Əlyazmalar dünənimizin silinməz-pozulmaz izləridir

 

 Onları qorumaq və xalqımıza çatdırmaq üçün sistemli iş aparılır

Son illərdə zəngin mənəvi xəzinəmiz olan ədəbi-bədii abidələrin, klassik əlyazma nümunələrinin oxuculara çatdırılması sistemli və ardıcıl hala gətirilmişdir. Bu sahədə aparıcı elmi mərkəz olan AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutu keçən il bir sıra elmi tədbirlər keçirmiş, alimlər maraqlı nəşrləri və  əsərləri ilə ədəbiyyatşünaslığımızı və humanitar xəzinəmizi zənginləşdirmişlər. İnstitutun direktor müavini, tanınmış tədqiqatçı, filologiya elmləri doktoru Paşa Kərimov ötən il görülmüş işlərdən, qazanılmış ən mühüm uğurlardan söhbət  açaraq bildirdi:

-Son illərdə ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən mədəniyyət siyasəti milli irsimizin qorunması, öyrənilməsi, təbliği sahəsində uğurlu addımların atılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində görülən məqsədyönlü işlər milli mədəniyyətimizin qorunub saxlanılmasına, dünyada tanıdılmasına, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılmasına yönəldilmişdir. Dövlət başçısının müxtəlif tarixi hadisələrin ildönümlərinin, mədəniyyətimizin inkişafında mühüm rol oynamış şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı imzaladığı sərəncamlar bizi daha dərin və əhatəli tədqidatlar aparmağa səfərbər etmişdir. Bu yöndə institutumuzda müvafiq tədbirlər də təşkil olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə mayın 3-də institutumuzda elmi sessiya keçirilmiş, müasir Azərbaycan dövlətinin memarının nəsillərə örnək olan həyat və fəaliyyəti, Milli Elmlər Akademiyasına, Əlyazmalar İnstitutuna qayğıkeş münasibəti qədirbilənliklə yad edilmişdir. Mayın 24-də isə böyük rəhbərin ölməz xatirəsinə həsr olunmuş “Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” mövzusunda respublika konfransı keçirilmişdir. Bu məclisdə respublikamızın bir sıra elmi müəssisələrinin və xarici ölkələrin 80-dən artıq tədqiqatçısı orta əsr əlyazmaları, Azərbaycan mədəniyyəti tarixinə dair məruzələrlə çıxış etmişlər.

Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibəti ilə “M.Gəncəvinin əsərlərinin Əlyazmalar İnstitutunda saxlanan əlyazma nüsxələri” adlı tədqiqat işi həyata keçirilmiş, əməkdaşlarımızın  qəzet-jurnallarda məqalələri çap edilmişdir. Firidun bəy Köçərlinin 150 illik yubleyi ilə bağlı “Firidun bəy Köçərlinin şəxsi arxivi” kitabının təkmilləşdirilmiş variantı çapa  hazırlanmış, böyük ədəbiyyatşünasın Məhəmmədəli Sidqiyə ünvanladığı, lakin indiyədək işıq üzü görməmiş üç məktubu dərc edilmişdir. 

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən, institutda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədi ilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalın yaradılması nəzərdə tutulmuşdur. Bu işin icrası üçün avadanlıq əldə edilməsi məqsədi ilə bir neçə beynəlxalq təşkilat ilə əlaqə yaradılmışdır.

Məmməd Səid Ordubadinin 140 illik yubileyi ilə bağlı görkəmli ədibin şəxsi arxivinin izahlı təsviri nəşrə hazırlanmışdır. Yazıçının indiyə qədər heç bir yerdə nəşr edilməmiş əsərlərindən ibarət “Birinci min günümüz” adlı topluya onun şeirləri, mənzum hekayələri və pyesləri daxil edilmişdir.

Müsahibimiz institutun elmi fəaliyyəti ilə bağlı uğurlardan da söz açdı:

-2013-cü ildə Əlyazmalar İnstitutu “Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin (türkdilli, farsdilli, ərəbdilli əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin) toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği”; “Mətnşünaslıq, elmi-tənqidi mətnlərin tərtibi, ilkin mənbələrin tədqiqi və nəşri”; “Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri” və “Yazılı materialların dezinfeksiya və konservasiyası. Stasionar və səyyar sərgilərin təşkili” istiqamətlərində 3 problem üzərində işlənmişdir. Ötən il 6 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu ətrafında 54 işin müvafiq mərhələlərini həyata keçirmişik.

Azərbaycan və başqa İslam Şərqi xalqlarının elm və mədəniyyət xadimlərinin əlyazmalarının elmi təsviri və kataloqlaşdırılması ilə bağlı İmadəddin Nəsiminin biblioqrafiyasının tərtibi tamamlamışdır. Artıq nəşr olunmuş “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı yalnız Azərbaycan tədqiqatçılarının deyil, bütün dünya nəsimişünaslarının, türkoloqlarının, şərqşünaslarının böyük marağına səbəb olacaq. İnstitutda saxlanan əski çap materialları kataloqunun tərtibi və nəşrə hazırlanması ilə bağlı V cild (rusdilli kitablar) üzərində iş də tamamlanmışdır, əski mətbuat materialları kataloqunun tərtibi isə davam etdirilmişdir. Keçən il “Türk əlyazmaları kataloqu. I cild. Folklor abidələri və müəllifsiz əlyazmalar”) kitabı çapdan çıxmışdır. Buraya Əlyazmalar İnstitutunda mühafizə edilən türkdilli folklor abidələrinin və şifahi xalq ədəbiyyatının təsiri altında, eləcə də dini-mifoloji təfəkkürün məhsulu kimi qələmə alınmış, müəllifi məlum olmayan əlyazmaların elmi-paleoqrafik təsviri daxildir. Bundan başqa, “Farsdilli tarix əlyazmaları kataloqu” üzərində iş də başa çatdırılmış, nəşrə təqdim edilmişdir. “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” kitabında tərtibçi ilk dəfə S.Sadiqinin Təbrizin Mərkəzi Kitabxanasında saxlanan Azərbaycan və cığatay türkcəsindəki şeirlərini, məktublarını tədqiq etmiş, bütövlükdə, şairin türkdilli yaradıcılığına monoqrafiya həsr etmişdir. XVI-XVII əsrlərdə yaşamış böyük Azərbaycan şairi və alimi Sadiq bəy Sadiqinin türkdilli əsərlərinin üzə çıxarılaraq tədqiq edilməsi həmin dövr ədəbiyyat tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Əlyazmalar İnstitutunda 3 mindən artıq fotoşəkil saxlanmaqdadır ki, bunlar dünənimizin, mədəniyyət və ədəbiyyat tariximizin öyrənilməsində əvəzsiz mənbələrdir. İnstitutun əməkdaşı Ədalət Tahirzadə bu fotoşəkilləri bir albom şəklində tərtib etmiş, mövzular üzrə təsnifləşdirmə aparmışdır. 3 mindən artıq fotodan ibarət albomu nəfis şəkildə çap etdirmək üçün yollar axtarırıq.

2013-cü ildə əlyazmaların və arxiv materiallarının digital disklərə yazılması işi davam etdirilmişdir. Hal-hazırda arxiv və mətbuat materiallarının rəqəmsal surətləri hazırlanır. 289 saxlama vahidindən ibarət Həsən bəy Zərdabi arxivi (3960 kadr), 595 saxlama vahidindən ibarət Cəlil Məmmədquluzadə arxivi (9140 kadr), ümumilikdə, 14000 vahid şəxsi arxiv materialı çəkilmişdir. 2013-cü ildə 150000 kadr çəkilmişdir.

Ötən il əməkdaşlarımızının 220 elmi məqaləsi işıq üzü görmüş, bunun 47-si Türkiyə, Rusiya, Qazaxıstan, ABŞ, Macarıstan və Polşada çap edilmişdir.

Beynəlxalq əlaqələr sahəsində aparılan işlərdən danışan Paşa Kərimov axırda dedi:

-İnstitutun əməkdaşları Vatikanda, Polşada, Çexiyada, Almaniyada, İspaniyada, Türkiyədə, İranda elmi ezamiyyətlərdə olmuş, beynəlxalq elmi konfranslarda fəal iştirak etmiş, bir sıra maraqlı məruzələrlə çıxış etmişlər. Əməkdaşımız Zaur Orucov, Şəlalə Əhmədova və Firuzə Paşayeva Türkiyənin Konya şəhərində elmi ezamiyyətdə olmuşlar. Onlar əlyazmaların bərpası, qorunması üzrə TİKA-nın proqramı əsasında Konya Bölgə Yazma Əsərlər Müdirliyində kurs bitirmişlər. Türkiyənin digər müvafiq müəssisələri ilə də bu cür əlaqələr yaradılacaq.

Noyabr ayının 28-də Türkiyənin Baş Nazirliyi nəzdindəki Dövlət Arxivlərinin baş müdir yardımçısı Mustafa Budak Yunis İmrə İnstitutunun Bakı nümayəndəsi Səriyyə Gündoğdu ilə birlikdə qonağımız olmuş, institutun işi ilə tanış olmuşdur. Bu qurumla da əlaqələr genişləndiriləcək, təcrübə mübadiləsi aparılacaq. Tədqiqatlar zamanı Vatikanda aşkar edilmiş Azərbaycan əlyazmalarının rəqəmləşdirilməsi üçün siyahısı tərtib edilmiş və Vatikan Apostol Kitabxanasına təqdim edilmişdir.  Söhbət zamanı öyrəndik ki, bir sıra maraqlı layihələri həyata keçirmək, müəssisənin potensialının imkan verdiyi qədər yazılı abidələrin mətnlərini çap etdirmək üçün institutun maliyyə vəsaiti çatışmır. Bu məsələnin həyata keçırilməsinə dair təkliflər AMEA-nın humanitar və ictimai elmlər bölməsinə təqdim edilmişdir.

Sonda bildirək ki, müsahibimiz Paşa Kərimovun bu günlərdə 55 yaşı tamam olur. Dəyərli alimimizə müxtəlif ünvanlardan gələn səmimi təbriklərə qoşulur, tanınmış ədəbiyyatşünas və onun çalışdığı elmi xəzinənin fədakar kollektivinə yeni uğurlar arzulayırıq.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında