O, kitablı bir ailədə doğulub, kitabların arasında böyüyüb, kitablar yaradan bir atanın oğlu olub və ona görə də lap kiçik yaşlarından kitab həyatının ayrılmaz parçasına çevrilib. İndi vaxtın uzaqlarında qalmış 1950-ci illərin başlanğıcında təhsil aldığı Moskvadan Bakıya - qızmarından, gilavarından, meynələrindən və meyvələrindən, doğma məhəllələrindən, tanış binalarından ötrü darıxdığı əziz şəhərinə, ailəsinə göndərdiyi məktublarında hər dəfə hökmən maraqlanır ki, atası təzə nə yazıb, yeni kitabı çıxıbmı?
Zamanın çox suları axıb keçib, dünya başqalaşıb, siyasətlər, insanlar dəyişib, 60 il öncə bir şimal şəhərindən bir cənub şəhərinə məktublar yollayan, bütün gələcəyi qarşıda olan tələbə Arif Paşayev də, təbii ki, içərisində yaşadığı zamanın və mühitin övladı kimi xeyli dəyişib - indi akademikdir, şöhrətli, xoşbəxt, həyatda arzuladıqlarının az qala hamısına çatmış, cəmiyyətdə böyük nüfuz və hörmət yiyəsi, sanballı şəxsiyyətdir. Amma bu yaşında da, bütün nail olduqlarına yetişəndən, həyatın hər cür xoş və sərt sifətlərini görəndən, ömrün çox zövq və ləzzətlərini dadandan sonra da onu sevindirən, heyrətləndirən, cazibəsinə sala bilən əsas nemət, yenə onillər əvvəl olduğu kimi, kitabdır, ağıllı söz, qələmdən təzəcə çıxmış yeni və dəyərli fikir daşıyan yazıdır.
Təəssüflər ki, sürətli zəmanəmiz insanlardakı oxumaq vərdişi və şövqünü nəzərəçarpacaq qədər soldurub. Daha keçmişlərdəki kimi insanlar kütləvi halda kitab aludəsi deyil, hətta elm, qələm sahiblərinin də əksəri əsasən öz yazdığını oxuyub feyziyab olmaqla kifayətlənir.
Cavanlığındakı kimi, yenə kitabla təmasdan doymayan, cild-cild kitablar bir yana qalsın, hətta qurucusu, qayğıkeş və tədbirli rəhbəri olduğu Milli Aviasiya Akademiyasında buraxılan jurnalın belə hər yeni sayını əvvəldən sonacan peşəkar maraqla oxuyub hər dolğun məqalə bir tərəfə qalsın, hər uğurlu cümləyə, ifadəyə sevinən, gözləri gülən, sifəti işıqlanan (bu, onunla birgə çalışanların mənimlə bölüşdükləri müşahidələrdir) Arif Paşayevi ən əvvəl bu özəlliyinə görə mən xoşbəxt adam sayıram. Və bu keyfiyyəti bütün ömrü boyu varlığında daşıdığına görə onun atası, görkəmli Azərbaycan alimi və yazıçısı Mir Cəlalı da məsud bir ata hesab edirəm.
O məktublar ki onları gənc Arif Paşayev qərib şəhərdən evlərinə göndərərmiş, onlar mənim işlədiyim Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Mir Cəlala həsr olunmuş guşədədir. Orada Mir Cəlaldan yadigar qalmış üstü qeydlərlə dolu təqvimdən, sənədlərdən, əlyazmalardan, fotolardan tutmuş yazı ləvazimatına, müxtəlif şəxsi əşyalaradək xeyli yadigar toplanıb. Və sırada bir binokl da var.
Söyləyirlər ki, Mir Cəlal Xəzər sahilində təkcə əyləşib bu durbinlə dənizin, üfüqün göz işlədikcə uzanan dərinliklərinə baxmağı sevərmiş.
Mir Cəlalın gözləri onsuz da çox uzaqları seyr edə bilirdi. Həm tarixin, həm insanın daxili aləminin hər kəsin rahatca duya, görə bilmədiyi uzaqlarını. Ona görə alim kimi araşdırmalar aparanda millətin keçmişindəki seçkin şəxsiyyətlərdən bəhs edər, yazıçılıq aləminə baş vuranda qəhrəmanlarının hisslər, düşüncələr aləminin ən zərif və dərin qatlarına enməyi bacarırmış.
Bəlkə həmin sevimli binoklunu gözlərinə dayayıb uzaqlara baxanda Mir Cəlal əslində dənizi, üfüqü, gözlə asan sezilməyən mənzərələri deyil, heç bir durbinin göstərə bilməyəcəyi gələcəyi görməyi umurmuş?!
Görəsən, özünün ixtiyar çağlarının, özünün olmayacağı daha sonrakı vaxtların görüntülərini, həmin gələcək içərisindəki əzizlərini, ilk növbədə övladlarını - əsərlərini və balalarını Mir Cəlal uzaqgörən alim və yazıçı təfəkkürüylə necə təsəvvür edirmiş?
Dünəndən boylanaraq bugünü bizim bildiyimiz bütün gerçəkləri ilə seyr edə, oradan baxaraq indi yaşı ondan artıq olan istəkli oğlu Arifin keçdiyi yolu və əldə etdiklərini ayrıntıları ilə görə bilsəydi, hər halda bir ata, valideyn kimi Mir Cəlal müəllim hədsiz bəxtiyar olardı.
Bir kitab adamı kimi ilk növbədə ona fərəhlənərdi ki, verdiyi tərbiyə boşuna ötüb keçməyib.
İftixar duyardı ki, millətinə, dilinə, peşəsinə, elmə, kitaba sevgi ömrü boyu balasının daxilində nəbz kimi döyünüb.
Qürrələnərdi ki, özünün mürəkkəb, çarpaşıq, təlatümlü dövrlər içərisində şöhrət gətirdiyi, daim ləyaqətini qoruyub saxladığı soyadını istəkli övladı daha da ucalara dikəldib.
Fəxr edərdi ki, oğlu Arif həm yaxşı alim, həm də bundan qat-qat çətin olan yaxşı adam olmağı bacarıb.
...1950-cimi, 60-cımı illərdir. Bütün vücudundan təvazö, mehribanlıq, əlçatımlıq yağan, gendən məşhur yazıçıdan, alimdən daha əvvəl müəllimə, bağbana bənzəyən Mir Cəlal yay tətilindədir, universitetdə dərslər bitib, yığışıb köçüblər bağa.
Xəzər sahilində düşüncəli-düşüncəli gəzişir, sevimli binoklunu asıb boynundan, hərdən qaldırıb yaxınlaşdırır gözlərinə, dənizin, üfüqün sonu görünməyən uzaqlarına baxır.
Nələri görür?..
Əngin düşüncəsi ilə Yaradanın istəklilərindən olan dahi Eynşteyn özünə xas sərrastlıq və yığcamlıqla Xaliqin maraqlı təriflərindən birini verib: “Allah qərəzli deyil, qəlizləşdirəndir”.
Hamımız Ondan rişələnirik və Onun yanaşma ülgülərindən hərəmizə zərrəcə də olsa pay düşür.
Bəlkə mən də bu gümanlarımla əslində xeyli bəsit olanı həddən ziyadə mürəkkəbləşdirirəm?
Mir Cəlalda onu heç vaxt tərk etməyən zərif yumor hissi olub, hər gördüyündə bir məzəli çalar tuta bilib. Və bu, həyatı boyu karına da çox gəlib.
2009-cu il idi, Həmid Araslının Elmlər Akademiyasında 100 illiyi keçirilirdi. Arif müəllimlə qonşu sıralarda oturmuşduq. Onlar Araslı nəsli ilə köhnədən ailəvi yaxın, dost, simsar olmuşdular. Həmid Araslının həyat yoldaşı Balacaxanım müəlliməni yada salaraq Arif müəllim xatırladı ki, atam zarafatla deyərdi: “Balacaxanımda ki insanlarla belə ustalıqla rəftar etmək, dil tapmaq bacarığı, bu cür təşkilatçılıq var, onu Birləşmiş Millətlər Təşkilatının baş katibi qoysaydılar, işlərdi”.
Müstəsna zəkası və qeyr-i adi şəxsiyyətinə valeh olduğum dünya alimlərinin ən bilginlərindən biri, dillərdə dolaşan aforizmlərinin hərəsində həm iti yumor, həm də hüdudsuz müdriklik yaşayan Nils Bor haçansa belə sərrast ifadə işlədib: “Dünyada o qədər ciddi şeylər var ki, onlar haqqında yalnız zarafatla danışmaq olar”.
Bu şakər Mir Cəlala da xas olub, həmin xüsusiyyət irsən, qanla Arif müəllimə də keçib. Yəqin, daimi şuxluğundan, həyata, gedişata, bəzən ən ciddi görünə bilənlərə də daha iddiasız, təbəssümlə, bir az da kinayə ilə baxa bildiyindən hər olub-keçəni ürəyinə salmamağı da, çox müşkül görünən suallara rahatca cavab tapmağı da bacarıb və həmişə içərisi işıqla dolu olduğundan beləcə cavan qalıb.
(Aviasiya Akademiyasında buraxdığı dəyərli “Səma” (SKY) jurnalı ki var, o dərginin növbəti saylarından birini vərəqləyən qardaşı Hafiz haqlı irad tutur: “Əla jurnaldır. Ancaq dizaynı sən deyən yaxşı deyil”.
Arif müəllim uzun-uzadı izah əvəzinə dərhal gülərək dillənir: “Hə, düz deyirsən. Amma özümüz qəsdən çox bəzəkli eləmirik ki, göz dəyməsin”).
Bəlkə Mir Cəlal da həmin yadigar durbini ilə bağlı mənim guya fəlsəfi mülahizələrimi hansı möcüzəyləsə oxuya bilsəydi, özünə xas təbəssümlə qımışar və buna da məzə ilə sadədən-sadə bir izah verərdi: “Nə gələcəyi görmək həvəsi, canım! Buralardan çox aralı olduğuna görə yaxşı seçə bilmədiyim qayanın üstündə bir balıqçı hər gün gəlib kəmal-i ədəblə saatlarla oturur, mən də uzaqdan ona baxıb azarkeşlik eləyirəm ki, görəsən, nə tutdu, qızılbalıq keçdimi qarmağına?..”
...Amma axı elə Arif Paşayev də, atası kimi, Xəzərlə tək qalmağı sevir, ömrə bənzəyən dənizin sahilində saatlarla əyləşib tilov atmağı xoşlayır.
Təbii ki, əsas məqsədi də nə qızıl, nə də lap elə adi balığı tutmaqdır.
Axı dənizlə, ləpələrlə, sularla tənha qalanda insan ən əvvəl öz aləmində olur.
O aləmsə xüsusən yaş asta-asta artandan sonra gerçək ətrafımızdan, axarında olduğumuz səs-küylü həyatdan daha maraqlıdır.
Və həmin içərimizdəki tək özümüzün olan aləmdə bütün sevdiklərimiz - getmişlər və qalanlar hamısı ən munis xatirələrlə daim bizimlədir...
* * *
Arif müəllimi bir insan və şəxsiyyət kimi səciyyələndirən başlıca üstün keyfiyyətlərdən biri etibarlılıq, dünənə sədaqətdir.
Yaddaşı qısa olanlar heç vaxt mənəvi cəhətdən kamilliyə yetişə bilməzlər. Arif Paşayevdə insan xalisliyindən xəbər verən belə bir xüsusiyyətin varlığına onu uşaqlıq illərindən tanıyan dürüst bir şahidin sözlərindən sonra yəqinlik hasil etdim.
Unudulmaz akademik Həmid Araslının qızı, uzun danışmaqla arası olmayan Nüşabə xanım Araslı üçcə kəlməylə dəqiq qiymətini verə bildi: “Arif müəllim keçmişə sadiq adamdır”.
Bu sözləri deyən insan keçmişə sədaqətin nə demək olmasının çox incəliklərinə öz tərcüme-yi halının sıra-sıra sınaqlı səhifələrindən bələddir.
Mir Cəlalla Həmid Araslı ilk gənclik illərindən, Gəncə dövründən ayrılmaz dostlar idilər. Ailə, ev-eşik sahibi oldular, köhnə sirdaşlıq bir az da dərinləşdi. Dövr isə elə burulğanlı, axarında yaşadıqları siyasi mühit elə dolaşıq idi ki, etibar, kişilik, mərdlik şərtlərinə sonacan əməl etmək mümkünsüz qədər çətin olurdu.
1950-ci illərin başlanğıcında siyasi iqlim bir az dəyişik idi.
Daha dövlətin, hakim siyasətin şübhə ilə baxdığı, qaraladığı, damğa vurduğu adamlara salam verməyin belə ideoloji düşmənə qoşulmaq, onunla həmfikir olmaq kimi qiymətləndirildiyi 1937-ci il deyildi.
Doğrudur, tam o cür deyildi, ancaq aşağı-yuxarı mahiyyət dəyişməmişdi, yanaşma təqribən eyni idi və gözünün odu alınmış insanlar hər halda yaxın qorxulu tarixi yaxşı xatırlayırdılar.
Həmid Araslının “Kitab-i Dədə Qorqud”a görə ölkə rəhbərliyi səviyyəsində vurulduğu, təqib və təzyiqlərə məruz qaldığı, bütün gələcək taleyinin tükdən asılı olduğu əyyamlarda Mir Cəlal yenə onunla idi, açıq-aşkar əski dostuna qahmar da çıxırdı, mənəvi dayaq da dururdu, hər axşam külfətini yığıb onlara qonaq da gəlirdi və şübhəsiz, agah idi ki, belə etibargöstərmə ona baha başa gələ bilər.
Övladlar da bütün bunları görürdülər, öz həyat dərslərini (və etibarlılıq tapşırıqlarını) alırdılar.
Keçmişə sədaqətini o qədər müşkül, ağır günlərdə qeyrətli, mərdanə davranışları ilə isbat etmiş Mir Cəlalın oğlu başqa cür ola bilərdimi?!
Nüşabə xanım əlçatmaz keçmiş günləri, gələcəyə ümidlərlə dolu olduqları səadətli çağları xatırlayır, ailəliklə bir gün Mir Cəlalgildə, bir gün Araslıların, bir gün Məmməd Arifin, bir gün Süleyman Rəhimovun, bir gün Cəfər Xəndanın, bir gün Süleyman Rüstəmin... mənzilində toplanmalarını, hamısının iri bir ailə kimi bütöv, məhrəm olmalarını indi ürəksıyıran xiffətlə anır: “Olurdu ki, qardaşım Elman günlərlə Mir Cəlal müəllimgildə - İçərişəhərdə gecələyirdi, ya Arif gəlib bizdə - Çadrovıda (indiki Mirzağa Əliyev küçəsi) qalırdı.
Bəxt elə gətirdi ki, universitetdə də Aida mənimlə birgə oxudu.
İndi də rastlaşanda Arif müəllim bir-iki mehriban ifadəsiylə məni istər-istəməz qaytarır o keçmiş əziz günlərə. Qardaşımla tay-tuş olduqlarına görə daha yaxın idilər, amma mən də bütün həyat boyu onun etibarını müşahidə etmişəm”.
* * *
Arif müəllimin ömrünün, taleyinin bir parçası olan Aida xanım İmanquliyeva ilə Azərbaycan Elmlər Akademiyasının eyni institutunda işləyirdik. O zamanlar Yaxın və Orta Şərq Xalqları İnstitutunda (sonralar adı dəyişilib Şərqşünaslıq İnstitutu oldu) bir-birindən işıqlı görkəmli alimlər çalışırdı. Həmin ağır çəkili üstün alimlərin ən cazibəlilərindən biri hələ ilk tələbəlik illərindən ünsiyyət qurduğum, tez-tez görüşüb əngin biliklərindən bəhrələndiyim Əkrəm Cəfər idi. Əkrəm müəllimin Aida xanıma xüsusi rəğbətləri vardı, onun səviyyəsindən çox razı idi, həmişə tərifləyirdi, örnək gətirirdi və həm Aida xanımın atası Nəsir İmanquliyev, həm də Arif müəllimin atası Mir Cəlalla 1930-cu illərin əvvəllərindən sıx əlaqələri vardı.
Bir dəfə Əkrəm müəllim mənə Aida xanıma həsr etdiyi şeiri oxudu.
Əkrəm Cəfər tükənməz təsiri oyadan biliklər və keşməkeşli tale sahibi olan son dərəcə maraqlı bir insan idi. Fars, türk, ərəb ədəbiyyatlarına mükəmməl vaqif olduğu qədər rus ədəbiyyatına da aşina idi. Firdovsini, Nizamini, Xaqanini, Sədini, Hafizi və bir çox başqa farsdilli poeziya klassiklərini sinədəftər etmiş, onların yaradıcılığından özünəməxsus şövqlə, ehtiraslı bir artistizmlə saatlarla böyük-böyük parçaları əzbər söylədiyi kimi, türk ədəbiyyatından Əbdülhəq Hamidi, Tofiq Fikrəti də sevə-sevə deklamasiya edərdi və qəfildən valı dəyişərək Vladimir Mayakovskiyə keçərdi, cavanlıq çağlarında şairin özündən eşitdiyi tərzdə uzun-uzun seçmə şeirləri dinləyənləri heyran buraxan bir məharətlə oxuyardı. Amma müxtəlif dillərdəki poeziyanın hər çeşidindən xəbərdar olan Əkrəm Cəfərin son saatınacan ən çox sevdiyi şair Ömər Xəyyam, ən çox bəyəndiyi şeir şəkli rübai oldu. Və 1980-ci ilin aprel günlərində Əkrəm müəllim mənə Aida xanıma həsr etdiyi, növbəti ad günü münasibətilə ona bir hədiyyə olaraq təqdim etməyə hazırlaşdığı təzə şeirini göstərdi. Həmin şeirin də mayasında elə rübai dayanırdı. Şeirin sərlövhəsində də “rübai” kəlməsi vardı.
Əkrəm müəllim hesablamışdı ki, fars, türk, ərəb ədəbiyyatlarında son min ildə üç mindən çox rübai yazan şair olub. Aida xanımı isə obrazlı şəkildə o, İlahinin yaratdığı bir rübai sayırdı. Şeirin adı da məhz belə idi: “Allahın rübaisi”.
Bəlkə lap dünyaya
gəldiyim gündən
Mən bütün ruhumla
şeirə məftunam.
Bütün gözəlliklər şeirdir mənə,
Məni şeirə vurğun
doğmuşdur anam.
Şeirlər içində ən çox sevdiyim
Rübai olmuşdur, indi də odur.
Hətta Aidaya baxdığım zaman
Gözümün önündə rübai durur.
Məncə, Aida da bir rübaidir,
Yazanı Allahdır bu rübainin.
Candan vurulardı, görsəydi onu
Rübai allahı Xəyyam da, yəqin.
Aida ilahi bir rübaidir,
Gözləri, qaşları iki beyt kimi -
Füzuli şeirinin iki şah beyti
Gözəllik heykəli, könül hakimi.
Məcnun ilə Leyli evlənsəydilər,
Uşaqları, yəqin, ona bənzərdi.
Bir qız doğulsaydı
nikahlarından,
O əsmər nazənin ona bənzərdi.
Aida baxarsa axar bir suya,
O su dəyişilib gülab olacaq.
Aidanın əksi düşsə güzgüyə,
Güzgünün qucağı güllə dolacaq.
O, Həvva olsaydı, cənnətdə İblis
Adəmə yüz kərə səcdə edərdi.
Züleyxa olsaydı, bütün cavanlar
Yusifə dönərdi, Misrə gedərdi.
Mən ona səadət diləkçisiyəm,
Ensin ayağına elmin meracı.
Diləyim budur ki,
ölməyim, görüm
Mən onun başında
doktorluq tacı.
Əkrəm müəllim bu şeiri oxumuşdu və sonra da əlavə etmişdi ki, bax, rübai dörd misradır. Aidanın da adı dörd hərfdən ibarətdir, həyat yoldaşı, dostum Mir Cəlalın oğlu Arifin də adı dörd hərfdir. İki balaları var - ailələri də dörd nəfərdir. Elə bil Allah rübailiyi hər cəhətdən Aidanın alnına yazıb.
1905-ci ildə doğulmuş Əkrəm müəllim 86 illik uzun ömür yaşadı, şeirində arzuladığı günə, Aida xanım İmanquliyevanın 1989-cu ildə uğurla doktorluq dissertasiyası müdafiə edərək layiq olduğu yüksək elmi dərəcəni də almasına şahid oldu.
Heyiflər ki, Aida xanımın özünün ömründəki rübai bütövlüyü başacan davam etmədi.
Rübainin bir misrası erkən düşdü. Aida xanımı insafsızca vaxtsız itirdik.
Hələ yaşamalı illərsə qarşıda idi, vur-tut 52 yaşı vardı...
Mənim elə Arif Paşayevlə də ilk görüşüm, ilk tanışlığım 35 il əvvəl Aida xanımın səbəbinə baş tutmuşdu.
1979-cu il idi. 3 illik aspiranturanı elə birinci ildəcə tamamlayaraq XI əsrin filosof şairi Baba Tahir Üryan haqqında dissertasiyamı müdafiə edirdim. Baba Tahirin farsca şeirləri ilə yanaşı ərəbcə “Kələmat-i qisar” (“Qısa hikmətlər”) adlı bir risaləsindən də dissertasiyamda bəhs edirdim, ona görə də əsərin müzakirəsi əməkdaşı olduğum İran filologiyası şöbəsi ilə Aida xanımın müdiri olduğu Ərəb filologiyası şöbəsinin birgə iclasında keçirilmişdi. O dövrün qaydalarına uyğun olaraq dissertasiya ilə bərabər bütün sənədlər rusca hazırlanaraq Moskvaya göndərilməli idi. Bəzi sənədlərdə Aida xanımın imzasına ehtiyac vardı. Cümə günü idi. Qarşıda iki qeyr-i iş günü vardı. Aida xanıma zəng vurdum: “Protokolları evə gətir, imzalayım”, - dedi. Apardım, Arif müəllim təzə qəzetləri gözdən keçirirdi, əlində o çağın “Pravda”dan sonra ikinci əsas qəzeti “İzvestiya” idi. Bir yazıdakı ayrı-ayrı məqamları gülə-gülə dissidentcə şərh eləməyə başladı və mən çox təəccübləndim. Sovet dövləti cabəca yerində idi və artıq çürüyüb laxlayan bu rejimdən düşüncəli insanların əksəri bezərək narazı olsa da, bu barədə hündürdən danışmaq, siyasi gerçəkliyin əyər-əskiklərini açıqca müzakirə etmək o qədər də dəb deyildi və hələ ki, keçmişki KQB xofu diri idi.
Kim bilir, bəlkə ilk görüşdən belə açıq, pərdəsiz replikaları ilə Arif müəllim elmə yenicə gələn bir gəncin həyata daha ayıq, daha gözüaçıq yanaşması üçün bir ötürmə edirmiş.
Hər halda o ilk görüşdən Arif müəllim mənə çox saf, mülayim, qılıqlı, səmimi bir insan kimi gəldi.
35 il ötüb, dünya da büsbütün dəyişib, elə bir çox insanlar da. Amma Arif müəllim sabit və müsbət insani keyfiyyətləri ilə elə həminkidir ki, qalıb.
2002-ci ildə Arif Paşayevi Azərbaycan Kosiki Karate-do Federasiyasının qara kəmərinə layiq görüblər.
Bilmirəm Arif müəllim haçansa tatami üzərinə çıxıbmı, ya nə vaxtsa ümumilikdə pəhləvanlığa aid bu qəbil döyüş, güləş idman növlərindən hansı iləsə məşğul olub, ya yox. Amma qəti əminəm ki, Arif Paşayev həmin təltifə tam layiqdir, çünki bizim bu pırtlaşıq, qatmaqarışıq dünyamızda pəhləvanlıq yalnız güləş döşəyi üzərində, rinqlərdə, meydanlarda baş verən qarşıdurmalar deyil, üzdən göründüyündən qat-qat geniş fəlsəfəni əhatə edən bir anlayışdır.
Arif Paşayevin atası Mir Cəlalın aşiqi olduğu, dissertasiya və monoqrafiya həsr etdiyi Məhəmməd Füzuli həmin danılmaz həqiqəti hələ beş əsr əvvəl ulu Məhəmməd Peyğəmbərə ithafən qələmə aldığı məşhur “Hədis-i ərbəin” əsərində təsdiqləyərək belə yazırdı:
Pəhləvan ol degil ki, hər saət
Yıxa bir pəhləvanı qüvvət ilə.
Oldurur pəhləvan ki,
vəqt-i qəzəb
Nəfsinə hökm edə ihanət ilə.
Və dahi Füzuli bu amili o qədər vacib hesab eləyirdi ki, cəmi 40 bənddən ibarət və xeyli mətləbi açmalı olduğu həmin xırdaca əsərində məsələyə bir də qayıdır, əsl pəhləvanlığın yalnız hisslər adama üstün gələndə nəfsini boğa bilməyə güc tapa bilməyin deyil, həm də başqalarında olan bir üstünlüyə həsəd aparmamaq, digərinin uğuruna göz və könül toxluğu ilə yanaşa bilmək olduğunu bəyan edirdi:
Ol təvangər degil ki,
nəqş-i təmə,
Səfhe-yi qəlbinə müsəvvər olur.
Qeyr olanda olan təcəmmüldən,
Kəsən ümidini təvangər olur.
Arif Paşayev həyatı boyu əslində hər insanın içərisində olan və imkan versən, münbit şərait tapsa dərinə işləyən, qol-budaq atan təkəbbürün, nəfsin, həsədin kürəyini yerə vura, məğlub edə bilib. Buna nail ola bilən insana isə nəinki qara kəmər, güləşin, döyüşün, pəhləvanlığın hər növündə verilə bilən hər çeşid mükafatın ən yaxşısı düşür.
* * *
Arif Paşayevin 1966-cı ildə müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi aldığı dissertasiya “Yüksək və ifratyüksək yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” adlanırdı.
1978-ci ildə ona fizika-riyaziyyat elmləri doktoru adını qazandıran əsərin mövzusu isə “Yarımkeçiricilərin tədqiqində qeyr-i dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiq perspektivləri” idi.Bu sahələrə nabələd olanlara heç nə deməyən həmin sərlövhələr böyük elm üçün çox şey deyir və nəticələri, bəhrələri ilə əslində həm də zahirən bu qəliz elmi deyimlərin mahiyyətini anlamayan sadə insan üçün işləyir.
Lakin sırf elmi-terminoloji çəki və anlam daşıyan kəlmələrin azərbaycancada rahatca dərk olunan mənaları da var ki, məhz onların işığında Arif Paşayevin şəxsiyyəti və keçdiyi yola rəmzi yozumlarla nəzər salmaq olur.
Onillər ərzində yarımkeçiricilərlə məşğul olubsa da, belə bir deyimin işlənməsi məqbulsa, Arif müəllim özü həmişə tamkeçirici olub.
Zəmanəmizin ifratyüksək tezlikli hadisələr kaleydoskopunda müvazinətini itirmədən, səmt küləklərinə əyilmədən, simanı qoruyaraq yaşamaq hər oğulun işi deyil.
Dünyanı, insanları, hadisələri duyğular selinə döndərərək daxilindən keçirmək, qəlbində, zehnində bu qədər yükü daşıya-daşıya səkkiz onili arxada qoymaq və bu təhər şux, şıq, gümrah, duyğulu, nikbin qalmaq hünərdir.
Axı sən dünya ilə sadəcə paralel yaşamırsansa, dünya sənin böyründən deyil, içərindən keçirsə, mütləq gerçək yaşın ömür sürdüyün illərin miqdarından nəzərəçarpacaq qədər artıq olur.
Arif adlanmaq asandır, dünyanı, həyatı arif yaşamaq çətindir.
Bayaqkı elmi terminlər sırasında bir “qeyr-i dağıdıcı” ifadəsi də keçirdi. Bunu da bizim danışdığımız saya həyat dilinə çevirəndə bir para qənaətlər yaranır. Qeyr-i dağıdıcı hələ qurucu demək deyil, amma istənilən halda yenə də şükürlüdür. Dünyanı olduğundan da gözəl edəcək yeni nəsə yaratmırsansa, heç olmazsa olanı uçurub məhv etmə.
Elə təkcə Arif Paşayevin sadə Aviasiya məktəbindən dünyada tanınan Aviasiya Akademiyası səviyyəsinə dikəltdiyi təhsil ocağının timsalı onun necə qurucu olmasının əyani sübutudur.
Arif Paşayevin (və hər birimizin) ölməz alim babalarımızdan olan Nəsirəddin Tusi düsturların, tənliklərin, mürəkkəb quruluşların aləmindən aralanıb şeirə sığındığı, misralarla ovunduğu ilhamlı dəqiqələrdə qələmə aldığı bu dördlüyündə bir tərəfdən cahanın faniliyindən gileyli idisə, digər yandan ondan pərişan idi ki, aləm açılmamış suallar, tapılmamış cavablarla ləbələbdir:
Yol bilən aqillər hey gedib-gələr,
Kimsəyə vermədən
doğru bir xəbər.
Bir düyün var, onu
heç kəs açmadı,
Gələn vurub gedər
yeni düyünlər.
Arif Paşayev məsud adamdır ki, bu yaşında arxayın inamla söyləyə bilər ki, dünyanın düyünləri üstünə yeni düyünlər vurmadım. Gəldim, çalışdım, hansısa suallara cavablar tapdım, hansısa düyünləri açmağı bacardım, hansısa kəşfləri etməyə müvəffəq oldum.
Və indi səksənin hündürlüyündən geridəki mənzərə bütün eniş-yoxuşu ilə aydın görünürkən ortadakı həqiqət budur ki, Arif Paşayev arifcəsinə yaşamağı bacarıb!
* * *
1998-2002-ci illər arası püxtə alim Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının, Beynəlxalq Nəqliyyat Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki seçilib.
Bu mötəbər ümumdünya qurumlarının verdiyi adları Arif Paşayevə dünənki mühüm elmi xidmətlərinin dalğası gətirib və yəqin, belə dəyərləndirmələr bundan sonra da davam edəcək. Amma Arif müəllim onların ömrün müəyyən mərhələsindən sonra təbii bir dalğa olaraq gəlməsi üçün can qoyaraq alın təri və beyin qırışları ilə möhkəmdən-möhkəm təməllər yaradıb.
İnsana bu dünyada heç bir nemət elə öz-özünə, qızıl nimçədə yoxdan nazil olmur.
Arif Paşayev 1991-ci ildə fizika sahəsində önəmli işlərinə görə “SSRİ ixtiraçısı” medalına layiq görülüb.
Gec-tez dağılmağa məhkum olan SSRİ artıq yoxdur, tarixin dünəninə çöküb. Amma sovet dövründə verilmiş fəxri adlar, nişanlar, təltiflər yaşamaqda davam edir və dəyərini itirmir. Ən əvvəl ona görə ki, o adlar hər yetənə əta edilmirdi, yüz ölçülüb, bir biçilərək ən layiqlilərə nəsib olurdu. İkincisi də, bu qiymətləndirmə həm də miqyas göstəricisi idi, ucu-bucağı görünməyən möhtəşəm imperiyanın yüz milyonlarla sakini arasından seçilərək üstün tutulma demək idi. Sovet dönəmində SSRİ xalq artisi, SSRİ xalq rəssamı, SSRİ əməkdar idman ustası, Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı və digər belə ali şərəfləndirmələrə yetişmək şəxsiyyətin parlaqlığının, istedadının, qabiliyyətinin, rəşadətinin dünyaya meydan oxuyan bir dövlət tərəfindən tanınması idi.
Tarix əbədiləşən keçmişdir və onun arxada qalmış səhifələrindən heç nəyi silmək, dəyişmək mümkün deyil. Tarixin elə yöndəmsiz, ağrı-acılı səhifələri var ki, sadəcə onları yada salmaq istəmirsən, onları bir daha vərəqləməyə həvəsin olmur, ürəyin gəlmir. Amma yaşanmış vaxt kəsiyinin, ötüb-keçilmiş dünənin elə məqamları da var ki, ömrünü bizlərlə birgə yenə sürür və iftixar qaynağı olaraq qalmaqdadır.
Əgər bir Azərbaycan aliminin tapıntıları, yaratdıqları o böyüklükdə elmi potensiala və yüzlərlə, minlərlə oturuşmuş, dünya şöhrətli alimdən ibarət intellekt ordusuna malik Sovet İttifaqı tərəfindən o dövrdə yüksək qiymətləndirilərək mükafatlandırılıbsa, buna dünən olduğu kimi, bu gün də vətənini, millətini sevən hər kəs Azərbaycanın, xalqın uğurları kimi fərəhlənməli, öyünməlidir.
Arif Paşayevin 1951-54-cü illərdə Moskva Elektrotexnika Rabitə İnstitutunun tələbəsiykən Sovetlərin paytaxtından Bakıya göndərdiyi, təhsilini 1954-57-ci illərdə Odessa Elektrotexnika Rabitə İnstitutunda davam etdirərkən oradan evlərinə yolladığı və Mir Cəlalın arxivində rast gəldiyim məktublarında epoxa var, dövrün ruhu, ab-havası var, o çağların Bakısı, Moskvası, Odessası - SSRİ-si var.
1952-ci ilin 11 noyabrıdır, Moskvadan yazır: “Mən paradda bu dəfə STALİNİ (özü bütün hərfləri böyük yazıb, elə də saxladım - R.H.) gördüm. Kişinin kefi çox yaxşı idi. Mən mavzoley tərəfdən onuncu gedirdim, odur ki, çox gözəl görünürdü. O, əlini qalxızıb gülümsəyərək bizi qarşıladı. Ata, mən necə də xoşbəxtəm!”
Bu həmin ilğıma çevrilmiş günlərin şəxsi məktubda, ata-bala ünsiyyətində ifadə edilmiş səmimi hissiyyatıdır. İndi onu necə dəyişəsən?! O tarix o cür yaşanıb, o cür qavranıb.
(Amma yeri gəlmişkən elə bu babətdə bir uyğun xatirəni də bölüşüm. Niyazinin Rəsul Rzanın sözlərinə bəstələdiyi, 1940-50-ci illərdə çox populyar, dillər əzbəri bir mahnısı olub: “Can Stalin”. Bir dəfə dedim ki, maestro, heyifdir, gəlin o şeirə yüngülvari əl gəzdirək, ya mən edim, ya atasının şeiri olduğuna görə Anara deyək etsin, mətni Azərbaycana həsr edək, bu gözəl melodiya da eşidilməmək, səslənməmək buxovundan xilas olsun.
“Yox, istəmirəm, - dedi. - Axı o vaxt biz bunu boğazdan yuxarı, kiminsə tapşırığına görə etməmişik. Səmimi olmuşuq, ona görə də o vaxt mahnı da qəşəng alınıb. Ürək hökm eləyib, yazmışıq. Həmin dövr yoxdur, ürək ki yerindədir. Bir melodiyanın xatirinə mən ürəyimin əksinə necə gedim?! Bu Niyazi ayrı, o Niyazi ayrı. Bu Niyazinin o Niyazinin əvəzinə qərar çıxarmaq haqqı yoxdur.”).
İndi bu təfərrüatlara varmaqla, ötən əsrin ortalarının həmin mühitini xatırlamaqla məqsədim o çağlardan ötrü qəribsəmə duyğuları oyatmaq deyil, çatdırmaq istədiyim başqa bir çalar var.
Bu gün elmin çeşidli sahələrində, xüsusən dəqiq elmlər şəbəkəsində Kürre-yi Ərzdə tanınan, qəbul edilən ünlü alimlərimiz varsa, bu, ilk növbədə qoynundan keçib gəldiyimiz həmin əzəmətli elm və savad mühitinin bizə töhfəsidir.
Allahın pay verdiyi istedad, qabiliyyət, zəhmətsevərlik öz yerində, amma Arif Paşayev kimi alimlərin yetişməsi, formalaşması, özündə Şərqi və Qərbi üzvi şəkildə qovuşduran, hər cür əyalətçilik təmayüllərindən qurtulmuş insanlara çevrilmələri üçün, yalnız elmi deyil, həyati dünyagörüşlərinin də genişlənməsindən ötrü həmin təhsil və mədəniyyət məkanının müstəsna əhəmiyyəti vardı. Bu bilik və mədəniyyət mühiti həm o vaxt çox qabaqcıl sayılırdı, həm də bizim SSRİ tərkibindəykən maneəsiz gedib çıxa bilməyimiz mümkün olan xaric idi.
Əlbəttə, valideynlər üçün istəkli övladlarından müvəqqəti olsa belə ayrılıq çətin idi, darıxırdılar da, gözlərindən uzaqda, yad şəhərlərdə balalarının necə yaşayıb-dolanmasından daim səngiməyən bir nigarançılıq da vardı.
Dünyagörmüş Mir Cəlal Paşayev məktublarından birində bunu etiraf da edirdi: “Peyğəmbər deyib ki, görüş sevinci olmasaydı, qürbətə səfəri qadağan edərdim. Biz indi aramsız olaraq əziz görüşün intizarındayıq”.
Şəxsiyyətləri, ömürləri, yolları zamanın sınaqlarından keçmiş insanlar həm də davam edən dərsdir, öyrəniləsi, nümunə götürüləsi örnəkdir, bir çox cəhətləriylə ibrətdir.
İndinin imkanlı ailələrinin ailə şərəfini hər an qoruyan, çalışqan, ağıllı övladları az deyil, lakin təəssüf ki, yolunu azanlar, qudurğanlar, qayğı, cah-cəlal bolluğundan çaşanlar da bəs deyincədir.
Kimsə razılaşmaya da bilər, ancaq mənim düşüncəmə görə, o köhnə nəsil, xüsusən ziyalı ailələr övladlarına münasibətdə daha tələbkar, daha ciddi, daha məsuliyyətli olublar.
Mir Cəlal universitet professoru idi və o dövr üçün kifayət qədər yüksək məvacib alırdı, yazıçı idi, vaxtaşırı əsərləri nəşr edilirdi, qonorarlar gəlirdi.
Amma macal verməyiblər uşaqlar ərköyünləşsin, övladları aza qane olmağa, israfçılıqdan aralı dayanmağa alışdırmışdılar.
Ailə tərbiyəsi necə mükəmməl qurulmuşdusa, hətta kənar şəhərdə olanda belə uşaqlar ata-ana nəzarətini hiss edirdilər.
Arif tələbədir, Moskvadadır, həm, yəqin ki, valideynlərinin dönə-dönə xəbərdarlıqları nəticəsində, həm də elə öz fəhmiylə anlayır ki, Bakıda evdəkilər ən çox nədən narahat ola bilərlər.
Nigaran qalarlar ki, özünü soyuğa verə bilər, nigaran qalarlar ki, nəhəng, gözəl Moskvadakı asudəliyi nə şəkildəsə dərslərinə təsir edər və bu qəbil şeylər.
Özü bunların yada salınmasından öncə Bakıdakıları sakitləşdirir: “Moskvada bu gün qar yağmağa başlayıb. Mən özümə 900 manata bir palto almışam. Sizdən xahiş edirəm nigaran qalmayın. Siz elə bilməyin mən çox gəzirəm. Xeyr! Dərslər çətinləşir, ona görə də başqa işlərlə məşğul olmağa vaxt yoxdur”.
Xatirə olaraq qalsın deyə şəkillər çəkmək istəyir və ailədən indiki bir çoxları kimi tələb yox, ehtiyatla, sanki bir az da özünə haqq qazandırmağa çalışaraq xahiş edir: “Fotoaparatı yollayın. Çox xahiş edirəm, elə bilməyin gəzmək üçün. Narahat olmayın ki, bu mənim dərslərimə mane ola bilər. Moskvada adam soyuqdan bilmir başını harada gizlətsin”.
Bu sətirlər 60 ildən də bir az əvvəl yazılıb. Ancaq o sətirlərin içində bugünün gəncliyinə də, valideynlərinə də görk olan təfərrüatlar, incə işarələr var.
O tərbiyənin, övlada o cür güzəştsiz məhəbbətin, övladların da o sayaq sözəbaxan, başıaşağı, intizamlı olmasının nəticəsidir ki, sadə bir tələbə zaman gərdişiylə akademik Arif Paşayev kimi kamil bir şəxsiyyətə çevrildi.
Hansı insan istəməz belə ucalsın, hansı valideyn istəməz balasına belə bir tale qismət olsun?!
İstəyirsənsə, gərək o cür ömür sürüb, o yolun hər çətininə dözməyə də hazır olasan!
* * *
Hər gün neçə-neçə təyyarə hava limanlarından səmaya şığıyır, uzaqları yaxın edərək insanları saatlar, dəqiqələr işərisində qədimdəkilərin həftələr, aylar, illər sərf edərək yetə biləcəyi uzaqlara çatdırır. Bu qeyr-i adiliyə çoxdan vərdiş etdiyimizdən, tonlarla ağırlığı olan dəmir “quş”ların kilometrlərlə yüksəkliyə qalxmasının möcüzəsi haqqında adətən heç düşünmürük, yerdə, bir avtomobildə hərəkət edərkən çox zaman təhlükəsizliyimizdən narahat olsaq da, taleyimizi qorxu-hürkü hiss etmədən məchul ənginliyə qalxan təyyarələrin ixtiyarına tərəddüdsüz buraxırıq. Amma min metrlərlə yüksəkliyə qalxarkən, enərkən, orada yerdəkindən də rahat arxayınca mürgüləyərkən gərək hərdən bunun da fikrinə dalaq ki, bu rahatlığımızın, qorxusuzluğumuzun, təhlükədən uzaqlığımızın yarana bilməsi üçün dünya boyunca hər an düşünən ailmlər var. Və Arif Paşayev də onların ən yaxşılarından biridir.
Uçuşların təhlükəsizliyini təmin etməkçün havada nəqliyyatın idarəolunması sisteminin işləmə effektivliyinin yüksəldilməsində onun xidmətləri, verdiyi töhfələr çoxdur.
Ölkəmizin hava nəqliyyatının idarəolunması sistemində aviasiya radiotexniki obyektlərinə məsafədən nəzarət edən avtomatlaşdırılmış sistemin işlənilməsi və tətbiqinin elmi rəhbəri Arif Paşayev olmuşdur. Eləcə də havada nəqliyyatın idarəolunmasında dispetçer rabitəsinin effektivliyini artırmağa imkan verən aeronaviqasiya verilənlərinin ötürülməsinin peyk nəqliyyat normativlərinin işlənilməsi və tətbiqinin təşəbbüsçüsü də odur - akademik Arif Paşayev!
Bu nailiyyətlərin arasında Ümumdünya Meteoroloji Mərkəzindən informasiya qəbulunun avtomatlaşdırılmış sisteminin yaradılması da ayrıca vurğulanmalıdır.
Akademik A.M.Paşayevin elmi rəhbərliyi altında Azərbaycanın tarixində ilk dəfə olaraq radioidarəolunan, pilotsuz uçuş aparatı, vertolyotun aparıcı vintinin texniki vəziyyətinə nəzarət üçün elektron qurğu yaradılıb.
Elə həmin prinsiplərlə yaradılan başqa qurğular da var ki, onlar düçar olduğumuz elan edilməmiş müharibə, Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın və insanlarımızın təhlükəsizliyi ilə birbaşa bağlıdır.
...Bir neçə il öncə sərhəd bölgəsinə, Ağdamın erməni işğalından kənarda olan kəndlərinə, əsgərlərimizin yanına getmişdim. Düşmən lap yaxında idi. O qədər yaxında ki, onların səngərdən qırağa atdığı konserv qutuları da aydınca gözə çarpırdı.
Bu ins-cinssiz, atəşkəsin də ara-sıra pozulduğu yerlərdə itləri görəndə təəccübləndim.
İzah elədilər ki, bunları özümüz saxlayırıq. Çünki düşmənlə aramızdakı bütün ərazilər minalanıb, torpağa ayaq basan kimi partlayır. Ona görə də hara irəliləsək, əvvəlcə itləri həmin səmtə tuşadırıq ki, orada mina varsa, zərərsizləşsin.
Həyatları bahasına bizə bu müharibə gedişində köməyi dəyən o dilsiz-ağızsız heyvanlara yazığım gəlmişdi. İstər-istəməz düşünmüşdüm ki, siyasi lisanda bəzən “dondurulmuş münaqişə” adlandırılan və geridəki 20 ildən artıq müddətdə əslində bir an da dayanmamış bu Qarabağ davasında düşmən yalnız insana, torpağa, yurda deyil, təbiətin də həşəratından tutmuş gülünə-çiçəyinəcən hər canlısına zədəsini və zərərini yetirib, yarasını vurub, zəhərini dadızdırıb.
Əsarətdəki ərazilərimizin düşmən işğalından qurtarması, partlayıcılardan təmizlənməsində də elm dada yetir və akademik Arif Paşayev həmin istiqamətdəki tədqiqləriylə də millətə faydasını verir.
Onun başçılığı altında minaların aranması, aşkarlanıb zərərsizləşdirilməsi üçün radioidarəolunan robot da yaradılıb.
* * *
Bu gün ən müasir təyyarələri daha təkmil etməkçün çalışan, ölkədə aviasiya təhsilini yönəldən Arif Paşayev 70 il əvvəl, məktəbliykən pionerlər evində təşkil olunan müsabiqə üçün təyyarə modeli düzəldibmiş, birinci yeri qazanıbmış, mükafatlandırılıbmış.
Təsadüfdürmü, alın yazısımı?
Allah ona qanadlanmağı nəsib edəcəkmiş...
* * *
Sabitlik, mənim nəzərimcə, insandakı ən ümdə və ən ali əxlaqi məziyyətlərdəndir.
Arif Paşayev həyatı ərzində daim istəklərində, əməllərində, münasibətlərində ideal səviyyədə sabit olmağı bacarmış nadirlərdəndir.
Azərbaycanda, lap elə dünyada 80 yaşı olan və 80 illik dosta malik neçə nəfər tapıla bilər?
O təyyarə modeli əhvalatını mənə hələ körpəykən Ariflə eyni otaqlarda iməkləmiş, həyat yollarında ötən əsrdən bu yüziləcən qoşa addımlamış, həmin çağlardan bugünəcən dostluqları, ülfətləri eyni istilikdə davam edən diplomat Elman Araslı danışıb.
Övladları bunca sadiq və nəcib, belə dəyişməz və yüksək mənəvi meyarlarla tərbiyə edə, böyüdə bilsək, millətimizin hər sıra nəfəri şəxsiyyətə çevrilər!
* * *
Arif Paşayevin indiyəcən 400-dən artıq elmi əsəri nəşr edilib, 30-dan artıq kitabı çıxıb, 60-dan çox ixtirası var, tələbələr yetişdirib və ən mühümü, ömrü boyu yaxşılıqlar etməyə can atıb.
Bunlar izlərdir.
Hamımız gedəriyik, bunlarsa qalarıdır.
İnsanı yaşadan, onu daim ehtiramlara ünvan edən də belə-belə əməllərdir.
Söz yox, yeni illər gələcək və akademik Arif Paşayevin əsərlərinin siyahısı bir qədər də sıxlaşacaq, cərgəyə onun qələmindən çıxmış başqa yeni əsərlərin də adları əlavə ediləcək. Çünki iş-gücsüz qalmamaq, təzə nəsə etmədən, yaratmadan yaşayışı təsəvvür etməmək bu qəbil insanların xislətidir. Mayası belə yoğrulmuş insanlardan ötrü faydalı, qaynar fəaliyyətdə olmaq, işləməmək deyil, əksinə, usanmadan çalışmaq, yeni-yeni təşəbbüslərin həvəsiylə yeni yollara çıxmaq dincəlməyin, daxili ahəngdarlıq tapmağın körpüsüdür.
Amma Arif Paşayevin əsərlərinin təsdiqlənmiş, imzalı-möhürlü siyahısında bir vacib əsərin, mühüm bir kitabın adı adətən göstərilmir. Əslində isə o əsərin adı gərək ən başda ola!
Bu əsərin, bu kitabın adı Ləyaqətlə Sürülmüş Ömürdür.
Bəxtiyardır o insan ki, yaşanmış illərin ucalığından ötənləri seyr edəndə arxada gözəl bir əsərə bənzəyən ömür görə!
Elə bir ömür ki, hər mərhələsində sənə ehtiyac hiss edilib, həmişə umulmusan, gərəkli olmusan, aranmısan.
Səksən illik yolu boyunca akademik Arif Paşayevin ən böyük qazancı və sərvəti məhz belə bir mənalı həyatdır!
Dünənə sədaqət, bugünə inam, sabaha ümidlə yaşanmış ömür!
Əsər kimi ömür, kitab kimi ömür!
Və o kitabın hələ bundan sonra yazılası, yaşanası çox səhifələri var.
Təyyarə səmadadır, uçuş davam edir...
Rafael HÜSEYNOV
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
filologiya elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.