

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabının təqdimatı keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva ölkəmizdə insan hüquqlarının inkişafına böyük diqqət göstərildiyini, eyni zamanda, qlobal bəlaya çevrilən korrupsiyaya qarşı dövlət səviyyəsində ciddi tədbirlər görüldüyünü vurğulamışdır. A.Mustafayeva bildirmişdir ki, ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində sanballı hüquqi baza yaradılmışdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.

İnstitutun direktoru Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətini qeyd etmişdir. Sənəddə dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin təmin edilməsi, korrupsiya ilə bağlı milli qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması məsələlərinin əksini tapdığı vurğulanmışdır. Bildirilmişdir ki,  ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkədə bütün istiqamətlərdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə  sahəsində də əsaslı islahatlara başlanılmışdır. Hazırda bu proses uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Vüqar Əliyev bəşəriyyətin ən böyük bəlasına çevrilmiş korrupsiyanın hər bir dövlətin iqtisadi inkişafında başlıca maneə olduğunu, milli sərhədləri aşaraq transmilli xarakter daşıdığını, vətəndaşların dövlət təsisatlarına inamını zəiflətdiyini vurğulamışdır. Şöbə rəisi bildirmişdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmışdır. Hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi mübarizə tədbirlərinin miqyası daha da genişlənmişdir. V.Əliyev təmsil etdiyi idarənin korrupsiyaya qarşı mübarizə istiqamətində qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa böyük önəm verdiyini qeyd etmişdir. “Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabının bu problemlə mübarizə sahəsində və hüquqi maarifləndirmə baxımından böyük əhəmiyyəti qeyd edilmişdir. 

Kitabın müəlliflərindən biri - tarix üzrə elmlər doktoru, professor Namiq Axundov bildirmişdir ki, hazırda dünyanın praktik olaraq bütün ölkələrində korrupsiya vardır. Azərbaycan bu qlobal bəlaya qarşı çox ciddi konsepsiyaya və strateji layihələrə malikdir. Alim demişdir ki, ölkəmiz korrupsiya ilə mübarizədə beynəlxalq sistemə qoşulmuşdur, antikorrupsiya siyasətində öz xəttini və kursunu davam etdirməkdədir. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilərək nümunə kimi təqdim olunur.

Nəşrin həmmüəllifi - İnsan Hüquqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadə korrupsiyanın təhlükəli xüsusiyyətlərindən danışmış, rüşvət və korrupsiyanın dövlətçilik prinsiplərinə zidd olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edənlər “Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabının Azərbaycanda korrupsiya problemi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən növbəti addım olduğunu vurğulamışlar. Natiqlər professorlar Namiq Axundov və Rövşən Vəlizadənin birgə qələmə aldıqları kitabın məziyyətindən, müasir dövrdə aktuallığından və əhəmiyyətindən danışmış, müəlliflərin bu sahədəki fəaliyyətlərini təqdirəlayiq hesab etmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında