Bakı Slavyan Universiteti Rusiyanın Ural Federal Universitetində Azərbaycanşünaslıq Mərkəzi açmışdır

 

Rusiya Federasiyasının yüksək elmi potensiala malik ən nüfuzlu təhsil ocaqlarından biri kimi tanınan Rusiya Federasiyasının birinci prezidenti B.Yeltsin adına Ural Federal Universitetində (UrFU) Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycanşünaslıq Mərkəzinin təntənəli açılış mərasimi keçirilmişdir.

Mərkəz 2012-ci ildə BSU ilə UrFU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq fəaliyyətə başlamışdır.  

Sverdlovsk vilayətinin paytaxtı Yekaterinburq şəhərinin mərkəzində, UrFU-nun Sosial və Siyasi Elmlər İnstitutunun binasında yerləşən Azərbaycanşünaslıq Mərkəzinin açılışında Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, həmin institutun direktoru professor M.Xomyakov, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor A.Hacıyev, tərbiyə işləri üzrə prorektoru, dosent O.Səmədov, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulları M.İ.Əhmədov və İ.F.İskəndərov, Ümumrusiya Azərbaycan Konqresinin Ural şöbəsinin sədri Ş.Şıxlinski, Sverdlovsk vilayətinin qubernatoru yanında Millətlər İşləri üzrə Məşvərət Şurasının üzvü N.Tyumenseva,  Ukrayna, Tacikistan, Gürcüstan və Başqırdıstan milli icmaları regional şuralarının sədrləri, Sverdlovsk vilayəti ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan dili tədris olunan V.N.Tatişev adına 108 nömrəli gimnaziyanın müəllim və şagirdləri iştirak etmişlər.

Mərasimdə çıxış edən professor A.Hacıyev vurğulamışdır ki, BSU fəaliyyətə başlayan Mərkəzə xüsusi diqqətlə yanaşmış, onu Azərbaycan Respublikasının dövlət atributları ilə, elmi və tədris ədəbiyyatı, xalqımızın qədim tarixi və zəngin mədəniyyətinə dair materiallarla, habelə müasir texniki avadanlıqla təmin etmişdir. Mərkəz vasitəsilə universitetlər arasında müəllim və tələbə mübadiləsinə, birgə elmi araşdırmalara, müştərək layihələrin gerçəkləşməsinə xüsusi önəm veriləcəkdir.

Professor M.Xomyakov BSU tərəfindən və Ümumrusiya Azərbaycan Konqresinin fəal iştirakı ilə yaradılan Azərbaycanşünaslıq Mərkəzinin təkcə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin deyil, həm də xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini bildirmişdir.

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulu İ.İskəndərov və Ümumrusiya Azərbaycan Konqresinin Ural şöbəsinin sədri Ş.Şıxlinski Ural Federal Universitetində fəaliyyətə başlayan Azərbaycanşünaslıq Mərkəzinə gələcək elmi araşdırmalarda uğurlar arzulamışlar.

Açılış mərasiminin yüksək səviyyədə təşkili və keçirilməsi Mərkəzin yaxın gələcəkdə Azərbaycanı təbliğ və tədqiq edən müasir tədris məkanına və maraqlı mədəniyyət guşəsinə çevriləcəyinə əminlik yaradır.

Qeyd edək ki, Azərbaycanşünaslığın inkişafı, xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan gənclərin Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatı, iqtisadi yüksəlişi ilə bağlı həqiqətlərlə tanış edilməsi, xalqımızın qədim tarixi və zəngin mədəniyyətinin, dili və ədəbiyyatının bu ölkələrdə təbliği və tədrisi beynəlxalq əlaqələri daim genişlənən Bakı Slavyan Universitetinin (BSU) çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biridir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin təşəbbüsü ilə bu gün Rusiya, Ukrayna, Belarus və Bolqarıstanın aparıcı universitetlərində BSU tərəfindən yaradılmış Azərbaycan tədris-mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir. Bu mərkəzlər vasitəsilə xarici ölkə gənclərinə Azərbaycan dili tədris edilir, universitetlər arasında müəllim-tələbə mübadiləsi təşkil olunur, azərbaycanşünaslığın tədqiqi istiqamətində elmi layihələr həyata keçirilir.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında