Bakıda “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunlarına və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının bir illiyinə həsr olunmuş tədbir keçirilmişdir

 

 

 

 

 

Fevralın 8-də Bakıda “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunlarına və Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının bir illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə əvvəlcə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi, həmçinin informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncamları oxunmuşdur.

Sonra ötən il İKT sahəsində görülən işləri və əldə olunan uğurları əks etdirən videoçarx göstərilmişdir.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2013-cü ildə İKT sahəsində əldə olunan uğurları diqqətə çatdırmışdır. Statistik göstəriciləri açıqlayan nazir demişdir ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan İKT-nin inkişafı üzrə 56-cı yerdə qərarlaşmış, internetin sürətinə görə Mərkəzi Asiya və MDB ölkələri arasında yenə də özünün liderlik mövqeyini qoruyub saxlaya bilmişdir. Bundan əlavə, Azərbaycan internetin əlçatımlığına görə dünya ölkələri arasında 20-ci, sosial şəbəkələrdə fəallığa görə 41-ci yerdədir. Ölkəmiz həm mobil sektorda, həm də radio-televiziya texnologiyalarının tətbiqində ön sıralardadır. Azərbaycan bu sahədə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında qərarlaşmışdır.

Nazirliyin İKT sahəsində gələcəyə hesablanmış siyasətini açıqlayan Ə.Abbasov demişdir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 8-10 il ərzində İKT sahəsinin 4 dəfə genişləndirilməsi, həmçinin ixrac potensialında bu sahə üzrə məhsul və xidmətlərin artırılması qarşıya əsas məqsəd kimi qoyulmuşdur.  Bu müddətdə Azərbaycanın böyük bir İKT mərkəzinə çevrilməsi planlaşdırılır. Burada əsasən mühüm tranzit yollarına mənsub olmaq və böyük data-mərkəzlərinin yerləşdirilməsi, qonşu ölkələrə İKT xidmətlərinin verilməsi nəzərdə tutulur.

Bildirilmişdir ki, əsas vəzifələrdən biri də rəqəmli infrastrukturun genişləndirilməsi, qarşıdakı 3 ildə Azərbaycanın kənd yerlərində 30 meqabitədək, şəhər yerlərində isə 100 meqabitdən çox olmaqla   internetin sürətini təmin etmək və əhalinin bu xidmətdən yararlanma sıxlığını 85 faizə çatdırmaqdır.

Həmçinin çalışırıq ki, yeni radio-televiziya, telekommunikasiya şəbəkələrinin, o cümlədən müasir mobil texnologiyalarının tətbiqi ilə 2020-ci ilədək Azərbaycan bu sahədə inkişaf etmiş ölkələrin səviyyəsinə çatsın. 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gələcəkdə də İKT sahəsində daha səmərəli inkişaf mühitinin yaradılmasına çalışacağını bildirən nazir Ə.Abbasov qeyd etmişdir ki, bu uğurların əldə olunması üçün birinci növbədə bazarda liberallaşmanın genişləndirilməsi, rəqabət mühitinin sağlamlaşdırılması, tənzimləmənin sərbəstləşdirilməsi istiqamətində tədbirlər görüləcək, bu sahədə özəlləşmə siyasəti davam etdiriləcəkdir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün ilk növbədə bilikli kadr potensialı lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin bu sahədə apardıqları işlər böyük ümidlər yaradır.

Bundan əlavə, İKT sahəsinə kapital qoyuluşu da mühüm amillərdən biridir. Dövlətimizin neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi siyasəti lazımi investisiya mühitinin yaradılmasına imkan verir. Bütün bunlar yeni yaradılan innovativ sahibkarlığın dəstəklənməsi istiqamətində atılan addımlardır və bu sahənin inkişafı üçün gələcəkdə də mühüm işlər görüləcəkdir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizin İKT sahəsində əldə etdiyi uğurları təqdir edərək, RİTN ilə birgə görülən işlərdən danışmışdır. A.Əlizadə bildirmişdir ki, AMEA-da aparılan islahatlar, görülən işlər “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin formalaşmasına təkan vermişdir.

Azərbaycanın milli mənəvi dəyərlərini özündə əks etdirən, çox əhəmiyyətli elektron elmi informasiya resurslarının yaradılmasının vacibliyini vurğulayan akademik, alimlərimizin elmi istiqamətlər üzrə apardıqları tədqiqatların nəticələrinin internetdə yerləşdirilməsinin “Virtual Azərbaycan”ın inkişafına dəstək olacağını bildirmişdir.

A.Əlizadə demişdir ki, elmi potensialımızdan maksimum səmərəli istifadə edilməsi hazırlanmaqda olan “AMEA-2020" konsepsiyasında öz əksini tapacaqdır. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyaraq biliklər cəmiyyətinə transformasiya olunmaqdadır. Əlbəttə, bu da alimlər qarşısında yeni vəzifələr qoymaqla bərabər, fəaliyyətimizin səfərbər olunmasını tələb edir. Alimlərimiz də bu sahəyə intellektual dəstək verərək, yeni cəmiyyətin formalaşmasına öz töhfələrini verməlidirlər.

Kütləvi informasiya savadlılığının təmin edilməsinin səmərəsinin istənilən sənaye yeniliyinin faydasından daha çox olduğunu deyən təhsil naziri Mikayıl Cabbarov buna görə informasiya cəmiyyətində İKT bacarıqlarının insan inkişafı indeksləri arasında aparıcı amillərdən hesab olunduğunu bildirmişdir. Təhsil naziri demişdir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi bilik iqtisadiyyatına keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının adekvat inkişafının ön plana çəkilməsi planlaşdırılmışdır. Bu tələb təhsil sisteminin kökündən dəyişdirilməsinə gətirib çıxaracaq, eyni zamanda, İKT-nin və virtual təhsilin rolunun artırılmasına səbəb olacaqdır.

Təhsil sahəsində İKT-nin tətbiqindən danışan M.Cabbarov qeyd etmişdir ki, ötən 10 ildə təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən nailiyyətlər qazanılmışdır. Əgər 2004-cü ildə hər 1063 şagirdə 1 kompyuter düşürdüsə, hazırda hər 18 şagirdə 1 kompyuter nisbəti təmin olunmuş, məktəblərin 37 faizi internet şəbəkəsinə qoşulmuşdur. Bir sıra məktəblərdə “Elektron məktəb” layihəsinin icrasına başlanmışdır. Azərbaycan Təhsil Şəbəkəsinə internetin qoşulma sürətinin 1 geqabit saniyədən 10 geqabit saniyəyədək artırılması üçün Məlumat və Resurs Mərkəzi müvafiq avadanlıqla təchiz edilmişdir. 2013-cü ildə bu şəbəkəyə əlavə olaraq 70 təhsil müəssisəsi qoşulmuşdur. Ümumiyyətlə, 2014-cü ilədək şəbəkəyə qoşulmuş 1695 təhsil müəssisəsi internetə çıxışla təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev həyata keçirilən İKT əsaslı layihələrdən söz açmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə İKT-nin inkişafına yönəlmiş elmi-tədqiqat layihələrinin və tədbirlərinin maliyyələşməsi üzrə müsabiqələrin keçirildiyini deyən E.Babayev birgə müsabiqədə 29 qalib layihənin müəyyənləşdirildiyini qeyd etmişdir.

Sonra AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevə, Bakı Dövlət Universitetinin kafedra müdiri Qalina Mehdiyevaya, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Ramiz Alıquliyevə və digər qaliblərə sertifikatlar təqdim edilmişdir.

Həmçinin, ilk milli peykin layihələndirilməsi, hazırlanması, orbitə buraxılması, istismarı, eyni zamanda, “İnformasiya-kommunikasiya texnologiyaları ili” ərzində göstərdikləri xidmətə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu sahədə çalışan bir sıra əməkdaşları fəxri fərmanlarla təltif olunmuşlar.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında