Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimat mərasimi keçirilmişdir

Fevralın 13-də “Hyatt Regency” otelinin Quba zalında keçirilən mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “SABAH” qruplarının yaradılması istiqamətində görülən işlər barədə açıqlama vermiş, qrupların savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunacağını qeyd etmişdir.

Qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Bu tələblər ali təhsil sahəsində keyfiyyətin təmin olunması üçün istedadlı, öyrənməyə güclü marağı olan tələbə və müasir tədris üsullarını mənimsəmiş müəllim amilini aktuallaşdırır.

Nazir bildirmişdir ki, biz Azərbaycan ali təhsil sistemində yüksək keyfiyyətli təhsil verilməsinə nail olmalıyıq. Müasir və qloballaşan dünya çevik, xarici dillərin öyrənilməsinə yer verən və innovativ təhsil sisteminin formalaşdırılmasını tələb edir. “SABAH” qruplarının fəaliyyətində əsasən, bu məsələlər nəzərə alınacaqdır.

Təhsil Nazirliyindən verilən məlumatda qeyd olunur ki,  “SABAH” qruplarında müvafiq universitetlərdə çalışan müəllimlərlə yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış gənc kadrların potensialından da istifadə olunması nəzərdə tutulur.

Təqdimat  mərasimində  nazir Mikayıl Cabbarov demişdir: “”SABAH" qruplarının səmərəli fəaliyyəti ilə yanaşı, bütün tələbələrin yüksək səviyyəli təhsil almasının təmin olunması qarşıda duran prioritet vəzifələrdəndir. Müasir dünyada ali təhsilə indiki qədər maraq olmayıb. Bu, qloballaşan dünyada bilik iqtisadiyyatının daha geniş təşəkkül tapması ilə bağlıdır. Bütün bunları nəzərə alaraq işəgötürənlərlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir, bu istiqamətdə işgüzar görüşlər və müzakirələri davam etdiririk. Ali təhsil müəssisələri ilə işəgötürənlərin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi, məzunların praktik hazırlıq prosesinə cəlb olunması və onların hərtərəfli hazırlığının təmin edilməsi mühüm əhəmiyyət kəs bedir”.

Tələbələrin seçimi məsələsinə aydınlıq gətirən nazir “SABAH” qruplarının ali təhsil müəssisələri üzrə əyani şöbənin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən formalaşdırılacağını bildirmişdir. Elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə “SABAH” qruplarına seçilmiş tələbələrin II kursdan təhsilini davam etdirməsi nəzərdə tutulur.

SonraTəhsil Nazirliyi elm və ali təhsil şöbəsinin baş məsləhətçisi Sülhəddin Gözəlov “SABAH” qruplarının yaradılması və bu baxımdan qarşıda duran vəzifələrlə bağlı təqdimat-məruzə ilə çıxış etmişdir.

Tədbirdə “SABAH” qruplarının formalaşdırılması ilə bağlı media nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında